Page 3 of 3 · 67%

YEDDİNCİ GƏLİŞ

H e y d ə r x a n (yavaş-yavaş daxil olur). Qibleyi-aləm! Nə üz veribdir?
Ş a h T ə h m a s (başını qaldırıb). Sənsən? Heydər, mən fikrimi sənin barəndə dəyişdirdim. Dövlət işlərində səndən mənə müqərrib adam yoxdur, özün görürsən sənə nə qədər mərhəmətim keçir, cəmi dövlətin ixtiyarını vermişəm sənə. Bununla belə, işdən belə məlum olur ki, sən istəyirsən Nadir kimi adamı mənə düşmən edəsən . Deyirsən, guya Nadir istəyir padşahlığı əlimdən alsın, taxtda özü əyləşsin. Mənim heç dəlilim yoxdur. Mirzə Mehdi ki, ona müqərrib adamların biridir, söyləyir, Nadir mənim yolumda baş qoymağa hazırdır. Və bir də qeyri məktublar ki, Nadir işarə edir, məni təşvişə salıbdır. Hanı o məktublar?
H e y d ə r x a n. Qibleyi-aləm! O məktubların məzmununu siz bilirsiniz, haman məktublarda yazılan əhvalat Əfqanıstan barəsindədir.... Bundan qeyri bir əhvalat yoxdur. O ki qaldı Nadirin əminliyinə ... şəkkim çoxdur.... Qibleyi-aləm! Sizinlə söhbət edəndə diqqət etdinizmi, dedi: qoşunlar və sərkərdələr hamısı mənə tabedir.... Bu nə sözdür? İşarə deyilmi? (Şah Təhmas fikrə gedir.)
Ş a h T ə h m a s. Bəs Nadirin xain olmağını, görükür, sən yəqin edibsən?
H e y d ə r x a n. Yəqin, mənə gün kimi aşkardır. Mənim məsləhətimə görə Nadiri gərəkdir bu gün zindana salalar, tainki əlaqəsi heç kimsə ilə olmasın. Çünki bu xəbərləri eşitsə, həm qoşunu və həm sərkərdələri təhrik edər ki, qibleyi-aləmin
üzünə ağ olsunlar.... (Şah Təhmas fikrə gedir, Heydər xan qoynundan kağız çıxarır, Şah Təhmas kağızı görür.)
Ş a h T ə h m a s. Bu saat buyruq verərsən onu həbs etsinlər. (Bərkdən.) Bu saat! O nə kağızdır?
H e y d ə r x a n. Qibleyi-aləm! Bu gün gəlibdir. Osmanlı dövləti bizim şərtnaməmizə cavab yazıbdır.
Ş a h T ə h m a s. Nə yazıbdır?
H e y d ə r x a n. Yazır ki, gərək biz Ərəs çayının sağ tərəfini onlara verək....
Ş a h T ə h m a s (fikirdə). Sağ tərəfini.... Xeyr, elə şey ola bilməz!
H e y d ə r x a n. Əlbəttə, belə şey ola bilməz, amma....
Ş a h T ə h m a s (acıqlı). Necə amma?
H e y d ə r x a n. Çarəmiz yoxdur, gərək razı olaq.
Ş a h T ə h m a s. Necə çarəmiz yoxdur? Nə üçün gərək razı olaq?
H e y d ə r x a n. Qibleyi-aləm! Osmanlının müqabilinə çıxmaq üçün əqəllən gərək 20.000 qoşunumuz ola. Bu qədər qoşunu keçən davalardan sonra yığmaqmı olar?
Ş a h T ə h m a s (başını əli ilə tutur və bir az fikirdən sonra). Yox.... Mən səhv etmişəm. Bu saat gedib Nadiri çağırarsan buraya. Əvvəlki buyruğumu ki, həbsə salsınlar, əlbəttə, deməzsən. Mən görürəm onsuz bu iş başa gəlməz. Bu saat gərəkdir onu hüzuruma gətirəsiniz və Cəfər xan, Mehdi xan burada olsunlar.
H e y d ə r x a n. Qibleyi-aləm!
Ş a h T ə h m a s. Durma, buyurduğuma əməl et! (Heydər xan çıxır.) Nadir bu halda dövlətin müşkül işlərində gərəkdir, ah... Nə yaman halətdir! (Fikirdə.) Nə üçün mən Heydərə inanıb Nadiri özümə düşmən edirəm? Yox, tamamdır! Bu gündən Heydərə çox ümid etməmək.

SƏKKİZİNCİ GƏLİŞ

R z a x a n. Qibleyi-aləm! Bu saat xəbər gəlibdir ki, Osmanlı İrəvandan keçib 30.000 qoşunla bizim torpağa ayaq qoyubdur.
Ş a h T ə h m a s. Elə şey ola bilməz. Ancaq bu xəbər vardır ki, bizim şərtnaməni qəbul etməyib istəyir ki, Ərəs çayının sağ tərəfini onlara verək.
R z a x a n. Qibleyi-aləm! Bu xəbəri yəqin bilib qulluğnuza gəlmişəm, yoxsa cürət etməzdim.
Ş a h T ə h m a s. Bəs Heydər görükür, səhvdir. Ah ... xain.... Ah ... bədbəxt Heydər! Bu saat onu çağırarsan, görüm bu əhvalatları nə üçün gizlədir?

(Rza xan istəyir çıxsın. Nadir xan, Heydər xan, Məhəmməd xan, Cəfər xan daxil olurlar.)

Ş a h T ə h m a s (Nadirə). Mən sənin təqsirindən keçib əvvəlki ixtiyarını qaytarıram. Ümidvaram ki, bir para xəyalatdan qayıdıb sədaqətdə xidmət edəsən. Bu saat Rza xan bir qəmgin xəbər gətiribdir, guya Osmanlı bizim yerlərə ayar qoyubdur. Ona görə vaxtı fövt etməyib Rza xanı, Məhəmməd xanı və Cəfər xanı köməkçi götürüb kedərsən düşmənin müqabilinə!
N a d i r (əvvəl yavaş səc ilə, sonra getdikcə səsini ucaldır). Qibleyi-aləmin mərhəməti mənim üzərimdə çoxdur. Bu vaxtadək sidqi-qəlblə dövlət və millətə qulluq etmişəm: vətənimizi düşmənlərdən xilas etmişəm. Xorasandan sonra qibleyi-aləmin xəbəri olmaya-olmaya əfqanların üstünə getmişəm, yerlərini alıb özlərini dağa-daşa salıb vaxtında şahıma xəbər etmişəm. Amma bu qulluqlarımın əvəzində qibleyi-aləmin tərəfindən nəinki böyük mərtəbəyə və hətta bir xoş nəzərə də layiq olmamışam. Mən heç! Amma qoşun, qoşun üçün padşahımın "mərhəba" səsi qüvvəti-qəlb və böyük səadətdir.. Dövlətə bugünədək mən xəyanət etməmişəm, bununla belə, qibleyi-aləm! Bir saat bundan əqdəm, necə ki, eşitdim, buyruq vermişsiniz məni həbsə salsınlar.... Çox təəccüb! Çox təəccüb! Səbəb? Səbəb? İnsanın biinsaf, biqeyrətliyi və paxıllığı! Bilirəm, hamısını bilirəm, fəqət qibleyi-aləm! Özümə cürət edib deyirəm: həmişə padşah ilə millətin arasında olan pərdə dövlətin viran olmağına və millətin bədbəxtliyinə ən birinci səbəb olubdur. Bu pərdə vəzirlərdən ibarət bir şeydir ki,həm padşahı və həm də milləti qaranlıqda saxlar. Nə padşahın millətdən və nə millətin padşahdan xəbəri olmaz. Millətin zülmdən ah və nalə səsini padşah eşidərsə, vəzirlər deyərlər: qibleyi-aləm! Səni millət alqışlayır, alqışlayır.... Ağılsız, fərasətsiz öz vəzifəsini anlamayan padşah bu sözlərə inanar, inanıb da zavallı millətin daima göz yaşına və axırda vətənin puç olmağına səbəb olar. İndi, həzərat! Bir padşah ki, dövləti və milləti tapşıra biinsaf, bimərifət şəxslərə (baxır Heydər xana və səsini ucaldır), bir padşah ki, canfişan olan qoşunun və sərkərdənin qədr-qiymətini bilməyə (üzünü xanlara) tac və səltənətə layiq deyil. Hərgah istəyirsiniz vətənimiz hər fəsaddan xali və asudə ola gərəkdir belə padşah səltənətdən xaric olsun....
C ə f ə r x a n, R z a x a n, M ə h ə m m ə d x a n (hamı qılınclarını siyirib). Doğru buyurursunuz.... Nadir şah cağ olsun!
Nadir şah sağ olsun!

(Şah Təhmas və Heydər xan özlərini itirirlər və dilləri tutulur.)

PƏRDƏ

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets