Dəryadan Qətrə
Ən birinci müstəbid və düşməni-hürriyyət olan rus keşişlərinin və bunlara peyrov olan rus məmurlarının hüquqi-şəkkinanə olan politika və təzyiqlərindən hökumət məktəblərində indiyə qədər müsəlmanlığa dəlalət edəcək heç bir nişanə yoxdur və hərçəndi 17 Oktyabr fərmanı indiyə qəbər olan siyasi və dini təcavüzlərə, zülmlərə, nəhayət vermək vədini təbşir etdi, amma ona da felən əməl olunmadı.
Məktəb rəisləri keçən il inqilab vaxtında ümumcamaatla bərabər bizə də ayrıca bir para şirin və yağlı vədlər etdi. Hətta rəsmi komissiyalar təşkil edib ümumibtidai məktəblərdə iki əvvəlki illərdə ana dili ilə oxutmağı, yerli dillərə əhəmiyyət verməyi qəbul etdi və qəbulu qışqırıqlar ilə elan etdi. Biçarə avam camaatı yalançı ümidlər ilə aldadıb yatırtdı, başına yaşdıq verdi… yuxlatdı.
Bu gün o vədlərdən, o şirin sözlərdən əlimizə nə keçdi? Hansı məktəblərdə köhnə qaydalara zərrə qədər təğyir verildi. Hansı zülm və təzyiq üstümüzdən götürüldü? Biləks, Tiflisdə “realnı” məktəbinin müsəlman dərsi müəllimi çıxmağa məcbur edildi, Şəkinin məscid məktəbi camaatın əlindən qəsb edildi. İdarəyi-ruhaniyyələrin təxti nəzarətlərindəki məktəblərin ixtiyaratı təzyiq edildi. Hasili, hər yana baxırsan, yenə köhnə qaraltı, köhnə boyunduruq. Lakin bir o qədər var ki, bu dəhşətli qaraltının, bu ildırım saçan zülmətin içindən arabir zəif işıqlar, ümidli nurlar da görünür ki, onların bir də Tiflisdə birinci gimnaziyada mərhum Mirzə Seyfəddin Seyıdovunehtimamilə bünövrəsi qoyulan məscid otağıdır. Demək, hökümət bu il Tiflisdə birinci gimnaziyada müsəlman şagirdlərinə ibadətgah olmaq üzrə xırda bir “otaq” mərhəmət elədi.
Bəli, mərhəmət elədi. Hərçəndi deyəcəksiniz ki, “bu elə bir böyük mərhəmət və ehsan deyildir, bundan 30-40 il əvvəl verilməli qayət təbii bir həqqi-məşru idi”.
Həqiqətdə də belədir. Bu, bir vaqeyi-əzəmi və mərhəməti-alicənabanə deyildir, bəlkə əlimizdən alınan dəryayi-hüququmuzdan çar-naçar əda edilən bir qətrədir.
Amma… amma hökumətin biz nadanlara, biz sadiqlərə rəva gördüyü məxfi politikasına, heysiyyət və hüquqi-şəkknayi-ədalətsizliyə görə, qayət xırda və adi olan bu mərhəmət bizim üçün görülməyən bir nemət, ruslar üçün əqlə gəlməyən bir müsaidədir.
Daha bu gün belə Smirnovların, Miropiyevlərin, Lisinskilərin milli dilimizə, milli məktəblərimizə, bir sözlə milli mövcudiyyətimizə vurduqları yaraların acısı ilə sızlaya-sızlaya gimnaziyada “ibadətgaha” nail olmağımız əlbəttə ki, xarüqüladə mərhəmətlərdəndir. Daha doğrusu, mərhəmət və ədalətin olmadığı yerdə hər şeydir. Qorxunc və kəsafətli zülmətin bir səmtində peyda olan xəfif bir nöqteyi-ziyadardır. Bu səbəblə miskin və acizliyimizi etiraf edib buna da təşəkkür etməliyik.
Amma əvvəl zəmanəyə və iqdamati-əhraranəyə, ikinci Varantsov-Daşkova təşəkkür etməliyik ki, vətəndaşımız, qonşumuz gürcülərin, ermənilərin xüsusi böyük-böyük milli ruhani məktəblərinə, bəyzadə təlimxanələrinə, yüzlərcə milli kilsə məktəblərinə müsaidə olanda, bizə də gimnaziyanın bir küncündə xırda bir “otağın” ibadətgah olmasına rüsxət buyurdular. Həqiqət, yoxdan yenə yaxşı, dəryadan yenə bir qətrə!..
Birinci gimnaziya müdiri məktəbdə məscidə təhvil edilən bir otağı dualamaq üçün dekabrın 6-cı günü şəhərin mütəşəxxislərini məktəbə dəvət elədi.
Dəvət olunanlar saat birdə məktəbə gəldilər. Gələnlərin cümləsindən müfti, şeyxülislam, papeçitel, Tiflis qubernatoru, şəhər rəisi, maarif müfəttişi, idareyi-ruhaniyyə əzası var idi. Gələnlər yüzdən artıq idi. Əvvəlcə məktəbin zalında bir azca istirahət edilib, sonra dar yollar ilə məscidə təhvil edilən otağa gedildi. Məscid dar, uzun 20-30 adamlıq bir otaqdır. Mədular məscidə daxil olan kimi cənab müfti məqami-minbərə keçib məscidin mübarək olmağı barəsində ərəbcə dua oxudu. Sonra əlindəki basına bir Quranı camaata göstərib məscidə hədiyyə edildiyini elan etdi. Bədəhu cənab şeyxülislam dualadı. Müxtəsər, duaları mütəaqib zala keçildi. Zalda cənab müfti üzünü çevirib imperatorun şəklinə xitabən qayət ixlaskaranə, ən ali mərtəbə sadiqanə, xariquladə calibi-nəzəri diqqət olacaq bir vəzi-mütəvazanə ilə ərzi-təzərrə və bəyani xülüskar elədi.
Müftinin bu nitqində və məscidin bu kimi məktəblərdə lüzumi və buna əlavə olaraq türk dərslərinin artırılmağı barəsində heç bir söz deyilmədi. Nitq başdan-başa ixlas və sədaqətə and idi.
Müftinin nitqinə, ixlasına, dərəceyi-nəhayətdə minnətdarlığına bir sözüm yox. Çünki həqiqətən o sözlərin cümləsi həqiqi və qəlbi idi.
Buna görə əsli olmayan bir fikri-riyakaranəyi və məzmununa əməl olunmayacaq bir nitqi-hürriyyətpərvəranəyi dinləmədən isə əlbəttə ki, qəlbdən gələn sədayi-həqiqətini eşitmək daha xoşdur.
Ayə, bizim millət rəislərinin, torpaq başımıza olacaq biz camaat rəhbərlərinin bu məcburiyyətləri nədən? Əcəba, müfti əfəndi nə fikir edir? Milləti qoyun, həmişə məzlum, həmişə biqüdrət, xeyir və şəri qanmaz, xadimi ilə hadimi anlamaz bir heyvan sürüsümü hesab edir?
Nə yaman adət, nə dəhşətli uçurum!
Müftidən sonra cənab şeyxülislam məqami-münasib nitq oxudu və müfti əfəndinin hərəkatında iştirak etmədi. Bitərəf hərəkət etdi.
Şeyxdən sonra Minasazov, şəhər rəisi münasib nitq dedilər. Axırda məktəbin türk müəllimi Məhəmmədağa Şahtaxtinski qayət məqbul və intizar edilən bir məzmunda uzun bir nitq oxudu.
Məhəmmədağa dedi: “Vəd edilən hürriyyəti-məzhəbiyyəyə görə belə xırda şeylər bizim üçün qeyri-kifayətdir. Gərək biz də özgə millətlər ilə bərabər tutulub hər gunə haqq və ixtiyaratda müsavi olmalıyıq. Bundan sonra özgə hökumət məktəblərində yerli dillərə daha artıq əhəmiyyət və ixtiyar verilməlidir”.
Oxunan nitqlərdən sonra cümlə əzayi-məclis hazırlanmış cürəbəcürə şirniyyat və məşrubat süfrəsinə oturdular. Qəhvəaltı edib saat 3-də dağıldılar.
Nemanzadə
“İrşad” qəzeti 15 dekabr 1906, №286
Kitabxana.az · https://kitabxana.az/en/works/nemanzade-deryadan-qetre
Use ← → keys to move, R for a random poem
More by this author
İran mücahidlərinəİstibdad cəhənnəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə alınan azadlığı saxlayıb davam etdirmək də bir o qədər, bəlkə ondan daha artıq çətindir. Çətindir, bəli. Ondan ötrü çətindir ki, müstəbidlər öz istibdad və hökmdarlıqlarını bərqərar etmək üçün zülm və şiddətə həmişə nə cür möhtacisələr, hürriyyət mücahidləri də müstəbidlər barəsində zülm və ədalətsizlik göstərməyə eyni surətdə məcburdurlar.
Millətpərəstlik zamanıdırHamı deyir camaatımız nadan və qafildir. Bəli qafildir. Həqiqətdə o qədər qafildir ki, xırda bala kimi öz xeyir və şərini belə qanmır.Hətta nadanlığın, korluğun verdiyi sərməstlik və sərsəmlik ilə çox vaxt öz əli ilə özünü kəsir, canına qəsd edir də yenə xeyiri olmur. Ələlxüsus, camaat hüququnun mühafizəsinə ən ziyada çalışacaq bu zamanda özlərinin qanını əmib soran, özlərinin səfalətinə bais olan zalım hakimlərə, fitnəkar pişvalara, düşməni-hürriyyət ağalara kömək edib zülm və istibdadın artmağına ən ziyada özləri səbəb olurlar da yenə fərqinə varmırlar. Amma bununla belə deyə bilməm ki, camaatımız həmiyyət, qeyrət və namusi-milliyyədən bütün-bütün məhrumdur.
ÇinovnikilərimizDünyada adi və heyvani, amma təbii bir qayda vardır ki, o da hər vücud, hər şəxs, hər firqə və hər millətin öz xeyri, öz səlaməti üçün çalışmasıdır.Həqiqət, çox az filosof və insana dost həkim vardır ki, məhz ümumun, ümumi növi-bəşərin nəfini nəzərdə tutub ona görə çalışsın. Zəmanəmizdə, hələ ki, insanların əksəri, bəlkə ümumi xudpərəst, qərəzkar, mənfəətpərvər, nəfslik qeydlərindən qurtarmamışdır. Dünyanın on mədəni yerlərindən və vəhşi yerlərinə qədər baxınız: cümləsi ortada şiddətlə axan “mənfəət” selinə uyub getməkdədir.
Açıq SözlərSon dərəcə hürriyyətpərvər olan “Molla Nəsrəddin” məcmuəsi bir paralarının məslək və təbiəti-müstəbidanələrinə xoş gəlməyib onun oxunmasını haram edir ki, bunlar ədalət və insaniyyət tərəfdarı deyil, bəlkə istibdad, zülm, cəhalət və bədəviyyət xadimidirlər. Bəli, cəhalət və zülm xadimidirlər ki, din və millət xaini olan ürəfanın, üləmanın və hətta ədalətsiz hakimlərin şəkillərini çəkib istehza edən bir məcmuənin oxunmasını həram edib, camaatı köhnə qaranlıq və əsarətdə buraxmağa çalışırlar. Və hiddətlənib ətraflarına “təkfir” qığılcımı saçırlar və bununla bir para avam camaatı kor və qafil buraxıb öz mənfəəti-şəxsiyyəsi mənzuri ilə hökm fərmanlıq sürmək istəyirlər. Lakin zəhi qəflət! Bunlar nahaq zəhmət çekirlər. Saçdıqları “təkfir” qığılcımları özlərini və öz istibdadına tabe bir para biçarələri yandırmaqdan savayı bir şeyə yaramayacaqdır. Arxayın olsunlar ki, camaatımız bir dərəcə oyanıbdır. Dəxi camaatımız aləmin tərəqqisini, özgə millətlərin güc və qüvvətlərini, qaliblik və müvəffəqiyyətin vasitələri olan elm və mərifəti görüb əhvali-cahani mühakiməyə başlayıblar. İslam aləmi dəxi bunların istədikləri təki qalmayacaqdır və qalmır. Neçə yüz illərdən bəri aləm-islamın üstünə çökən kəsif zülmətin arasından bir həqiqət və mərifət seli cuşa gəlib getdikcə böyük, böyüdükcə irəli gedir, irəli getdikcə mane olmaq istəyən iki-üzlü mollaları, kütahbeyin mühərrirləri, yalançı millətpərəstləri, cabbar hakimləri, zalım əmirləri, köhnə adətləri yıxıb özgə bir aləm vücuda gətirməkdədir.Qoy bunlar ha qışqırsınlar ki, ədalətsiz hökümətə itaət etmək, iki qəpiklik mənfəətə səcdə edən “üləma”ya qul olmaq, fağır və kasıbların qazanclarını qəddar hakimlərə, cahil mollalara, xain imamcümələrə yedirtmək, ümumi əqliyyə təhsil etməmək islamın, Quranın qəti hökmlərindəndir. Qoy ha təklif etsinlər ki, şəriətdə ixtilaflı bir məsələni mübahisə meydanına qoyub həqiqətin nə cür olduğunu bilməyə çalışmaq “küfr və zəlalət”dir. Heç kəs bunlara qulaq asmayacaqdır. Dəxi milləti uşaq oyuncağı kimi gündə bir fitva və hökm ilə oynada bilməyəcəkdir. Bunlar gərək burasını biləydilər ki, sözün təsiri felə bağlıdır. Məsələn, əl altından məktəbi yıxmağa çalışan bir vaizin məktəb bina etməyin təbiəti barəsindəki vəzinə kimsə qulaq asma-yacağı kimi indiyə kimi millətin heç bir dərdinə qalmayıb, həmişə hökumətin, dövlətlilərin əmrinə boyun əyib milləti əsarətdə saxlayanların sözləri də öz dəstələrinin dairəsindən irəli getməyəcəkdir. Bəli, irəli getməyəcəkdir, çünki camaat dəxi kor deyil, millətə doğrudan canı yanıb şüur ilə öz rəyasət və mənfəətləri üçün çalışanları qanmağa başlayıbdır. Əgər bunlar bir xırda maldan, candan keçib milli mədrəsə və məktəblərimizin təşkilinə, hüquqi-milliyyəmizi, zalimlərin təcavüzündən mühafizəyə, idareyi-ruhaniyyəmizi hökumətin cəngindən xilas etməyə çalışsalar, o vaxt bugünkü təkliflərin bəlkə bir növ mənası olardı… Mən elə zənn edirəm ki, belə şəxslər özlərinin göydəndüşmə fikirlərini gizləməyib bir az açıq yazanları “kafir” nəzərə verməklə əmbiya varisliyi etmək vaxtı keçdi. Arxayın olsunlar, heç kəsi keyfi və qərəzi hökmlərlə təkfir edib qorxuza bilməzlər. Bir vaxt Rim papaları da avamın cəhalətindən istifadə edib ərbabi-fənni təkfir və təhqir edərdi. Lakin axırları nə oldu? Fikirləşsinlər…
Poems by other poets
Kənar gəzmə, yar, otağa qədəm bas,Asta-asta gəl, qadasın aldığım!
هیچ کس چاره ساز کارم نیستچه کنم بخت سازگارم نیست
Dağlar, sizdə nəyim qaldı, gəncliyimDağlar, sizdə nəyim qaldı, gəncliyim,Gəncliyimi bir də mənə qaytarın.
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.