Qırx dənə baqqal
Bundan irəli müsəlmanların «yaxşı» oxumuş adamları ya naçalnikin, ya da ki, pristavların yanında dilmanc olurdular. Çünki o vaxt oxumuş adam az olduğundan qanacaqlı dilmanclar da az-az tapılardı, və bu sənət çox da qazanclı olduğundan müsəlmanların bu işə həvəsi çox idi. Hətta bir çoxları dilmanc olmağı pristavlıqdan, naçalniklikdən artıq bilirdilər, çünki naçalnik ilə xalqın arasında olan gizli sirlərin hamısı bu dilmancların əlində olurdu.
Hərkah birisi naçalniki və ya pristavı özündən razı salmaq istəyəydi, gərək qabaqca dilmancın evinə gedəydi.
Deməli, naçalnikə işi düşənlər qabaqca dilmancı razı edərdi, sonra naçalnikə verilmiş rüşvəğin bir hissəsi də yenə dilmanca yetişərdi.
Amma bu da deyilməlidir ki, hər bir adam da dilmanc ola bilməzdi. Dilmanc olan adam gərək məmləkətdə yaşayan adamların halını, güzəranını da biləydi, tainki, damara baxıb qan aleydı. Fəqət bu cürləri çox nüdrətən düşürdü.
Dilmanc məmləkətdəki bütün qulluqçuların vəzifəsini ifa etməli idi. Baqqalların tərazilərinin çirkinə baxıb bəratul-qol yazmaq, hamamlara girib su hovuzlarına baş çəkmək, çörəkçilərin xəmir təknəsinə baxmaq, gecələr öz vaxtından artıq açıq olan meyxana və çayçı dükanlarına girmək, qumarxana və tiryəkxanalara getmək, gizlin fahişəxanalara soxulmaq, qəssabların kəsdiyi ətin erkək-dişiliyinə baxmaq kimi işlər hamısı dilmancın vəzifəsi idi. Və bu saydığımız yerlərdən toplanan mədaxildən naçalnikə ancaq tula payı çatardı, çox hissəsi isə, təbii, dilmancın cibinə girərdi.
İndi görürsünüz ki, bu qədər ağır vəzifənin öhdəsindən də bir çox dilmanclar gələ bilməzdi.
Amma, yadıma gəlir ki... Naxçıvan uyezdni-naçalniki Zenčenko haradansa özü üçün bir belə dilmanc tapmışdı. Keçən gündür, deyəsən bu dilmancın da adı Hüseyn ağa idi. Savadı da allah verkisi kimi zad idi. Demək şəhər ibtidai məktəbinin iki sinfindən imtahansız qurtarmışdı. Buna baxmayaraq rus dilini çox yaxşı danışırdı.
Heç yadımdan çıxmaz. 11-ci ildə payız vaxtı əlimdə çanaq, baqqal Tarıverdinin bazar hamamı ağzındakı dükanından qatıq almağa getmişdim. Tarıverdi qatığı çəkmişdi, elə mən pulu verməyə çıxarırdım, bir də gördüm ki; dilmanc Hüseyn ağa əlində qamçı, qabağında otuz doqquz nəfər baqqal yetişdi. Yetişən kimi hayqırdı:
– Adə, Tarıverdi, düş qabağıma gedək naçalnikin evinə!
Yazıq Tarıverdi bunu eşidəndə dizləri titrədi, rəngi qaçdı, qorxa-qorxa dedi:
– Mirzə, başına dönüm, de görüm axır, mənim axır təqsirim nədir, mən ağaya nə ədəbsizlik eləmişəm?
Hüseyn ağa acıqlı:
– Mən heç zad bilmirəm, ancaq naçalnik məndən tələsik bir saata kimi qırx baqqal istəyibdir.
Yazıq Tarıverdi bu sözü eşidən kimi dükanını bağlayıb açarını verdi mənə, dedi:
– Ay əzizim, məni halal elə, pis-yaxşı çörək yemişik, can sənin can mənim oğlum Əbişin əmanəti. Ondan mütəvəccəh ol. Yazıq uşaq gözünü açıb özünü atasız görəcəkdir. Əzizim, əlbəttə, mənim Sarvanlardakı ev hissəmi satıb qızım Dilaranı da köçürərsən. Səndən xahiş edirəm məni rəhmətlik atamın ruhunun yanında xəcalət qoyma, əlbəttə, evdən bir qədər paltar-palazdan satıb onun sümüklərini ağa qulluğuna göndərərsən.
Hərkah, ayıb olmasın, bizim ev adamı Kəblə Nəsirin qızı istərsə məni iki il gözləsin, hərkah iki ilə kimi məndən bir xəbər çıxmasa, səni vəkil edirəm ki, allahın əmri və peyğəmbərin şəriəti ilə onu boşayasan. Yazıqdır, daha iki ildən artıq məndən ötrü göz dustağı qalmasın.
Mənim heç kəsə borcum yoxdur. Şeyxin yanında öz ölülüyüm üçün yüz manat pul əmanət qoymuşam. Şeyxə salam yetirib deyərsən ki, həmin pula mənim üçün oruc, namaz alsın.
Tarıverdi mənimlə halallaşıb yola düşdü. Qırx nəfər baqqal Hüseyn ağanın qaradavoylarının qabağında naçalnikin evinə doğru yollandılar...
Tamam şəhər bir-birinə dəymişdi. Doğrudan da bükülməmiş bir iş idi. Naxçıvan kimi şəhərdə qırx nəfər baqqalı birdən yığıb naçalnikin evinə doldurmaq o vaxt böyük hadisə idi. Xalq tökülmüşdü bunların dalınca. Hərə bir söz deyirdi. Birisi deyirdi ki, bunların hamısı qəlp pul xərcləyiblər. Bə’ziləri deyirdi ki, guya bunlar qubernatora yazıb ki, naçalnik İrandan kandrabanda və qaçaq mal gətirənlərlə əlbirdir. Bə’ziləri deyirdi ki, Naxçıvanlı pambıq taciri bunları şeytanlayıbdır. Bir çoxları da deyirdi ki, bu baqqalların hamısı gecələr yığılıb qumar oynayırlar. Amma çox adam da deyirdi ki, bunların peşələri oğurluq mal alıb-satmaq imiş, hətta saldatlardan da hökumətin malın alıb-satırmışlar. Bə’zi adamlar da pıç-pıç danışıb deyirdi ki, ay axmaq oğlanları, sizə kim deyirdi ki, dilmanc keçəndə ayağına durmayasınız, sizə kim deyirdi ki, bayramda düyü, yumurta, yağ, quzu göndərməyəsiniz?!
Amma bununla bərabər heç kəs bilmirdi ki, bu baqqalları hara aparırlar.
Doğrusu mənim Tarıverdiyə çox yazığım gəlirdi. Ona görə də ondan ayrılmayıb qıraq ilə gedirdim. Yazıq baqqallar dilmanca yalvarırdılar. Hətta bə’ziləri başını dilmancın qulağına tərəf uzadıb yavaşdan bir söz deyirdi. Dilmanc da onların cavabında bə’zi sözlər deyirdi. Yaxşı qulaq verib gördüm deyir:
– Haramzadə oğlanları, sizə kim deyir ki, İran bileti alıb quru yoldan Xorasana gedəsiniz? Siz elə bilirsiniz ki, hökumət yatıbdır? Bütün haramzada və nəməkbəharamsınız! Sizə kim deyir kilsənin zənginə güləsiniz? Peşəniz naçalnikin itinə gülməkdir. Mən bilirəm, gözünüzün içinə kimi haramzadasınız! Keçən həftə şeyx minbərdə imperatorun özünə, arvadına, qızlarına, oğluna dua edəndə bir nəfər də baqqal amin deməyibdir.
Xain köpək uşağı! Hələ biz bir-bir bilirik ki, kimin uşağı fəs qoyur və kimin evində osmanlı padşahının şəkli vardır. Sizə kim deyirdi İrana yazıb İran rəiyyəti olmaq istəyəsiniz?
Bu sözləri eşidəndə baqqalların gözlərindən yaş tökülüb, qılçaları titrəyirdi.
Mən baqqallarla bərabər daxil oldum naçalnikin həyətinə. Gördüm ki, içəridə bir qiyamət vardır. Bir tərəfdə rus aşpazı ruslara, o biri tərəfdə müsəlman aşpazı molla qonaqlardan ötrü xörək bişirirdi. Naçalnikin həyəti qulluqçular ilə dolu idi. Bunların çoxu naçalnikin qonaqlığı üçün yaxın kəndlərdən toyuq-cücə, yağ, yumurta, quzu, qatıq, qaymaq, meyvə, qovun, qarpız gətirən kəndlilər idi.
Baqqallar da daxil olub həyətin bir bucağında durmuşdu. Bu vaxt gördüm ki, naçalnik balkona çıxdı. Dilmanc Hüseyn ağa bunu görən kimi əlində qamçı irəli gedib ərz elədi:
– Cənab naçalnik, əmrinizi yerinə yetirmişəm.
Naçalnik səsləndi ki:
– Tez ol, ver mətbəxə yuyub təmizləsinlər!
O saatda qaradovoylar baqqalları mətbəxə tərəf qoyun sürüsü kimi sürdülər. Hüseyn ağa aşpazları çağırıb dedi ki, naçalnik ağanın əmrinə görə gərək bu saatda bunlar çimdirilsin.
Baqqallar bu sözü eşidəndə lap məəttəl qalmışdılar. Bilmirdilər nə etsinlər. Onları niyə çimdirirlər? Amma bu işdən çoxları şəkkə düşmüşdü. Deyirdilər ki, naçalnik şeyxi də bura çağırıbdır. Baqqalları da çimdirib qüsl etdirdikdən sonra qur’ana and içdirəcəkdir. Yenə də bilən yox idi.
Müxtəsər, baqqalları bir-bir soyundurub içəri saldılar. Naçalnik ara-bir çıxıb deyirdi:
– Tez olun!
Kəblə Qulu baqqalı soyunduranda deyirdi:
– Getdiyim Kərbəla haqqı əlim ölüyə sürtüşmüşdü, iki saat bundan qabaq qüsl eləmişəm.
Həsənəli deyirdi:
– Həzrət Abbas haqqı bir saat yoxdur ki, dəstəmaz almışam.
Əlibala deyirdi:
– And olsun allaha ki, bir həftə olmaz ki, mən cümə qüslü etməmiş olmayım.
Amma bu göftkularla bərabər baqqallardan iyirmiyə qədər çimdirmişlərdi.
Bir də naçalnik balkona çıxıb dedi:
– Çto za bezobrazie! Gosti ustali ojidat, davayte syuda!
Hüseyn ağa irəli gedib dedi:
– Ağa, iyirmisi hazırdır.
Naçalnik dedi ki, daha artıq təmizləmək lazım deyildir, tez verin gəlsin.
Naçalnik bu sözü deyib içəri girdi. Hüseyn ağa qabağda, starşi qaradovoylar dalca baqqalları əyinlərində tuman-köynək pilləkənlərdən çıxarıb qonaqlıq salonuna doldurdular. Bir də gördüm ki, əvvəlcə bir gülüşmə qalxdı, sonra naçalnikin səsi ucaldı. Yaxşı qulaq asdım, gördüm deyir:
– Osyol, bolvan! Mən sənə bokal (qədəh) demişəm, sən gedib baqqalları yığıb gətirmisən.
Bir az keçmədi, bir də gördüm ki, Hüseyn ağa əlində zənbil qapıdan çıxıb bazara doğru qaçır. Baqqalları da qaradovoylar qamçı ilə döyüb bayıra çıxarırlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-qirx-dene-baqqal
Use ← → keys to move, R for a random poem
More by this author
Xəlifəyə göndərilərkən Fəxrəddin tərəfindən əldə edilən məktubun surəti çıxarılıb divarlara yapışdırıldıqdan sonra kəndlərdə, şəhərlərdə Əmirə qarşı təzə çıxışların xəbəri gəlirdi.Əmir başını itirdi, öz vəziri Toxtamışı hüzuruna çağırıb soruşdu:
İstiqbalMəhsəti xanımı istiqbal edən dəstələrin bir başı İsfahan kəndində, o bir başı isə Gəncənin yaxınlığındakı Xanəgah kəndində dayanmışdı. Gəncə şəhəri belə bir təntənəli istiqbal mərasimini ancaq hicrətin 511-ci illərində, Soltan Səncər birinci kərə Gəncəyə gəldiyi gün görmüşdü.İstiqbal edənlər bir neçə dəstələrə ayrılmışdı, bunların içərisində nəzəri-diqqəti cəlb edə biləcək dəstə, yalnız şairlərin, yazıçıların, oxuyan və çalanların, ümumiyyətlə incəsənət xadimlərinin dəstəsi idi.
“Fərman-hümayun”Bəhram şahla Atabəy Məhəmməd arasında gedən müharibələr bitmişdi. Kirman şəhəri altında bağlanan müqavilə ilə Kirman məmləkətinin böyük bir hissəsi Atabəy məmləkətinə ilhaq olunmuş və Toğrulun səltənəti bir daha möhkəmləndirilmişdi.Fars ölkələrində məşğul olan ordular paytaxta qayıtmış və oradan da ölkə daxilində mövcud olan başıpozuqluğu təsviyə etmək üçün lazımi yerlərə göndərilmişdi.
Şairin son sözüAxşam çağı idi. Günəşin istiliyi axşam küləkləri qarşısında məğlub olaraq, get-gedə təsirini itirirdi. Səyahət vaxtı keçirdi, çay kənarına səyahət üçün gələnlər çəkilib gedirdi. Şair də qalxıb çayın kənarı ilə şərqə doğru döndü. Musa dəyirmanının ətrafındakı söyüdlükdən qalxıb Səncər meydanına tərəf getdi. Bu zaman onu arxadan bir nəfər səslədi:– Möhtərəm şair, bir az ayaq saxlayın.