Çarşaflı qadın aradan çıxdı
1902-ci il sentyabrın ikisində, Bakı təşkilatının rəhbəri və gizli mətbəənin yekanə təşkilatçısı Lado Ketsxoveli və onunla bərabər bir çox rəhbər fəhlə tutuldu.
Çar hökuməti min doqquz yüz ikinci ilin may nümayişindən aldığı təsirlər nəticəsində Bakı təşkilatı ətrafına toplananları ciddi təqib etməyə başladı və polis mühafizə şöbəsi sədri Lavrovun təlaşı sayəsində sosial-demokratların tutulmasına nail oldu.
Ketsxoveli hələ Bakı dustaqxanasında idi. Lakin o, yenə də fəhlə hərəkatına rəhbərlik edirdi.
Çar hökuməti onu Bakıda çox saxlamadı, Tiflisə Metex dustaqxanasına göndərdi.
Lado tutulduqdan sonra onun təşkil etdiyi gizli mətbəə də öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı.
Mətbəənin dayandırılması hamıdan artıq Jenyaya təsir edirdi, sanki onun bütün varlığı mətbəə ilə bərabər öz hərəkətini dayandırmışdı. Tez-tez Krasin və sair yoldaşların yanına gedir, mətbəənin nə vaxt işə başlayacağını soruşurdu. Nəhayət, günlərin birində Jenya Katyanın görüşünə getdi və işsizlikdən şikayətləndi. Özünün mətbəə işləri ilə maraqlandığını və bunsuz yaşaya bilmədiyini söylədi.
Katya Jenyanın bu vəziyyətinə olduqca acıdı, ona yeni təşəbbüslər haqqında məlumat verdi:
– Sən bilirsən ki, vəziyyət çox ağırdır. Jandarm idarəsi göz açmağa aman vermir. Pasport məsələsi çox müşkül bir iş olmuşdur. Bakıda olan bir çox yoldaşların pasportu yoxdur. Hazırda bizim kiçik bir qrupumuz vardır ki, o, köhnə pasportlardan təzə pasportlar düzəltmək və kiçik həcmdə intibahnamələr, vərəqələr çap etməklə məşğuldur. Hərgah meylin varsa, orada işləyə bilərsən.
Jenya bu təklifdən çox sevindi.
– Orada mən kimlərlə işləyəcəyəm?
– Orada işləyən bir mənəm, bir də Busingin. Yankovski, Pyatnitski və başqa yoldaşlar, hamısı sənin tanıdığın yoldaşlardır.
Bu sözlərdən sonra Katya Jenyanı da özü ilə bərabər Verxni kladbişşenski küçəyə gətirdi və onu bir azərbaycanlının evində yerləşən yoldaşlarla tanış elədi.
Jenya bir aydan artıq bütün vaxtını burada keçirdi. O, öz fəaliyyəti ilə bütün yoldaşlarının hüsn-rəğbətini qazandı.
Bakı jandarmeriyası Bakıda belə bir qrupun çalışdığını, əldə edilən intibahnamələrdən anlasa belə, qrupun işlədiyi yeri tapa bilməmişdi.
Bu gün Jenya gündüz saat ikidən gecə saat on iki tamama qədər işləmişdi; hər günkünə nisbətən yüz faiz artıq intibahnamə çap edilmişdi. Nəhayət, saat 12-də Jenyanı yuxu rahatsız etməyə başladı. Pəncərənin qabağında oturub dinçini almaq istədi. Pəncərədən, qara dumanların yorğanına bürünüb yatmaq istəyən Bakı şəhərinə baxmağa başladı. Yuxusu qaçdı.
Qaraşəhərin bacalarından qalxan qara tüstü ayın ağ üzünü bir həbəş qızı üzünə döndərirdi. Ulduzlar, Metex dustaqxanasında saxlanılan Lado yoldaşın yuxu bilməyən gözləri kimi etirazlı baxışlarla baxırdı. Bakı üfüqləri, Qafqaz canişini knyaz Qolitsinin fikri qədər qaralmış, Kaspi dənizi Runiç, Lavrov jandarmının qamçıları altında inləyən ürəklər kimi çırpınırdı.
Limanda duran gəmilərin, manevr edən parovozların arabir fit səsi gəlirdi. Qoçuların atışması da eşidilirdi.
Saat birə bir neçə dəqiqə işləmişdi. Ülkər ulduzu Narkin adası üzərində durub incə rişələrini suvarmaq üçün dənizə salırdı. Ay matəmli bir qadın kimi buludların qara çarşafına bürünüb, müsəlman qəbiristanının qəbir daşları üstündə durmuşdu. Narın yağış yağır, qəbir daşlarını göz yaşı kimi isladırdı.
Qabırğasında qamçı izləri qalan konka atları istirahətə buraxılırkən, fabrik-zavodların fitləri verildi, gündüz saat ikidən gecə saat 12-yə qədər işləyən, zəhmətini bir qarın çörəyə satan Bakı əməkçilərinin işdən azad olduğunu elan etdi.
Birdən Jenyanın qulağına bir çinkilti səsi gəldi. Bu səs, jandarmların çəkməsinin dabanında olan məhmizlərin səsinə bənzəyirdi.
Jenya otaqdakılara dedi:
– Yığışdırın! Jandarm gəlir!
Lazımi vəsiqələr tamamilə gizlədildi. Məhv edilməli şeylər məhv edildi. Lakin doqquz pud ağırlığında olan ədəbiyyatı məhv etmək mümkün olmadı, onu bağlayıb dal pəncərədən aşağı atdılar. Yük pəncərənin dibində duran jandarmın qabağında yerə düşdü.
Qapı vuruldu. Bu səs yuxarıda çalışan gizlin dəstənin vüqarını heç də poza bilmədi.
Jandarmlar bu gün bir çoxları ilə bərabər Jenyanı da əldə edəcəyinə şübhə etmirdi.
Qapı ikinci dəfə vurulduqda başında ağ çarşaf, qucağında körpəsini tutan bir müsəlman qadını qapını açdı.
Jandarmlardan biri soruşdu:
– Yuxarıda gürcü var, urus var?
Qadın başı ilə var işarəsini etdi. Barmağı ilə də pilləkanı göstərdi.
Polis və jandarmlar, gizli qrup işləyən evin altını üstünə çevirincəyə qədər axtardılar.
Gizlədilən vəsiqələrdən başqa hər bir şey ələ keçdi. Jenyanı tapmadılar. Jandarmlar buna çox təəccüb etdilər. Onlar Jenyanın bu otaqda olduğunu bilirdilər.
Qapıda duran jandarmlar dedi:
– Bayıra ancaq çarşaflı, qucağında körpə uşaq olan müsəlman qadını çıxdı.
Jandarmlar otaqdakıları tutub aparırkən birisi:
– Şeytan qız, bu dəfə də əlimizdən qaçdı, – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-carsafli-qadin-aradan-cixdi
Use ← → keys to move, R for a random poem
More by this author
Pekin muzeylərində Çin tə’tilçiləri nəf’inə yenə toplandığı vaxt qapıda iri xətt ilə: «it, ingilis, yapon daxil ola bilməz» yazılmışdır.*Bu yazıq çinlilərin ağlına bir bax, əcəba
Balaca felyetonAmerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm.*Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz
Balaca felyeton«Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan)*Gər yapmasa Şura sənədin əldə bir alət
İrandan məniİran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır.*Atdılar girəm ki, millət mülki-İrandan məni
Poems by other poets
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı