Zəmanəmizdə bizim kimi boş xəyal və quruntu ilə vaxt keçirən, fürsətdən istifadə etməyən heç bir millət olmasa gərəkdir. Hərçəndi bu malxulyanın bir qismi bir az əvvəl hakim və müstəqil olan bir millətin övladı olduğumuzdan keçmiş parlaq tarixlərimizin, siyasətdəki şan-şöhrətimizin hələ ürəklərimizə verdiyi sevincdən, ümid və qeyrətdən meydana gəlirsə də, böyük və zərərli qismi cəhalət və qəflətimizdən zühura gəlməkdədir, öylə cəhalət ki, hər kəsin öz vəzifəsini, borcunu, xeyrini unutdurub ismi var, cismi yox Ənqa kimi – yuxarılarda, Qaf dağlarında ərşi-əlalarda gəzdirir. Öylə qəflət ki, gözümüzün önündə duran ac, çılpaq, səfil, yetim, gözü yaşlı, yurdsuz, kimsəsiz uşaqlarımızın halını bir dəqiqə olsun mərhəmət nəzərinə verməz.

Öylə cəhalət ki, təlimsiz, tərbiyəsiz, tənbəl, səfih, mirasa, ataqazancına göz dikən ləyaqətsiz, millətin gələcəyi üçün vəbadan daha qorxulu, ilandan daha zərərli, zəhərdən daha kəskin, ölümdən daha iztirablı olan əxlaqsız bir çox dövlət cavanlarımızın halını, gələcəini düşünmürüz də. Məsələn, “Tibet’de ingilislərin hansı yol ilə irəli getdikləri, rəislərinin adı nə olduğu, hansı dağdan, dərədən aşdıqlarını, keçdiklərini və bu barədə Londonda parlamentdə Çemberlinin söylədiyi nitqini incədən incəyə düşündürür, Yaponların Port-Arturdan neçə verst və hətta sajen və arşın məsafədə durduqlarını “Lyaoşin” təpəsinə yaponların hansı saat ve dəqiqədə və hansı dağın ətəyindən gəldiklərini və davada vəfat edən əfsərlərin adlarına qədər – bir tükü, qılı qırx parça edərcəsinə bir diqqətlə o dərəcədə uzaqdakı keçən hüdudları bizə öyrətdiyi halda ingilislərin nə qüvvətlə, səbəblə dünyanın o gözəl-gözəl yerlərini topsuz-tüfəngsiz, qansız-qışqınqsız zəbt etdiklərini və yaponların bu nisbətdə qeyrət və şücaətlərini və bu davanın əsil səbəbini bildirməz. Öylə qəflət ki, bu gün en böyük üləmamızdan başlayıb da en aşağı bir kəndlimizə varıncaya qədər hər kəsin gecə və gündüz fikrini, zikrini minlərcə verst uzaqdakı davanın zahiri, adi vüquatları ile məşğul etdiyi halda dörd gözümüzün önündə millətimizin səfalət, zillət, həqarət uçurumuna doğru sürükləndiyini göstərmək deyil, xəyala belə gətirmir.

Halbuki bu gün bizim ölüm-dirim məsələmiz maarifdir. Öylə maarif ki, bu gün dava kimi ən nazik və dəqiqəsi milyonlar qiymətində olan bir vaxtda belə müharib dövlətlərin hər ikisi də bir tərəfdən davaya məşğul olduqları halda, digər tərəfdən, onu da əldən buraxa bilmirlər. Bəlkə, bir tərəfdən davaya ianə toplanırkən, digər tərəfdən də maarifə sərmayələr ayrılır. İanələrin davaya yağdırıldığı bir vaxtda, keçən ayda Moskvada bir dövlətlinin təzə yapılacaq bir məktəbə 50.000 manat ianə verməsi, rus ve Yaponiya hökumətlərinin bu yaxında Berlində məktəblərin islahı xüsusunda qurulan konqresə dərhal əzalar göndərmələri, böylə bir vaxtda belə maarifə aid təşəbbüs və hərəkətləri, bir millətin canı və ürəyi yerində olan maarifin əhəmiyyət və lüzumunu gözəl isbat edir.

Bununla bərabər, tarix həqiqətlərindəndir ki, neçə minlərcə səlib əhlinin bir ovuc mərifətli müsəlmanlara məğlub olmaları xristianların gözlərini açmış və qovğa Avropa üçün maarif başlanğıcı, səadət mübdəsi olmuşdur. Bunun kimi hər hansı millət olursa olsun məğlubiyyətdən sonra nöqsanlarını bilib hamı güclərini maarif tərəfdən sərf etməkləri hökumət və nicat qanunu iqtizasından əvvələn gəlmişdir. Bu barədə tarix misallar ilə doludur. Biz müsəlmanlar ki, iki-üç yüz ildən bəri hər cəhətlə məğlub ola-ola gəlməkdəyiz. Itirdiyimizi qazanmaq və yenidən maariflə qüvvətlənmək üçün gündüz deyil, gecə belə çalışmaq fərz olunduğunu yazmaq belə artıqdır.

Bəli, maarifdən xeyli pay götürmüş, bu gün qovğa kimi ən təhlükəli bir halda bulunmuş dövlətlilərin bir gözü yenə maarif cəhətində olursa, biz də hənuz başlanmış olan maarifimiz üçün yas gətirməyib qeyrət etməyimiz meydana çıxır. Xüsusilə şövkətli padşahımızın və böyük dövlət kişilərimizin bu günlər də bizə olan daha artıq hörmət və əmniyyətləri bizim bu yolda çalışmamız üçün böyük bir nemət və qənimət olur. Biz Rusiya müsəlmanları hökumətimizin ədalətinə qarşı hər vaxt sədaqət göstərməyi borc bildiyimiz halda dava kimi dar günlərdə hər dürlü ianə və köməklə İxlas və sədaqətimizi bir qat daha artırmağı da gözəl biliriz. Bu cəhəti boş sözlə deyil, yaralı vətəndaşlarımız üçün hər tərəfdən topladığımız ianələr, etdiyimiz dualarla çox möhkəm isbat etdik. Buna görə çox fəxrlə, cürətlə aləmə bildirmək istərəm ki, ruslardan sonra hökumətimizə, vətənimizə sədaqət göstərən, bu qədər müxtəlif millətlərin ən birincisi biz müsəlmanlarıq. Rus qəzetlərinin də təsdiq etdikləri vəchlə bir islam quberniyasından – fəqir cəmaətimizdən- toplanan ianənin məcmuu ümumi polyakların ianəsindən artıqdır. Digər millətlər də bu nisbətdədir. Sürməli uyezdinin naçalnikinin rəsmi kağızında, oradakı kasıb, fəqir müsəlmanlardan beş-altı min manat toplandığı halda özgə varlı millətlərdən ancaq-ancaq üç yüz manat toplandığını hər kəs “Şərqi-Rus”da oxumuş, sədaqətimizi qiyas etmişdir zənn edirəm. Burasına da diqqət lazımdır ki, bu ianələrin çoxu millət başçılarımız olan üləmamızın qeyrəti ilə toplanmışdır. Hətta bizim bu dərəcə müavinət və dualar ilə göstərdiyimiz sədaqət və ixlas əsərləri bir çox rus məmurlarını heyrətdə qoymuş və bir para yanlış, əsassız fikirləri də zehinlərdən çıxarmışdır. Bir çox müsəlman əfsərlərinin, soldatlarının bu davadan rus vətəndaşları kimi kökslərini düşmən güllələrinə qarşı verib vətənin mühafizəsinə çalışdıqlarını söyləmək belə artıqdır.

İştə bu surətlə həm can, həm mal ilə əmniyyət və etibarını qazandığımız hökumətin bizdən qanun daxilində bir şey əsirgəməyəcəyini bilməliyiz. Boş xülya və xofla indiyə qədər itən və qalan haqqımızın meydana çıxmasına hökumətimizin sühulət göstərəcəyinə əmin olmalıyıq. Hər vaxtın, halın bir toqazası var. Elə bilirəm ki, indi bir az vaxt gəlmişdir. Fürsəti fot etməyək! Bizim həyatımıza vasitə olacaq tazəliyin çox lazımlı bəzi xüsusiyyətlərini hökumətimizdən yavaş-yavaş istəyək. Bu gün millət başçıları yerində olan bəzi üləma adlılarımızın, axundlarımızm, mollalarımızın milləti xaki-əndraz və pərişanə doğru sürütdəyib götürdüklərini hər kəs qışqırır. Bu halda bunların islah və tərəqqi çarəsi milləti batmaqda olduğu tədənnidən xilas etmək demək olduğundan nə qədər gücümüz, həmiyyətimiz varsa, onların zəmani-müqteziyyata müvafiq tədris və tərbiyələrinə sərf etməkliyniz lazım görünür. Buna görə indiyə qədər bir-iki zəif təşəbbüslə edilməyən müsaidəyə əsla məyus olmuyaraq indi və bundan sonra hiddətlə çalışmalıyıq. Ümumi Qafqaz üçün bir mədrəseyi-ruhaniyyə meydana gətirməliyik.

Prixod mollalarına camaatın qaydasız, keyfi olaraq verdikləri “imanlıq xərc”in bundan sonra məzbut və nizami üsul ilə verilib o millət başçılarının məişətlərinin rus, gürcü, erməni ruhaniləri kimi – vaxt ilə təmin etmək üçün mühəllinə təvəsüt etməliyiz. Cəmaətin kefinə, mərhəmət və insafına qalacaq zaman deyil. Məişət darlaşdı. Zaman təqazası dəyişdi. Biz də buna görə dəyişməli, hərəkət etməliyik. Yoxsa irəlidə qura namaz qıldıran da tapılmayacaqdır.

Bir çox şəhərlərdəki sənət ziraət və şəhər məktəblərinin xərcinin bir qismini, bəlkə böyük bir hissəsibi biz müsəlmanlar veririz. Nüfusa, pula nisbətlə ildə bir neçə uşağımızın pulsuz oxudulmağı da nizam daxilindədir. Halbuki camaatımızın göz yummasından, məhəlli qazılarımızın, böyüklərimizin diqqətsizliyindən o kimi yerlərimizi, haqqımızı özgələr zəbt etməkdədir. Bu kimi yerlərdə dörd göz olub millət balalarımızın rus məktəblərinə girmələrinə çalışmalıyıq. Bu yolda camaatı alışdırmalı, təşviq etməliyik. Çünki zəmanəmizdə rus məktəblərindən ürkmək, ictinab etmək maarif bağçamıza gələcək ən qüvvətli bir su arxını kəsmək deməkdir.

Balalarımızı bir tərəfdən rus məktəblərinə göndərməklə bərabər buralara gedemiyenler üçün də hər şəhərdə, her böyük kənddə xüsusi məktəblər açmalıyıq. Üsuli-cədid məktəblərimizi çağlatmalıyız. Xərab olan mədrəsələrimizi canlandırmalıyız. Bu barədə fikr və xof lazım deyil. Qanun müsaidədir. Ancaq o qanunu bilib ona görə çalışmalıyız. Bu kimi işlərimizə şayət – (olmaz ya) mane olan nizamdan bixəbər kiçik məmurlar bulunursa böyüklərə müraciət etməli.

Hər şəhərdə mütləq və mütləq ucuz qiymətli, hətta pulsuz qiraətxanələr açmalı, göydə ildızlar, ‘fin xuançin”dən xəbərlər axtaracağımız yerə gözümüzün önündəki milli, vacibli hallarımıza – fürsətdən vaxtında istifadə edib – çarələr axtarmalıyız. Nə üçün lazımi məsələlərə çalışmayırız, nə üçün haqqımızı istəməyiriz?

Nemanzadə

Şərqi-Rus qəzeti, 5 may 1904, No. 52

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məzlum ən böyük zalimdir

Dünən Şəkidən, möhtərəm yoldaşımdan aldığım məktub pərişan ürəyimi bir qat daha pərişan etdi. Məni pərişan edən yalnız hökumətin zülmü deyil, o zülmə, o həqarətə boyun əyən camaat halətidir.Şəkinin birinci üsuli-cədidə məscid məktəbi hamıya məlum olsun gərək. Bu məktəb camaatın ixtiyarında, camaatın həmiyyətilə bir neçə il gözəl davam etdi. Faydalı səmərələr verdi. Bir az sonra hər nədənsə camaatın bəziləri yanlış bir fikrə düşdülər: məktəbi, o millət ocağını və istiqbal ümidgahını hökumətin ixtiyarına, xasiyyətləri məlum bir para qulluqçuların əlinə verməyə çalışdılar. Biçarələr elə güman edirdilər ki, hökumət idarəsi bizə camaat idarəsindən daha nəfli olacaqdır. Binəvalar elə xəyal edirdilər ki, hökumət bizə gerçəkdən atalıq edib, bizim dərdimizə qalacaqdır. Halbuki yazıqlar daha ondan bixəbər idilər ki, öz ixtiyarlarını, öz haqlarını öz əllərilə bir para zalımların, rəhmsizlərin pəncələrinə verib, məktəbi bünövrəsindən yıxmağa özləri səbəb olurdular.

19064 min
Alınan azadlığı nə cür saxlamalı

İran mücahidlərinəİstibdad cəhənnəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə alınan azadlığı saxlayıb davam etdirmək də bir o qədər, bəlkə ondan daha artıq çətindir. Çətindir, bəli. Ondan ötrü çətindir ki, müstəbidlər öz istibdad və hökmdarlıqlarını bərqərar etmək üçün zülm və şiddətə həmişə nə cür möhtacisələr, hürriyyət mücahidləri də müstəbidlər barəsində zülm və ədalətsizlik göstərməyə eyni surətdə məcburdurlar.

19064 min
Millətpərəstlik zamanıdır

Hamı deyir camaatımız nadan və qafildir. Bəli qafildir. Həqiqətdə o qədər qafildir ki, xırda bala kimi öz xeyir və şərini belə qanmır.Hətta nadanlığın, korluğun verdiyi sərməstlik və sərsəmlik ilə çox vaxt öz əli ilə özünü kəsir, canına qəsd edir də yenə xeyiri olmur. Ələlxüsus, camaat hüququnun mühafizəsinə ən ziyada çalışacaq bu zamanda özlərinin qanını əmib soran, özlərinin səfalətinə bais olan zalım hakimlərə, fitnəkar pişvalara, düşməni-hürriyyət ağalara kömək edib zülm və istibdadın artmağına ən ziyada özləri səbəb olurlar da yenə fərqinə varmırlar. Amma bununla belə deyə bilməm ki, camaatımız həmiyyət, qeyrət və namusi-milliyyədən bütün-bütün məhrumdur.

19067 min
Dəryadan Qətrə

Ən birinci müstəbid və düşməni-hürriyyət olan rus keşişlərinin və bunlara peyrov olan rus məmurlarının hüquqi-şəkkinanə olan politika və təzyiqlərindən hökumət məktəblərində indiyə qədər müsəlmanlığa dəlalət edəcək heç bir nişanə yoxdur və hərçəndi 17 Oktyabr fərmanı indiyə qəbər olan siyasi və dini təcavüzlərə, zülmlərə, nəhayət vermək vədini təbşir etdi, amma ona da felən əməl olunmadı.Məktəb rəisləri keçən il inqilab vaxtında ümumcamaatla bərabər bizə də ayrıca bir para şirin və yağlı vədlər etdi. Hətta rəsmi komissiyalar təşkil edib ümumibtidai məktəblərdə iki əvvəlki illərdə ana dili ilə oxutmağı, yerli dillərə əhəmiyyət verməyi qəbul etdi və qəbulu qışqırıqlar ilə elan etdi. Biçarə avam camaatı yalançı ümidlər ilə aldadıb yatırtdı, başına yaşdıq verdi… yuxlatdı.

19064 min

Poems by other poets