On ikinci fəsil
Page 4 of 5 · 60%
Şəmsiyyə hövlnak əlini onun ağzına qoydu:
– Nə danışırsınız? Biabır olaram, xalq nə deyər?
– Kimin nə deyəcəyi ilə mənim işim yoxdur. Məni maraqlandıran odur ki, bir vəzir qızının bir kəndli balasına nə məhəbbəti?
– Çox maraqlıdır! Elə məni də o maraqlandırır. Şahzadə və kəndli balası! Çox maraqlıdır, çox maraqlıdır...
Fridun Şəmsiyyənin gözlərində bir qısqanclıq, bir intiqam qığılcımı parladığını gördü. Məsələnin nə yerdə olduğunu anladı.
Şəmsiyyə bu vasitə ilə xanım Südabədən Şahpura yaxınlaşdığı üçün çəkdiyi ağrının intiqamını alırdı.
– Xanım, siz heç də yaxşı hərəkət etmirsiniz. Gənc bir qızın hisslərilə oynamaq, balaca bir şeyin intiqamını çəkmək yaxşı deyil. Mən sizin qəlbinizdə bu qədər xırda hisslər olduğuna inanmaq istəmirəm.
Şəmsiyyə qızardı:
– Bəs o mənim həyatımla oynayanda yaxşıdırmı? – deyə başını yana çevirdi və ağladı.
Fridun onu təskin etməyə çalışdı:
– Ortalıqda qəlbləri bir-birinə bağlayan məhəbbət olduğu zaman bunlar hamısı xırda və mənasız şeylərdir, xanım. Çünki həqiqi məhəbbət xəyanətdən uzaqdır. O satmağı və satılmağı bacarmaz. İki gəncin ürəyi belə hisslərlə birləşmişsə, qısqanclığın törətdiyi iztirablar nahaqdır.
Fridun Şəmsiyyənin incə damarına toxunmuşdu. Qız təbiətinə xas olmayan, Fridunun birinci dəfə gördüyü bir məyusluq və sakitliklə başını aşağı saldı və öz-özünə söyləndi:
– Elə mətləb də orasındadır. Həqiqi məhəbbət varmı?.. Yoxsa, bütün bunlar bir əyləncə, bir oyundur...
Yenə onu ağlamaq tutdu. Fridun onun nə isə təzadlı fikirlərlə çırpındığını görüb susdu. Qız qalxıb salondan çıxdı. Fridun tək qaldı və fikrə getdi. O, pəncərələrdən asılmış ipək pərdələrə, yumşaq səndəllərə, rəngarəng xalıya baxır və bütün bunların arxasında məhəbbətin və insan ürəyinin didilib parçalandığını düşünürdü... Bir anda ona salonun havası kəsif və ağır gəldi. Ürəyi darıxdı. Salon qəfəs kimi onu boğmağa başladı. Durub pəncərəni açmaq və ya çıxıb getmək istədi. Lakin səs eşidib yerində oturdu... Dəhlizdən səs eşidildi:
– Oh, xanım Südabə, xoş gəlmisiniz!
Bu, Südabə idi...
Südabə gülərək:
– Mən sizin zəhlənizi tökdüyümü düşünürəm, siz isə mənə xoş gəldin edirsiniz, – dedi:
– Bu nə sözdür, xanım, içəri buyurun...
Şəmsiyyə qapını açıb, qabaqca onu içəri saldı, sonra da özü girdi. Fridun ayağa durdu. Südabə Fridunu gördükdə həyəcanını gizlədə bilməyib qızardı. Fridun yeriyib, salam verdi və əlini sıxaraq, əyləşməyə yer göstərdi. Onlar oturdular. Fridun gözaltı Şəmsiyyəyə baxdı. O üz-gözünü yumuş, yenidən ətirlənmişdi. Simasında azca əvvəlki iztirablardan heç bir əlamət qalmamışdı. Adi qaydası üzrə gülümsəyirdi. Lakin Fridun onun hərəkət və baxışlarında Südabəyə qarşı əvvəlki acıqdan da bir əsər görmədi.
Şəmsiyyə üzünü Südabəyə tutdu:
– Necəsiniz, xanım? Ağanız necədir?
