Page 3 of 4 · 50%

Gəncliyin sərxoş günlərini xatırladığım zaman özüm də o tarixə gülürəm. Mən indi-indi bilirəm ki, məqsədsiz sevgi körpə sevgidir. O kimi sevgilərdən qaçmaq lazımdır.

Təliə üçün bu söhbətlərin hamısı yabançı idi. Onun qızlıq düşüncəsi Qətibənin dediyi fəlsəfələrdən çox uzaq idi, çünki gəncliyin özünə məxsus bir fəlsəfəsi vardır ki, o da yaşlıların mədəsi və şüuru üçün yabançıdır.

Buna görə də Qətibənin ortalığa tökdüyü fikirlər Təliəni heyrətə salmağı bacarmazdı. Qətibə danışdıqca Təliə də fikirli nəzərlərlə Qətibənin üzünə baxırdı, Qətibə bunu dərhal hiss etdi və öz fikrini izah etməyə başladı:

– Birdəfəlik iqbalımızı bunların iqbalına aşılamışıq, bu xanədanın bir əldə olması yaxşıdır. Buna görə də vəliəhdin səninlə olan yaxın tanışlığına müəyyən bir şəkil verməlisən.

Həyatda yanılmamaq üçün onun sənə qarşı aldığı gündəlik vəziyyət və etdiyi söhbətlər barəsində mənə xəbər verməlisən... Böyük bacınam, deyə, utanma. Səni körpəlikdən mən tərbiyə etmişəm. Buna görə də ailə sahibi olana qədər qeydinə qalmaq mənim vəzifəmdir. İndi mənə de görüm vəliəhd ilə nə kimi məsələlər barəsində danışırdınız?

Təliə cavab verə bilmədi. O, birinci andını sındırmayacağına qərar vermişdi, lakin Qətibənin sualını cavabsız qoymamaq üçün:

– Vəliəhd ilə heç bir məsələ barəsində danışmırdıq, – dedi.

Qətibə Təliədə bir sirr gizləndiyini dərhal anladı və bu sirri başqasına xəbər verməmək üçün vəliəhdə söz verdiyini hiss etdi. Lakin buna acığı gəlmədi, çünki Təliənin vəliəhd ilə tanış olub və anlaşması Qətibəni təmin edirdi. Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi.

Qətibə qəlbində danışır və deyirdi:

“Bu söhbətləri bir sevgi ilə nəticələndirmək mənim əlimdən çox da çətin deyildir”.

Qətibə bir daha Təliəyə müraciət elan etdi:

– Sevmək eyib deyil, ixtiyarı vaxtından əvvəl əldən buraxmaq eyibdir. Mən ona göz qoymuşam, o səni sevir, bu məhəbbətlər ögey anaya olan oğulluq məhəbbəti deyil, o məhəbbətlər sənə yaxınlaşmaq üçün yaxın bir yol aramaqdan ibarətdir. Ağlını başında topla, onu tutub bağlayan bir ana məhəbbəti yox, sənin qara və qıvrım saçlarındır. O sənin məhbusundur, sən öz əsirinlə nə kimi rəftar etməyi bacarmalısan.

Sənə qəti olaraq tapşırıram, onu bir neçə ay bu vəziyyətdə saxlamaq lazımdır. Bu müddətdə aldığın təcrübələr gələcəkdə sənin üçün əsas bir hərəkət xətti təşkil edəcəkdir.

Qətibə bunları sadaladıqca, Təliə də qəlbində vəliəhdin dediyi: “Gözəl Təliə! Dünyada bu qolların qüvvəti çatmayacaq bir kaman varsa, o da sənin qövsi bir kamana bənzəyən qaşlarındır” cümləsini əzbərləyir və sakit-sakit baxırdı. O, yenə də qəlbində öz-özünə sual verirdi:

“Əcəba, bu cümlənin içərisində bir sevgi ifadəsi vardırmı? Hərgah vardırsa, bu mənim üçün bəsdir. Lakin bilmirəm, nə üçün o, öz sevgisini gizlətməyə çalışır? Nə üçün bacıma xəbər verməmək üçün məni and içməyə məcbur edir?”

