Cavad

Dağlar səfalıdır bahar əyyamı,
Dəhşətli deyilmi tar yeriyəndə?
Dəvə dözümlüdür düzdür cəfaya,
Bəs, qorxu deyilmi nər yeriyəndə?

Vəli

Dəhşət olduğunu mən də bilirəm,
Dərəyə tökülür tar yeriyəndə.
Nə qədər coşsa da, bir sahibi var
Sarvan üstə minir nər yeriyəndə.

Cavad

Ər oğlu ər odu bilə ahəngi,
Fərhad kimi çapa qayanı, səngi.
Saymaynan özünü elmin pələngi
Hər yaranmış qaçar nar yeriyəndə.

Vəli

Mənəm bu sözlərin ahəngidəri
Şairlik elminin sədd İsgəndəri,
Alimlər yanında açaq dəftəri
Su töküb söndürrəm nar yeriyəndə.

Cavad

Düzdə daylaq çapar, hamı at sürər,
«Tey»in, «yey»in mənasını kim bilər?
Cavad mətləbini hey «dal»dan dilər

Dağlar da bəzənir var yeriyəndə.

Vəli

«Tey» təvəkkül, «yey» yaxşılıq deməkdir,
Doğru yolnan getmək halal əməkdir,
Miskinli Vəliyə Əli köməkdir,
Eyləyər düşməni xar yeriyəndə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets