Fəxrəddin və Səba
Dilşadın həbsə alınması xəbəri hər kəsdən artıq Səba xanımı şadlandırdı. Fəxrəddin Dilşadın tərəfindən və Səba xanımın əli ilə yazılmış saxta məktubu neçə gündü ki, almışdı. Məktubda “Səba xanımla görüşüb təfsilatı ondan soruş” yazılması Fəxrəddini heyrətə gətirmişdi. O, Dilşadın ətrafında bədbəxt bir hadisə oynanıldığını yəqin etdiyindən, Səba xanımla çox tez görüşməyə tələsirdi. Səba xanım bunu hiss etdiyi üçün Fəxrəddinin gözünə görünmür və onun görüş üçün maraq və həyəcanının artmasına çalışırdı. Lakin Dilşad həbsə alınandan sonra Fəxrəddinlə görüşmək üçün əlverişli bir fürsət ələ keçdiyini anladı və bu məqsədlə axşam çağı bütün zinətlərini üstünə taxaraq saraydan çıxdı. Fəxrəddinin çinarların kölgəsilə keçərək, saray qapısına baxdığını gördü və etina etmədən keçib getdi.
Neçə günlərdən bəri Səba xanımı görmək üçün bütün vaxtını sərf edən Fəxrəddin Səba xanımı dərhal tanıdı. O, Səba xanımı bir neçə kərə görmüş, hətta onun sevgiyə dair tələblərini də eşitmişdi. Buna görə də Səba xanımı izləməyə başladı. Çox uzun-uzadı və dolaşıq küçələrdən keçib getdilər. Fəxrəddin cümə axşamı olduğunu bilmirdi, buna görə də Səbanın bu qədər uzun yolları getməsinə heç bir məna verə bilmirdi. Nəhayət, onlar qəbiristana gəldilər. Səba xanım Şeyx Salehin məqbərəsinə girib, ziyarətnamə oxumağa başladı. Fəxrəddin də onunla yan-yana durmuşdu.
Ziyarətnamə bitdikdən sonra Fəxrəddin Səba xanıma sual verdi:
– Səba xanım, sən bu məqbərənin ziyarətinə tez-tezmi gəlirsən?
Səba xanım təəccüblə dönüb Fəxrəddinə baxdı, sanki onu tamamilə görməmişdi, buna görə də:
– Fəxrəddin, sən çoxdanmı burada idin? – deyə soruşdu.
– Sən ziyarətnaməni başlayan dəqiqədən burada idim. Ziyarətnaməni mənim üçün də oxudun?
– Mən səninlə burada görüşməyi heç də sevmirəm. Dostun dost ilə qəbiristanda görüşməsi xoşbəxtlik ümidləri vermir.
– Mən daima sənin xoşbəxt olmanı istəyirdim. Xoşbəxt olduğunu eşitdim.
– Hansı xoşbəxtliyimi eşitmisən?
– Əmirin cariyəsi olmaq şərəfini mənimsəyən bir qız, özünü xoşbəxt hesab etməzmi? Ancaq sənin qədər gözəl bir cariyənin evdən çıxmasına Cahanbanu xanımın nə cür razı olduğunu təsəvvürə gətirə bilmirəm.
– Təsəvvürə gətirə bilmədiyinin səbəbi Əbül-Ülanın ailəsində baş verən hadisəni bilmədiyindəndir.
– Nə olmuşdur ki?
– Mahtab xanımla Nizaminin evlənmək hadisəsini eşitmədinmi?
– Eşitdim. Nizami Mahtab xanımın izdivacından boyun qaçırmadımı?
– Qaçırdı. Lakin Əbül-Ülanın ailəsi Nizaminin Mahtab xanımı sevməməsinin səbəbini məndə gördülər. Zənləri də doğru idi, çünki mən Nizami kimi gənc bir şairin axmaq və adi bir qıza evlənməsinə razı ola bilməzdim. Nəhayət, Əmir İnanc xəlifəyə gözəl cariyələr hədiyyə göndərmək istədiyi üçün məni də Əbül-Ülanın ailəsindən ağır bir qiymətə aldı. Bununla da mən iki xoşbəxtliyə birdən nail oldum: o qilü-qallı ailədən qurtardım, həm də xəlifə saraylarında həyat keçirmək şərəfinə nail oldum. Qoy məndən gözəllərini axtaranlar da öz hesabını aparsınlar.
Fəxrəddin onun nə demək istədiyini anlayırdı. Buna görə də onun qəlbini ələ almaq üçün dedi:
– Elə düşünmə, Səba xanım. Sənin gözəl və sevimli bir qız olduğunu heç kəs inkar etməz. Hərgah sən gözəl olmasaydın, böyük şair Əbül-Üla səni öz evində saxlamazdı.
Fəxrəddin onu başqa bir məqsədlə görmək istədiyindən, söhbəti əski sevgilərin üzərinə keçirmək istəmədi. Səba xanım isə olduqca ehtiyatla davranır, Dilşad barəsində bir kəlmə də olsa danışmırdı. O əvvəlcə Fəxrəddinin söhbət açmasını gözləyirdi. Buna görə də getməyə hazırlaşaraq:
– Məni bağışla, səninlə vaxt keçirmək, məncə, hər şeydən qiymətlidir, lakin Əmirin qızı bir saat da olsa mənsiz sarayda qalmağı sevmir.
Səba xanım bunu deyərək ayrılmaq istərkən Fəxrəddin onu dayandırıb dedi:
– Mən Dilşaddan bir məktub almışam. Məktub olduqca anlaşılmaz bir məktubdur. Lakin Dilşad məsələnin təfsilatını öyrənmək üçün sənə müraciət etməyi tapşırmışdır.
Səba xanım məzəmmətedici bir tövr alaraq başına hərəkət verib dedi:
– Mənim başıma gətirdiklərindən o bədbəxtin də başına gətirdin?
Fəxrəddin heyrətli bir vəziyyətlə:
– Əcəba, mən ona qarşı nə kimi bir fənalıq etdim ki, – deyə soruşdu.
Səba xanım:
– Mənə qarşı nə kimi fənalıq etmişdinsə, Dilşad üçün də onu etdin! – dedi.
– Fənalığın bir adı olmazmı?
– Nə üçün də olmasın? İllər uzunu bir adamla əylənərək, sonra onu rədd etmək və başlı-başına buraxmaq fənalıq deyilmi?
– Onu kim deyir ki? Mən onu ruhum qədər sevdiyim bir halda rədd edə bilərəmmi?!
– Qəhrəmansan, lakin qadınlar haqqındakı rəftarın ən adi rəhmsiz və ədəbsiz kişilərin rəftarından fərqli deyil. Yazıq qıza göndərdiyin məktub bir qəhrəmanın işidirmi?
Fəxrəddin həyəcanla soruşdu:
– Hansı məktub?
– Bir neçə gün bundan qabaq Dilşada yazdığın məktub. “Dilşad, məndən sevgi gözləmə!” – deyə yazdığın məktub. Nə olub, gözəl Dilşad qocaldımı? Ya sənə bir xəyanətdə bulundumu? Yox! Sən desən də mən inanmaram, çünki Dilşadın məsumluğu bütün sarayda məlumdur.
– Mən ona məktub göndərməmişəm, bu kökündən böhtandır. O, gərək buna inanmasın.
– Sən Dilşadı sevdiyin və onunla görüşdüyün zaman mənə də nəsihət verib deyirdin ki, “Sən gərək yalan şayiələrə inanmayasan”. Axırda necə oldu? Nə üçün cavab vermirsən? Mən sənə nə yamanlıq etdim? Mən çirkinmi idim, əxlaqsızmı idim?
Fəxrəddin Səba xanımın cavabını verə bilmədi, onu buraxdığının səbəbini deyib açıqlandırmaq istəmədi, çünki belə bir vəziyyətdə heç bir zaman ona: “Mən səni əxlaqın pozğun olduğu üçün, söz gəzdirən və macəraçı olduğun üçün buraxdım” deyə bilməzdi. Ancaq yenə də bayaq dediklərini təkrar etdi:
– Mən ona elə bir məktub göndərməmişəm. O haman məktubu mənə göndərsin.
– Mənim onların heç birisilə işim yoxdur, ancaq qız ağlaya-ağlaya sənə bu sifarişləri göndəribdir: əvvəla, o deyir ki, “Mən sənə heç bir xəyanət etmədiyim üçün belə məktubun göndərilməsi yersizdir. Öz qəlbini sənə vermiş bir qıza qarşı bu cür rəftar xəyanətdir. Eybi nədir? Onda sevmişdim, indi isə unutmağa çalışıram”.
Fəxrəddin:
– Sübhanallah, nə qədər böyük bir xəyanət! O məktubu kim yazmış olar? Məncə, heç bir məktub ona göndərilməmişdir. O, məndən uzaqlaşmaq üçün məktubu bəhanə etmişdir. Hərgah onun fikri budursa, açıq yazmalıdır.
Fəxrəddin bu mövzu üzərində çox uzun danışdı. Səba xanım isə heç bir qəti yol göstərmədi. Nəhayət, Fəxrəddin yalvarıcı bir surətdə:
–Səba xanım, hər nə olubsa keçibdir. İndi isə səndən bir ricam vardır.
Səba etinasız bir tövr alaraq soruşdu:
– Rican nədir?
– Mənim məktubumu Dilşada yetirəsən.
– Mənim saraya getdiyimin tarixi o qədər də uzun deyil. Hərgah Əmir mənim saraya məktub aparacağımı bilərsə, onda mənim fəryadıma kimlər çata bilər?
– Məktub uzun bir məktub olmayacaqdır. Bir parça kağız üzərində yazılan bir neçə kəlmədən ibarət olacaqdır.
– Sənə inana bilmirəm, gedib başqalarına xəbər verərsən, nəhayət, Əmirin qulağına yetişər.
Fəxrəddin bütün müqəddəslərə, sədaqətə, vicdana and içəndən sonra Səba xanım məktubu aparmağa razı oldu. Fəxrəddin bir çox təşəkkürdən sonra bu məzmunda bir məktub yazıb verdi:
“Mənim ruhum Dilşad!
“Yazdığın məktub yetişdi. Sifarişlərini aldım. Sənə göndərilən məktuba inanma, təfsilən yaz, görüm orada nə eşidibsən. Mən heç bir zaman səni atmayacağam.
Fəxrəddin”.
Səba xanım məktubu alıb cibinə qoyduqda, öz qəlbində deyirdi:
– Buna intiqam deyərlər. Mən bu məktubu Əmirin qabağına qoyub sarayda olan sirlərin Dilşad tərəfindən Fəxrəddinə xəbər verildiyini isbat edərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-fexreddin-ve-seba
Use ← → keys to move, R for a random poem
More by this author
Hitler öz casuslarını Sovetlər İttifaqına göndərdiyi zaman onlara faşistlərin yaxşı, ədalətli adamlar olduğunu, işğal etdikləri ölkələrdə əhali ilə yaxşı rəftar etdiklərini və ərzağın bol olması şayiələrini yaymaq üçün təlimat verirdi.*Həvəsin var toxu hər tin başı minlərcə yalan,
Tazə təbabətFaşist Almaniyasında çıxan bir tibbi məcmuədə yazılır ki, «slavyan irqinə ət zərərdir».*Başqa nəzərlə baxmayın başladığım bu qarətə,
600 ayı balasıNikolay hökuməti vaxtında Maarif nazirliyinin maliyyə şö’bəsində qəribə bir kağız tapılmışdı. Hətta o vaxt çar mətbuatı da bu iş ilə artıq maraqlanmışdı; qəzetə müxbirləri maarif nəzarəti ətrafında toplanırdı. Təəssüf olsun ki, təb olunmasına ixtiyar verilmirdi.Dəftərxana müdiri məktəblərin haqq-hesabını nəzərdən keçirdiyi vaxt Gəncə kimnaziyasının məsarif cədvəlinə rast gəlmişdi. Cədvəldə min cürə məsariflər göstərildikdən sonra yazılmışdı ki, «kimziyanın ehtiyacına sərf olunmaq üçün 600 ayı balası alınmışdır».
Qırx dənə baqqalBundan irəli müsəlmanların «yaxşı» oxumuş adamları ya naçalnikin, ya da ki, pristavların yanında dilmanc olurdular. Çünki o vaxt oxumuş adam az olduğundan qanacaqlı dilmanclar da az-az tapılardı, və bu sənət çox da qazanclı olduğundan müsəlmanların bu işə həvəsi çox idi. Hətta bir çoxları dilmanc olmağı pristavlıqdan, naçalniklikdən artıq bilirdilər, çünki naçalnik ilə xalqın arasında olan gizli sirlərin hamısı bu dilmancların əlində olurdu.Hərkah birisi naçalniki və ya pristavı özündən razı salmaq istəyəydi, gərək qabaqca dilmancın evinə gedəydi.
Poems by other poets
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
GəzdirirMənim yarım bu məclisdəDolanıb cağı gəzdirir.