Vəli

Dilimin əzbəri, Şəmşir qardaşım
Güzar etsən bizə sarı yaxşıdı.
Elim həsrət çəkir səni görməyə,
Məclisimin iftixarı yaxşıdı.

Şəmşir

Əzizi guyəndan, şirin süxəndan,
Bu məktubun rəhgüzarı yaxşıdı.
Qəlbimin həbibi, dostu mehriban,
El görüşü, dost vüqarı yaxşıdı.

Vəli

Sadiq aşiqisən saf məhəbbətin,
Duraq qulluğunda, edək xidmətin,
Gəl yazaq, yaradaq, çəkək zəhmətin,
Xalqa verək yadigarı yaxşıdı.

Şəmşir

Nur düşə cəm dostlar görüşən günə,
Şənliyi son qoya qəmlər yükünə,
İstərəm and içəm ana südünə
Dost yolunun boran, qarı yaxşıdı.

Vəli

Qızıl mədəni var uca dağların,
Ətirli çiçəyi hər çəmənzarın
Elimli, savadlı, mərd oğlanların
Kamalı, səxası, varı yaxşıdı.

Şəmşir

Kamil ustadıdı elmi-kamalın,
Mətnini söyləyən hər bir cəlalın,
Doğma ovlağını Miskin Abdalın
Gözüm görsə, o diyarı yaxşıdı.

Vəli

Yolunu gözləyir sevən ürəklər,
Sənən görüşməkdir arzu diləklər
Gözəllik köysündə əlvan çiçəklər,
Məhəbbət bağının barı yaxşıdı.

Şəmşir

Yazan kişi belə yazıb yazını
Müşkül işdi bir də görmək üzünü,
Xan oxuya Səməd Vurğun sözünü,
Dil aça Qurbanın tarı yaxşıdı.

Vəli

Miskinli Vəlinin istiqanlığı,
Təmiz, tərbiyəli, pak insanlığı,
Ellərə xidməti, mehribanlığı,
Sədaqəti, etibarı yaxşıdı.

Şəmşir

Elimin verdiyi həm əmrə qulam,
Çıxmaram sözündən saralam, solam,
Xoşdu qulluğunda payıbənd olam
Şəmşirin də öz ilqarı yaxşıdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets