Dünyada adi və heyvani, amma təbii bir qayda vardır ki, o da hər vücud, hər şəxs, hər firqə və hər millətin öz xeyri, öz səlaməti üçün çalışmasıdır.

Həqiqət, çox az filosof və insana dost həkim vardır ki, məhz ümumun, ümumi növi-bəşərin nəfini nəzərdə tutub ona görə çalışsın. Zəmanəmizdə, hələ ki, insanların əksəri, bəlkə ümumi xudpərəst, qərəzkar, mənfəətpərvər, nəfslik qeydlərindən qurtarmamışdır. Dünyanın on mədəni yerlərindən və vəhşi yerlərinə qədər baxınız: cümləsi ortada şiddətlə axan “mənfəət” selinə uyub getməkdədir.

Kimi səy edir ki, öz millətinin uşaqları təhsili-elm edib öz millətinə xeyir versin. Kimi qeyrət edir ki, öz vətəninin, öz yerinin malı rəvac tapıb kəsbi-qüvvət etsin. Kimi iqdam edir ki, öz hökumətinə canisüparanə xidmət edib öz məqamını ucaltsın. Xülasə, hər kəs yaxşı-yaman çalışır ki, özünə, öz millətinə, öz vətəninə mənfəəti dəysin.

Amma… Gəliniz görək bizim bəzi müsəlman çinovnikləri: bu bədbaxtlar fədakaranə, sadiqanə xidmətlərinin əksinə, hər gunə ümiddən, xahişdən, hər növ mənfəətdən məhrumdurlar.

Bu Allahın qəzəbləri gecə-gündüz çalışırlar ki, bacardıqları qədər dilsiz müsəlmanların dərisini soysun, qanlarını sorsun və bu xüluskaranə xidmətlərinin əvəzində bəlkə bir cüzi mənfəətə və ya qulluğunun tərəqqisinə nail olsunlar. Lakin belə xüluslu xidmətlərinə müqabil bir duzsuz “malades”dən və ya beş qəpiklik paxır medaldan savayı əllərinə bir zad keçirə bilmirlər, bir mənfəət görə bilmirlər. Hətta elə çinovniklərimiz var ki, gecə-gündüz çalışırlar ki, müsəlmanlığa, müsəlmanlara bir zərər, bir töhmət vursun, hökumətə xüluskarlıq göstərsin, millətini rəzil və həqir etsin. Bununla belə, “müsəlmanlıq” adı yenə onları hər növ mənfəətdən məhrum edir.

Ha deyirik ki, filankəs on beş ildən bəri qazıdır, pristavdır və ya baş strajnikdir, bu müddət ərzində bəlkə on beş min dilsiz müsəlmanı döyüb həbslərə salıblar. Müsəlmanların arasında partiyabazlığı, quldurluğu, avamlığı çoxaldıb, qədim milli maarifimizi belə kökündən kəsiblər, müstəbid hökumətə ən müstəbidanə, ən zalimanə köməkçi olublar. Hökumətin ən çətin, ən təhlükəli işlərini – müsəlmanların ziddinə olaraq, asanlıqla görüblər. Amma bunlarla bərabər, yenə duyuruq ki, filankəs yenə pristav və baş strajnikdir. Qərəz, bizim xüluskar çinovniklərin halları nəzərə alınınca dünyada bunlardan bədbəxt, bunlardan arada qalmış bir sinif görünməyir; nə özləri mənfəət görürlər, nə də millətə mənfəət verirlər. Bunlar adları müsəlman olmaq cəhətilə hökumətin nəzərində əhəmiyyətsiz və mənfur həmiyyətsiz olmaqları səbəbilə də millətin yanında üzüqara və müstəhləkdirlər.

Bir gürcü və ya erməni çinovniki isə bu rəzalətdən, bu səfalətdən uzaqdır: bunlar hökumətə qanun dairəsində xidmət etməklə bərabər yeri düşəndə öz millətinə də kömək etməkdən, camaat işinə, dərdinə qarışmaqdan boyun qaçırmırlar.

Vaxt olur ki, hünər öz ləyaqətli xidməti sayəsində hökumətin nəzəri-diqqətini cəlb edib, hüsn-əmniyyətini qazanır. Vaxt olur ki, millətin ən təhlükəli yarasını sarıb camaatı özündən məmnun edir.

Hökumət və millətinə borclu olduğunu öz vəzifə və xidməti bitir, Öz hüququnu tanıyır. Bu səbəblə nə millətinə xidmət etdiyindən ötrü hökumətin qəhrinə düçar olur, nə də hökumət dairələrindəki mənsəb və hüquqdan məhrum qalır.

Budur ki, ha eşidirik: erməni arximandritləri, incinerləri, doktorları, əksər erməni qulluqçuları millətləri barəsində cürbəcür xeyirxahlıqda, köməkçilikdə bulunurlar. Amma bizim müsəlman çinovnikləri tamamilə bunların ziddinədir. Millətə kömək etməkdən, camaat işinə qarışmaqdan o qədər ehtiyat edirlər ki, güya hökumət həmin bunları tutub Sibirə göndərəcəkdir. Və ya məişət dərdindən o qədər qorxurlar ki, güya qulluqdan çıxan kimi acından öləcəklər. Xüsusilə bizim qulluqçuların əksəri mərifətsiz bəylərdən, ləyaqətsiz ağalardan, həmiyyətsiz bir para işsiz qalanlardan ibarətdir.

Budur ki, hər yerdə qulluqçularımızın əksəri (əlbəttə ki, əshabi-həmiyyətdən olan qulluqçularımız müstəsnadır) ilandan qaçan kimi camaat işindən, camaata kömək etməklikdən qaçırlar. Millətin dərdinə, ehtiyacına qalan məclislərimizə baxınız, baxınız ki, orada o qanuni-şəri olan bir məclisdə neçə çinovnikimiz var? Hələ çinovniklərimizin bəzisi o qədər bihəmıyyət, biqeyrət və binamus olurlar ki, millət işinə qarışmamaqdan ötrü öz müsəlman adlarını çevirib… Alikonoviç. Raximoviç edirlər və beləliklə, guya müsəlmanlıq çirkini üstlərindən tullayırlar. Çinovniklərimizin bir qismi adlarını çevirməyirlərsə də, milli məsləklərini çevirib müsəlman məhəllələrindən, müsəlman cəmiyyətlərindən qırx fərsəx uzaq qaçırlar, halbuki millətin bugünkü günlərində tarixi-milliyyəmizin bu ən həqarətli dövrlərində ümumimizin, xüsusilə füqəramızın maddi və mənəvi düçar olduğu bu fəlakətli zamanlarında hər kəs: tacir, bəy, ağa, qulluqçu bəqədri-qüvvə çalışıb kömək etməlidir, kömək etməyi hər kəs ən birinci borcu, ən müqəddəs insanlıq vəzifəsi bilməlidir.

Xülasə, vaxtımız, vəziyyətimiz bunu təqazai-əmr edir ki, hər kəs ki, dövləti, nüfuzu, qüdrəti, bacarığı ola-ola şəri və ictimai olan milli işlərdən boyun qaçırır, icmai-ümmətin, mənafei-həyati ilə millətin ziddinə rəftar edir, mənsub olduğu camaata xeyir vermir, bu kimiləri özbaşlarına buraxmayıb hər növ olsa, məcbur etmək lazımdır ki, camaat xeyrini, camaat dərdini nəzərə alsınlar və millət işlərinə qarışsınlar. Özlərini, öz xeyirlərini, öz milli şərəflərini, öz din və namuslarını tanısınlar.

Ümidvar

“İrşad” qəzeti 26 dekabr, 1906. № 293

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Gülsüm

(Kiçik hekayə)Ürək sıxıntısı çox əziyyət edirdi. Bir gecə ikinci yol sabah namazından qabaq oyandım, yenə uzun qayğılı xəyallara daldım.

19166 min
Gürcü Politikaçıları

Bəradərim doktor Xosrov bəy Sultanovun gürcü politikaçıları xüsusunda “Açıq söz”də yazdıqları məktubu oxuyanlardan bəziləri ola bilər ki, doktorun özünü günahsız çıxartmaq üçün yazılarında, düşüncələrində ifrata getdiyini sanarlar. Çünki bizdə, bizim xasiyyətimizdə özgələrlə olan dostluğun davamı üçün özümüzün mənfəətini, özümüzün təhlükədə olduğunu düşünməmək adəti var, həm də çoxdan var. Bu xasiyyət yalnız tək-tək kişilərin beyinlərində deyil, millətimizin ruhunda, əxlaqi-ictimaiyyətimizdə köklənmiş, möhkəmlənmişdir.Dostluq xəncəri ilə yaralanmaq və o yaranın acısını duymamaq igidliyi (?) bizdə çoxdan milli əxlaq yerini tutmuşdur.

19175 min
Ömər Faiq əfəndinin Ruzadzenin teleqramına cavabı

Bu axır vaxt möhtərəm gürcü camaatı məni öz milli və Gürcüstan istiqlaliyyətinin düşməni ədd etməklə bərabər Axalsixdə guya mənim tərəfimdən hazırlanan üsyanı mənə isnad veriyorlar. Gürcü camaatı Ruxadzenin hökumət namına göndərdiyi teleqrafı oxuduqdan sonra bu fikrə gəlmişdir.Buna cavab olaraq deyirəm ki, hərgah Axalsix uyezdində narahatlıqdırsa və əhali arasında həyəcan və qələyan davam edirsə, ən əvvəlcə bunun səbəbi Ruxadze cənabının özüdür! Ruxadze asayişə nəzarət etmək sifətilə gəlib öz vəzifəsini unutmaqla bərabər uyezdə anlaşılmaz işlər törətməyə və hökumət namından hökumət siyasətinə yaraşmaz, hətta demokratik cümhuriyyətin heysiyyət və ləyaqətini ləkələyən “öz siyasətini” aparmağa başladı. Ruxadze “həmin siyasətini” vücuda gətirmək məqsədilə onun amalına zidd olanları aradan sıxıb çıxarmağa başladı. Müsəvvəniyyəti-şəxsiyyə haqqında general Maqayevin rəsmi məktubuna baxmayaraq, Ruxadze məni üç nəfər yoldaşımla həbs edib Tiflisə göndərdi. Bir çoxlarını da azadlıqdan məhrum etdi.

19192 min
İşlərimizdə Hərcmərclik

Hər şeyin ilk yaradılışında, ilk təşkilində bir çox nöqsanlar olur, ibtidailiklər görülür. Hər dürlü mövcudiyyət, hər növ təsisat mütləq qanuna – qanuni-tədric və təkamüli-təbiyyətlə möhkəmləşir.Təbiətə zor etmək, tərəqqini sürətlə istəmək səyi ilə kamala çatmaq olmaz – deyirlər. Bunlar çox doğru. Lakin burası daha ziyada doğrudur ki, hər tərəqqini, hər kamalı yalnız təbiət əlinə buraxmaq da təbii, Allahı tanımamaqdır. Çünki tərəqqi və kamal təbiətin təsirindən artıq səy və ictihadın dərəceyi-qüvvəsinə tabedir.

19195 min

Poems by other poets