– Şükür, yaxşıyam. Ağam pis deyil. Lakin axır günlər bir qədər halı pozğundur.
– Niyə, mərizdir?
– Xeyr, məriz deyil. Ruhiyyəsi xarabdır. Bu təzə təşkilatı eşitmisinizmi? Hələ ağam kitabçanı da mənə göstəribdir. Yaman əhvalatdır. Deyir ki, əlahəzrət acığından gecələr də yatmır, əmr edib ki, iki daşın arasında da olsa günahkarları tapsınlar.
Gözlənilməyən bu söhbətin düşməsi Fridunu xeyli maraqlandırdı. O həm sarayda nə düşündüklərini, nə tədbirlərə əl atdıqlarını, həm də Şəmsiyyə və Südabənin mühakimələrini öyrənmək istədi. Südabədən:
– Siz o kitabı oxudunuzmu? – deyə soruşdu.
Südabə ona baxaraq, yenə qızardı və özünü düzəldib:
– Bəli, oxudum, – dedi, – etiraf etməliyəm ki, maraqlı və çox cəsarətli yazılmış bir şeydir. O qədər güclü bir məntiq var ki, bir neçə elə kitab oxusa, adam dönüb bolşevik ola bilər...
Sonra onun gözlərində qəribə bir marağın alovu parladı:
– Hərgah bunu həqiqətən də heç bir xaricinin təhriki olmadan bizim iranlılar etmişsə, mən onları qəhrəman adlandırıram. Belə bir adam xəyalımda o qədər böyük və ruhən qüdrətli görünür ki, onun varlığı mənə bizim qədim əsatiri qəhrəmanları xatırladır. Yəqin ki, belə bir işə iqdam edən adam dar ağacını gözünün qabağına gətirməmiş deyil. Məncə əsl qəhrəman da dar ağacı gözünün qabağında dura-dura dediyindən dönməyənlərdir...
Fridun onu daha dərindən yoxlamaq istədi:
– Xanım, məni bağışlayın, siz vətən xainlərində nə qəhrəmanlıq axtarırsınız?
Südabə cəsarətlə ona baxdı:
– Oh, üzr istəyirəm! Vətən xaini siz kimə deyirsiniz? Mən onların əcnəbilərə satılmamış olduqlarını şərt qoydum. Hərgah belə isə, onları xain adlandırmağa mənim insafım yol vermir. Hər bir məmləkət müxtəlif yollarla tərəqqiyə gedə bilər. Bütün vətəndaşlar hakimlərin düşündüyü kimi düşünməyə məcbur deyillər. Yox, siz onlara qarşı belə mərhəmətsiz mühakimə yürütməyin. Yoxsa, siz də vəzir olmağa hazırlaşırsınız?..
– Eh, xanım, məndən vəzir çıxmaz.
– Niyə?
– Çünki mənim ürəyim yumşaqdır, vəzir olsam sizin qəhrəman saydığınız bütün müqəssirlərə bəraət qazandıraram...
– Oh, mütəşəkkirəm. Deməliyəm ki, o zaman məmləkətdə bir nəfər də müqəssir qalmaz. Çünki mənim ürəyimdə məhkumlara qarşı həmişə bir mərhəmət oyanır.
– Nə olaydı, bu mərhəmətdən bir zərrə də ağanızın qəlbində olaydı.
– Dünən ağamla da bu barədə çox mübahisə etmişəm. O, bu işi düzəldənlərin mütləq tapılıb asılacağını söyləyir. Mən isə onları əllərini haqsız qanlara batırmaqda günahlandırırdım. Deyirəm, əvvəla, belə iş görən adamları tuta bilməyəcəksiniz. Çünki, görünür, onlar çox ağıllı və tədbirli adamlardır. Asanlıqla özlərini ələ verməzlər. İkincisi, tutsanız da, asmaq nə üçün, çağırın, dediklərinə qulaq asın, yazdıqlarını oxuyun, bəlkə, onlar sizi qane edəcəklər, bəlkə, siz düz yol getmirsiniz.
– Bəs ağanız bu mühakimələrə necə baxır?
– Eh... heç eşitmək də istəmir. Sən dəli olmusan, deyir. Hətta mənə iki gün vaxt verib ki, bütün bu mühakimələri başımdan çıxardam. Yoxsa “axırı pis olar” deyir.
Fridun, bəzək-düzək altında itmiş, gözləri ehtirasla yanan bu qızın qəribə mühakimələrinə qulaq asır və heyrət edirdi. Həyatını eşitdikdə qəlbində ona qarşı oyanmış hörmət hissinə gözlənilməz bir maraq da qarışmaqda idi. Bu mühakimələr, doğrudan da, saf bir qəlbin hissiyyatından və ya məntiqi bir düşüncədən doğmuşsa, onunla dostluq çox mənalı və xeyirli ola bilərdi. O, bu fikirlərə dalmışkən Südabənin səsini eşitdi:
– İnsan düşündükcə o kitabda yazılanların həqiqət olduğu qərarına gəlir. Doğrudan da, məgər bizim məmləkətdə insan həyatı varmı? Mən kəndləri və fabrik-zavodları görməmişəm. Fəhlə və yoxsulların güzəranından xəbərsizəm. Lakin bir neçə gün küçəyə çıxdıqda evə qayıdıb, çörək yeyərkən elə bilirdim ki, zəhər yeyirəm. Aclar, dilənçilər və çılpaqlar gəlib gözümün qabağında durur...
– Oh, xanım, siz çox həssas bir ürək sahibisiniz. Lakin deməliyəm ki, həyatı korlayan biz özümüzük.
– Mən ki, özümü belə bir işdə qüsurlu bilmirəm.
– Hər kəsin öz mövqeyi və öz yerinə görə qüsuru vardır. Birininki az, birininki çox. Lakin hər kəsin qüsuru vardır və bütün bunları doğuran da bircə səbəbdir: hərə özünə bir don, bir qəlib tikib, onun içində başını gizlədir. Buna görə də heç kəs olduğu kimi görünmür...
– Məndəmi? Məsələn, siz mənə nə cür baxırsınız?
– Açıq deyim ki, sizin haqqınızda qəti bir qərara gələ bilmərəm. Sözləriniz və vəziyyətiniz arasındakı uçurum çox dərindir.
– Bu ittihamınızla heç razılaşa bilməyəcəyəm. Hələ ömrümdə mən olmadığım kimi görünməmişəm və görünməyəcəyəm də.
Qız birdən-birə başına girmiş bir fikrin təsirilə tutqunlaşdı və tənəli nəzərlərlə Friduna baxdı: – Bəlkə, siz mənim həqiqi vəzir qızı olmadığıma işarə edirsiniz?.. Mən buna heç təəssüf də etmirəm...
Fridun istəmədən onun qəlbinə toxunduğuna peşman oldu. Mehriban bir səslə:
– Mən bunu sizə qüsur deyil, bir məziyyət sayıram.
Qız gülümsədi:
– Eləmi?.. Bəs siz necə, deyin görək, necə varsınız elə də görünürsünüzmü?..
– Zəhmət adamlarının rəngi bir olur, xanım. Onlar bəzənməyə vaxt tapa bilmirlər...
Südabə məhəbbətlə Fridunu süzdü:
– O gün ziyafətdə sizə diqqət etdim. Hərəkət və rəftarınıza baxdım. Onlar heç də bizim adət etdiklərimizə oxşamır. Sizdəki düzlük və cəsarət mənə xoş gəlir.
– Mütəşəkkirəm, xanım. Sizin də səmimi bir ürək sahibi olmanız və qəribə mühakimələriniz mənə xoş gəlir.
– Güman edirəm ki, bu son görüşümüz olmayacaq, sizinlə hələ çox müsahibələr edəcəyik.
– Mən də elə güman edirəm.
– Lütfən cib dəftərinizi mənə verin!
Fridun cib dəftərini çıxarıb, ona uzatdı. Qız nə isə yazıb qaytardı:
– Hər gün səhər saat onla on iki arasında zəng edə bilərsiniz. Nə vaxt könlünüz istəsə.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-on-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Səkkizinci fəsil– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:
Doqquzuncu fəsilFridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.
Poems by other poets
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Baharın sorağında...Yamanca tələsir günlərim mənim,Mənsə yoxuşları çətin qalxıram.
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi