On ikinci fəsil
Page 2 of 5 · 20%
Kürd Əhməd heç bir şübhə yeri qoymamaq üçün:
– Mərdümazarçılıqla qazanılmış bir çörəyi yeyib tox olmaqdansa, acından ölmək yaxşıdır, – dedi.
Sofi İranpərəst ürəyi boşalmış və arxayın bir halda onun yanından çıxdı.
Fridun darülfümundan evə qayıtdıqda qoca arvad Kürd Əhmədin onu gözlədiyini xəbər verdi. O, tələsik yuxarı çıxdı. Kürd Əhməd pəncərə qabağında oturub fikrə getmişdi. Fridun bu gəlişdən narahat oldu:
– Nə əcəb, pis bir şey yoxdur ki?
– Əksinə, vəziyyət yaxşıdır. Vərəqələr və kitab hamını bidar etmişdir. Camaat arasında müxtəlif danışıqlar var. Hərə bir söz deyir. Sanki fikirlər, düşüncələr hərəkətə gəlmişdir. O, xalqda bir ümid, hakim dairələrdə isə bir əndişə və vahimə doğurmuşdur.
Fridun həyəcanla darülfünunun tələbələri arasında etdiyi müşahidələri ona danışmağa başladı.
Fikrən və qəlbən bizimlə olanlar çoxdur. Onlar bizim həqiqəti görürlər. Onun saf bir ürək və pak bir əqidədən doğduğuna inanırlar. Buna görə də qəzetlərin böhtanları onlarda gizli nifrət oyadır. Farsdan gəlmiş bir tələbə tənəffüs zamanı mənə yaxınlaşaraq, “Səda”nı göstərib, “Nə üçün bizim ağalar dəlilərin inanmayacağı şeylər yazırlar”, – deyə qulağıma pıçıldadı və “çünki yalan qədər heç şey insanı axmaq vəziyyətə sala bilməz” dedi. Ondan sonra mənim başıma belə bir fikir gəldi ki, həqiqət hissini itirməmiş bir millət hər cür zülmü və zənciri qıra bilər.
Onlar, ürəkdən-ürəyə xəbər aparan, iki dost, iki məslək yoldaşı arasında qırılmaz əlaqə yaradan mehriban bir nəzərlə bir-birinə baxdılar. Hər ikisi şirin xəyal içində susub durdu. Ev sahibəsi taqqıldadıb, Kərimxan Azadi və doktorun oğlunun gəldiyini xəbər verdi. Onlar da eyni həyəcanlı fikirlərlə gəlmişdilər. Onlarda da öz zəhmətinin səmərəsini görən bir yaradıcı sevinc vardı. Dostların bu sevincindən ruhlanan Fridun:
– Bilirsinizmi, əziz dostlarım, – dedi, – riyakar bir fikrə qarşı biz indidən mübarizə aparmalıyıq. Xalqın düşmənləri, istibdadın nökərləri çoxdan sınaqdan çıxarılmış bir silahı işə salırlar. Onlar “azadlıq” deyən hər kəsi rus casusu adlandırırlar. Hətta kitabın rus səfarətxanası tərəfindən buraxıldığını yazırlar. Bu axmaq iddialar nə qədər gülünc olsa da, pis bir zəhər kimi, xalqın fikrini korlaya bilər.
Kürd Əhməd:
– Bunlar hamısı səhihdir, – dedi, lakin o da səhihdir ki, nə üçün hakim dairələr Sovetlərə bu qədər nifrət edir və heç bir böhtandan çəkinmirlər. Gecə quşlarının günəşə nifrəti təbii deyilmi? Biz bu böhtanlara Sədinin sözlərilə cavab verməliyik. Məgər gecə quşlarının xatirəsinə günəşin müqəddəs işıqları əleyhinə üsyan etmək lazımdır? Yox! Qoy min gecə quşu kor olsun, lakin bir an da günəşin üzü tutulmasın!..
Kərimxan Azadinin, əbədi kədər və gərginlik ifadə edən gözlərində bir sevinc göründü:
– Mən cənub sürgünündə olarkən qoca bir məşrutəçiyə rast gəldim. O, öz gəncliyini, ümidli və həyəxanlı mübarizələrdən sonra daima müvəffəqiyyətsizliyə uğrayan İran inqilablarına vermiş bir adam idi. Bu adam son nəfəsində belə azadlığın qələbə çalacağına ümidini itirmədi: “Nə qədər sovetlər var, azadlığın günəşi batmayacaqdır. Hər yer, hər tərəf onun işıqlarını görəcəkdir!” – deyib, gözlərini yumdu. Dünyanın hər yerində belədir. Azadlıq həsrətilə yaşayanlar gözlərini şimaldan çəkə bilməzlər. Müstəbid və mürtəcelərin böhtanlarına, qəzəb və nifrətlərinə də səbəb budur.
Doktorun oğlu, şahın fon Volter və mister Tomasla olan görüşü haqqında eşitdiklərini yoldaşlara bildirdi.
– İngilis, alman və amerikan hakimlərinin İran azadlığı və istiqlaliyyətinin cəlladı olduğu məlumdur. Mən ikinci kitabın bu mövzuya həsr olunmasını məsləhət görürəm. Biz burada məmləkəti aclıq, biçarəlik və acizliyə aparan əcnəbi kapitalının törətdiyi faciələri faş etməliyik. Nə qədər ki, İran hakimləri ingilis, alman və Amerikanın əmrilə hərəkət edir, o qədər İranda işsizliyin, aclığın, yoxsulluğun qabağı alınmayacaqdır. Nə qədər ki, “İngilis-İran nefti şirkəti”, Amerika ticarətxanası və səfarətxanası məmləkətin əsil ağasıdır, o qədər İranda iranlıya həyat yoxdur!
Beləliklə, onlar ikinci kitabı hazırlamağı qərara aldılar. Onun mündəricəsini müəyyən etdilər.
Kərimxan Azadi, İngilis-İran neft şirkətinin hansı vasitələrlə dövlət işlərinə təsir etdiyinə, siyasətə istiqamət verdiyinə aid məqaləni öz boynuna götürdü. Kürd Əhməd böyük dövləti vəzifə tutan şəxslərin iqtisadi mənafe cəhətdən xarici kapitaldan asılılığını göstərən məqaləni yazacaqdı. O, fikrini izah edib deyirdi:
– Şahdan tutmuş az-çox görkəmli bütün tacir və ərbablar ingilis, Amerika və alman kapitalından asılıdır. Ticarət, kredit, borc, xammal və maşınlar onları ətlə sümük kimi bir-birinə bağlamışdır. Həmin dövlətlərin nümayəndələri istəsələr bircə gündə ən dövlətli tacirlərimizi müflis çıxara bilərlər. Bunu bizim ağalar yaxşı bilirlər.
Fridun, hər kəsdən öz yazısını tezliklə qurtarmağı xahiş etdi. O, ikinci kitabın tez hazırlanıb çıxmasını istəyirdi. Kitablar nəşri ilə bərabər təşkilat işlərini genişləndirməyi də qərara aldılar.
Onlar gələcək günlərdən, doğrudan da, həqiqi bir təşkilat yaratmaqdan danışdılar. Fridun:
– Dostlarım, – dedi, – bizim hər yerdə etibarlı və cəsur adamlarımız olmalıdır. Biz heçdən bir şey yaratmalı, yalın əllərlə zindanları, zəncirləri qırmalıyıq. Biz ancaq ruhən, fitrətən qəhrəman doğulmuş insanları aramıza almalıyıq. Ona görə də xalqdan bir dəqiqə də olsa, qət əlaqə etmək yaramaz. Fəhlələrin, kəndlilərin bütün xalqın içində bizim etibarlı adamlarımız olmalıdır.
Təşkilat işinə kəndlilər və fəhlələrdən başlamağı qərara aldılar. Fəhlələr arasında işin təşkilini Kərimxan Azadiyə, kəndlilər arasında Kürd Əhmədə tapşırdılar. Kərimxan Azadi öz sürgün yoldaşı Hüseyn Məhbusinin haqqında onlara məlumat verdi. Gələn yığıncağa onu da gətirəcəyini söylədi.
Fridun azca fikirdən sonra ehtiyatla:
– Təşkilatı genişləndirdikcə ehtiyatımızı da artırmalıyıq. Kiçik bir xəta böyük bəlalar törədir. Atalar yaxşı deyib: “igidin igiddən ehtiyatı artıq olar”.
Kərimxan:
– Ondan arxayın olun, sürgünlərdə, məhbəslərdə həyatımız bir yerdə keçib. İmtahandan çıxmışdır, – dedi.
Bu zaman zəng çalındı. Fridun qapını açdıqda, ona bir paket uzadan Şəmsiyyənin şoferini görüb heyrət etdi. Şofer məktubu verib:
– Xanım cavabını gözləyir, – dedi.
Fridun paketi açdı, ikicə sətir yazılmışdı:
“Narahat etdiyimə üzr istəyirəm. Bir saatlığa bizə gəlin. Gözləyirəm. Şəmsiyyə”.
Fridun xeyli düşündü. Getməmək, bu qızla tamamən əlaqəni kəsmək istədi. Lakin bunun faydasız və anlaşılmaz bir hərəkət olacağını düşünüb, vaz keçdi. Şoferə aşağıda gözləməsini tapşırıb, ayağa durmuş yoldaşları ilə vidalaşdı, geyinməyə başladı. Azca sonra qapıdan çıxmaq istərkən, Rza Qəhrəmani ilə qarşılaşdı. Küçədəki maşından məsələni anlamış Qəhrəmani, salamdan sonra başdan-ayağa mənalı-mənalı onu süzdü:
– Yenə oraya? Deyəsən, yaman cəzb olunmusan, dostum?!
Fridun:
– Arxayın ol, əzizim, – dedi və Sədinin bu beytini oxudu:
İn müddəiyan xər təlabət bixəbəranənd
Onra ki, xəbər şod xəbər baz nəyaməd...¹
Biz bu cür müddəilərdən deyilik! İstəyimiz də, yolumuz da məlumdur!..
¹ Bu müddəilər nə tələb etdiklərindən özləri də xəbərsizdirlər. Xəbər tutanlardan isə bir daha xəbər gəlmədi
O, Qəhrəmaninin əlini sıxıb çıxdı. Qəhrəmani, hərəkətlərində bir anlaşılmazlıq sezdiyi və qəlbdən hədsiz dərəcədə sevdiyi dostunun dalınca baxıb, fikrə getdi.
Şənbə günü nahardan üç saat sonra vəzirlər ingilisləri qəbul etdikləri qəsrdə, eyni qayda ilə Amerika səfiri və mister Haroldu qarşıladılar. İranın tarixi inkişafının yarı vəhşət dövrünü andıran pilləsində durduğuna inanan səfir və mister Harold, müasir bir alim mağaradan çıxarılmış ibtidai bir insanla necə rəftar edərsə, vəzirlərlə eləcə rəftar edirdi.
Onlar səmimi olaraq, bütün iranlıların şüurca bəşər inkişafının uşaqlıq dövrünü yaşadıqlarına inanırdı. Buna görə də özlərini İranda balaca uşaqlara əlifba və say təlim edən, əl qaldırıb söz soruşmaq və cavab vermək qaydalarını öyrədən bir müəllim kimi aparırdılar. Əqidələri belə idi ki, iranlılar hələ dövlət idarə edəcək, müasir mədəniyyət və elmin nailiyyətləri səviyyəsinə qalxacaq halda deyillər. Necə ki, özbaşına buraxılmış bir uşaq, hesabın dörd əməliyyatını nə qədər yaxşı bilsə də, cəbr loqarifma qanunlarını kəşf etmək dərəcəsinə heç bir zaman gəlib çıxa bilməz, elə də iranlılar. Amerikanın yardımı olmadan insana layiq bir həyat yarada bilməyəcəklər. Öz aralarında onlar iranlıları “böyük uşaqlar” adlandırırdılar. Vəzir-dərbar və vəziri-xaricə ilə də eyni müəllimə və mürəbbi kimi danışır, onları yüz minlərcə “böyük uşaqlar”dan biri hesab edirdilər: Anqlo-saksonların qabağında həm mənən, həm cismən səcdəyə alışmış vəzirlər isə buna əhəmiyyət vermədən təzim edə-edə, “bəli, bəli” deyə-deyə onları Rza xanın yanına gətirib çıxartdılar. Rza xan eyni qayda ilə, bəlkə, daha artıq bir mülayimliklə durub, onları qarşıladı, hal-əhval sordu. Qara simasını süni təbəssüm işığı ilə aydınlatmağa çalışırdı:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-on-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Səkkizinci fəsil– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:
Doqquzuncu fəsilFridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.
Poems by other poets
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Baharın sorağında...Yamanca tələsir günlərim mənim,Mənsə yoxuşları çətin qalxıram.
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi