On birinci fəsil
Page 2 of 5 · 20%
– Sizin bütün əməlləriniz yerə batsın! – dedi.
Onlar başı aşağı, dəhşət və sükut içində işin dalını gözləyib durdular. Rza xan nagahani bir hərəkətlə maliyyə-vəzirinin yaxasından tutub silkələdi:
– To bəraye mən diktator şodən, ağa!¹
Rəngi gəc kimi ağarmış və yerində titrəyən maliyyə vəziri təzim etdi:
– Nə günahın sahibiyəm, əlahəzrət?.. Mən...
¹ Sən mənim üçün diktatorsan, ağa!
Rza xan ona sözünü qurtarmağa imkan vermədi. Uca bir səslə fəryad qopartdı:
– Pədər süxtə, ki bə to icazə dad də həftmilyono nim bəraye sədsazi bədəhi?¹
Maliyyə vəziri zorla özünü toplayıb:
– Əmr mübarəkə əsasən mən ona imza etmişəm, – dedi, – mənim heç bir təqsirim yoxdur!
Rza xan vəl boyda qalın əlini havada yelləyib maliyyə vəzirinin üzündə vurdu:
– Mənə silah lazımdır, qoşun lazımdır. Sən pulu hara sərf edirsən! Əhməq xofə şov! Xəyal mikoni əz hoqqabazi və pədər suxtagihayət xəbər nə darəm?²
Maliyyə vəziri şillənin zərbindən bir neçə addım divara tərəf səndələdi, qızarmış üzünü əli ilə tutdu, məhbəs yadına düşdü. Sərdar Əsəd və Teymur Taşın aqibətini xatırlayaraq, qəzəbini boğdu, heç bir söz deməyib susdu. Rza şah əli ilə onun çıxmasını işarə etdi.
– Cəhənnəm ol, get!..
Maliyyə vəziri çıxdıqdan sonra acıqla gəlib yerində oturdu və üzünü sərhəng Səfaiyə tutdu:
– Sən də xəyanət yoluna düşdün? Çörək səni də qudurtdu? Bu xarabanın abü havası səni də xarab elədi?
Maliyyə vəzirinin başına gələnləri görmüş sərhəng susdu. O hər təhqirə dözmək lazım gəldiyini bilirdi.
Daha doğrusu, o, buna adət etmişdi.
– Niyə daş kimi susub durursan? Danış, de görək nə var? Ərdəbildə kəndlilər ərbabın üstünə qalxdılar, nə elədin? Şəhərdə xalqı qiyama çağırırlar, hər gün küçələrdə bir vərəqə tapılır, nə qayırırsan? Ağa, bəlkə siz elə güman edirsiniz ki, mən özümdən qorxuram. Xeyr, ağa, mənim bir canım var, çəkilib Avropa şəhərlərindən birində oturaram. Mən sizin üçün qorxuram, sizə görə qorxuram, beş gündə daşınızı daş üstə qoymazlar, ağayi sərhənglər, vəzirlər, ərbablar, mən sizə görə deyirəm!..
Sərhəng Səfai üzünün ifadəsini pozmadan:
¹ Köpək oğlu sənə kim icazə verib ki, sədlər qayırılması üçün yeddi milyon yarım buraxasan?
² Axmaq kişi, elə xəyal edirsən ki, hoqqabazlıq və köpəkoğluluğundan xəbərim yoxdur?
– Qurban, – dedi, – biz yaxşı bilirik ki, milləti-İranın səadəti bavərdir zati-alilərin vücud-mübarəkinə.
Rza xan onun sözünü kəsdi:
– Onların apar qoy dədən tacir Səfainin goruna. De görüm Ərdəbil işi nə haldadır, şəhərdə nə var?..
Qanlı hökmdarların və saray adamlarının əxlaqına bələd olan, nə zaman susmaq və nə zaman danışmaq, danışarkən haradan nə demək və necə demək lazım gəldiyini yaxşıca bilən sərhəng, işin içindən çıxmaq üçün yalana müraciət etdi, belə işlərdə püxtə olduğuna görə, səsinə inam və qüdrət verdi:
– Əlahəzrət, Ərdəbil mahalında otuz adam tutulmuşdur. Təhqiqat gedir. Əmniyyənin əlindən qaçan adamın Qafqazdan keçmiş bolşevik olduğu səhihən müəyyən edilmişdir. Kəndlilər arasında şuriş salan da odur. Axtarırıq. Tehrandan bir nəfər tutulmuşdur. Vəraqəni yazdığını da artıq boynuna almışdır.
Rza xan onun da sözünü kəsib, yerindəcə qışqırdı:
– O yerin tərkində də olsa tapılmalıdır, sərhəng. Zindandakıları döyə-döyə onun yerini öyrənin!.. Kəndli Musanın bütün əmlakını müsadirə, özünü də Azərbaycandan sürgün edin!..
Sərhəng yalnız onun gurultulu səsini eşidirdi, nə dediyini isə anlamırdı. Çünki fikri, məhbuslardan hansını belə tora salmaq mümkün olduğunu müəyyən etməklə məşğul idi. Zira Rza xana söylədiyi yalanı doğrultmaq lazım idi. Şah sözünü qurtarıb durduqda qəzəbdən sol üzündəki çapıq titrəməyə başladı, sərhəng heç bir şey başa düşməsə də mexaniki olaraq:
– Bəçeşm, – deyib təzim etdi:
Rza xan üzünü yana tutub tüpürdü.
– “Bəçeşm, bəçeşm!” Hamınız nökərsiniz!.. Satınalma qul kimi yalançı və xainsiniz!
Kağız kimi ağarmış sərhəng yenə özünü itirmədi:
– Əlahəzrət, – dedi, – biz nökər kimi sadiq bəndələrinizik.
– Görürəm, xainlər məmləkəti bürüyüb, siz də mənim başımın altına yastıq qoyursunuz, yaxşı sədaqətdir!..
– Əlahəzrət, biz xainlərin kökünü kəsirik... Təbrizdə Həmid Həmidinin şahlıq düşməni olduğunu aşkar etmişik. Burada da sərtib Səliminin göz altında saxlayırıq.
Səliminin adını eşidən kimi Rza xan qışqırığını kəsdi. Sakitcə, lakin qəzəblə Həkimülmülkə:
– Onun İslahat nəqşəsini ağalar bilirmi? – deyə soruşdu:
Həkimülmülk baş əydi:
– Xeyr, əlahəzrət, elə əmr olmamışdı.
– Əmr lazım deyil. Vəzirləri də, böyük tacir və ərbabları da yığ. Qoy oxusunlar, görsünlər ki, mən olmasam, papaqlarını başlarında saxlaya bilərlər, ya yox?
– Bəçeşm, əlahəzrət, yığaram.
Rza xan sərhəngə tərəf döndü:
– Yuxarıdan aşağı bütün dövləti rüşvətxorluqda, vətənfuruşluqda ittiham edir. Yazır ki, gərək əncümənlər yaransın və onlara bələdiyyələrin işini yoxlamaq ixtiyarı verilsin. Torpaq islahatı tələbatı irəli sürür. Bunun xəyanətinin kökləri dərindir...
Sərhəng Rza xanın soyuduğunu, hirsinin başqa səmtə yönəldiyini duyaraq cəsarətləndi, Həmid Həmidinin Təbrizdə dövlətə xəyanət hazırladığını və Səlimi haqqında aldığı məlumatları istədiyi qədər şişirdərək nağıl etdi.
– Bu işi doktor Ərani eşidəndə böyük iş olacaq? – deyib sözünü qurtardı.
Rza xan doktor Ərani adını eşitdikdə:
– Köklərini kəsmək lazımdır, köklərini! – deyib bağırdı və azca fikirdən sonra əlavə etdi:
– Sərtib Səlimini nəzarəti-kişvərdən qovdularmı?
Rəngi açılmış sərhəng təzim etdi:
– Bəli, əlahəzrət, bəli. Əmri-əlahəzrəti-hümayunu vəzir o saat yerinə yetirdi.
Rza xan yenə ağır əlini tərpətdi. Ona çıxmaq icazəsi verdi. Sərhəng təzim edərək, dalı-dalı çəkilib getdikdən sonra da Həkimülmülk eyni qurumuş halda yerində durmuşdu.
Şah təəssüfü andıran bir səslə:
– Görürsənmi, vəzir, – dedi, – görürsənmi? Mən İranda güclü bir dövlət yaratmaq istərkən, necə eşşəklərə rast gəlirəm. Lakin döyə-döyə, şallaq və şillə gücünə sizi işlədəcəyəm.
Nədənsə, şah başını qaldırıb, vəzirin qorxu və mənasızlıqdan başqa bir şey ifadə etməyən gözlərinə baxdı və yəqin ki, bu gözlərdə nə isə bir etiraz, bir üsyan oxumuş olduğundan onun üstünə qışqırdı:
– Bəli, işlədəcəyəm!.. Necə keçə papaqlarınızı, əmmamələrinizi çıxarıb, o keçəl başlarınıza silindr keçirtdim, necə çığırda-çığırda arvadlarınızın çadralarını əllərindən aldım, elə də sizi işləməyə, dediklərimi yerinə yetirməyə məcbur edəcəyəm.
Həkimülmülkün səsi cırıldadı:
– İxtiyarınız var, əlahəzrət, – deyə bildi.
Şah yarıistehza, yarıkin və zəhər dolu bir səslə vəzirin sözlərini təkrar etdi:
– İxx... tiyarınız var... Ah, tülkülər... tülkülər!..
Qıcanmış dişlərinin arasından hər səsi böyük bir nifrətlə çıxan şah, bu sözləri deyə-deyə Həkimülmülkə tərəf hərəkət etdi. Bunu görən vəzirin dizləri titrəməyə başladı. Maliyyə vəzirinə dəyən şillə yadına düşdü. Rza xanın şalban kimi qoluna baxıb, zərbinə dözə bilməyəcəyini düşündü və kağız kimi ağardı. Ürəyində “bu xarabaya bir gələn də yoxdur, bir zəng edən də yoxdur ki, yaxam qurtarsın” deyə gözlərini lap bəbəyinin içinə zillədi.
– De görüm, gündə neçə dəfə şah olmaq iddiasına düşürsən? Düzünü de!
Həkimülmülk zorla nəfəs ala-ala:
– Qurban, sadiq bəndələrinizik, – dedi.
– Sadiq bəndələr!.. De görüm bu qırx ilin ərzində neçə mənim kimi şaha sadiq bəndə olmusan? Hə, susursan? Deməli, məni eşşək yerinə qoymusan? Eyb etməz. Mən elə bu eşşəkliyimlə sizin dədənizi dalınıza sarıyacağam. Şahı yenə gülmək tutdu. Eşşək sözü yenə ona məşhur beytləri xatırlatdı. Yenə Həkimülmülkə müraciət etdi: – Şair necə deyib?
Azca rəngi özünə gəlmiş Həkimülmülk beyti təkrar etdi. Şah güldü. Həkimülmülkün rəngi və ruhuna, şahların daxili aləminə sərhəng Səfaidən daha artıq və bütün incəliklərinə qədər bələd olan bu adam artıq fırtınanın sovuşduğunu hiss etdi. İndi istədiyini deyə bilərdi: Şah bütün qəzəbini töküb yüngülləşmişdi. İki gündən bəri onu narahat edən xəbəri demək fürsəti gəlib çatmışdı.
– Qurban, dövləti-şahənşahi-İrana və zinəti-in sərzəmini-pakü müqəddəs əlahəzrəti-hümayun Rza şah Pəhləviyə öz sədaqət və məhəbbətimi sübuta yetirdiyimi, nəzəri-alidə heç bir günaha mürtəkib olmadığımı güman edərək, Pəhləvi sülaləsinin gələcəyi üçün xətərli olan bəzi şeyləri hüzuri mübarəkə ərz etməyə cəsarət edirəm.
Rza xan diqqət və kəskinliyi ifadə edən bir nəzərlə vəzirə baxdı. Vəzir onun üzündə kölgə və qaranlığın qatılaşdığını gördü. Lakin ürəyi titrəsə də, özünü toplayaraq, Şahpurla xanım Şəmsiyyə arasında baş verən əhvalatları və bu ətrafdakı söhbətləri Rza xana bildirdi. Vəzir bu eşq macəraları və əhvalatlarının dalında başqa mənalar gizləndiyini, uzaq bir siyasətin nəqşələri oynadığını da əlavə etdi. Dərbar adamları və dövlət xadimləri arasında bütün bunların siyasətdə mahir olan, on il bundan sonranın xalını indi vuran ağayi Hikmət İsfahaninin tədbirləri kimi tələqqi olunduğunu söylədi. Rza xan ayağa qalxıb, əllərini dalına qoyaraq gəzindi. Qayıdıb vəzirin qarşısında durdu. Əvvəlcə vəzir, Rza xanın onu şillələyəcəyini güman edərək, başını əydi. Lakin Rza xan, adətinin xilafına olaraq, sakitcə ona baxırdı. Şah, Səliminin Hikmət İsfahani ilə qohumluğunun hər cəhətdən əlverişli olacağını düşünürdü. Bir yandan onu Hikmət İsfahani kimi mütləqiyyət və irtica dayağı olan bir adamın əbədi təsiri və nəzarəti altına vermək, digər tərəfdən Şəmsiyyəni başdan eləmək mümkün idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-on-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
İyirmi birinci fəsilKərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.