Dönüş
Atabəy Məhəmməd öləndən sonra Azərbaycanın dövlət təşkilatı böyük bir qorxu altına düşdü. Qətibənin Xarəzmşahlarla olan sazişi nəticəsində Rey məmləkəti Xarəzmşahlara, İraq məmləkəti isə iraqlılara keçirdi. Rey verildikdən sonra İraq məsələsindən bəhs etmək lazım gəlmirdi. Çünki Rey xarəzmlilər tərəfindən alındıqdan sonra Cənubi Azərbaycanın mühüm bir hissəsi də Həmədanla bərabər Azərbaycan atabəyliyindən ayrılırdı. Qızıl Arslan bu qorxunu birinci gündən hiss edirdi. Bunun üçün şimali azərbaycanlılara müraciət edib kömək istəmişdi.
Fəxrəddin yenə də əvvəlki fikrini meydana sürmüşdü. O, Araz çayını sərhəd təyin edib nə Qızıl Arslan, nə də başqalarını Şimali Azərbaycan torpağına buraxmaq istəmirdi.
Şimali Azərbaycanın gənc və ziyalı qüvvələrindən bir çoxu bir fikrin üzərində dayanmışdı.
Vəziyyət getdikcə gərginləşirdi. Siyasi vəziyyətdən xəbərdar olan hər bir kəs Şimali Azərbaycanın başlı-başına buraxılması işinə siyasi və tarixi bir xəyanət kimi baxırdı.
Xalq Səlcuq camesinə yığışmışdı. Bütün xalqın dilində:
“Qızıl Arslana kömək verməyəcəyik, Araz çayı sərhədimizdir. Onu qanımızla, canımızla müdafiə edəcəyik” – sözləri idi. Fəxrəddin məsciddə ayaq üstündə durub bu fikrin əleyhinə danışanları gözdən keçirir və öz fikrinin həyata keçirilməsinə imkan yaradırdı.
Fəxrəddinin bu fikrini tənqid edənlərin başında onun öz silah yoldaşı Əlaəddin dururdu. Buna görə də iki zidd fikri müdafiə edən yoldaşların arasında qanlı vuruşmalar baş verməsi ehtimalı da var idi. Çünki hər iki dəstənin silahlı tərəfdarı Məlikşah meydanına yığılıb öz rəhbərlərinin qərarını gözləyirdi.
Fəxrəddin sevinirdi, çünki Nizami xəstə olduğu üçün məscidə gəlməmişdi. Əvvəla, məsciddəkilərin əksəriyyətlə Nizamiyə hörmət bəslədiyi və onun fikrinin əleyhinə çıxışda bulunmayacağı bəlli idi. İkincisi də, Fəxrəddinin şəxsən Nizaminin məsləhətlərindən boyun qaçıra bilməyəcəyi hamı üçün aydın idi.
Fəxrəddinin dəstəsi qalib gəlmək ərəfəsində idi. Fəxrəddin nə qədər mümkünsə qərarın tez çıxarılmasına tələsirdi; çünki o, Nizaminin xalqın iradəsi əleyhinə gedə bilməyəcəyini də bilirdi.
Böyük və parlaq bir məşəlin işığı qaranlığın qalın köynəyini yaran kimi, xalqın qalın dəstələri də yarıldı, sanki onlar məscidə daxil olan möhtərəm bir şəxsiyyətə yol açmağa tələsirdilər. Bir anda xalqın nəzəri bir nöqtəyə çevrildi. Hər kəs Nizaminin gəldiyini görüb sevindi. Nizaminin bir qolundan oğlu Məhəmməd, o biri qolundan Əlaəddin tutub minbərin yanına gətirirdi. Fəxrəddin Nizamini gördüyü zaman bütün ümidləri qırıldı. Çünki Nizaminin ayrılma fikrinə düşmən olduğunu bilirdi. Qızıl Arslan məktub göndərdiyi gündən bəri Nizami təkbaşınalığın əleyhinə idi. O, atabəyliliyin, olduğu kimi müdafiə olunması tərəfdarı idi. Nizami bir qədər oturub dincini aldı, çığır-bağır və qışqırtılardan ibarət olan bu gurultulu yığıncağa böyük bir pərdənin şəkilləri kimi səssiz-səmirsiz baxırdı. Nəhayət, Nizami dincini alandan sonra ayağa qalxdı, minlərcə adamın göz qapaqları qalxdı, kirpikləri süngü kimi havaya dikəldi.
