Eşqnamə
Page 4 of 4 · 75%
Hər halda onlarda hökumət əleyhdarlığı görə bilmədim, narazılıqlar yerli hakimlərin haqsızlığından doğur, şəxsi məsələlərdən doğan narazılıqlar da vardır.
Qızıl Arslan vəliəhdin nə dediyini anladı, Qətibənin Həmədandan Təbrizə köçürülməsi ətrafında intişar edən şayiələrin təsirsiz qalmadığını bildi. Buna görə də vəliəhdə sual verdi:
– Mələkənin nə məqsədlə Azərbaycana köçürülməsi barəsində Nizamiyə izahat vermədinmi?
– İzahat verdim, şübhəsizdir ki, Nizami kimi bir şəxsə şayiələr haqqında izahat vermək artıqdır. Mən onunla görüşdüyüm zaman, onun özü də şayiələrə inanmadığını söylədi.
– Nizami ilə təfsilən görüşə bildinmi?
– Görüşə bildim, heç bir kəsə nəsib olmayan bir səadət ancaq mənə nəsib oldu. Mən şairə xəbər verməksizin onun görüşünə getdim, məişət və həyatı ilə tanış olmaq məqsədilə nahar yeməyi zamanında ziyarətinə getməyi qərara almışdım. Buna görə də böyük şairlə bir süfrədə nahar yeməyəi yedim. Məktubunuzu ona verdim, oxudu və mənə nəsihətlər verdi, dediklərini yazdırıb əlahəzrətə oxumaq üçün gətirmişəm.
– Mənim haqqımda fikrini açıq söyləmədimi?
– Məktubunuzu oxuduqca, gülümsəyirdi, bəzən də qaşlarını çatışdırıb düşünürdü.
– Mənim haqqımda başqa cür düşünə bilməz, çünki o mənim şəxsiyyətimi çox yaxşı tanıyır.
– Əlahəzrət icazə verəydi, şairlə tez-tez görüşmək üçün Şimali Azərbaycanda yaşardım. Onunla görüşmək və nəsihətlərini eşitmək mənim üçün bir həyat dərsidir.
– Sənin Azərbaycana getməyin lazım deyil, çalışıb şairi bura gətirmək lazımdır.
– O mümkün deyil, mən onun həqir və yoxsul evinə baxdığım zaman o mənə dedi ki: “Dünyanın tükənməz xəzinəsini burada yaradıram”. O deyirdi ki: “Mənim Arandan çıxıb getməyim vətəndaşlarımı təhqir etmək kimidir”.
– Torpaq işləri nə vəziyyətdədir?
– Hökumət torpaqları təzədən bölüşdürməlidir, çünki mülkədarlar kəndlini hökumətin bayrağı altında qarət edir, halbuki kəndlidən alınan vergidən bir dinar da olsa dövlət xəzinəsinə tökülmür.
– Sən bu fikri başqasına danışma, bu məsələ olduqca qorxulu məsələdir. Bu barədə rəhmətlik atanla da danışmışdım. Mənim də fikrim belə idi. Lakin indi tamamilə başqa fikirdəyəm. Sən bilirsən ki, torpaq quruluşunun hazırkı şəkli dövlət quruluşunun bugünkü şəkli ilə əlaqədardır.
Torpaq quruluşu işlərini dəyişmək istəsək, hökumət və dövlət üsul-idarəsini dəyişməliyik.
Dövlət quruluşu beladir, məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin həlqəsi kimi bir-birinə bənd olubdur. O zəncirin əsas həlqəsi hökmdardan ibarətdir. Zəncirə hərəkət verən bizik. Bu məsələni burax. De görüm Şimali Azərbaycan xalqının əsas ehtiyacı nədən ibarətdir?
– Əsas ehtiyac mövhumatı təpikləyib məmləkətdən qovmaqdan ibarətdir. Mövhumat çox geniş qədəmlər ilə xalqın içərisinə girir. Mən Şimali Azərbaycanda olduğum zaman mövhumat işləri ilə tanış olmaq istədim, şeyxlər və təriqət rəhbərləri ilə yaxından tanış oldum. Nə dediklərini və əsas xətt-hərəkətlərini öyrəndim.
Təriqət və bidətlərin məxəz və mənbələrini öyrəndiyim zaman bunların Azərbaycanda düzəlmədiyini və müəyyən bir siyasətin nəticəsi olaraq Azərbaycana gətirilməsini qərara aldım. Təriqətlər və bidətlərin İrandan, İraqdan və Orta Asiyadan Azərbaycana gətirildiyi şübhəsizdir. Çünki bir çox təriqətlər vardır ki, indiyə qədər Azərbaycanda vətəndaşlıq hüququnu qazana bilməmişdir. Hökmdar bu qorxulu hadisənin önünü almalıdır. Çünki təriqət və müridbazlıq işləri xalqın ittifaqını pozmaq üçün ən birinci vasitədir.
Bilmirəm, bəlkə də bizdən əvvəl bu məmləkətləri idarə edənlər təriqət və məzhəb mübahisələrini genişləndirməkdə siyasi bir məqsəd daşımışlar. Lakin hazırda bu hadisə çox qorxulu bir hadisədir. Çünki bir-birinə təriqət və fikircə düşmən olan xalqı ümum bir fikrin ətrafında birləşdirmək çox çətindir.
Mən elə bir qərara gəldim ki, təriqətlərin pərdəsi altında axirət fikirləri deyil, dünyada daxili mübarizələr, hərc-mərcliklər, düşmənçiliklər yaratmaq fikri gizlənmişdir.
Qızıl Arslan heyrət və təəccüblə gözlərini vəliəhdin ağzına dirəyib onu eşidir və qəlbində:
“Fikrimdə yanılmadım, vəliəhd məmləkətdə olan xəstəliklərin haradan gəldiyini mənim düşündüyüm kimi düşünə bilir. Xəstəliyi təyin edir, lakin əsas məsələ xəstəlikdə deyil, çətinlik onun dərmanını tapmaq işindədir. O barədə silahımız iti deyil, fikrimizin düşmənlərinin sayı dostlarımızın sayından bir neçə qat artıqdır”.
Qızıl Arslan başına hərəkət verib:
– Sənin düşüncələrin, təriqətlər haqqındakı mənalı təhlillərin məni şadlandırır. Xalq öz-özünə düşmən olmasaydı, mən mövhumat və təriqətin kökünə iti bir qılınc vurardım.
Sənin fikrin doğru fikirdir. Bizdən əvvəlkilər hökuməti yaşatmaq işində mövhumat və təriqət mübarizələrini əsas bir vasitə bilmişlər. Oğlum, sən üsyan tarixlərini yaxşı öyrən, onların hamısında din, mövhumat və təriqət əleyhinə müəyyən ünsürlər tapa bilərsən. Bu xəstəliyi bizdən daha əvvəl təyin etmişlər, lakin onlar da bu zəhərli canavara qalib gələ bilməmişlər.
Qızıl Arslan bunları deyəndən sonra çox kədərləndi, başını aşağı salıb bir az düşündü, sonra da yavaşdan dedi:
– Bütün günahlar bizdədir. Dünyaların lənətini öz boynunda gəzdirən biz hökmdarlar, hökmdar saraylarını işıqlandıran günəş avamlıq dünyasının qaranlığı içərisindən saflanıb çıxmalıdır. Biz nə üçün də o dünyanı işıqlandıraq? Çünki avamlıq dünyası işıqlandığı zaman saraylara qaranlıq çökəcəkdir. – Qızıl Arslan vəliəhdə sual verdi: – Gürcüstanla olan əlaqəmiz nə vəziyyətdədir?
– Əlaqəmiz dostanədir. Buna daha da möhkəm etmək lazımdır. Gürcüstanın mövqeyi bizim o məmləkətə hörmət bəsləmək və dostanə əlaqədə olmağımızı tələb edir. Nədənsə keçmiş hökmdarlar bunu nəzərə almamışdır. Biz Gürcüstanı qoşun və qılıncla yox, öz hörmət və məhəbbətimizlə əldə edə bilərik. Onlar Azərbaycan xalqının ən qədim qonşusudur. Bu iki xalqa bir-birinə nisbət, dərin bir sevgi hiss etdim. Mən elə bilirəm ki, Gürcüstan xalqı bir hadisə təqdirində azərbaycanlıları arxadan vurmaq istəməzlər. Lakin keçmişdə bu iki xalqı süni surətdə bir-birinə qarşı qoyublar.
Gürcüstanla Şirvan arasında mövcud olan ittifaq buna böyük bir sübutdur. Bu ittifaq bizim üçün də faydalıdır.
Qızıl Arslan güldü:
– Belədir, dünyanın işi belədir, oğlum! – dedi. – Hökmdar öz rəiyyətini, rəiyyətin səadəti nöqteyi-nəzərindən başlamalıdır. Lakin bizdən əvvəl gəlib hökumət sürənlər də, bizim özümüz də bunun əksini həyata keçirmişik. Hökumətlər, rəiyyətləri öz səadəti uğrunda istifadə etmək üçün bəsləyirlər. Onların düşüncəsinə görə qoyunlara insaf və vicdanla yanaşmaq, başəriyyəti ətsiz qoymaq deməkdir. Onlar demişdir ki, qoyunlara xidmət etmək və onları kökəltmək qoyunlara səadət vermək üçün deyil, ət yeməyə öyrənənləri təmin etmək üçündür.
Hökmdarlar rəiyyətlərinə bu nöqteyi-nəzərdən yanaşıblar. Bu üsulu tərsinə çevirmək üçün uzun müddət çalışmaq lazımdır. Oğlum, bu arzulardan düş! Sənin nə fikirləşdiyini çox gözəl bilirəm. Atan rəhmətlik də mənim bu fikirlərimi daima tənqid edərdi. Lakin mən səni tənqid etmirəm, biləks, bu fikrini təbrik edirəm. Oğlum, düşüncələrin müqəddəs və pak düşüncələrdir. Təəssüf olsun ki, hazırkı vəziyyətlə onun həyata keçirilməsi haramdır.
Vəliəhd daha danışmadı. Durub Qızıl Arslanın məruzəsinə qarşı nə kimi cavab verəcəyini gözləyirdi.
Qızıl Arslanın verdiyi cavab onu təmin etmədi. Qızıl Arslan rəiyyətlə mülkədarın əlaqəsi barəsində deyirdi.
– Rəiyyətin varlanmasına çalış, çünki ac və çılpaq rəiyyətdən bir şey almaq olmaz. Belə deyilmi?
Qızıl Arslan vəliəhdin sükutunu görünçə bir daha sual verdi:
– Dediyim kimi deyilmi?
– Belədir, lakin rəiyyəti varlanmağa qoyan kimlərdir? Mülkədarlar onun son köynəyinə qədər aldığı bir zamanda kəndlini nə vasitə ilə varlandıra bilərsən?
– Kəndlinin ixtiyarını mülkədarın əlinə vermək olar, lakin hökmdar mülkədarın ixtiyarını öz əlinə almağı bacarmalıdır. Son vəsiyyətim budur ki, rəiyyəti birinci növbədə xarici soyğunçulardan qorumaq lazımdır. Daxildəki soyğunçuları soymaq o qədər də çətinlik tələb etməz.
Vəliəhd bu fikirlərin heç birisindən razı qalmadı, Qızıl Arslan isə söhbətin mündəricəsini dəyişib dedi:
– Mən vəliəhdi başqa bir məsələdən ötrü yanıma çağırmışdım. Təliənin məsələsi məni maraqlandırır. Aralıqda səmimiyyət və sevgi hissləri vardırsa, mən sənin fikrinlə razılaşa bilərəm. Bu məsələ sənin >> öz şəxsiyyətinə aid məsələdir. Bizim dediklərimiz isə səni həyatdan alınan təcrübələrlə tanış etmək məqsədini daşımaqdadır.
Vəliəhd yerindən qalxıb Qızıl Arslana təzim etdi.
Qızıl Arslan da:
– Oğlum, gedə bilərsən! – deyəndən sonra vəliəhd birdaha təzim edərək, otaqdan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-esqname
Use ← → keys to move, R for a random poem
More by this author
Günəş sallanaraq qardan öpəndə,Bağlar gül açanda, bülbül güləndə,
AyAldanmış əməllər kimi sən, ey sarı məş’əl!Mümkünsə çəkil get, günəşin fövqinə yüksəl!
SindanSaç xariqələr, dəhri qoy e’cazına heyran,Əzmində, səbatında qüsur eyləmə bir an.
Ararat dağı1Bir dağ idim, dəniz yurdum, dalğalardan vətənim,
Poems by other poets
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
EyləməBir yerə çox gedib gəlmə, aşıqlığı şor eyləmə,Hörmət ayrı, töhmət ayrı, öz işini zor eyləmə.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.