Dördüncü məclis
Page 2 of 4 · 25%
DÖRDÜNCÜ GƏLİŞ
N a d i r ş a h. Cəfər, hara gedirsən?
C ə f ə r x a n (qorxa-qorxa). Heç, qibleyi-aləm.
N a d i r ş a h (hirsli). Necə ki, heç? Hara gedirdin?
C ə f ə r x a n. İstədim fərraşdan xəbər alam qibleyi-aləm bu gün şikara təşrif aparacaqdır, ya yox?
N a d i r ş a h. Əlbəttə! Əlbəttə! (Mirzə Mehdi xana.) De, hazırlaşsınlar. (Mirzə Mehdi xan çıxır. Cəfər xana.) Bu gün
şikar gərək yaxşı olsun.
C ə f ə r x a n. Bəli, qibleyi-aləm!
N a d i r ş a h. Səbəb?
C ə f ə r x a n. Qibleyi-aləm buyurur.
N a d i r ş a h (rişxənd). Qibleyi-aləm buyurur! Hər işdə mən dediyimə qulaq assanız çox yaxşı olardı, Məsələn, Süleyman xana kərratla demişəm ki, sən dövlətə qulluq etməkdənsə, gedib bir para adamlar ilə əbəs yerə vaxtını keçirirsən. Xeyr,
mənim dediyim sözlər havaya gedir. Zərər yoxdur, indi bəlkə düşünə. (Acıqlı.)
BEŞİNCİ GƏLİŞ
Mirzə Mehdi xan gəlir.
M i r z ə M e h d i x a n. Qibleyi-aləm sağ olsun! Şikara hazırdırlar.
N a d i r ş a h. Gedək. (Mirzə Mehdi xana.) Mirzə! Sən işində ol. Dediyim məktubu yazarsan. (Nadir şah və Cəfər xan çıxırlar.)
M i r z ə M e h d i x a n (tək). Lazımdır məktubu bu saat qurtaram, qəribə insandır! Başı necə qarışıq, fikri necə dağınıq olsa da, genə dediyi söz fikrindən çıxmır. (Yazır və hərdənbir qələmi saxlayıb fikrə gedir.) İşlərin belə qarışıq
vaxtında çox müşküldür ki, bu başa gələ. Görək allah nə istəyibdir. (Yazır.) İki məzhəbin birləşməyi həqiqət gözəl, yaxşı bir fikirdir. Çünki ədavət bilmərrə ortalıqdan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlənər. (Yazır.) Mollalara məvacib kəsmək də mənim təsəvvürümə görə, yaman deyil. Padşahlıqdan məvacibləri olsa, bir para ağlagəlməyən şeyləri və aşkara millətin, vətənin, dövlətin zərəri olan sözləri xalqın aralarında nəşr etməzlər. (Yazır.) O gün mənə deyir ki, Mirzə! Sən elə bilmə ki, mən ruhanilərə düşmənəm. Xeyr, dinə rövnəq verən mollalar mənim canımdırlar. Dinə rəxnə salan mollalara, həqiqət mən düşmənəm.... Bunlar zahirdə dinpərəst, batində dini tar-mar edirlər. (Fikrə gedib yazır.) Bəli, fikir etdikcə görürsən insafən ağıllı qanunlardır, həqiqət, gözəl fikirlərdir, amma heyfa, qədrini bilən yoxdur....
ALTINCI GƏLİŞ
Məhəmməd xan tələsmiş içəri daxil olur.
M ə h ə m m ə d x a n. Mirzə Mehdi xan! Bu nə əhvalatdır? Deyirlər şah şikara gedərkən atıblar.
M i r z ə M e h d i x a n (əlindən qələmi salıb durur). Nə buyurursunuz xan? Elə şey ola bilməz. İndi bu saat getdilər.
M ə h ə m m ə d x a n. Bəli, indi bu saat şəhərə qovğa düşübdür. Hətta deyirlər.... (Fikir.)
M i r z ə M e h d i x a n. Hə.... Nə deyirlər? Yoxsa vəfat edibdir? Hə?
M ə h ə m m ə d x a n. Bəli, bir elə şey danışırlar.
M i r z ə M e h d i x a n. Vay! Vay! İranın gülü soldu, günü batdı, bəxti qaraldı. (Bilmir nə etsin.)
M ə h ə m m ə d x a n. Xan! Özünüzü əbəs yerə həlak etməyiniz. Bəlkə də bu xəbərin əsli olmasın, amma onu yəqin bilirdim ki, bu iş yavuqda olacaqdır....
M i r z ə M e h d i x a n (hirsli baxır). A! Bəs görükür siz bilirdiniz.... (Bu vaxt bayırda qilu-qal düşür. Nadiri qolundan tutub gətirirlər. Məhəmməd xan qeyri qapıdan çıxır.)
YEDDİNCİ GƏLİŞ
Nadir şah, Rza xan, Cəfər xan, Rzaqulu xan, Mirzə Mehdi xan. Nadirin bir qolu yaralı, səndəlin üstə əyləşdirirlər.
N a d i r ş a h. O bədbəxt atanı heç kəs görmədi?
C ə f ə r x a n. Qibleyi-aləm! Vəliəhd meşəyə buyurmuşdu, ancaq bir əsər tapmayıbdır.
N a d i r ş a h. Çağırın!
R z a x a n. Qibleyi-aləm! Burdadır! (Rzaqulu xan əllərini döşunə qoyub Nadirin qabağında durur.)
N a d i r ş a h (diqqətlə baxır). Oğul! Bir əsər tapmadın? Bir insan görmədin?
R z a q u l u x a n. Xeyr, şah baba!
N a d i r ş a h. Çox təəccüb! Bu saat gərəkdir o bədbəxti tapasınız. (hirsli xanlara baxır.) Durmayın! (Rza xan, Cəfdr xan və Rzaqulu xan çıxırlar. Mirzə Mehdi xan mat durur.)
N a d i r ş a h (Mirzə Mehdi xana). Mirzə! Görürsən mənimlə nə tövr rəftar edirlər?
M i r z ə M e h d i x a n. Görürəm, qibleyi-aləm! Görürəm. Sizdən sonra İranın halını nəzərimə gətirirəm....
N a d i r ş a h. Yaxşı ki, atan bədbəxt rəhmliymiş. Güllə ancaq qolumdan dəyibdir.
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Allah-taalanın İrana rəhmi varmış....
N a d i r ş a h. Hərgah bu üç nəfər tapmasa, yəqin ki, bu fitnə bunların tədbiridir.
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Onların üçüncüsü vəliəhddir.
N a d i r ş a h. Ah, Mirzə! Bu dünyada heç kəsə inanmaq olmaz. (Fikir.) Oğluma da mənim gümanım var. Çünki bir ay bundan müqəddəm bir neçə söz qulağıma yetişibdir.
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Sizin təşrifinizdən bir az müqəddəm Məhəmməd xan burada idi. Onun sözlərindən məlum oldu ki, bu işdən xəbəri var.
N a d i r ş a h. Məhəmməd xan? Hə, hə ... çağırt bu saat. (Mirzə Mehdi çıxır.) Bəli ... hər bir padşah iki düşməndən xilas deyil: vətən, millət qeyrəti çəkməyən, gününü eyş-işrətdə keçirib milləti daima zülmlərə düçar edən padşah əcəlini
millətdən gözləsin.... Millətin və dövlətin tərəqqisinə çalışan, bu yolda təzə qanunlar qoyan, vətənini zülmdən xilas etmək istəyən padşah əvvəlinci gülləni öz müqərrib adamlarından gözləsin.... Mənim yəqinimdir ki, bu güllə millət
gülləsi deyildir!...
SƏKKİZİNCİ GƏLİŞ
M i r z ə M e h d i x a n. Qibleyi-aləm sağ olsun, göndərdim çağırsınlar.
N a d i r ş a h. Bəs nə deyirdi Məhəmməd?
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Çox üstüörtülü danışırdı. Ancaq bunu anladım ki, bu işdən onun xəbəri var.
N a d i r ş a h. Çox əcəb! Bəs görükür onunçun şikara getməyibdir. (Məhəmməd xan varid olur.)
DOQQUZUNCU GƏLİŞ
M ə h ə m m ə d x a n (Nadir şahın qabağında durur). Qibleyi-aləm! Bu nə bədbəxtlikdir üz veribdir?
N a d i r ş a h (rişxəndlə). Bəli, belə gərək olaymış.... Nə üçün bəs sən şikara mənimlə getmədin?
M ə h ə m m ə d x a n. Qibleyi-aləm! Qızım can üstədi, mümkün olmadı.
N a d i r ş a h. Bəs bir xəbər bilmirsənmi?
M ə h ə m m ə d x a n. Qibleyi-aləm! Nə barədə?
N a d i r ş a h (acıqlı). Necə nə barədə? Gözlərin görmürmü?
M ə h ə m m ə d x a n. Qibleyi-aləm! Bir əhvalat eşitmişəm.... Amma....
N a d i r ş a h (hirsli). Nə bilirsən, de bu saat....
M ə h ə m m ə d x a n. Qibleyi-aləm! Vəliəhd gərək bu işi hamıdan yaxşı bilə....
N a d i r ş a h. Sənin sözündən belə məlum olur ki, bu, oğlumun fitnəsidir?
M ə h ə m m ə d x a n. Bəli, qibleyi-aləm!
N a d i r ş a h. Sübut?
M ə h ə m m ə d x a n. Bir elə sübutum yoxdur, ancaq belə deyirlər. (Bu vaxt Rza xan, Cəfər xan içəri daxil olurlar.)
Kitabxana.az · https://kitabxana.az/en/works/nerimanov-nadir-sah-dorduncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
ƏFRADİ-ƏHLİ-MƏCLİSY u s i f-- mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında.
Birinci məclisƏVVƏLİNCİ GƏLİŞYusif otağında əyləşib kağız oxuyur. Ev, şəhər evi. Bir neçə kürsü və bir küncdə miz üstündə kitablar və kağızlar.
İkinci məclisƏVVƏLİNCİ GƏLİŞHacı İbrahimin evi. Dövlətli, Avropa qaydasında. Xədicə tək.
Üçüncü məclisƏVVƏLİNCİ GƏLİŞYusifin otağı. Şamdan bəy.
Poems by other poets
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,