Page 2 of 3 · 33%

Mirzə Teymur — (daxil olur) Sizdən çıxıb gedənlər kim idi?

Mirzə Əhməd — Çavan mühəndislərdir, təzə gəliblər.

Mirzə Teymur — Genə də çavan mühəndislər? Ay Mirzə, sən özün bir yaxşı düşün, sən Amerikada, mən isə Fransada buna öyrənməmişik axı.

Mirzə Əhməd — Doğrudur, bizim nə qədər vaxtımız vardır ki, həm zavodu, böyük bir zavodu tikək, həm də bu oğul-uşağı öyrədək? Bir ömür istəyir.

Mirzə Teymur — Özü də mədəni deyillər, (ayaq üstündə durub özünü göstərir). Mənə bir diqqətlə baxın, xalis bir fransıza oxşamıramımı? Mədəni bir adamam, mən bunlar ilə necə uyuşa bilərəm?

Mirzə Əhməd — Bütün bacarıqları dillərindədir. Az bir zamanda özlərini rüsvay edəcəklər. Bilmirəm bunları nə üçün buraya yığıblar.

Mirzə Teymur — Belə ha, yenə də bir azdan sonra gəlib deyəcəklər ki, bunlardan fayda yoxdur. İşi öz əlinizə alın.

Mirzə Əhməd — Bu böyüklükdə işi ancaq Amerika və Avropa görmüş mütəxəssislər yerinə yetirə bilərlər.

Mirzə Teymur — O da ki, bizdən ibarətdir; Mirzədən, Teymurdan ibarətdir.

Mirzə Əhməd — Əhvalım özümdə deyil, dəniz kənarına çıxmaq istəyirəm. (Gedərkən xidmətçi qadına) Bir azdan sonra qayıdıram.

Gedirlər.

Dilbər — (daxil olub Mirzə Teymurun dalınca baxır) Əxlaqsızın birisi! Bilmirəm mənim atamın yaxasını nə vaxt buraxacaqdır. (Xidmətçi qadına). Ana, hər şey hazırdırmı?

Xidmətçi qadın — Hazırdır qızım.

Durna — (tələsik daxil olur. Dilbəri fikirli görüb soruşur). A qız nə var? Səni özündə görmürəm? Qəhrəmanı gözləyirdin o da ki gəldi, daha nəyin fikrini çəkirsən?

Dilbər — Doğrudur o gəldi, lakin bir şadlıq gətirmədi.

Durna — Ay qız, yoxsa Firəngizlə bərabər gəlib?

Dilbər — Yox, Durna, mən bu barədə düşünmürəm. Doğrudur mən onu sevirəm, amma heç bir zaman onun qurmaq istədiyi ailənin pozulmasına razı olmaram. Qoy xoşbəxt yaşasınlar. Məni düşündürən atamın məsələsidir.

Durna — Nə məsələsi?

Dilbər — Atamın fikri olduqca köhnədir. Qəhrəman isə təzə adamdır. Onun danışıqları atamın qulağı üçün təmamilə yabançıdır. Onlar yola gedə bilməyəcəklər.

Durna — Eh Dilbər, mənim vəziyyətim sənin vəziyyətindən daha ağırdır. Ondan da ötəri gəlmişdim Mirzənin yanına.

Dilbər — Nədən ötəri ay qız?

Durna — Mirzə Teymur yenə də mənim yaxamdan əl götürmür. Bax, gör o utanmaz bu gün göndərdiyi məktubunda nə yazır. (Məktubu Dilbərə verir).

Dilbər — (məktubu oxuyur) «Sevgilim Durna! Mən hazıram, sən də hazırlığını gör, ayın ikisində saat xoşdur, ZAQS-a getməliyik. İş başlanandan sonra toya vaxtımız olmaz».

Durna — İndi özün söylə, mən hara çıxım qaçım? Hər yetənə də deyir ki, məsələ qurtarıbdır, ancaq rəsmiyyətə salmaq lazımdır.

Dilbər — Ay qız, sən harada yaşayırsan? O özünü İrandamı hiss edir? Ona elə bir toy tutaram ki, öz adını yadından çıxardar. Əxlaqsızın birisi, Fransada nə qədər əxlaqsızlıq varsa, yığıb gətirib bizim həyatımıza calamaq istəyir.

Durna — Nə edim? Onun əli mənim əlimə toxunmamış, amma onun fantaziyasından xalq elə bilir ki, mən onunla bir qadın kimi yaşayıram. Buradan çıxıb qaçmaqdan da başqa çarəm yoxdur.

Dilbər — (onu öpür) Boş-boş danışma! Bu cürə söz komsomolçu bir qıza yaraşarmı?

Durna — O məni həyasızlıqla özünə təslim etməyi düşünür.

Qapı vurulur, bir azdan sonra Mirzə Teymur daxil olur.

Mirzə Teymur — Bonjur madmuazellər!

Dilbər — Rica edirəm bizi ələ salma! Bura sənin üçün Paris bulvarı deyil. Öz dilini danış!

Mirzə Teymur — Pardon, pardon! Bağışlayın, dilim öyrənibdir. Parisə təcrübə dərslərinə getdiyim zaman fransız dilini elə tez mənimsədim ki, hamı məni xalis bir fransız hesab edirdi.

Dilbər — Yalnız fransız dilini yox, orada bir çox şeylər öyrənib gəlmişsən.

Mirzə Teymur — (öz qiyafəsini göstərir) Yaxşı baxın bir: fransız aliminə oxşamıramımı?

Dilbər — (kənara) Bir sovet adamından başqa hər şeyə bənzəyirsən.

Mirzə Teymur — Əcəba mən bir sovet adamı deyiləmmi?!

Durna — (məktubu göstərir) Bu nədir? Bir sovet adamı da tanış olmadığı bir qıza böylə bir məktub yaza bilərmi? Sənə kim icazə verir ki, məni ZAQS-a çağırırsan? Sən heç utanmırsanmı, məndən üç kərə yaşlı bir adamsan.

Dilbər — Mirzə, zənn edirəm ki, siz bu təşəbbüsdə rüsvayçılıqdan başqa bir şey əldə edə bilməyəcəksiniz.

Bu əsnada Qəhrəman və Bəhlul qoltuqlarında layihələr daxil olurlar.

Mirzə Teymur — (ayaqlarını çütləşdirib, boynunu qabağa uzadır). İcazə verin tanış olaq. Fransada təcrübə dərsləri keçmiş Mirzə Teymur Xudaverdizadə. (Qəhrəman və Bəhlulun əllərini sıxır).

Qəhrəman — (gülümsəyərək) Moskvada təhsilini ikmal etmiş Qəhrəman!

Mirzə Teymur — (Dilbərə) mən gedim, yenə də qayıdacağam, Mirzə gələndə ona deyərsiniz. (Məclisə) indi icazənizlə gedə bilərəmmi?

Dilbər — (yavaşdan kənara) Gəlməyə də bilərdiniz.

Mirzə Teymur — (Durnaya) lütfən məni kontora qədər müşayiət ediniz.

Durna — Yollar qorxulu deyildir, özünüz də gedə bilərsiniz.

Mirzə Teymur — (gedərkən) Yenə də bir qədər fikirləş, mənsə öz nailiyyətimə inanıram (gedir).

Qəhrəman — (onun dalınca baxır) Bu kimdir? Nəçidir? Bu nə qiyafədir?

Dilbər — Bu mühəndisdir. Adına fransız Mirzə Teymur deyirlər. Yazıq Durnaya göz verib işıq vermir. Deyir ki, ölsən də, qalsan da gərək səninlə evlənəm.

Durna — Yaşından utanmır. Məni bədbəxt etmək istəyir. Bilmirəm kimə müraciət edim, utanıram da.

Bəhlul — Bəlkə harada yaşadığını xatırlamır.

Qəhrəman — Qiyafəsindən də görünür ki, bir qədər ağlı da çatmır.

Durna — Mən burada işləyə bilməyəcəyəm. O məni həyasızlıqla özünə təslim etdirməyə çalışır.

Qəhrəman — O sizin gözünüzü də püfləyə bilməz. O yaşlı olsa da tərbiyə edilməsi mümkündür.

Bəhlul — (layihələri qoyur, Qəhrəmana deyir) Mən mənzil şö’bəsi müdirinin yanına gedib qayıdım. Direktor mənim üçün otaq verməyə söz verib.

Durna — (Bəhlula) O çox utanmaz adamdır, yəqin ki, dışarıda durub məni gözləyir. Buradan çıxan kimi qolumdan tutub məni buraxmayacaqdır. Rica edirəm məni kontora qədər müşayiət edin.

Bəhlul — E’tiraz etmirəm.

Gedirlər.

Dilbər — (Qəhrəmana) Qəhrəman, nə barədə düşünürsən? Bəs Firəngizi nə üçün özünlə bərabər gətirmədin?

Qəhrəman — Ondan altı ildir xəbərim yoxdur. Məni düşündürən başqa məsələdir. Görünür ki, atan yenə də köhnə fikirlərini yaşadır. Bu da bizim üçün təəssüf ediləcək bir haldır.

Dilbər — Hər nə olur-olsun onu köhnə yolundan qaytarmalıyıq. Sənin də köməyin lazımdır. Onun köhnə fikirləri davam etdirməsi bizim üçün ləkədir. Nəhayət biz partiya üzvüyik ya yox?

Qəhrəman — Siz mərkəzi qəzetləri alırsınızmı?

Dilbər — Alırıq.

Qəhrəman — Sən qəzetləri onun üçün oxu. Avropa-Amerika mədəniyyətinin iç üzü haqqında ona danış. Avropa və Amerikanın demokratlıq pərdəsinə bürünmüş vəhşiliyindən misallar gətir.

Dilbər — Nə qəzet, nə kitab qalıb ki, mən onu oxumamış olam? Amerikanın yerli zənciləri kütləvi surətdə məhv etdiyini, ingilislərin Hindistan siyasətini, fransızların Mərakeş və Əlcəzairdəki həyasızlıqlarını tarixi sübutlarla ona oxuyuram. Yenə də həmandır ki, həman.

Qəhrəman — Bilmirəm onlar dünyanı yeni-yeni fəlakətlərə sürükləyən Amerika və Avropa qarətçilərindən nə gözləyirlər?

Dilbər — Onun böyük nöqsanlarından birisi də budur ki, hazırkı gəncliyi keçmişki gəncliklə ölçür. Bizim qüvvətimizə inanmır.

Mirzə Əhməd — (qəfildən daxil olur) İnanmayacağam da, niyə də inanım? Buna haqlıyam. Qüvvəti sözdə deyil, işdə göstərmək lazımdır. İşiniz-peşəniz iclas etməkdir. İxtisasdan artıq sözə əhəmiyyət verirsiniz.

Qəhrəman — Doğrudur ata, bizdə sözçülük çoxdur. Lakin həyat və məişət kökündən dəyişibdir. Mehriban ata, təzə dünyada köhnə fikirlər ilə yaşamaq çətindir. Bunu sizə nəsihət üçün demirəm.

Mirzə Əhməd — Hər şey dəyişə bilər. Ancaq insan özünü dəyişdirə bilməz. Görün məni bu yaşımda komsomola yazdıra bilərsinizmi? Qəribə adamlarsınız ha.

Dilbər — (onu öpür və saçlarını tumarlayır) Ata, bunu səndən tələb edən yoxdur. Amma sən gəncliklə barışmalı və onlarla uyuşmalısan. Sən öz biliyini xalqın səadəti yolunda sərf etməlisən. O zaman hər kəs sənə hörmət bəslər, bizim də başımız uca olar. Sənin böyük bir mütəxəssis olduğunu inkar edən yoxdur.

Mirzə Teymur — (tələsik daxil olur) Bu olmadı? Bu cürə işi Avropa mədəniyyətini daşıyan bir adam çəkə bilməz. Bu hadisə mənə qarşı bir sui-qəsddir. Belə işlərin nəticəsində mənim əlimdən xata da çıxa bilər. Mən bir avropalı qüruru ilə intihar da edə bilərəm. İndi bu cür adamlara qoşulub işlə görüm necə işləyəcəksən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Erməni-müsəlman qırğınının zəminəsi

Bakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı.Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi.

8 min
Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundur

Xanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:

5 min
İki direktor arasında

Xanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.

7 min
Nakaşidze Peterburqdan gəldi

Hacı yuxusundan duran kimi, Bakı qubernatoru Nakaşidzenin Peterburqdan göndərdiyi məktubu ona verdilər.Məktubu oxumaq üçün adam lazım idi. Lakin çox tez idi. Buna görə də Hacı məktubu xanıma oxutdurmaq istəyirdi, xanım isə ondan küsmüşdü. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi.

14 min

Poems by other poets