Pekin muzeylərində Çin tə’tilçiləri nəf’inə yenə toplandığı vaxt qapıda iri xətt ilə: «it, ingilis, yapon daxil ola bilməz» yazılmışdır.

Bu yazıq çinlilərin ağlına bir bax, əcəba
Qoyulur orda köpəklərlə bərabər nüçəba.

Deyirəm onlara, ay vəhşi, kim aldatdı sizi?
Kim dedi tanrı köpək xalq eləmiş ingilisi?
Qanmamışsız yenə də məncə təmiz, natəmizi
Sərvətə, dövlətə sizlərdə itaət bumu ya?
Lorda vermək köpək isnadı yararmı əcəba?

Qan içən bir kəsə çayizsə əgər it də demək
Yaramaz ortada ancaq iti təhqir eləmək
İngilislərlə yapon varlısı fəxr eyləyəcək
Onlar it olsa da it olmayacaq bunda riza
Köpəyə lord demək səhvi yararmı əcəba?

Nə desən var yeri insanlar əzib qan içənə
Söylə itdən nə fənalıq yetişibdir vətənə?
İt əgər ömrdə beş-on kərə hürmüşsə sənə
İki əvvəlki köpəklərlə də pislənmiş hava
Köpəyə lord demək səhvi yararmı əcəba?

İti bir dəf’ə qovarsan daha gəlməz yanına
İngilislər kimi göz tikməz o, son yorğanına
İt yapontək susamaz əsrdə hərgiz qanına
Atıb əvvəlkiləri itdən ara sidqü səfa!
Köpəyə lord demək səhvi yararmı əcəba?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire