Eşq və məhəbbət
Hörmətli oxucular, bəlkə “Nə eşq və məhəbbət vaxtıdır, qiyamət qopur, aləm bir-birinə dəyir, millətlər can çəkişir. Biz indi də eşq və məhəbbət itəmi oynayacağıq” – deyəcəklər.
Doğru, doğru!
Eşq və məhəbbət yalnız bizim şairlərimizin, bizim təbiətlilərin malı deyil. Eşq və məhəbbət iki istəklini bir-birinə bağlaşdıran kimi hər arzu ilə məqsudi bir-birinə qovuşdurmaqdır. Eşq və məhəbbət varlıq, dirilik, birər dirəkdir. Bu gün hər fədakarlıq, hər qaliblik eşq və məhəbbətə bağlıdır. Məhəbbət hər dirliyin açarı, hər dərdin davasıdır. Məhəbbət mədəniyyətin anası, cahanın həkimidir. Dünyada nə çətin iş ola bilər ki, məhəbbət onu vücuda gətirə bilməsin? Əl verər ki, başda bir iş üçün məhəbbət ola! Əl verər ki, elm həvəsi, millət məhəbbəti, vətən eşqi, mədəni istiqlal arzusu hamı məhəbbətlərin güclüsü ola! Bunlar – insanı idarə edən bu güclər oldumu, daha irəlisini düşünməyiniz: istənilən hər şey bu sayədə yapıla biləcəkdir. Mən inanmıram ki, insan hər şeyi ürəkdən istəyə, ürəkdən elm və tədbir ilə çalışa, ürəkdən məhəbbət bağlaya, o şey başa gəlmiyə! Mən inanmıram ki, məhəbbətlə can qıyılan yerdə dünyalar elə gəlməyə. Eşidirik ki, bir yaponiyalı dənizdə üzən qorxulu bir düşmən minasını partladıb, öz vücudu ilə bərabər darmadağın edir. Eşidirik ki, bir avropalı on min metrlik aeroplan ilə bərabər aşağı fırlanıb düşmənin əhəmiyyətli bir flotunu özü ilə bərabər parça-tikə edir. Eşidirik ki, bir şəxs Vətən uğrunda düşmən qalasının barıt anbarını odlayıb özü ilə bərabər havaya sovurur. Bəli, məhəbbət nədir, nələr elətdirməz! Dilinə olan məhəbbət deyilmidir ki, Rusiya təbəəsi iki polyakı, iki fini öldürəsən rusca danışmaz. Əcəba, polyak rusca, nemescə bilmirmi? Bəlkə firəngcə də bilir! Lakin hamısından artıq öz dilini sevir. Öz dilinin aşiqidir. Polyak bilir ki, bir millətin yaşaması dili ilədir. Dil yoxluğu millət yoxluğudur. Bu gün Polşa hər nə olursa olsun, madam ki, polyak dili vardır, Polşa da olacaqdır.
Sevgili oxucularımız! Millətlərin qan və od içində çalışdığı belə bir həngamədə “dil” məsələsi ilə vaxt keçirməyimə çaşıb məni qınamayın. Mən görürəm ki, bizi o qan və od dənizindən qurtarmaq istəyənlərin çoxu hələ özgələrin dil və adət əsiridirlər. Bunlar bu əsirlikləri ilə bərabər bizi də əsirlikdən qurtarmamaq, yalançı pəhli-vanlıqda bulundurmaq istəyirlər. Bəlkə deyirsiniz ki, “dil”in millətpərvərliyə nə dəxli var? Bir kişi türkcə bilə-bilə qəsdlə danışmaz, amma ürəkdən millətpərvər olar.
Belə ikiüzlülər bəlkə ola bilsin. Lakin mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin tək nişanıdır, millət sevgisinin birinci əlamətidir. Dilini sevməyənin ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözləməyə oxşar. Milli dilində danışmaq istəməyənin millətpərvərlikdən dəm vurması yalançılığın təzə modasından özgə bir şey ola bilməz. Mənə deyirlər ki, öz dili, öz ədəbiyyatı olmayan millət öz varlığından danışmağa utanmalıdır. Türk dili pis də olsa özümündür. Halbuki dilimiz dünyadakı asan və gözəl dillərin biridir. Elə asanlığı səbəbindəndir ki, bəzi millətlərin arasında ümumi dil kimidir. Bir rum ilə erməninin türkcədən özgə dil ilə danışdıqlarını görməzsiniz. Halbuki bizim bəzi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad-uşaq ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar. Tiflisdə beş ziyalı bir araya gələndə görməzsiniz ki, öz dili ilə danışsın. Buranın qonaqlarında, yığıncaqlarında milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsız. Hələ xanımlar deyəsən ki, milli dilə düşməndirlər. Bunların adları özgə, dilləri özgə, adətləri özgə, diləkləri özgə, tərbiyələri özgə, gələcəkləri özgə, məhəbbətləri özgə! Bilmirəm bunların millilikdən payları nədir? Bilmirəm bu gedişlə hara gedirik?
Mən burda dilin gərək dirilik və mədəniyyət və gərəksə siyasət aləmlərində nə işlər gördüyünü və nə dərəcədə əhəmiyyətli olduğunu sayacaq deyiləm. Qarsda minlərcə qardaşlarımızın hələ “Bir loğma ətmək” fəryadı kəsilmədiyi bir vaxtda belə dil məsələləri ilə gün keçirmək, əlbəttə, yaxşı görünməz. Nə edim ki, bizi millət məhəbbətindən geri qoyan səbəblərin biri də dilimizdir. Daha doğrusu, dilsizliyimizdir. Açıq dil ilə geniş ədəbiyyatımızın olmamağıdır. Bu gün bu yazılarımla ancaq gödəkcə yada salmaq istəyirəm ki, millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Həm də elə eşq və məhəbbətlə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi seçmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. A canım! Biz 203 özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər. Heç düşünmürük ki, biz özümüzü istəməyəndə özgələrin bizi istəmələrini ummaq dəlilikdir. Çaşıb qalıram. Ufaq bir millət heç yoxkən özünü böyüdür, öz varlığını hər yol ilə də olsa, özgələrə bildirir, öz ehtiramını saxlayır, özünü saydırır. Amma biz? Lap tərsinə, ən çox özümüzü özümüz bəyənmirik. Öz əlimizlə özümüzə qəbir qazıyırıq. Nədən gözəl dadlı dilimizi bəyənmirik? Nədən bu gözəl dilimizi yaymağa can-başla çalışmırıq? Yox-yox, belə olmaz. Daha əl verər, biz də gərək özümüz öz qədrimizi qanaq! Qanaq da, Məmmədləri – Mişa, İskəndərləri – Saşa, Kərimləri – Kiruş, Gülsümləri – Gülya, Leylaları – Lyalyaya çevirməkdən utanaq. Sözlərim doğru isə gəlin birləşək! Dil məhəbbətini millət məhəbbətinin başlanğıcı bilək. Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək. Arada olacaq incimələrə, küsmələrə qulaq asmayaq.
Bu gün millətini tanıyanların, millətinə eşq və məhəbbət bağlayıb çalışanların nə kəramətlər, nə möcüzələr, nə fədakarlıqlar elədiklərini şükür ki, hər dəqiqə eşidib duyuruq. Artıq nə deyim?
Ömər Faiq
“Yeni iqbal” qəzeti, 2 iyul 1915, №57
Kitabxana.az · https://kitabxana.az/en/works/nemanzade-esq-ve-mehebbet
Use ← → keys to move, R for a random poem
More by this author
Çox ümidvaram ki, bəradəri-həmiyyətpərvərim Firudin bəy Köçərlinin meydana çıxardığı “Müəllimlər” məsələsi digər min bir dərdimizin cərgəsinə tullanmaz. Ümidvaram ki, ikmal etməyə çalışdığımız nöqsanların üst pərdəsinə bir az əl sürülüb yenə köhnə sayağmda buraxılmaz. Ümidvaram ki, həqiqətin meydana çıxmağına çalışan həmiyyətli yazıçılarımız qədim adətimizə uyub zorlarını, qələmləriniyalnız gücləri çatdıqlarını tapdalamağa sərf etməzlər.Bəli, etməzlər də işin kökünü; bulanan suyun mənbəyini axtararlar. Mənim qanacağıma görə darülmüəllİmindəki şagirdlərimizin türkcə bilməməklərinə, məlumati-islamiyyətdən baxəbər qalmaqlarına, ürəklərində millət və vətən məhəbbəti olmamağına, bir sözlə, “yarımçıq” qalmalarına səbəb məhz müsəlman müəllimlərinin yavaş tərpənişləri deyildir. Bəlkə bizlərə rəva görülən zülm və ədalətsizlikdir. Və bir də böyük qulluqçuların çıxardığı “sirkulyar”lardır. Padşahdan savayı hər kefi gələnin öz eqlincə çıxardığı hədsiz, saysız”qərardadsızlardır”.
Cavab“Həyat”ın 86-cı nömrəsində “Şeyxzadə” imzası ilə Axısxadan yazılmış məktubu oxuyub xeyli fikrə getdim. Fikrə getdim ki, belə bir vaxtda bəradərimiz molla Hafiz Məhəmməd Əmin Şeyxzadə kimi məlumatlı görülən mollalarımız “Hümməti-əhli-vicdan ilə sui-idarəyə “xitam” verilib, bir dövri-cədid “Həqqaniyyətipədid” elan edildi…” kimi çürük və axmaq aldadan sözləri qəzet sütunlarında təkrar-təkrar yazmaqda ayə qəsdləri nədir? Anlamadım ki min fənd və hiylələr ilə gah camaatı aldadıb, gah hökuməti çaşdırıb yüz minlərcə fədakarani-hürriyyətin qanlarını sellər təki axıtdıran qospodin Vitte və Dumovlara layiq olan sözləri bəradərim cənab Şeyxzadenin yazmağındakı dərin hikmət nədir? Cənab Şeyxzadə mənim: “Havaxt hümmət əhli vicdan ilə sui-idarəyə “xitam” verildi?” – sualıma cavab olaraq deyir “Nə əcələ edirsən? Hələ vaxt çoxdur, hər şey yavaş-yavaş olar, səbir etməli. Görmürsən yevropalılar belə məqami-bəlayi-hürriyyətə vəslət üçün ah və nalələr çəkirlər… Hələ bizə nə oldu?”Çox təəccüb, çox heyif ki, bu qədər döyülməyə, bu qədər əzilməyə səbr edib cana gələ-gələ bəradərimiz Şeyxzadə bizə yenə “səbir həblərini” uddurmaq istəyir. İnsaf, yahu insaf! Yevropalılar məqami-bəlayi-hürriyyətə ah və nalələr çəkəndə bizlər nə üçün məqami-müqəddəsi-hüriyyətə hənuz düxul üçün fəryadlar qopar-mayaq? O müqəddəs yolda mal və candan keçməyək? Eyib deyilmi ki, Rusiyənin qeyri tayfaları hürriyyət üçün mal və canlarını fəda etdikləri halda “bizlər” bıçaq ağzı qədər açılan hürriyyət qapılarına şükr və səna ilə vaxt keçirək? Hürriyyət üçün “Dəccal”ların zühu-runu, “çaqqal”ların evlərimizə qədər girmələrini gözləyək! Məgər bos deyilmi bu qədər səbir? Bəs deyilmi bu qədər döyülmək, aldanmaq, özgələrinin keflərinə heyvanlar təki xidmət etmək. Nə demək istəyirsiniz, biz yata-yata, kef çəkə-çəkəmi özgələr bizim üçün çalışıb hürriyyət loğmasını ağzımıza versinlər?! Nədər ötrü öz hürriyyətimiz, öz xeyrimiz üçün özümüz çalışmayaq? Əgər sizin dediyiniz kimi, bıçaq ağzı qədər verilən hürriyyət ilə kifayətlənib şükr-səna ilə məşğul olsaq o cür hürriyyəti tez əlimizdən alarlar, nə tövr ki, aldılar, alırlar. İstərsiniz bu barədə min bir misaldan bir-ikisini ərz edim.
Bu Günlər və bizim RəhbərlərBu günlər hər kəsin qulağı Peterburq tərəfindədir. Bu günlər zülm və cəfadan cana doyan milyonlarca məxluğun zəif nəzərləri millət məclisinin tərəfindədir. Bu günlər əsiri-istibdad olan milyonlarca acizin, minlərcə fədakarani-hürriyyatin ümidi-nicatı o qibləgahi-hürriyyət tərəfindədir. Bu günlər ürəyində bir cüzi insanlıq məhəbbəti olan hər nəfər o ümidgahı-müqəddəs tərəfindən gələn səsləri dörd qulaq ilə dinləyir, vəkillərin cəsarətlərini qüvvətləndirmək üçün Peterburqa razılıq teleqramları yağdırır. Bu günlər camaat tərəfindən Peterburqa gedən teleqramlar camaatın hürriyyət və müsavat yolunda fədaya hazır olduqlarını çox açıq bir dil ilə anladır. Bu günlər hərkəs əlindən gəldiyi qədər millət məclisinə kömək etməkdə müzafiqə etməyir: kimi teleqraf ilə, kimi qəzet sütunlarında atəşli məqalələr ilə, kimi hürriyyətamiz, bəsirətəngiz məcmuələr ilə öz insanlıq borclarını əda edirlər. Bu günlər advokatların, müəllimlərin və mühərrirlərin yazdıqlarından sərfi-nəzər, gürcü, rus rəhbərlərinin, ruhanilərinin yazdıqları odlu yazılar, sazişli sözlər insaniyyət yolunda axıdılan qanlar ilə bərabərdir. Bu günlər rus keşişi fəzilətli cənab İvan Brixniçevin on altı səhifədən ibarət həftəlik çıxardığı “Dur, ey yatmış” qəzeti oxunub ibrət götürülməli qiymətli bir əsərdi, bu günlərə məxsus rusca yazılar bir bəsirətnümadır. İştə bu günlər hər kəs öz qüvvəsincə, öz həmiyyət və qeyrətincə, öz istiqbalı nöqteyi nəzərincə Allah rizası üçün səy və hümmət göstərirlər. Əlbət, belə dar, lazımlı günlərdə bizim rəhbərlərimiz də hümmət və qeyrətdən geri durmazlar. Əlbət, “islam” hamıdan artıq hürriyyət və müsavat, ədl və mərhəmət tərəfdarıdır. Xeyr, nəinki tərəfdarı, bəlkə hürriyyət və müsavatın anası, mənbəyidir. Əlbət ki, müsəlmanların rəhbərlərində hamıdan ziyadə öz dinlərinə layiq olan yolu tutub vaxtdan, təqazadan istifadə edəcəklər, əlbət ki, əfradi-millətin indiyə qədər ruhanilər barəsində olan bədgüman ve sui-təfhəmlerini dəf üçün idareyi-ruhaniler fürsəti fövt etməyəcəkdirlər. Xüsusilə Qafqazda müsəlman dəxi insanlar cərgəsində haqq və ixtiyar sahibi bir camaat olduğunu hökümətə göstərəcəkdirlər.Həmd olsun bu ümidlər boşa çıxmadı. Bizim rəhbərlər də özlərini göstərdilər. Mayın 7-de idareyi-ruhaniyyə rəisləri, üzvləri və qeyri qulluqçuları cənab müfti əfəndinin rəyasət xanələrinə cəm oldular, bu günlər müsəlmanların hər tərəfdən sıxılıb əzilməklərinə, zülm və cövr görməklərinə, bir sözlə zəmanənin təqazasına görə fürsəti qənimət bilib müşavirəyə başladılar. Müşavirənin əvvəli idareyi-ruhanilərin qərardadlarını təğyir ve islah oldu. Mayın 24-də təyin olunan ümumi məclisin görəcəyi vəzifəni bunların qabaqca yığışıb müşavir etməklərində əlbəttə ki, böyük bir tədbir, ali bir niyyət gözlənir. Əlbət ki, ümumi məclisdən əvvəl əcəli cəm olub rahat fikirlə müşavirə etməklə böyük bir fayda, uca bir məqsəd var. Əlbət ki, ümumi məclisin bəlkə birdən qəbul edə bilməyəcəyi hürriyyət ve müsavat cəhətlərini vaxtından əvvəl müzakirə edib məclisi qəbula məcbur edəcək yollar, sözlər hazırlamaq vacibdir. Budur ki, vaxt fövtə verilməyib şiddətli xahişlər ilə müşavirə başlandı. Bəli başlandı…
Qəbahət sizdə və bizdə“İrşad”ın 112-ci nömrəsində “Hadi” imzası ilə en bəsirətli bir alimimiz tərəfindən yazılan məqaləni diqqətlə oxudum. Məqalənin ibtidası xeyli bəsirət və həqiqətnümadır, fəna filillah bir alimi-rəbanın ürəyindən qopan avazi-qüdsi və ruhanidir. Çox az alim tərəfindən izhar edilə bilən mütəvazehanə, lakin alicənabanə, doğrudan hadi-yanə etiraflardır. Bu zamanda çox nadir eşidilən münsifanə, fəzlanə, xudapəsəndanə kəlimatdır. Cənabi həqq belə həqiqət bin, şikəsteyi-nəfs, fədakarani-millət fazilləri öz elmi-hürriyyəti ilə aramızda artıq eləsin.Fəzilətli cənab Hadi əfəndi həzrətlərinin məqalələri ümumiyyətlə, gözəl yazılmışdır. Ancaq məqalələrin axırlarını eyni ilə qəbul etməkdə fikir və vicdanıma nə qədər dedim ki, “hər nə yazılmış isə çox əla, sənin xoşuna gəlmirsə, gəlməsin. Bəlkə həqiqət elədir. Hər sözü çəkib uzadıb peşindən düşmək “hüsn-zənnin” xilafıdır. Xüsusilə bu cür fazil rəbbatnilərin qabağında dinmək sənin həddin deyil…” Lakin nə çarə ki, belə zəif sözlər ilə məhkəmeyi-vicdanımı aldadıb rahat ola bilmədim. Zira hər yandan müddəi qüvvələr vicdanımın üstünə tökülüb dedilər: “Nədən öz fikrini, doğru zənn etdiyin sözü açıq deməyəsən? Bu nə yaman adətdir ki, alim Hadiləri də müdara və yalançılıq ilə aldadasan? Halbuki bilmədiyini öyrənmək eyib deyil, bəlkə fəzilətdir…” İştə bu tövr bir mühakimə ilə vicdanıma məğlub olub aşağıdakı fikri-qasiranəmi ərzə cəsarət eləyirəm:
Poems by other poets
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
Təzkireyi-NəvvabQarabağ içrə bir şair kəlimüllahi-Musadır,Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Cövr ilə tökdü qanımı, fəryad, gözlərinCövr ilə tökdü qanımı, fəryad, gözlərin,Öldürdü aqibət məni cəllad gözlərin.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm