Birinci fəsil
Page 9 of 11 · 73%
– Bişərəf köpək uşağı, bir bizi ələ də salırlar, – deyə söyürdülər.
O, bu söyüşləri eşidirdi. Lakin heç bir şey onun zahiri sakitliyi və qeydsizliyini pozmurdu. Əslində isə o, tamamilə başqa həyəcanlar keçirirdi. Onun qəlbində coşan nifrət bütün kəndin nifrətindən güclü və ağır idi!
Kürd Əhməd Urmiya gölünün kənarlarında doğulub böyümüş kürdlərdən idi. Cənubi Azərbaycanın mühüm strateji əhəmiyyətli və qədim şəhərlərindən olan Urmiyada ta uşaqlıqdan o, azərbaycanlı və aysorların həyatını müşahidə etmiş, Türkiyədən tutmuş, İngiltərə, Amerika və almanlara qədər müxtəlif xarici dövlətlərin burada millətlər arasında oynadığı alçaq fitnələrin şahidi olmuşdu. Lap yeddi-səkkiz yaşlarından bu əhvalatları anlamaqda maarifpərvər bir adam və adlı-sanlı müəllim olan atası ona kömək etmişdi. O, həmişə kürdlərin ağır həyatından, əşirət dövrü adətlərinin, qəbilə qaydalarının kürdlər arasında hələ də hökm sürməsindən şikayətlənir, onların tarixi fəaliyyətini burada görərdi.
– Bizi bu dərəcədən yuxarı qalxmağa, bir xalq kimi birləşməyə qoymayan imperialist dövlətlərdir. Onların Türkiyə, İraq və İrandakı nökərləridir – deyərdi, 1920-ci ildə Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə demokrat hərəkatı başlananda onun atası da aktiv mübarizəyə qoşulmuşdu. Hələ o zamandan İranın həqiqi demokratları üçün Rusiyada inqilab bir günəş, Lenin bir peyğəmbər idi. Onun atası da inqilaba, sovet dövlətinə belə inamlı əlaqə bəsləyən adamlardan idi. Hətta onu Urmiyadakı ingilis, Amerika və Türkiyə nümayəndələrinin fitnəkar məqsədlərini anlatmaq üçün Uşno kürdlərinin arasına göndərmişdilər. Oradakı qəbilə başçılarından Ziro bəy ingilislərlə olan yaxın əlaqəsi ilə məşhur idi. Kürd Əhməd atasının ora yola düşdüyü günlərdə Ziro bəyin Urmiyada ingilis nümayəndəsi ilə görüşüb, təcili qəbilənin içinə qayıtdığını eşitmişdi. Bundan beş gün sonra atasını yarımcan evə gətirmişdilər. Ziro bəyin adamları onu ağaca bağlayıb, bihuş olunca döymüş və yola salmışdılar. Bu hadisə baş verəndə onun on səkkiz yaşı vardı. Bu təhqirin intiqamını almaq üçün tüfəng götürüb, Ziro bəyin üstünə getmək istəmişdi. Atası onu saxlayıb:
– Oğul, onlar haqq yolundan azıblar. Sən niyə o yola düşürsən, – demişdi. – Sən elə yol tut ki, xalqa bir xeyir verəsən...
Kürd Əhməd Ziro bəyin üstünə getməkdən əl çəksə də, Urmiyada qala bilmədi. Həyatını xalqın qurtuluşu yolunda mübarizəyə verəcəyinə and içib, Tehrana köçdü. O zaman Tehranda Qacar xanıdanı son günlərini yaşayırdı, şəhərdə müxtəlif siyasi partiyalar, cürbəcür siyasi istiqamət daşıyan dəstələr vardı. Kürd Əhməd yavaş-yavaş bu dəstələrin məramını və əməli işini öyrənmiş, nəhayət, demokrat təşkilatına üzv olmuşdu. Hikmət İsfahani ilə tanışlığı da həmin təşkilatda işlədiyi dövrə təsadüf edirdi. O, İranda demokratiya və respublika hərəkatının facianə aqibətini, Rza xan istibdadının yaranmasını səhifə-səhifə izləmiş, xatirəsində saxlamışdı. Həqiqi vətənpərvər və azadixah adamların məhbəslər və sürgünlər tarixini unutmadığı kimi, azadlıq yolunda mübarizədə ehtikar edən, çiyninə möminlik əbası salan hiyləgər, riyakar vətən xainlərini də yaxşı tanıyırdı. Həyat və mübarizələr təcrübəsi onda böyük bir istedad da tərbiyə etmişdi. İnsanları tanımaq istedadı!.. Buna görə də kəndbəkənd, şəhərbəşəhər İranı gəzdikcə xalq yolunda sədaqətli və namuslu adamlarla dostluq yaratmışdı. O, belə düşünürdü ki, bu gün şahidi olduğu ağır hadisə sədaqətli dostları arasına yeni bir adam gətirmişdir. Onun nəzərində Fridun nəinki həyatın təbii axınında yetişən bir üsyankar, həm də mübarizəyə qabil olan bir döyüşçü idi. Bu döyüşçünü əldən vermək lazım deyildi. Belə bir nəticə Kürd Əhmədi xırmanları gəzə-gəzə, kəndlilərlə danışa-danışa Fridun haqqında, onu xilas etmək haqqında düşünməyə çəkirdi. Həm də elə bu gecə şəhər zindanına aparılmamış o xilas edilməli idi. Əks halda iş çox çətin bir cərəyan qəbul edə bilərdi. Bu məqsədlə o, Həsənalının xırmanına tərəf yollandı.
Hikmət İsfahaninin kəndlərində uzun illər ərzində yaxşı əlaqə yaratdığı kəndlilərdən biri də Həsənalı idi. Həsənalı az danışan, lakin çox iş görən adamlardan idi. O, kənd əhlinin həyatını və düşüncəsini yaxşı bilirdi. Zahirən bir az deyingən, əslində isə yumşaq ürək sahibi olan bir arvadı vardı. O, tez qızışar, danışar, küsər, tez də soyuyar, yumşalardı. Onların başına gələn müsibəti eşitdikdə Kürd Əhməd sarsılmış və ürəyində çox təəssüf etmişdi. Mütləq onlara baş çəkmək fikrində idi. Bəlkə, onların vasitəsilə Fridunla bir əlaqə yaratmaq, bir tədbir tökmək mümkün olaydı. Lakin bunun üçün Həsənalıdan qabaq arvadını görmək daha faydalı idi. Çünki Həsənalı yəqin indi öz dərdindən başqa bir şeyə qulaq asacaq halda deyil. Ona görə də birbaş onların xırmanına tərəf getdi.
Xırmana çatdıqda artıq günəş batmışdı. Üfüq qaralmaqda idi. Həsənalının arvadı sovuruq atırdı. Bir qız uşağı tayanın dibində oturub ağlayır, fikir verən olmadığını gördükdə səsini kəsib dayanır, yenə ağlayırdı. Bu, Həsənalının körpə qızı idi.
Kürd Əhməd yaxınlaşıb, salam verdi. Yaşmaqlı arvad salamı aldı. Kürd Əhmədi gördükdə qəhərləndi və yaşarmış gözlərini yana tutdu, işinə davam etdi. Kürd Əhməd:
– Bacı, uşağı niyə ovutmursan? – deyə soruşdu.
Arvad acıqlı cavab verdi:
– Uşağı görüm ölsün, canım qurtarsın!.. Ona baxım, yoxsa iş görüm?
Kürd Əhməd ağlayan uşağa yaxınlaşdı. Başını sığalladı, qucağına aldı.
– Ağlama, gülüm, ağlama, – deyib oxşadı.
Uşaq səsini kəsdi. Kürd Əhməd cibindən iki on tümənlik çıxarıb, arvada uzatdı:
– Ay bacı, uşaqlara əyin-baş düzəldərsən.
Arvad yanakı ona baxdı və yenə sovuruq atmağa başladı.
– Sağ ol, sədəqəyə ehtiyacımız yoxdur, elə öz haqqımızı özümüzə versəniz, bəsimizdir.
Pulu onun ovcuna soxan Kürd Əhməd bu sözdən incimədi:
– Bacım, – dedi, – mənlik bir iş yoxdur. Sahibkar mən olsam heç sizdən bir pay da almaram. Nə etməli, yenə də, mən çalışaram ki, heç olmasa sizin taxılınıza dəyməsinlər... Kişinin halı necədir?
Gülsüm, azca yumşalsa da, eyni tənə ilə çəp-çəp Kürd Əhmədə baxdı:
– Necə olacaq, şikəst olub, düşüb evin küncünə. Nə ölür, nə sağalır. Nə dava var, nə dərman.
Kürd Əhməd Həsənalı söhbətini ortalığa atmaqla Gülsümün çibanına toxunduğunu anladı və susdu. Tayalara göz gəzdirdi. Bu zaman uşaq yenidən ağladı.
Kürd Əhməd keçib, şananı Gülsümdən aldı:
– Qoy şananı yerə. Get, uşağı ovut.
Gülsüm şananı yerə atdı, gedib uşağı götürdü.
Kürd Əhməd onu söhbətə tutdu:
– Bu qonşu xırman kiminkidir?
– Musa kişinin... O yazıqların dərdi bizimkindən də pis oldu. Ara yerdə gül kimi oğlan düşdü bu əmniyyə yezidlərinin əlinə.
– Fridun yaxşı adamdırmı?
– Pis olsaydı, o da mübaşir olardı, əmniyyə olardı. Yaxşıdır ki, qalıb yerin tərkində.
Kürd Əhməd diqqətlə ona baxdı. Yavaşca soruşdu:
– Sən onun qurtarmasını istərsənmi?
– Hansı Şümür istəməz!
– Onda xahiş edirəm, bu saat Musa kişinin yanına get. De ki, onu qurtarmaq üçün nə düşünür. Nə tədbiri var? Bir kömək lazımsa, öyrən, mənə de.
Gülsüm uşağı qucağında, dərhal yerindən durub, Musa kişinin xırmanına tərəf getdi. Xeyli sonra qayıdıb gəldi:
– Musa kişi deyir ki, mənim heç bir tədbirim yoxdur. Dövlət bilər, o bilər, – dedi və azca fikirdən sonra əlavə etdi: – Amma, deyəsən, qorxur, sənə inanmır...
Kürd Əhməd xırmanı gəzir, arvad tayanın dibində oturaraq, körpəni dizi üstə silkələyib yatırırdı.
– Bəs bizə heç gəlməyəcəksənmi?
Kürd Əhməd tez cavab verdi:
– Mütləq gələcəyəm... Elə bu gecə gələcəyəm.
Yuxuya gedən körpə kəsik bir səslə ağladı.
Həsənalının arvadı onu silkələyə-silkələyə həzin bir səslə layla çalmağa başladı. O, yavaş-yavaş oxuyurdu. Bu həzin beşik mahnısında sanki ömrünün bütün dərd və qüssəsini, bütün solmuş arzularını nəql edirdi.
Fridunu xaraba bir həyətdə bacasız tövləyə salaraq, qapını bərkbərk bağlamışdılar. Köhnə qapının balaca çatından başqa heç bir yerdən işıq gəlmirdi. O, inək axurunun üstündə oturub, fikrə getmişdi. Bütün olub-keçənləri düşünür və mərdanə hərəkət etdiyi üçün, qarşıda onu nə gözləsə də, peşman olmurdu. Ona elə gəlirdi ki, nə isə müqəddəs bir duyğu ürəyinə yol tapmaqdadır. Sanki ömründə ilk dəfə olaraq əhəmiyyətli bir addım atmışdı. Xırmandakı hadisəni xatırladıqca İsfahani, mister Harold, mübaşir Məmməd, Kürd Əhməd bir-bir gəlib gözündə canlanırdı. Bunları tanıyırdı. Lakin bircə nəfər haqqında, Kürd Əhmədi adlanan adam haqqında o müəyyən bir fikrə gələ bilmirdi. Bütün mübahisə zamanı o, dönə-dönə bu adamın üzünə baxmış, hərəkət və ya gözlərindən onun necə adam olduğunu müəyyən edə bilməmişdi. Kürd Əhməd İsfahaninin vəkili idi. Lakin bu hələ onun yaxşı və ya pisliyi üçün qəti bir dəlil ola bilməzdi. Lakin Kürd Əhmədin heç bir hərəkəti bunu sübut etmirdi. Əksinə, onun ağır bir ittihamla da olsa Fridun camaat qabağında, Gülnazın qabağında döyülməkdən qurtarması, ancaq minnətdarlığa layiq bir hərəkət idi. Doğrudan da, o, Fridunu nə böyük bir biabırçılıqdan qurtarmışdı. Yüz çubuq altında əzilmək, sonra da qaranlıq zindan! Fərq etməz, o qaranlıq zindandan qurtara bilməyəcəkdi, lakin döyülmək kimi bir biabırçılıqdan qurtarmışdı. Onu qurtaran adam da bu ərbab vəkili Kürd Əhməd idi. Bircə bunun üçün qəlbən o adama nifrət edə bilmir və surətini yadından çıxartmırdı. Yalnız ürəyi bərk darıxırdı. Tezliklə buradan çıxarılmasını arzu edirdi. Çünki getdikcə nəfəs almaq da çətinləşirdi. Tövləyə salındığından bir müddət sonra qəlbində yenilməz bir həvəs oyandı: görəsən bayırda nələr olur. Eşikdə qarovul çəkən əmniyyənin ayaq səslərini eşitdi. O, yavaş-yavaş gəzər və boğazına salaraq zümzümə edirdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Otuzuncu fəsilAnasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Otuz birinci fəsilSovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.
Poems by other poets
Könlümün hər dəm girər ol mahsima qoynuna,Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.
Qəm çəkmə, ey könül, yenə canan sevir səniQəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yer üzündə bir evim var...Yer üzündə bir evim varPəncərəsi günəşə.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd