On birinci fəsil
Page 4 of 5 · 60%
Artıq çoxdan İran hakimlərinə bir xəyal qədər mahal görünən bu fikirlər Rza şahı şirnikdirir, nəzərlərində Qafqazın uca dağlarını, Azərbaycan və Gürcüstanın abad şəhərlərini, münbit torpaqlarını canlandırırdı. Mister Tomas isə ingilis müstəmləkə qoşunlarının İrandan keçərək, Qafqazı zəbt etdikdən sonra oralarda ingilis imperiyasına daxil olan yeni dominionlar yaradılacağını, Bakı neftini ələ keçirəcəyini və İran məsələsinin də birdəfəlik həll olunacağını düşünürdü.
Mister Tomasın sözlərindən sonra Rza xanın simasında yeni süni təbəssüm əlamətləri və bir sakitlik göründü.
– Biz heç vaxt Birləşmiş krallığın köməyindən boyun qaçırmamışıq. Şimal əleyhinə mübarizədə balaca İran böyük dövlətlərin hər cür təşəbbüsündə iştirak etməyə və əlində olan bütün vəsaiti onların sərəncamına verməyə hazırdır.
Səfir razılıqla gülümsədi:
– Biz əlahəzrətin siyasət aləmindəki istedad və fərasətini həmişə yüksək dərəcədə qiymətləndirmişik. Öz xeyirxah işlərimizdə ona ümid bağlamışıq. İran üfüqlərini və krallığın üstünü qara buludlar aldığı bir zamanda onun tədbirlə hərəkət edəcəyinə əminik. Hazırda ümumi mənafeyimiz İranın şimal məntəqələrində yeni təyyarə meydanları tikilməsini, istehkamlar yaradılmasını və ingilis müşavirləri və köməkçilərinin maneəsiz fəaliyyətini tələb edir.
Rza xan üzünü vəziri-dərbara və vəziri-xariciyə tutdu:
– Cənab səfirin nümayəndələrilə birlikdə üç günə qədər bütün məntəqələr və lazımi şərtlər müəyyən edilsin!
Vəzirlər “bəçeşm!” deyib, təzim etdilər.
Mister Tomas:
– Əlahəzrətin nəzərini İranın əmniyyət və tərəqqisində böyük əhəmiyyəti olan bir məsələyə də cəlb etmək istəyirəm – dedikdə, Rza xan və vəzirlər diqqətlə ona baxdılar. Mister Tomas bolşevik təbliğatının gücləndiyini və buna qarşı mübarizənin zəifliyini şahın nəzərinə çatdırdı. O bu məsələləri dünyanın vəziyyəti ilə bağlayıb, Polşa, Finlandiya və Baltik sahili ölkələrini xatırlatdı. “Rus təhlükəsinin” İranı heç də oralardan az təhdid etmədiyini söylədi:
– Bu təhlükəyə qarşı mübarizə lazımdır. Kommunizm təhlükəsi ifşa olunmalıdır. Tehranda və İranın başqa yerlərində çıxan qəzetlərdə isə buna əhəmiyyət verilmir. Krallıq dövləti adından nəzərinizi bu vacib məsələyə cəlb etməyi borc bilirəm.
Rza xan acıqlı və tənəli nəzərlə öz vəzirlərinə baxdı. Bunun mənasını anlayan vəzirlər başlarını aşağı saldılar. Rza xan gözünü başıaşağı oturmuş vəzirlərdən çəkmədi:
– Mister Tomas, düz buyururlar. İran ruznamələrinin qulaqları kar, gözləri də kor olubdur. Nə dünyanın övzaini, nə də məmləkətini, istiqlaliyyətini təhdid edən qorxunu görmürlər. Ya da görüb susurlar. Bir də onlara deyin ki, İranda çıxan hər bir ruznamə İran dövlətinin siyasətinə xidmət etməlidir. Sabahdan rusların bizim daxili işlərimizə qarışdıqları, üstümüzə qoşun çəkməyə, müharibə etməyə hazırlaşdıqları, şimal neftini, hətta bütün şimal əyalətlərini qəsb etmək istədikləri qəzetlərdə faş olunmalıdır.
Mister Tomas portfelindən bir kitabça çıxartdı:
– Əlahəzrət heç bir şübhə yoxdur ki, bunu ruslar nəşr edib, İranda yaymışlar. Bütün bunlar rusların işidir.
Rza xan:
– Əlbəttə, – deyə təsdiq etdi və vəzirlərə döndü:
– Rus təhlükəsi, rus təhlükəsi deyib hay salın! Təbil çalın, bütün məmləkəti oyadın!
Vəzirlər “bəçeşm” deyib, təzim etdilər.
Səfir, Rza xanla olacaq görüşlərini mister Harolda xəbər verdi və hazırlaşmasını xahiş etdi:
– Şimal neftinin tarixinə aid nə varsa, gözdən keçirin, – dedi.
Səfir də, mister Harold da şimal neftinə dişəgəlməz bir qoz kimi baxırdılar. Cənub nefti ingilislərin əlində idi. Onlar amerikanların ciddi-cəhdini pozur və heç cür yaxına buraxmırdılar. Amerikanlar ingilisləri oradan sıxışdırıb çıxartmağı qarşılarında əməli bir vəzifə olaraq qoysalar da, onun çətinliyini və uzun vaxt tələb edəcəyini bilirdilər. Onlar nəzərlərini şimalda, İranın Sovetlərə həmsərhəd olan məntəqələrinə dikmişdilər. Mister Harold şəxsən, bütün rəsmi danışıqlara baxmayaraq, bu əqidədə idi ki, şimal məntəqələrinə ayaq basmaqla Amerika bir güllə ilə iki yox, bəlkə, bir neçə ov ovlamış olacaqdır. Əvvəla o, zəngin neft yataqlarını ələ keçirəcəkdi, ikincisi, mühüm strateji əhəmiyyəti olan yerləri nəzarət altına alacaqdır. Uzun bir sahədə, sovet sərhədlərində və birinci növbədə Bakının ətəyində hərbi bazalar yaradacaqdı. Nəhayət, o, İranda neft istehsalına başlamaqla, ingilis – İran neft şirkətilə daha təsirli bir rəqabətə girib, onu tezliklə öz əlinə keçirəcəkdi. Xüsusilə, ikinci cahan müharibəsinin alovlanmağa başlaması, Almaniyanın yeni tələbləri, İngiltərə imperiyasının açıq böhranlar keçirməsi mister Haroldu qəti olaraq bu əqidəyə gətirmişdi ki, Amerikanın İranda rəqabət edən dövlətləri sıxışdırıb çıxartmaq vaxtı gəlib çatmışdır.
Səfir də bu fikirdə idi. O, mister Haroldun İran haqqındakı mülahizələrinə qulaq asaraq, ciddi surətdə:
– İngilis və rusların İranda nüfuz məntəqələri var, – demişdi.
– Lakin Amerika İranı idarə etməlidir.
Bu sözlər mister Haroldun fikrini ifadə edirdi. O, Amerikanın nəinki İranı, bəlkə, bütün dünyanı idarə etməli olduğuna bir dini ehkam kimi inanırdı. Hətta bu yolda müqəddəs müharibələr elan etməyə hazır idi. Buna görə də o, Amerika prezidenti mister Ruzvelti qəlbən liberal, uzağı görməyən bir siyasət adamı hesab edirdi. Onun siyasəti ilə barışa bilmirdi. Mister Haroldu İrana göndərən və dövlət departamentində oturmuş özü kimi düşünən adamlar olmuşdu. Onlar hamısı Ruzveltin siyasətini çox yumşaq və yaramaz bir siyasət sayır, bunu onun qocalığından doğan bir idealizm ilə izah edirdilər. Mister Harold inanırdı ki, şişməkdə olan Amerika bankları qarşısında bu yumşaq, idealist siyasət davam gətirə bilməyəcək və onlar bir gün bütün dünyanı udacaqlar. Hitler dünya ağalığı uğrunda ilk addımlarını atdığı dövrdə mister Harold belə düşünürdü. Hitlerin fikirlərini isə o, maddi əsasdan məhrum olan boş bir xəyal, hərəkətlərini əsl bir Don Kixotluq sayırdı. Lakin bu boş xəyal və Don Kixotluğun mister Haroldun nəzərində yaxşı bir cəhəti var idi ki, o da dünya üzərində həqiqi Amerika ağalığını yaxınlaşdırırdı.
Mister Harold şimal neftinin tarixinə aid materialları varaqladıqca, bu sahədə Amerikanın atdığı hər addıma qarşı həmişə bircə maneə çıxdığını görürdü. 1921-ci il Sovet – İran müqaviləsi, 1920-ci ildə Amerikan kompaniyası “Standart oyl” Xorasan, Qorkan, Mazəndəran, Gilan və Azərbaycan neft yataqlarını istismar üçün İran dövləti ilə konsessiya bağlamışdı. Bircə il sonra 1921-ci il müqaviləsinə əsasən İran dövləti bu konsessiyanı ləğv etməyə məcbur olmuşdu. Lakin amerikanlar əl çəkməmişdilər. 1923-cü ildə Amerikan kompaniyası “Sinkler” İran dövləti ilə həmin rayonlarda neft istehsalı üçün yeni bir saziş bağlamışdı.
Yenə 1921-ci il müqaviləsi onun yerinə yetirilməsinə imkan vermədi. 1937-ci ildə Amerikan kompaniyası “Delavar” neft istismarı üçün İran dövlətinin yeni razılığını almışdı. 1921-ci il müqaviləsinə əsasən Sovet dövlətinin təkidi nəticəsində bu da baş tutmamışdı. İndi isə mister Harolda elə gəlirdi ki, şimal neftini qəti olaraq ələ keçirtmək vaxtı çatmışdır. Bu da Amerikanın İranı idarə etməsi və dünya ağalığı yolunda atdığı mühüm addım olacaqdır.
Hikmət İsfahani saraya çağırıldığını eşitdikdə öz-özünə “xeyir olsun” – deyib fikrə getdi. Xeyli düşündükdən, bütün işləri götür-qoy etdikdən sonra ya siyasət, ya da ticarət məsələləri ətrafında məsləhətə çağırıldığını qərara aldı. Çünki başqa heç elə bir məsələ xəyalına gətirmirdi ki, o, sarayda həll edilməli olsun. Bəli, yəqin şimal neftinin amerikalılara verilmək şərtləri haqqında əlahəzrət mənim fikrimi bilmək istəyir. Bəlkə də, ingilislərin təyyarə meydanları və havapeyma¹ haqqındakı təkliflərinə dair danışacaqdır. Ola bilsin ki, amerikalılara satılan kişmiş, yun, tütün məsələsidir. O, sarayın hətta bütün bu məsələlərin hamısı haqqında onun məsləhətinə möhtac olduğunu düşünüb, öz-özündən razı bir halda əlini jiletinin ciblərinə, ətli qabırğalarının üstünə qoyub, təkəbbürlə otaqda gəzinirdi. Müəyyən olunmuş zamana on beş dəqiqə qalanda o eyni təkəbbürlə evdən çıxdı və məşhur Amerikan firması Fordun ona hədiyyə olaraq göndərdiyi təzə avtomobilə oturub şoferə:
– Dərbara sür! – dedi.
Sarayın hərbi xidmətçiləri Hikmət İsfahaninin kök vücudunu uzaqdan görən kimi qapını açdılar. O, maşından düşüb, sarayın geniş həyətinə girdi və birbaş Həkimülmülkün yanına getdi. Hikmət İsfahani “saray siçanı” adlandırdığı Həkimülmülkü görməmiş Rza canın otağına girmək mümkün olmayacağını bilirdi. Bu, sarayda adət şəklini almışdı. Çünki Həkimülmülkdən qabaqca bütün vəziyyəti öyrənər və ona müvafiq öz hərəkətlərini müəyyənləşdirə bilərdi. Çoxdan tanış olan bu iki adam bir-birini bircə baxışda anlayar, başa düşərdi. Eyni zamanda onların bir-birinə qarşılıqlı nifrəti də hamıya məlum idi, biri iynə kimi o birinin gözünə sancılardı. Hər ikisi bunu bilir, hər ikisi də susurdu. Çünki mənafelərinin bir-birini saxlamaqda olduğunu hər ikisi anlayırdı. Hikmət İsfahani qapını açıb içəri girdikdə Həkimülmülk yerindən durub, onun qabağına gəldi, əllərini bərk-bərk sıxıb, üzünə baxdı:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-on-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
İyirmi birinci fəsilKərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.