Aşıq Şəmşirlə deyişmə – III
Vəli
Nə müddətdir həsrətini çəkdiyim,
Gəldin, könlüm intizarı görüşdük.
Firqətindən göz yaşımı tökdüyüm,
Oldu mənnən dərdə yarı görüşdük.
Şəmşir
Öz qohum, qardaşım, elim, əqrəbam,
Qarşı gəldi şair Vəli görüşdük.
Əcdadım yaqublu, Miskindi babam,
Olduq sazla, söz deməli görüşdük.
Vəli
Əvvəl başdan ilqar verən dilindən,
Bülbül kimi əl götürməz gülündən,
Adıbəlli Kəlbəcərin elindən,
Ünü gələn sənətkarı görüşdük.
Şəmşir
Bu bir səadətdir bəzmi-baratdı,
Möhnətin yükünü üstümdən atdı,
Yusifin köynəyi Yaquba çatdı,
Biz də onlar kimi, - bəli -, görüşdük.
Vəli
Ədaləti, həqiqəti haxladı,
Doğru sözü, düz ilqarı yoxladı,
Sənətinin hörmətini saxladı,
Ağır ellər iftixarı görüşdük.
Şəmşir
Birdən boşalandı, dolandı sənə,
Mənim ipək meylim dolandı sənə,
Tarix min doqquz yüz dolandı sənə,
Gəldi altmış üçün ili görüşdük.
Vəli
Qoymayan kimsəni yoldan azmağa,
Mərdin ayağından namərd qazmağa,
Mahir saz çalmağa, şeir yazmağa,
Şəmşirin var iqtidarı görüşdük.
Şəmşir
Çoxdan axtarıram Vətənim deyə,
Sahibkar itiyin axtarmaz niyə,
Qolboyun sarmaşıb can deyə-deyə,
Şad olsun Gədəbəy eli görüşdük.
Vəli
Qarşısında günəşində, ayında,
Vəfalı dostların xaki payında,
Vəli, Şəmşir, Cəmil haqqı-sayında,
Məclisində can dostları görüşdük.
Şəmşir
Bu görüşə, yerə nur saldı fəza,
İntizar könlümüz yetdi muraza,
Şəmşir, Vəli, Cəmil ağız-ağıza,
Öpüşərək çox məzəli görüşdük.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-asiq-semsirle-deyisme-iii
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey qazılar, kimə qılım şikayətBir bimürvət məni candan eylədi
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!