Müşfiqi düşünərkən...
Müşfiq vətəni, şeri, bir də Dilbəri sevirdi. Vətənin təbiətini, insanlarını, sənətini, musiqisini sevirdi. Vətən onun əsərlərinin əsas mövzusu, tükənməz və əzəmətli ilham mənbəyi idi. Şeir onun mənəvi qidası, dilinin əzbəri, qəlbinin nəğməsi idi.
Dilbər Müşfiqin həm ömür yoldaşı, həm də lirik qəhrəmanı, coşqun sevincinin və həzin kədərinin canlı şahidi, canlı şəriki idi. Gənclərimizə Müşfiqdən söhbət açarkən, “Müşfiq kimi şair olun” deyə bilmərəm. Şairlik fitri istedaddır. Müşfiq də Azərbaycan torpağının yetişdirdiyi nadir istedadlardan biri idi. Lakin gənclərimizə demək istəyirəm ki, şeri, sənəti Müşfiq kimi sevin, şerə-sənətə Müşfiq qayğısı bəsləyin. Müşfiq yerin alt qatlarından qədim mədəniyyətimizdən xəbər verən qazıntıları çıxarmaq üçün külüngünü yerə böyük bir ehtiyatla vuran arxeoloqa bənzəyirdi. Keçmiş şairlərimizin yaratdığı söz incilərini, misilsiz, gözəl lirika nümunələri olan şeir və qəzəlləri, qoşma və bayatıları maraq və məhəbbətlə axtarıb tapan vicdanlı bir alim və tədqiqatçı kimi bu şairləri unutmağa qoymazdı. Bahar Şirvaninin, Buxudun, Nasehin və başqa bir çox unudulmaz Azərbaycan şairinin şeir və qəzəllərini mən ilk dəfə Müşfiqin dilindən eşitmişəm.
Sordum sorağını, dedilər qeyrə yar olub,
Ey kaş lal olaydı dilim soraqidən...
Bahar Şirvani kimi gözəl lirika nümunələri yaratmış şairlərimiz təəssüf ki, tamamilə unudulmuşdur. Müğənnilərimiz də aşağı səviyyəli şeir və qəzəl oxuyur, bu şairlərin gözəl lirikasından istifadə edə bilmirlər. Sənətkarlarımız tərəfindən yaranmış mənəvi sərvət xalqın malıdır. Xalq malını qorumaq isə vətəndaşlıq borcudur.
Müşfiq aşıq ədəbiyyatını da çox sevir və yaxşı bilərdi. Aşıq Ələsgər, Qurban və başqaları onun sevə-sevə əzbər oxuduğu şairlər idi. Müşfiqin mənəvi aləmi şeir və yalnız şeir idi. O, şeirlə yaşayır, şeirlə nəfəs alırdı. Həyata, insanlara, hər şeyə şerin gözüylə baxırdı. Ciddi söhbəti də şeir idi, zarafatları da...
Bir gün küçədə tanış bir qıza rast gəlmişdi. Qızın əynində qırmızı don var idi. Müşfiq qıza yaxınlaşanda salam vermək əvəzinə qızı şerlə qarşılamışdı:
Alasan, geydirəsən yara qırmızı...
35-36-cı illərdə biz Rəsul Rza ilə Moskvada təhsil alırdıq. Qış tətilində mən Bakıya anamı görməyə gəlmişdim. Rəsul Moskvada idi. Akademiyanın böyük salonunda ədəbi gecə keçirilirdi. Müşfiq mənim yanımda oturmuşdu. Rəsulu xəbər alır, onun həyatı ilə maraqlanırdı. Mən bir az gileyli, bizi lap unutmusunuz, dedim. Müşfiq cavab vermədi, bir az sonra, dəftərini mənə ver, dedi. Mən kiçik dəftərçəmi ona uzatdım. Müşfiq qaşlarını çatıb dəftərə nəsə yazdı, sonra dəftərimdə bu misraları oxudum:
Ey şair,
Düşün öz-özünə sən bir cahansan
Başqadır gərdişin, başqadır yerin.
Gözlərdən, doğrudur, bu gün nihansan,
Bunun nə eybi var, könüldür yerin...
Müşfiq dostlarını, yoldaşlarını çox severdi. O, bizim analarımızı çox severdi. Erkən anasız qalmış şair ana məhəbbətinə böyük ehtiyac hiss edirdi.
Pirşağıda bağ qonşusu idik. Axşamları hamımız ay işığında qumların üstə yığışar, söhbət edər, şeir oxuyardıq. Müşfiqin şeir çeşməsi bitmək-tükənmək bilməzdi. Füzulini, Tofiq Fikrəti, Sabiri əzbər oxuyardı. Adını belə eşitmədiyimiz şairlərdən söz açardı, şeirlərini əzbər deyərdi.
Müşfiq üçün hər şey poeziya idi. Şerə bağlılıq və sonsuz sədaqət – Müşfiq təbiətinin əsas canı idi. Qəhrəmanlıq da, məhəbbət də, hicran da, adi bir qız donu da, bir dost gileyi də... O hər şeydə, şeir və şeir mövzusu görürdü.
Elə şairlər var ki, onların əsərlərini heç kəs sevmir, elə şairlər də var ki, yaratdıqları əsərləri mübahisə doğurur, kimi onları sevir, kimi sevmir... Müşfiq şerini hamı sevirdi... Ona olan böyük məhəbbətin sirri onun sadə, səmimi, qəlb hərarəti, ürək çırpıntısı ilə yaratdığı şeirlərin ecazkar gözəlliyində idi. Bu gözəlliyə və səmimiyyətə hamı pərəstiş edirdi.
Müşfiq az yaşadı, qısa sürən həyatında xalqına sədaqətlə xidmət etdi. Elə yaralar var ki, zaman belə onları sağalda bilmir. 34-cü ildə unudulmaz sənətkarımız Cəfər Cabbarlının ölüm xəbərini Moskvada aldıq. Gəncliyimin fırtınalı illərində mənə böyük qardaşı əvəz etmiş, sevdiyim bir sənətkarın ölümü məni sarsıtmışdı. Bir neçə il sonra isə dostumuz, qardaşımız Müşfiqin ölümü ürəyimizdə yeni bir yara açdı.
Bu yaranın ağrısını səssiz keçirmək lazım idi, ona bərkdən ağlamaq belə olmazdı.
Xalqını sevən, ona sədaqətlə xidmət edən sənətkarlar heç zaman unudulmurlar. Bu gün şairin xatirəsini əziz tutan xalqımız bu həqiqəti bir daha imzalamış olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-musfiqi-dusunerken
Use ← → keys to move, R for a random poem
More by this author
Sevgilim könlümü aldı əlinə,Solğun bir gül kimi oxşadı atdı.
Nə şöhrət istədim, nə şan istədimNə şöhrət istədim, nə şan istədim,Bu dünyada təmiz vicdan istədim.
Ondan nə bir əsər, nə də bir nişanOndan nə bir əsər, nə də bir nişan,Bir ilham qalmışdı, o da pərişan.
Yadımda qalanlarMən dünyaya gələndə Xan Xoyski bir qoçun boynuna qırmızı Gəncə kəlağayısı bağlayıb bizim evə göndərmişdi. Xanın bu hərəkəti nənələrimizin qəzəbinə səbəb olmuşdu. “Allaha xoş getməz, adam da qıza qurban göndərər? Camaat nə deyər, deməzlər ki, azğınlıq eləyirlər, qıza qurban kəsirlər. Əgər onu ayrı fikirlə göndəribsə, onu da bilmək olmaz, ya qismət, bu qız gələcəkdə kimə qismət olacaq, sən yazan qoy qalsın, görək fələk nə yazır”, – deyə xeyli deyinmişdilər. Müdrik nənələrin sözünü həyat özü də təsdiq etdi. Taleyin hökmü ilə tamamilə başqa həyat və gələcək cızılmışdı.Xan Xoyskinin arvadı Şirinbəyim xanım bizə qonaq gələndə, mənim üçün ən əzablı günlər olurdu. Qapıdan girən kimi anamla öpüşər, sonra məni qucaqlayıb “gəlinimə qurban olum, çiçək gəlinim, göyçək gəlinim” deyib məni oxşardı. Mənsə onun ağuşundan qurtarıb anamın qucağına sığınar və bütün müddətdə özümü anamın ətəklərindən çıxarmazdım. Biz böyüklər, çox zaman hiss etmədən uşaq ürəyinə ağır yaralar vurur, onun körpə qəlbinin böyük iztirablarına səbəb oluruq.
Poems by other poets
Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,