O, sözünü belə başladı:
– Mən xəstə idim, sizin bu yığıncağınızın tarixi və siyasi əhəmiyyətini xatırladığım üçün xəstəliyi unutdum.
Məmləkət və xalq məsələlərini həll etmək, şahmat oynamaq kimi dərin və diqqətli bir düşüncə tələb edir. Oyun bir müharibədir. Səhv olaraq bir nöqtəni düşmənə uduzdunsa, yalnız bir cəbhəni deyil, bütün bir məmləkəti uduzdun deməkdir. Bunun üçün də mən xəstəlik yatağından qalxıb sizin bu yığıncağınıza gəlməyə məcbur oldum. Mən bir şair olduğuma baxmayaraq şahmat taxtasından az-çox başım çıxır. Fəxrəddin mənim məktəb yoldaşımdır. Həm də uşaqlıq və gənclik dostumdur. Mən onu sevdiyim qədər, o da məni sevir. Mən də, o da bu sevgini işdə göstərmişik. Doğrudur, bizim götürdüyümüz yol ayrıdır, o qılıncı götürdü, mənsə qələmi götürdüm. Lakin mənim dostum elə bilməsin ki, mənim qılınc və siyasət işlərindən başım çıxmır.
Ayrılıq və təkbaşınalıq yolu ölüm və fəlakət yoludur. Bu gün biz Şimali Azərbaycanı Cənubdan ayırmaq istərsək, düşmənlərimiz bizə öz istədiyimiz qədər mükafat verə bilər. Onların istədiyi də budur. Əcəba, vəziyyət bu mərkəzdə durduğu zaman mənim dostum Fəxrəddin nə kimi bir nöqtəyə istinad edir? Mən onun fikrini bilmək istərdim.
Nizami bunları deyərək sakit oldu. O, Fəxrəddindən cavab gözləyirdi. Xalqın gözləri bir daha Fəxrəddinin ağzına dikildi.
Fəxrəddin qalxıb danışdı:
– Azərbaycan atabəyləri adlarını Azərbaycan Atabəyi qoysalar da, onlar yenə də istilaçılardır, – dedi.
Məscidin bir hissəsindən:
– Doğrudur, – səsləri eşidildi.
Nizami bu səsləri eşitdiyi zaman gülümsəyərək:
– Biz məmləkəti nə Qızıl Arslan, nə də Toğrul üçün müdafiə etmirik. Biz onu, Azərbaycanın bütünlüyü və toxunulmazlığı üçün müdafiə etməliyik. Qızıl Arslanın əcnəbi istilasına qarşı başladığı mübarizə yuxarıdakı fikrimizə tamamilə müvafiqdir. Bizim köməyimiz olmadan Qızıl Arslan Azərbaycan dövlətini Əmir İnanc qızı Qətibənin macərasından xilas edə bilməyəcəkdir. Bizim gözümüz baxa-baxa məmləkətimizi hərrac edib əcnəbilərə satırlar. Fəxrəddin bilməlidir ki, yalnız məmləkətin bir parçası deyil, bütün məmləkət haman satışa daxildir.
Fəxrəddin yenə də Nizamiyə cavab verərək dedi:
– Atabəylər bu gün zəifləmişlər. Biz onların böyük ordu ilə Azərbaycana hücum etdiklərini görmüşük. Mənim möhtərəm dostumun özü də Atabəy Məhəmmədin qanlı teştinin qarşısında oturmuşdur. Onun Atabəy Məhəmməd tərəfindən yandırılan kitabxanasının külləri küləklər indi belə fəzada gəzdirməkdədir. Onların başını əzmək üçün bundan da əlverişli fürsət ələ düşməz. Bir az sonra onlar güclənərsə, yenə də bizə ikinci üzlərini göstərəcəklər.
Biz ilanın dil çıxarıb göstərməsini yalvarmaq kimi mənə etməməliyik. İlan insanları ehtiyatsızlığa sövq etmək üçün özünü aciz göstərir. Mənə elə gəlir ki, biz Eldəniz oğlanlarının bu vuruşmalarına qarışmamalıyıq. Qoyun onlar bir-birini söysün, birisi aralıqda məhv olursa, ikincisini də biz döyüb siyasət səhnəsindən qova bilərik. Ondan sonra hər kəs hökumət başına keçəcəksə keçsin, yenə də o, Eldəniz oğlanlarından zalım olmayacaqdır.
Fəxrəddinin sözləri məsciddə böyük təsir bağışladı. Hətta Əlaəddinin dəstəsindən də: “Belədir, doğru deyir” səsləri eşidildi.
Nizami vəziyyətin ciddi olduğunu təyin etdi, məsciddə fikri dönüş yaratmağın çətin olduğunu hiss elədi və üzünü məscid xalqına tutub dedi:
– Bizim məmləkətimizi Eldəniz oğlanlarının əlindən almaq üçün gələnlərin Eldəniz oğlanları ilə heç bir şəxsi düşmənçilikləri yoxdur. Mən sizə söz verirəm ki, onlar bu məmləkəti işğal edərkən Eldəniz oğlanlarını əsir götürərlərsə, onlara hörmətdən başqa heç bir şey etməzlər. Çünki onların məqsədləri bizim bu zəngin məmləkətimizi işğal etməkdir.
Mən bilsəydim ki, Eldəniz oğlanları bir-birini məhv edənə qədər bizim məmləkətimiz toxunulmamış qalacaqdır, o zaman Fəxrəddinin fikrini birinci növbədə mən özüm imza edərdim. Lakin buna etibarım yoxdur. Düşmənlər daxili müharibələrdən istifadə edib məmləkəti öz aralarında bölüşdürəcəkdir.
Fəxrəddin bir daha üzünü xalqa çevirib dedi:
– Mən sizə söz verirəm ki, düşmən Şimali Azərbaycan torpağına ayaq basa bilməyəcəkdir. Bizim qılınc tutan əllərimiz şil olmamışdır.
Nizami etidalını pozmayaraq cavab verdi:
– Mən Fəxrəddinə məsləhət görürəm ki, Şimali və Cənubi Azərbaycan sözünü bir dəfəlik fikrindən çıxarsın. Bizdə yalnız Azərbaycan sözü vardır. Bunlar bir-birisiz heç bir zaman yaşaya bilməz. Hər nə olursa olsun, kimin idarəsində bulunursa bulunsun, biz Azərbaycanın tarixi və milli hüdudlarını əlimizdən buraxmayacağıq. Bu yolla gedən mübarizə tələb edərsə, mən də qələmi bir tərəfə buraxıb qılınc götürəcəyəm. Bəlkə də mənim yoldaşım qılınc daşımaqdan yorulmuşdur. Qoy o, Gəncədə qalıb bir az dincəlsin.
Bizim hazırkı hüdudlarımız daxilində olan torpaqları təhlil edə biləcək qüvvətli bir alim dünyaya gələrsə, siz o zaman görəcəksiniz ki, Qafqaz dağlarından Həmədana və Qaplankuhaya qədər bütün torpaqlar midiyalı sümüyündən ibarətdir. Biz haman torpaqdan doğulmuşuq. O torpaq bizim tarixi babalarımızın məzarıdır. Haman torpaq bizim namusumuzdur. Biz heç bir zaman midiyalıların döşü üzərində düşmən atlılarının gəzməsinə imkan verməyəcəyik. Bir məmləkəti iki adla səsləyənlər bu məmləkətin dostu deyildir. Ya cənubla birlikdə yaşamalı, yainki onlarla birlikdə məhv olmalıyıq. Xalqında ittifaq olan bir məmləkəti heç bir düşmən mənimsəyə bilməz. Bu gün bizim Qızıl Arslanla bərabər Həmədan və İraq hüdudlarına gedəcək ordumuz Qızıl Arslanın köməyinə deyil, Cənubi Azərbaycanın sərhədlərini düşmənin üzünə bağlamaq üçün gedir.
Məsciddəkilərin fikri dəyişdi, xalq bir-birilə pıçıldaşmağa və “şair doğru deyir” sözlərini təkrar etməyə başladı.
Fəxrəddin vəziyyəti belə gördüyü zaman Nizamiyə bir sual da verdi:
– Qızıl Arslan Toğrula qalib gəldiyi zaman biz nə kimi qazanc əldə edərik?
Nizami Fəxrəddinin fikrən tərk-silah edildiyini gördükdə, öz fikrini izah edərək dedi:
– Qazanc əldə etmək, hazırkı hadisələrdən istifadə etməyi bacarmaqdan asılıdır.
Atabəy Məhəmmədin öldürülməsi Şərqdə böyük bir hadisədir. Bu hadisəyə hər dövlət və hər bir məmləkət istifadə üçün öz mövzusunu verməkdədir. Həmin hadisəyə iraqlılar bir cür, reylilər başqa cür, Bağdad xalqı isə tamamilə əlahiddə mövzu verməkdədir. Eyni zamanda onların verdikləri bu mövzuların hamısı Azərbaycan dövlətinin əleyhinədir. Çünki hazırda Yaxın Şərqdə Azərbaycan atabəyliyi ən böyük bir mövqe işğal edir.
Sizin gördüyünüz kimi, bu hadisəyə xarəzmlilər də öz mövzusunu verərək bizim məmləkətimizin vücudundan böyük bir parça qoparmağa çalışırlar. Onlar bizim səltənətimizin meyiti üzərindən keçib Bağdadda yol açmaq istəyirlər. Onlar Cənubi ticarət bazarlarını və Hindistan yollarını bizim əlimizdən almağa çalışırlar. Buna görə də şimali azərbaycanlılar Cənubi Azərbaycandakı qardaşları ilə möhkəm ittifaqa girib Bağdad qapılarını və Hindistan yollarını öz üzünə açıq saxlamağa çalışmalıdırlar.
Qızıl Arslanın qalib gəlməsindən əldə edəcəyimiz qazanc bundan ibarət olmalıdır.
Bizim bu məqsədlərimizin həyata keçməsinə hər kəs kömək verərsə, biz ona kömək verməliyik. Azərbaycan xalqının milli varlığı hazırda bunu tələb edir. Mən heç bir zaman Azərbaycan xalqının böyük varlığını Araz çayı ilə Kür çayı arasındakı dar bir çərçivəyə soxmaq istəyənlərə vətənpərəst deməyəcəyəm.
Atabəylər dəyərsizdir. Atabəylər rəiyyətpərvər deyildir. Lakin məmləkəti əcnəbilər əlinə tapşırmaqla onları cəzalandırmaq mübarizə üsulu deyil.
Gəlin də biz ağıl və siyasət nöqteyi-nəzəri ilə danışaq. Hər halda farsların himayəsinə keçib müstəmləkə həyatı keçirməkdənsə, atabəylərin idarəsində müstəqil yaşamaq daha yaxşıdır. Çünki onlar da, biz də bir dildə danışırıq.
Buna görə də Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. Qoy mənim yoldaşım Fəxrəddin öz tərəfdarları ilə bərabər Gəncədə otursun.
Nizami bu sözləri dedikdən sonra oturdu. Məsciddən səs-küy qalxdı. Fəxrəddin ayağa durub səsləndi:
– Dayanın! Mən çox zaman səhv etmişəm. Lakin heç kəs deyə bilməz ki, Fəxrəddin öz səhvində inad göstəribdir.
Fəxrəddin bu sözü dedikdən sonra qılıncını çəkib səsləndi:
– Səfərbərlik!
Nizami məsciddən dışarı çıxdığı zaman Məlikşah meydanındakılar bir-birini öpür və səfərbərlik elan olunması üçün şadlıq edirdilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-donus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sizlərsiniz, ey qövmi macar, bizlərə ihvan,Əcdadımızın müştərəkən mənşəyi Turan.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.