Şəmşir

Şair Vəli, küsmə, incimə məndən
Dostun, qohumların üzünə gəl bax.
Əzəl iltimasım bil budu sənə,
Bizim İstisuyun gözünə gəl bax.

Vəli

Aşıq Şəmşir könlüm almaq istəsən,
Bir qədəm qoy bu diyara, əzizim,
Dərman eylə qeydə qalmaq istəsən,
Sağalsın qəlbindən yara, əzizim.

Şəmşir

Vurular qəlbiniz bu çəmənliyə
Ətirli, qönçəli yasəmənliyə,
Qayada qartala, daşda kəkliyə,
Gölün sonasına, qazına gəl bax.

Vəli

Dost gərək dostunun qeydinə qala
Qəlbinə dəyibsə, könlünü ala.
Qiymət ver insana, elmə, kamala,
İşıq salır o rüzgara, əzizim.

Şəmşir

Var hələ Ketinin döşündə ağ qar,
Yay gələn qonağa saxlanır bu qar,
Bir yanında allı-güllü çəmənzar
Taxta yaylağının düzünə gəl bax.

Vəli

Biz həsrət deyilik gülə-çiçəyə
Havaya, həyata, yemək-içməyə,
Almağa, verməyə, görüb bilməyə
Seyr etməyə çəmənzara, əzizim.

Şəmşir

Ağdaban elinə düşsə güzarın
Artar məhəbbətin, olar vüqarın,
Yolunu gözləyir öz qohumların
Onların ərkinə, nazına gəl bax.

Vəli

Mən ki varam yaxşıların yarıyam,
Səadət bağında qəm xirdarıyam,
Dostun, qohumların intizarıyam
Gəl, gedim açılsın ara, əzizim.

Şəmşir

Xəbər gətir Abbasqulu qocadan
Çağır Miskin Rüstəmlini ucadan,
Bir günəş ol, sal ziyanı bacadan
Nə olar, Şəmşirin sözünə gəl bax.

Vəli

Miskinli Vəlinin düz ilqarından
Günəş ol, çəkinmə dağlar qarından,
Sazından, sözündən, xoş baharından,
Min ilham ver insanlara, əzizim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets