Yüz işvə naz ilə gedən zamanda,
Nəydi mənim üçün gülüş, a qızlar.
Bağrım başın şan-şan edən zamanda,
Qafil eşq oduna alışa qızlar.

Dolanırsan dağı, gül çiçəyin dər,
Əgər layiq bilsən dər bizə göndər.
Yanmışam oduna misli səməndər,
Pərvanətək nara sarışa qızlar.

Sağ əlində gəzdirirsən sağını,
Sinəndə görmüşəm gülgəz ağını.
Bağban olan yaxşı bəslər bağını,
Gül-bülbül çağırar yarışa qızlar.

Yaşılbaşlar gəşd eyləyər gölündə,
Şeyda fəqan eylər meyli gülündə.
Payəndazam gözəllərin yolunda,
İstəsən, sinəmdən yeriş a qızlar.

Mən Miskin Vəliyəm vardır vatanım,
O süzgün baxışın axıdır qanım.
İncimə sözümdən, sən mənim canım,
Əgər küsübsənsə, barış, a qızlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets