Page 2 of 2 · 50%

Akif — Öylə isə mən də səndən razı olaram və bunun da müqabilində sənə bir təzə müjdə verəcəyəm.

Kərbəlayi Haşım — Hələ sən müjdə verəndən sonra gör mən nə müjdə verəcəyəm. Budur əlimə bir kitab keçib ki, tamam dünyada misli yoxdur.

Akif — Kəblə Haşım, qəzetənin yazdığına görə bundan sonra dünyada olan müharibələr, qan tökmələr, qətl, qarət, zülm, cəbr — hamısı məhv olacaqdır. Bütün böyük dövlətlər yığılıb istəyirlər tərksilah edib bütün bəşəriyyəti asudə yaşamağa buraxsınlar. Doğrudan da bu xəbər mənə bir təzə can verir. Daha bundan sonra nə ağlar gözlər, nə də məzlum və kiçik millətlərin əzilməsini görməyəcəyik.

Kərbəlayi Haşım — Buna da bir müjdə xəbəri deyirsən? Pəs gör mən nə kitab gətirmişəm? Bu kitabı atamın cəmi dövləti ilə dəyişmərəm. Bu bir təzə müctəhidin risaləsidir ki, şöhrəti dünyanı tutub. Əvvəl-axır bütün şəhərdə bircə dənədir ki, o da düşüb mənim əlimə.

Hacı Qafar — (arvadına) Yəqin ki, genə beş-altı abbasımı tələf eləyib.

Akif — Vay-vay bizim halımıza! Nə vaxta qədər bu risalələrdən, yə’ni qüsl, təharət proqrammaları ilə oynamalıyıq.

Kərbəlayi Haşım — Maşaallah sənə! Doğru desən əlindəki qəzetəni bundan artıq bilirsən.

Akif — Əlbəttə, qəzetə artıqdır! Qəzetə müqəddəsdir. Zira qəzetədə daima bir yenilik var, lakin o risalədə əskilik, təharət, nəcasət, həcamət, kəsafət, ufunət sözləri doludur.

Hacı Qafar — Arvad, dur bir daş sal mənim bu başıma (İki əlli çalır başına). Qalmışam bu iki dəlinin arasında, bilmirəm hara gedim? Bu oğlum bir cürə dəli, bu oğlum da bir cürə axmaq.

Kərbəlayi Haşım — Ata, and olsun getdiyin Məkkəyə, bu gün elə bilirəm dünyanı mənə veriblər. (Məclisə) A kişi, məni lap qəflət basmış imiş ki, Ağanın yazdığına görə mənə çoxdan Məkkə vacib olmuş imiş.

Hacı Qafar — (arvadına) Gördün dəlidir? (oğluna) Gədə, başına soyuq dəyibdir nədir? Necə sənə Məkkə əlaqə tapıbdır?

Kərbəlayi Haşım — Əlbəttə, mənə dəli deməyə haqqın vardır. Çünki məsələdən xəbərdar deyilsən. İndi qulaq asın oxuyum. (oxuyur) Hər pəsəri ki, pədərəş dər hal-həyat nəbaşəd və dər kəsbikari pədəre xod iştirak nemudə, dövləte-mal cəm’ nümayəd, on şəxsra ziyarəti beytülhəram vacib əst. (Kitabı öpür) Vallahi ki, bu il piyadə də olsa gərək gedəm.

Hacı Qafar — Çox gözəl! Balam, bu risalənin yazanı kimdir?

Kərbəlayi Haşım — Kim olacaq, Fazil-Ərdəbili səlləməllahu taala.

Hacı Qafar — Arvad, yalan desəm tutduğum oruc Yezidin olsun, mən əvvəlinci dəfədir ki, Ərdəbildən Fazil eşidirəm. Genə desəydi ki, Ərdəbil lotusu heç darıxmazdım. (Oğluna) De görüm hələ təksən, yainki genə də şəhərdə dəli olan var?

Kərbəlayi Haşım — Bu gün tezdən evdən çıxdım gördüm ki, dişim çox ağrıyır. Dedim ki, gedim bir xəttimə həna bağlayım. Sonra gözümün ağrısından söhbət düşdü, dedilər ki, gərək boynunun dalısından bir həcamət qoyulsun.

Hacı Qafar — Uzun danışmağda heç anandan dalı qalmazsan.

Kərbəlayi Haşım — Usta Qənbər həcaməti boynumun dalısına qoya-qoya söhbəti gətirib çıxardı bu yerə. Dedi ki, hətta ağanın risaləsi də bu saatda eşik hamamda, ustanın sandığının üstədir. Risaləni gətirən də bu Usta Quldur ki, Kəblə Teymurun başına kisə çəkir. Ağanı rubəru görüb on beş gün də namazında olubdur.

Hacı Qafar — Bəli, arvad, yaxamız Nəcəf müctəhidlərinin əlindən qurtarmamış düşdü hamam müctəhidlərinin əlinə. Mənim imanıma lə’nət olsun ki, əgər yalan deyirəm. Mən indiyə qədər hamam müctəhidi eşitməmişəm. (Kəblə Haşıma) At o kitabı allahı sevərsən, onsuz da mənim evim yıxılıb.

Kərbəlayi Haşım — Ata, sən allah elə buyurma! Mənim min canım olaydı, mini də bu ağanın risaləsinə qurban olaydı!

Hacı Qafar — Arvad, dur bu qapıları bağla, kilidini at dama. Bir oğlumu qoymuşam dərsə, gedib hamamdan bir kitab gətirib ki, mənə Məkkə vacibdir. O biri oğlumu da göndərdim dərsə, buğun-saqqalını qırxdırıb gəldi bəs olmadı. Dörd ildir ki, kişinin qızına üzük verilib, indi gəlibdir başıaçıq Şərifəni istəyir. Bunlar ikisi də dəli deyil bəs daha nədir?

Akif — Bəli, mən Asyanı almaq istəmirəm. Çünki mən onu alsam, ona zülm etmiş olacağam. Mən açıqlarla yaşamağı sevirəm, o isə örtülü yaşamışdır.

Hacı Qafar — Heç bunun bir şeyə dəxli vardırmı?

Akif — Bəli, mən Asyanı alsam, o istədiyi həyatı məndən görə bilməyəcəkdir. Mənim sevdiyim şərifələrdir. Həlimə ilə asyaların da istədiyi mənim qardaşım Kərbəlayi Haşım kimilərdir.

Kərbəlayi Haşım — Yenə bir alnın mühürə dəysəydi, ürəyim yanmazdı, özün də ömründə qüsl təyəmmümün təhərini bilməzsən, başlamısan mənə eyib tutmağa.

Akif — Doğrusu mən istiqbalımı, səadətimi onda görürəm ki, aldığım övrət mən dediyimi anlasın, mən də o dediyini anlayım. Lakin siz burasını düşünməyirsiniz. Həm mənə, həm də mənə almaq istədiyiniz asyalara zülm eləyirsiniz.

Mə’sumə — Sənin uzun qara olsun! Heç bilirsən ki, Asya səni necə istəyir? Qanadı yoxdur ki, uçsun. Sənin gəlməyinə nəzir deyib, indi də oruc tutur.

Akif — Nə yapsın zavallı? Ona oruc-namazdan başqa bir şey öyrətmişlərmi? Əlbəttə, ancaq onunla ac qalmağı bir fəzilət bilən və onunla da behiştə getmək istəyən kişilər yaşaya bilərlər.

Hacı Qafar — Balam, necə sənin qeyrətin qəbul edir ki, övrətin naməhrəm kişilərin yanında başıaçıq dolansın?

Akif — Əcəba, indidəmi yazıq qadınları taçir mətaları kimi kisələrə doldurmaq istəyirsiniz? Qoy onlar da açıq havada gəzib təmiz hava alsınlar.

Hacı Qafar — Arvad, cəmi təqsirlər səndədir ki, bunu mən oxumağa göndərəndə mane’ olmadın.

Mə’sumə — Yalançı imansız ölsün! Yalançı dinsiz ölsün! Bunu da mən dedim ki, get saqqalını-buğlarını qırxdır, özünü çin-şəyatin şəklinə sal?

Akif — Heç bir-birinizi təhqir etməyin. Mən bu tükləri üzümdə bir kəsafət hesab edirdim, ona görə də belə elədim.

Kərbəlayi Haşım — Sən allah elə söyləmə! Mənim bu saqqalım dörd dəfə ağa qulluğuna gedibdir. Vallah, bu saqqalımın bir tükünü atamın cəmi dövlətinə dəyişmərəm. Mən bilirəm ki, bunun səbəbinə cəhənnəm odu məni yandırmayacaqdır.

Akif — Kəblə Haşım, burax kənara bu aldadıcı sözləri, fəqir kənd xalqının qanını sora-sora dövlət sahibi olurkən yenə də behişt, cəhənnəm sözü danışırsan. Lakin mən görürəm ki, dünyada behişt sizin, cəhənnəm də fəqirlərindir. Axirət isə gülünc və məsxərə!

Hacı Qafar — Balam, daha niyə deyirsən ki, dərs oxuyub adam olmuşam? Bir yerli söylə ki, başlı-qulaqlı bir axmaq olmuşam. Bəs ar-qeyrətə nə deyirsən? Başıaçıqlığa nə deyirsən?

Mə’sumə — Heç Asya nəcabətdə dünyada bir qız vardır ki?

Hacı Qafar — Bu qızın anası Şərəfnisə xanım dörd hasarın arasında ağaca alma dərməyə çıxanda bilirsən rəhmətlik Hacı Qasım nə eləmişdi? Vurub salmışdı yerə ki, məbada boyunu naməhrəm görsün. Arvadın beli sınmışdı. Elə haman sınmaq ilə də öldü. Mən sənə belə qız alıram.

Akif — Övrətləri vurub öldürüncə, onları başı örtülü gəzməyə məcbur edincə, vəhşi müsəlman kişilərini tərbiyə etmək olmazmı?

Hacı Qafar — Düzünü deyirəm, hərgah bu səfahəti başından çıxartmasan bu mal-dövlətdən sənə bir şahı da hissə verməyəcəyəm.

Akif — Əcəba mən insanlıqdan danışıram, sən mənə murdar dövlətdən danışırsan. Halbuki, bu dövlət kəndlilərin göz yaşlarından cəm’ olunubdur. Açıq övrətlərin açıq olan qəbahətini görən əski qafalar örtülü qəbahətləri də unutmamalıdır. Mən qəlbi açıq olduğum kimi açıqlığı da sevirəm. Özümü bu şəkillərə ondan ötrü salmışam ki, həşərata oxşamayım.

Hacı Qafar — Həşərat özünsən, dinsiz oğlu dinsiz. (Kəblə Haşımın əlindən risaləni alıb atır, Akif başını əyir, kitab gedir bayıra).

Kərbəlayi Haşım — Ata, sən allah ağanın risaləsini bihörmət eləmə. (Qaçır eşiyə).

Pərdə düşür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets