Tahirlə deyişmə
Tahir
Könül nə düşmüsən möhnətə, qəmə,
Yatan bəxti bir oyadan olacaq.
Heç bildirmə nanəcibə sirrini,
Lütf eyləyən qadir, sübhan olacaq.
Vəli
Şair, gəl fikr eylə çərxi-gərdişi,
Tənəzzüldə bir zimistan olacaq.
Gələcək qarşına tərəqqi işi,
Baharında gül-gülüstan olacaq.
Tahir
Şeytan iş tutanla gəzib, dolanma,
Doğrunu tərk edib, əyrini anma,
Əsilsiz uğrunda odlara yanma,
Sənə kömək duran mövlan olacaq.
Vəli
Bir gün minəcəksən bir köhlən ata,
Bir gün də qarşına gələcək xata,
Hər gün şükür eylə haqqı barata,
Əldən gedən, əldə qalan olacaq.
Tahir
Əzazil insanın getmə yanına,
Yalandan and içər sənin canına,
Onu tapşır özün haqq divanına,
Ol köməkçin müşkül açan olacaq.
Vəli
Bir gün tərəqqidə çəkilsən başa,
Bir gün tənəzzüldə dolarsan yaşa,
Bir gün varlığına etsən tamaşa,
Bir gün dönüb, o da yalan olacaq.
Tahir
Xəstə Tahirin də sözləri incə,
Mərfətsiz adamda olmaz düşüncə,
İnsanın yaxşısın, pisin seçincə,
Ömrümün baharı xəzan olacaq.
Vəli
Tərəqqidə sahib olsan cahana,
Tənəzzül salacaq dilə, dahana,
De rəhmət yaxşıya, nifrət yamana,
Ədaləti qələm çalan olacaq.
Bir gün düymələnmiş yaşıl yarpaqsan,
Bir gün qönçələnmiş gül tək parlaqsan,
Vəli, bir gün çürük qara torpaqsan,
Bir gün səndən məhsul alan olacaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-tahirle-deyisme
Use ← → keys to move, R for a random poem