Page 6 of 11 · 45%

Artıq şiş xeyli yuxarı işləmişdi. Bunu görən Həsənalı nə isə qəti bir qərara gəlmiş kimi, üzünü Musa kişiyə tutdu:

– Bircə xəncərdən-zaddan tap, dizdən qıçımı kəsmək lazımdır!

Heç kəsin əli gəlmədi. Həsənalı üzlərdəki donuqluğu görüb, təlaşla səsləndi:

– Nə qədər gec deyil, kəsin. Balta ilə də olsa kəsin! – dedi və əsəbiliklə arvadına tərəf səsləndi. – Nə şivən qoparmısan, kiri... O uşaqların da səsini kəs!

Bir anda uşaqlar da, arvad da susdu. Haradansa iti bir balta tapdılar. Həsənalı qıçını xırman ayağındakı uzunsov daşın üstündən aşırdı.

– Vur, bircə zərbə ilə üz!

Kim baltanı qaldırdısa “uf, əlim gəlmir” deyib, yerə qoydu. Şiş artıq dizə yaxınlaşırdı. Həsənalı, bir də ufultu ilə ağlayan arvadına və uşaqlarına təpinib, üzünü kənarda durmuş bir kəndliyə tutdu:

– Qəssab Alı, niyə durmusan, mənim ölümümü ki istəmirsən, götür baltanı çırp bura!..

Qəssab Alı bir söz deməyib, adamları itələdi və baltanı götürdü. Hərləyib qaldıranda hamı başını yana tutdu. Bir zərbə ilə Həsənalının qıçını dizdən üzüb, kənara atdı:

– Tez əsgi yandırıb basın, – dedi, yaşarmış gözlərini sıxaraq, dalına baxmadan çıxıb getdi.

Fridun da dayana bilməyib, qəmgin bir halda xırmanlarına döndü. Şikəst Həsənalının və onsuz da ehtiyac içərisində əzilən uşaqlarının gələcəyini düşündü:

– Bədbəxt millət, bədbəxt millət! – deyib, köksünü ötürdü. Öz-özünə: – Kənddən qaçmaq lazımdır, qaçmaq lazımdır, – dedi. – Burada dərddən, qüssədən başqa, bir şey yoxdur!

– Yox, Fridun, getmə, heç yerə getmə!

Bu, yaşarmış gözlərilə dərzin ardından onu izləyən Gülnaz idi.

Fridun qətiyyətsiz və qeyri-müəyyən istəklərin dumanlatdığı gözlərini ona çevirdi. Qız yavaş-yavaş uzun kirpiklərini gözlərinin üstünə endirdi və dönüb, kəndə tərəf qaçdı...


Kənd bir-birinə dəymişdi. Xırmanlarda, evlərdə, küçələrdə, bulaq başında, çay qırağında eyni sözü danışırdılar. Bir-birinə rast gələn kəndlilər ayaq saxlayır, durub dərdləşir, “nə etməli?..” deyə, bir-birinin üzünə baxır və ümidsizcə başlarını sallayıb gedirdilər. Heç kəs bu suala cavab tapa bilmirdi. Nə etməli? Heç kəs nə etmək lazım gəldiyini bilmirdi. Amma hamı narazı idi. Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan-böyüyə hamının, bütün kəndin qabağında bir sual durmuşdu: nə etməli? Lakin ona cavab tapacaq bir adam yox idi.

Bu sual Fridunu da düşündürürdü. O, yeriyəndə də, yatanda da, su içəndə də bu suala cavab tapmağa çalışırdı. Nə etməli? Kəndə o nə böyük ümidlə gəlmişdi... Elə düşünürdü ki, qış xərcini özü ilə aparacaq, Musa kişiyə kömək etməklə özü də çörək dərdi çəkmədən darülfünunda oxuya biləcəkdi. İndi bu ümidlər hamısı boşa çıxırdı. Bununla belə o, özündən artıq kəndlilərin halına yanırdı. Çünki o, canına cəfa basıb, oxuya-oxuya tacir uşaqlarına dərs deyər, necə olsa güzəranını təmin edərdi. Onu düşündürən tanış olduğu, evlərinin içinə qədər, sandıq və xurcunlarına qədər bələd olduğu, qapısında bir sürü lümlüt körpəsi civildəşən kəndlilərin halı idi. O, bütün ümidini, bütün gələcəyini bu ilki məhsula bağlamış Musa kişilərin və Həsənalıların yetimlərinin halına yanırdı. Ürəyini dağlayan da bu idi. Mübaşir Məmməd məhsulun bölünməsi haqqında ərbabın yeni şərtini kəndə gətirdiyi saatda gözlərdəki ümid sönmüş, üzlərdəki şadlığı bir qüssə və əzablı bir fikir əvəz etmişdi. O vaxtdan da bu ağır sual ortalığa çıxmışdı; nə etməli? Fridun bu suala cavab tapmaq üçün kəndlinin vəziyyətini, ərbabla kəndli arasındakı münasibəti, fikrən olsa da, özünə aydın etməyə çalışırdı. Kəndlilərlə söhbət etdikcə, bu barədə olan qanunları, onların ərbablara verdiyi sonsuz ixtiyaratı nəzərdən keçirdikcə fikri daha qızğın işləməyə başlayırdı. Ona elə gəlirdi ki, dumanlı, qaranlıq şəkildə də olsa, ictimai mühitdə bir şey kəşf etməkdədir. Sanki böyük bir çayın suyunu bulandıran bataqlığa gəlib çatmışdı. Məmləkəti bürümüş, xalqı əldən salan səfalət və aclığın yoxsulluq və ehtiyacın kökünü tapmışdı. Bu çürük kök kənd idi. Kənddəki ictimai münasibətlər idi. Artıq indi kənd ona mütəmadiyən zəhərli mikroblar yaradan üfunətli bir gölməçə qədər iyrənc və dəhşətli görünürdü. Bu gölməçəni qurutmaq, bu zəhərli yaranı kəsib atmaq haqqında onda ilk təsəvvür oyanmağa başlayırdı.

Bu dumanlı, ağır və əzablı fikirlərlə o, xırmana tərəf gedirdi. Başıaçıq idi. Düşüncələrinə o qədər aludə olmuşdu ki, günorta yerində durmuş və hər şeyi yandıran günəşin istisini belə hiss etmirdi. Kəndin qırağındakı küllükdən keçib, çayı atdanmalı idi. Toyuq kimi küllükdə eşələnən, başları, qıçları açıq bir dəstə uşaq nəzərini cəlb etdi. Yolunu onların yanından saldı. Valideynləri xırmanlarda və zəmilərdə olduğundan, başsız qalmış bu uşaqlar külün içində qapqara qaralmışdılar. Bircə gözləri işıldayırdı. Lakin küllük, yeganə həyat əlaməti olan bu gözləri də tutmağa başlayırdı. Onların içində traxomadan kirpikləri batmış, gözləri bir çala qana dönmüş və çirk bağlamış iki tumançaq oğlan uşağı gördükdə Fridun başını yana çevirdi. Lakin dərhal özü də bu hərəkətindən utanan kimi oldu! Nə üçün o, həyatın bu çirkin, bu ürəkbulandırıcı səhnələrinə qarşı gözlərini yumur. Məgər başını yana çevirməklə bu fəlakətlərdən yaxa qurtarmaq mümkündür? Məgər şəhərdən tutmuş kəndə qədər hər yerdə on minlərlə belə uşaqların, kişilərin və qadınların gözlərini çirk və qan basmamışdır? Məgər traxomadan tamamilə kor olan minlərlə insanların bədbəxtliyinə göz yummaq mərd adama yaraşarmı? O, bir həkim diqqəti ilə yenidən uşaqlara baxdı. Fikrində uşaqları şikəst və kor edən bu küllüklə kənddəki münasibətlər arasında bir eyniyyət yarandı. Başında: “Yox, küllüklər məhv edilməlidir! Məhv edilməlidir! – deyə bir fikir dolandı. – Yoxsa bütün millət kor qalar, şikəst olar!” Bu fikirlərlə suyu qurumuş çaydan keçib xırman yoluna çıxdı. Uzaqdan gözünə nə isə çoxlu adam dəydi. Günəşin işığında parıldayan iki maşın gördü və addımlarının sürətini artırdı.

Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. Tayanın dibində köhnə kilimlərdən çadıra oxşar bir şey düzəltmiş və içinə kürsü qoymuşdular. Kürsünün də üstünə xalça döşənmişdi. Orada, zahirlərindən çox görkəmli ağalara oxşayan dörd nəfər oturmuş və mübaşir Məmmədlə Əli əmniyyəbaşı¹ qabaqlarında əmrə hazır durmuşdu. Yanlarında iki başqa əmniyyə də vardı. Kəndlilər on beş-iyirmi addım aralı, halay vuraraq onları əhatə etmişdilər.

Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Fridunu qarşıladı və yavaşca qulağına pıçıldadı:

– Ərbab özü gəlib! Ağayi-Hikmət İsfahani.

– O, burada nə edir? Tehranı buraxıb, bura niyə gəlibdir?

– Nə bilim... Deyirlər ki, qonaqlarını götürüb, yaylağa çıxıbdır. Səyahətə gəlibdir. Yolu buradan düşüb, mübaşir Məmməd çəkib gətirib kəndə.

Kim isə yavaşca pıçıldadı:

– Yanımdakı amerikalıdır. Deyirlər ki, Azərbaycanı görməyib. Ağa gətirib həm Azərbaycanı gəzdirsin, həm də yaylaqda sərinləsinlər.

Başqa birisi:

– Elədir ki var, həm ziyarət, həm ticarət, – deyə səsləndi.

Fridun adamların arasında özünə yer elədi. Belə ki, o, həm kəndliləri, həm də ağaları rahatca görə bilirdi. O, uzunboylu, canlı və bütün boynunu ət basmış Hikmət İsfahanini diqqətlə süzdü. Ərbab qaya kimi susub durmuş kəndlilərə baxırdı. Bu sükutun altındakı qəzəb və nifrəti hiss etmiş, özünü vahiməli göstərməyə çalışırdı. Qaşqabağını sallamışdı. “O, kəndlilərdən qorxur, bu lal kütlənin hərəkətə gələndə sel kimi, yolu üzərindəki hər şeyi yuyub aparacağını hiss edir” deyə bir fikir Fridunun başından keçdi.

¹ Jandarm

Hikmət İsfahani ağır sükutu pozdu. Aramla və böyükyana danışmağa başladı. O, farsca danışırdı. Tələsmir, hər sözü ayrılıqda ölçüb-biçir və şübhəsiz bir dəlil kimi ortalığa qoyurdu. Heç bir vəchlə kəndlilərin daş kimi ağır baxışlarını yumşaltmaq mümkün olmayacağını gördükdə sözünü qurtarıb öskürdü və ipək yaylığını çıxarıb, alnından, boğazından axan təri sildi. Ağır və dərin bir sükut içində kəndlilər bir-birilə baxışdılar. Kim isə:

– Ağa nə buyurdular, qanmadıq, – dedi, – bizi də başa salın.

Mübaşir Məmməd əyilib, Hikmət İsfahaninin qulağına pıçıldadı. Hikmət İsfahani üz-gözünü bir az da turşudub, mübaşir Məmmədə başı ilə razılıq əlaməti verdi. Mübaşir Məmməd üzünü camaata tutdu:

– Ağa buyururlar ki, insaf və ədalət naminə gərək məhsul onların buyurduğu kimi bölünsün. Başqa heç bir çarə yoxdur. Gərək beşdə birini siz, beşdə dördünü ağa özləri götürsünlər. Çünki ağanın özünün də xərci çoxdur. Dövlətin vergisi var, məmur var, nökər var, hamısı ağzını açıb yemək istəyir.

Kəndlilərin arasından etiraz bildirən bir uğultu keçdi, hər yerdən bir səs gəldi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 min
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 min
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 min
Otuz birinci fəsil

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

14 min

Poems by other poets