Təliə qəlbində bir çox dəqiqələr götür-qoy edəndən sonra əlavə etdi:

“O nə fikirdə olursa olsun, lakin mən bacımın dediklərinə əməl edə bilməyəcəyəm. Onun fikirləri xoşuma gəlmir, onun nəsihətləri sağlam fikirlərdən doğmuş nəsihətlər deyil. Hərgah vəliəhdin məni sevdiyini bilsəydim, bacımın verdiyi nəsihətlərin hamısını bir tərəfə atıb özüm istədiyim kimi tamamilə başqa bir qadın olmağa çalışardım. Hətta bütün düşündüklərimi vəliəhd ilə məşləhətləşərdim.

Mən onu özümdən razı salmaq üçün hər işi bacarardım, nə inad, nə də şıltaqlığa yol verməzdim.


Onlar bir-birini sevir. Buna haqlıdırlar. Vəliəhdin də, Təliənin də evlənmək vaxtlarıdır. Bunları birləşdirmək və yainki bir-birlərindən ayırmaq lazımdır. Hərgah hökmdar öz qardaşı oğlunun İnanc ailəsindən qız almasına razılıq verirsə, mən də bundan qəlbən razı qalardım. Çünki bu iki gəncin sevgiləri olduqca saf və səmimidir. Zənn edirəm ki, hökmdarın özü də bu sevgidən xəbərdardır. Buna görə də əlahəzrətin fikrini bilmək istərdim.

Hərgah bu iş baş tutmayacaq bir işdirsə, o zaman qızı ayırıb Bağdada göndərmək lazımdır. Çünki ikisinin bir yerdə yaşaması adətə uyğun deyildir.

Qızıl Arslan Qətibəni dinləyərək bir az fikrə getdi. O, Qətibənin bu fikrin kölgəsində düzəltmək istədiyi xəyanətdən xəbərdar deyildi. Buna görə Qızıl Arslan bu izdivacın baş tutmasını bir neçə səbəblərdən əlverişli bilirdi. Əvvəla, vəliəhd Qətibənin bacısına evləndiyi zaman, Qətibə öz oğlu Qütlüğü vəliəhd təyin etmək arzularından daşına bilərdi.

İkinci səbəb daha mühüm idi. Çünki Qətibə yenidən Eldəniz ailəsinə aşılandığı üçün özünün Qızıl Arslana ərə getmək arzularından daşına bilərdi. Çünki Qətibə hələlik bu ağılsız fikrindən daşınmamışdı, yeri gəldikcə yenə də öz arzularını meydana sürüdü.

Qızıl Arslanı bu izdivacdan razı salacaq üçüncü səbəb Təliənin ağıllı, ədəbli, elmli və həddindən artıq gözəl olması idi.

Qızıl Arslan Təliənin xasiyyət və tərbiyəcə Qətibəyə bənzəməməsindən olduqca razı idi. Buna görə də Qətibənin fikrinə cavab verərək dedi:

– Mən qadınların ruhunu və onların sevgilərinin mündərəcəsini öyrənmək işində çox savadsızam. Rəhmətlik qardaşım deyərdi ki: “Qadının ruhunu öyrənmək üçün ancaq qadın ruhu daşımaq lazımdır”. Buna görə də mələkənin özü yeri gələrkən Təliə xanımın özü ilə danışmalıdır. Onun sevgisinin mahiyyəti və mündərəcəsini öyrənməlidir. Çünki məni bir məsələ çox qorxuludur. Bir yerdə böyümüş oğlanla qazın ailə quruluşu bəzən həmişəlik ola bilmir, belələri çox tez ayrılırlar. Vəliəhd ilə Təliə də çoxdan bəri bir yerdə yaşayırlar. Bilmirəm mələkənin özü bu cəhətləri nəzərə almışdırmı? Siz qızı çox diqqətlə danışdırmalısınız, mən özüm də vəliəhdin fikrini öyrənməliyəm.

Qətibə Qızıl Arslanın bu təklifilə razılaşdı. Təliəni çağırıb danışdırmaq üçün Qızıl Arslana söz verdi və Təliəni görmək üçün getdi. Qızıl Arslan da oturub bu məsələ üzərində fikirləşirdi, həm də vəliəhdi gözləyirdi. Çünki vəliəhd Şimali Azərbaycanın vəziyyəti barəsində məlumat məruzəsi vermək üçün hökmdarın hüzuruna gəlməli idi. Vəliəhd Azərbaycandan qayıdandan bəri məmləkətin vəziyyəti haqqında öz fikrini təfsilən danışmamışdı.

Bir azdan sonra vəliəhd gəldi, təzim edib Qızıl Arslanın əlini öpdü və geri çəkildi. Qızıl Arslan fikirli bir surətdə vəliəhdin üzünə baxıb:

– Oğlum, gəl otur! – dedi.

Vəliəhd gəlib özünə məxsus yerində oturdu, hökmdarın əmrini gözlədi. Qızıl Arslan vəliəhdə vermək istədiyi sualları yazıb qarşısına qoymuşdu. Vəliəhd çox həyəcanlı idi, çünki o birinci dəfə məruzə etdiyi üçün qəlbi çırpınır və utanırdı, o, sözlərini haradan başlayıb, harada bitirəcəyini təyin edə bilmirdi. Nəhayət, çox ürək döyüntüsündən sonra Qızıl Arslan vəliəhdə sual verdi.

– Şirvan şahlığı ilə olan əlaqə və vəziyyət haqqında məlumat verə bilərsənmi?

– Şirvan şahlığı məsələsi mürəkkəb bir məsələdir. Şirvan şahlığını Arandan ayrı olaraq bir hökumət kimi yaşatmaq aralıqda mövcud olan ixtilafı dərinləşdirmək deməkdir. Şirvan, Şimali Azərbaycanın bir hissəsidir. Lakin xalqın adət və ənənəsi Aran xalqının adət və ənənəsindən fərqlidir. Çünki orada həm köhnə İranın, həm də ərəb hökmranlığının qalıqları vardır.

Şirvan – Azərbaycandır. Bura başqa ad vermək səhvdir. Şirvan şahlığının hökumət quruluşundakı vərasət məsələsi ləğv olunduğu zaman Şimali Azərbaycanın mərkəzini Şirvana köçürmək və oranı Azərbaycan paytaxtı adlandırmaq mümkündür.

Qızıl Arslan vəliəhdin verdiyi cavabdan şadlandı, ayağa qalxıb onun alnından öpdü və:

– Elədir oğlum! Fikrin doğrudur, – dedi və əlavə olaraq soruşdu:

– Şimali Azərbaycanla Cənubi Azərbaycanın əlaqəsi barəsində nə deyə bilərsən?

– Şübhəsizdir ki, bir xalqı iki idarə altında yaşatmaq səhvdir. Əlahəzrət, Şimali Azərbaycan mədəniyyətinin Cənubi Azərbaycana axması üçün geniş bir arx açmalıdır. Cənubi Azərbaycanın mədəniyyəti cənubdan gələn bir mədəniyyət deyildir. Hökmdar çox gözəl bilir ki, bu fikir ərəb və fars nüfuzu təsirinin məhsuludur. Şimali Azərbaycanla Cənubi Azərbaycanın idarəsini birləşdirmək Şimali Azərbaycanın mədəniyyətini Cənuba axıtmaq üçün arzu edilən arxı çəkmək deməkdir. Şimali Azərbaycanda bütün müsbət xüsusiyyətlərlə bərabər möhkəm bir həyat quruluşu da mövcuddur. Kəndlisi çalışqandır. Şəhərlisi təşkilatçıdır. Alimlərinin, şairlərinin haqqında danışmaq istəmirəm, çünki əlahəzrətin özü onlarla yaxından tanışdır.

– Eldəniz xanədanına nisbət əlaqələri nə mərkəzdədir?

– Xalq üsyançı xalqdır. Haqsızlığa qarşı boyun əyməyən xalqdır. Milli qürur onlarda daha artıqdır. Yalançılıq və yaltaqlıq onların düşmən tutduğu işlərdən birisidir. Özləri çox üzügülər və mehribandırlar.

Onlar bizim xanədan üzvlərindən doğruluq və doğmalıq gözləyirlər. Bizim xanədan bu cəhətləri diqqəti-nəzərinə almalıdır. Hələlik onlar, Orta Asiyadan gələn və xəlifə xidmətinə daxil olub Azərbaycan xalqını qarət və talan edən türklüyü unuda bilməmişlərdir. Buna görə də onlar bizim simamızda Azərbaycan türklüyünü görməlidir. Lakin səlcuq hökmdarları, hətta, Səlcərin özü də Azərbaycan xalqına Azərbaycan türklüyünün doğma simasını göstərə bilməmişdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets