Qələm qardaşım Bəkir Nəbiyev

Nizami külüngü Fərhada verdi,çapdı sinəsini dağ əvəzində.Hökmdar möhürü cəllada verdi,Doğmalar, ögeylər zəmanəsində.

Dillərdə yüz yerə bölündü torpaq,əllərdə saxlamaq mümkün olmadı.Qullar dünyasına tərif oxuduq,dünyada tərifli bir gün olmadı.

Sən qələm götürdün sinəndə ilham,qələm möcüzədir, hər əldə qalmır.Dalğalar sahilə can atır müdam,dalğanın biri də sahildə qalmır.

Haray, Zəmanənin əlindən haray! –bir əsrin ağrısı bir daşda qalmır.Nə fəxri xiyaban, nə büllur saray?! –dillərdə hallanır, yaddaşda qalmır.

Ömrün yelkənidir hər yeni əsər,soruş, şerimizdən imtahan verim.Sən mənə bir uca mərtəbə göstər,sən qalxan kürsünü mən nişan verim.

Dünya dünyasını dəyişib artıq,baxıram, o deyil görünən, Bəkir.Xəlilin toyundan nə vaxt qayıtdıq,qırx il əvvəl olub, ya dünən, Bəkir?

Sənin zarafatın yadıma düşdü,Heyif, bir zarafat bayramı yoxdu.Yenə üzümüzdə həmən gülüşdü,niyə bu gülüşün o dadı yoxdu?!

Niyə istedadsız düşür qabağa,istedad arxadan ona əl çalır?Sağlar yox, şikəstlər qalxır ayağa,o buna, bu ona məəttəl qalır.

Niyə istedada tərif deyilmir,o biri davakar olandan bəri.Şairin lovğası hayıf deyilmi,öldük, təvazökar olandan bəri.

Pozub kefimizi kefə baxırlar,gözümüz gözlərə dikilib, Bəkir.İndi ürəyə yox, cibə baxırlar,sözümüz bazara çəkilib, Bəkir.

Bəlkə həsrət deyil, vüsaldı qorxunc,bir də o yollardan keçəydim, Bəkir.İsa bulağından sən ovuc-ovuc,mən də diz qatdayıb içəydim, Bəkir.

Sözü mərd deyibdi bizim dədələr,tənqid qələmini itilə, Bəkir.Sənin sağlığına qalxsın badələr,mən də qaldırmışam vaxtilə... Bəkir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets