Gəlib orucluğun dəmi, çıxır sədası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.

Oruc tutub, namaz qılıb, gərək ibadət eyləyək,Yalan danışmayıb daha gözəl sədaqət eyləyək.Nə əmr qılsa mollamız, ona itaət eyləyəkKi, yoxsa od vurar bizə, bilin nəvası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.

Deyir bu ayda mollalar, o kəs ki, töksə göz yaşı,Həq ona huri lütf edər üzü günəş, kaman qaşı.Ayağı səmti-qərbdə, keçibdi Şərqdən başı,Olar o huridən biri öz aşinası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.

Dün etdi məclis içrə kim beş-altı molla məsləhət,Nə molla söyləyim sizə – təmami kani-mərifət!Qərar qoydular hamı, bu ay nə olsa mənfəət,Tamam nəfimillətə gəlib səxası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.

Gər olmasaydı mollalar, yetərdi min bəla bizə,Nə qəm ki ruzi-həşrdə verilməsə şəfa bizə.Yoxumdu xovf, gər bular olarsa rəhnüma bizə,Qəbula həq hüzuruna yetər duası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.

Bizim bu hacı mollaya əcəl əgər aman verə,Keçənki il kimi çıxa bu il də fərqi-minbərə.Məgər ki, molladır Qulam – o zalım oğlu heyvərə,Deyərsən, afərin buna, budur ağası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire