Teymur

Yazır gedişatdan, yeni həyatdan,
Təbi dalğalanıb dolanda Vəli.
Gözümdə canlanır böyük ustadlar,
Sazında nəğmələr çalanda Vəli.

Vəli

Bir təklif olanda, eşqə dolanda,
Girəndə məclisə meydana Teymur.
Şirin saz çalanda, səs ucalanda,
Baxdıqca xoş gəlir insana Teymur.

Teymur

Dolandın dünyanı hər yana baxdın,
Cavanlıq dövründən yazmaqdı vaxdın,
Göl kimi qaynayıb, sel kimi axdın,
Şən ellərdən ilham alanda Vəli.

Vəli

Xoş baharı, bağça-barı dər indi,
Gül-çiçəyi, gözəl çağı dər indi,
Düşündükcə bir mayağı dər indi,
Qüdrət işıq salır hər yana Teymur.

Teymur

Deyib-yazmağına yoxdur bəhana,
Ürəkdən bağlısan sən gövhər-kana,
Şairlikdə ad yayıbsan cahana,
Xalqın şadlığında olanda Vəli.

Vəli

Ləkə yoxdur vicdanında, qanında,
Ustadların cərgəsində, sanında,
Pələng pəncəsinə şir meydanında,

Cəngə cavab verir aslana Teymur.

Teymur

Mən Teymuram çox məclisdə oluram,
Ulu Qorqud qopuzunu çalıram.
Ürəkdən şad olub ilham alıram.
Şeirlərin mənə gələndə Vəli.

Vəli

Deyir nəsihəti çox gözəl yazır,
Həm kəsmə, həm təsnif, həm qəzəl yazır,
Divani, təcnisi mükəmməl yazır,
Səd qoyub səs salır cahana Teymur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets