Fitr bayramı
Page 1 of 3
Gəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.
Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.
Əmir özü də hazırlığa başlamışdı. O qızıl kisələrinin ağzını açıb özünə tərəfdar tapmaq uğrunda xərcləyirdi. Atabəy Məhəmmədə veriləcək şikayət məktublarının əvəzində minlərcə razılıq məktubları da hazırlanırdı. Məddahlara istədikləri qədər pul və xələt verilirdi. Adları yazıçılar və şairlər cərgəsində olmayanlar belə Əmirin yanına gətirilib mədhnamə yazmaları tapşırılır və nə zaman və harda oxuyacaqları təyin edilirdi.
Xətiblərə, qazilərə müəyyən vəzifə tapşırılırdı. Əmirə qarşı düşmən hərəkətdə bulunanlar bir-bir siyahıya alınırdı.
Əmirin qoca veziri gecə-gündüz çalışıb iftira, böhtan, fitnə yaratmaq üçün böyük bir təşkilat düzəltmişdi.
Atabəyi istiqbal etmək üçün düzələn dəstə tamamilə Əmirin tərəfindən dəsturüləməl almış müəyyən adamlardan ibarət idi. Xanəgah kəndindən Əmirin sarayına qədər olan yolun hər iki tərəfi qoşunlar tərəfindən mühasirəyə alınacaq və mümkün olduğu qədər heç bir kəsin Atabəyə yaxın gəlməsinə imkan verilməyəcək idi.
Şəhərin dilənçiləri həbsə alınıb uzaq kəndlərə sürgün edilmişdi. Şəhərin xarabaları təmizlənir və xarabalıqları Atabəyə göstərməmək üçün onu abad küçələrdən dolandırıb saraya gətirmək nəzərdə tutulurdu.
Eyni zamanda, Fəxrəddin də Atabəyin Azərbaycan səyahətinə çıxmasından böyük ümidlər gözləyirdi. Onun fikrincə, Atabəy Şimali Azərbaycanda, xüsusən Aran məmləkətində olan xarabalıqları gördüyü zaman islahat işlərinə başlayacaq və müqəssirləri cəzalandıracaq idi. Bu fikirlə də Fəxrəddin xalq arasında geniş təbliğat işinə başlamışdı. O, qızları cariyəliyə alınanlar ilə evi və əmlakı Əmir tərəfindən qarət edilənlərdən ibarət böyük bir istiqbal dəstəsi təşkilinə başlamışdı.
Fəxrəddin zərərdidə kəndliləri və Əmirin adamları tərəfindən malları alınan tacirlərin hamısını Gəncəyə çağırmışdı.
Fəxrəddin bu təşəbbüsləri haqqında məlumat verdiyi zaman Nizami deyirdi:
– Mən bu təşəbbüslərin heç birisinin əleyhinə deyiləm. Lakin bizim ölkəmizin düşdüyü bu vəziyyəti bir parça kağız üzərində verilən o ərizələr heç bir zaman düzəldə bilməyəcək.
Ərizələrlə xalqı düşdüyü ağır vəziyyətdən xilas etmək tarix boyu heç bir müsbət nəticə verməmişdir və indi də verməyəcəkdir. Hökmdarları diz çökdürəcək yeganə bir qüvvə olmuşsa və varsa, o yalnız xalqın birliyidir.
Bu gündən etibarən bütün xalqın birliyini yaratmağa çalış. Xalqı öz şəxsi malını istəməyə yox, məmləkətin hüququnu tələb etməyə öyrət. Səadət və azadlıq ancaq bununla qazanılır. Lakin əvvəldə dediyim kimi yenə də təkrar edirəm: xırda çıxışların tərəfdarı deyiləm. Gələcək üsyanımız hökuməti qorxutmaq məqsədilə yox, məhv etmək məqsədilə düzəldilməlidir.
Xırda çıxışlarda bulunmaq isə, düşməni vaxtından qabaq duyuq sala bilər. Gözləyək, Atabəy Məhəmməd Gəncəyə gəlsin, şübhəsiz ki, o burada bir neçə gün deyil, həftələrlə qalacaqdır. Onun Əmirin evində mənzil edəcəyi də şübhəsizdir. Çünki indidən orada hazırlıq aparılır. Məlumdur ki, Atabəyin bu səyahəti və xüsusilə Gəncəni ziyarət etmək istədiyi Əmirə xəbər verilmişdir. Atabəy Məhəmmədin bir qadını vardır. Amma Atabəy hərəmi üçün bir-iki qadın kifayət deyil, Əmirin qızı isə həm gözəldir, həm də xəlifənin nəvəsidir. İndi məni anladınmı?
Fəxrəddin gülərək:
– Bəli, anladım, – dedi.
Nizami sözünü davam etdirdi:
– İndi ki, mənim fikrimi anladın, bir nəsihətimi də yadından çıxarma. Hazırda sən Əmirin əleyhinə açıqdan-açığa təbliğat aparırsan. Əmir bu təbliğata başqa bir rəng verməklə səni həbsə ala bilər. “Atabəy həzrətlərinə sui-qəsd hazırlayırsan” – deyə səni təqsirləndirər. Bu barədə bir az ayıq olmağın yaxşıdır.
Fəxrəddin Nizaminin bu fikri ilə də şərik oldu, ehtiyatla dolanacağına və Əmirin adamlarına görünməyəcəyinə söz verdi.
Ramazan ayının 29-cu günü idi. İftar açıldıqdan sonra Əmir şəhərdə və müəyyən adamlar ətrafında çalışan xəfiyyələri qəbul etdi. Gətirilən xəbərlərin əsasını Fəxrəddinin Əmirə qarşı hazırladığı düşmənanə hərəkət təşkil edirdi. Əmir çox rahatsız idi. Mərcanı göndərib Toxtamışı yanına çağırdı. Xəfiyyələr gətirdikləri xəbərləri Toxtamış üçün də təfsilən danışdılar. O, bir az fikrə getdi. Sonra dedi:
– Həbs etmək olmaz. Çünki o tək deyildir. Eyni zamanda onu azad da buraxmaq olmaz, onlar Atabəyin qılığına girə bilərlər. Bu gün ramazan ayının 29-cu günüdür. O, bizim göndərdiyimiz məktubu almamış deyil. Heç şübhə yoxdur ki, o, Dilşadın buradan aparıldığını da bilmir. Hərgah onu saraya gətirmək mümkün olsaydı, burada üstünə böhtan ataraq heç kəsin xəbəri olmadan onu sarayda həbsə alardıq.
Bu tədbir Əmirin xoşuna gəldi və o əlavə etdi:
– O, Dilşadın aparıldığını bilsəydi, indiyə qədər bir təşəbbüs edərdi. Mənə elə gəlir ki, o, ramazan ayının çıxmasına müntəzirdir. Çünki izdivacın ancaq ramazan ayından sonra baş tutacağını xəbər vermişdik. Buna görə də, izdivac məsələsini müzakirə etmək üçün onu saraya dəvət etməliyik.
Toxtamış başına hərəkət verərək:
– Bilirəm, o bizə inanıb saraya gələcəkdirmi? – dedikdə, Əmir:
– Bəlkə Səba xanım bu barədə dəyərli bir fikir söyləyə bilər?! – deyə soruşdu.
Mərcanı göndərib Səbanı çağırdılar. Səba xanım daima gecənin bu vaxtı “şərəfə” nail olmaq üçün Əmirin hüzuruna çağırılırdı. Mərcanın gəlişindən sevindi və:
– Get, gəlirəm, – dedi.
Mərcan gedəndən sonra, Səba xanım sürətlə qalxıb çimdi. Ağ dəsmalı ətirlə isladıb bədənini başdan ayağa yudu. Almaz və zümrüddən düzəlmiş məmədanlarını taxdı, nazik ipəkdən tikilmiş yataq köynəyinin üstündən məclis paltarlarını geydi, bütün qiymətli daşlarını üzərinə töküb güzgünün qarşısında dayandı. Güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi, baxışlarını yoxladı, qaşlarını o tərəf bu tərəfə dartaraq müəyyən bir vəziyyət aldı. Sonra da Əmirin yanında danışacağı nazlı ifadələri əzbərləməyə başladı. Bu halda dəhlizdə gəzməkdə olan xacə Müfid Səba xanımın otağından səs gəldiyini eşitdi və otaqda kişi tayfası olduğunu zənn edərək dərhal qapını açıb içəri soxuldu, Səba xanımın güzgünün qarşısında durub danışdığını və əzilib-büzüldüyünü görüncə gülərək dedi:
– Siz kişilərin şeytanlarısınız. Siz onları aldadırsınız, onlar da bunu anlaya-anlaya sizə aldanırlar.
Səba xanım da utanaraq güldü:
– Buna görə də mən aldatmağı, həm də yaxşı aldatmağı öyrənirəm, – dedi və xacə Müfidin qabağına düşüb uzun dəhlizdən nazlana-nazlana uzaqlaşdı. Qapını açıb Əmirin otağına girdi. Düşündüklərinin əksini görüncə salam verib qapının yanında dayandı və cariyəlikdən tələb ediləcək bir tövr alaraq donub durdu. Gələrkən o, Əmirin otaqda tək olduğunu və qapını açan kimi onun qolları arasına atılacağını düşünürdü. İndi o, sakit dayanmışdı. Əmir başını qaldırıb Səba xanıma dedi:
– Qoca vəzir icazə verir, gəl orada otur, vəzirin sənə bəzi tapşırıqları vardır.
Səba xanım oturdu, otaqda olanların hamısına getmək icazəsi verildi. Otaqda Əmir, qoca vəzir, bir də Səba xanım qalmışdı. Toxtamış Səba xanıma müraciət edib, yavaşdan söylədi:
– Sən elə bilmə ki, qadınlıq gözəl olmaqla tamamlanır. Gözəlliyi canlandıran hərəkətdir. Bu hərəkət olmazsa, rəssamlar sizdən də gözəl qadınlar yarada bilərlər. Qadını ağıllı kişilərə sevdirən əsas cəhət onun gözəlliyi deyil, özünü sevdirməyi bacarmasıdır. Sən bunu bacarırsan, hərgah bacarmasaydın, Əmir həzrətləri tərəfindən “şərəfə” nail ola bilməzdin. Mənim dediyim bu həqiqəti Əmirdən də soruşsan deyəcəkdir ki:
“Səba xanım nə qədər gözəldirsə, bir o qədər də özünü sevdirməyi bacarır və Əmirin şərəfini qiymətləndirdiyi üçün böyük sirlərin üstünü aça bilmişdir”.
Hazırda Əmir öz gözəl cariyəsinə təzə və müqəddəs bir vəzifə tapşırmaq istəyir, o vəzifə, Fəxrəddinə aiddir.
Səba xanım Fəxrəddinin adını eşidərkən keçmişləri bir anda gəlib gözünün önündən keçdi. O gah özünü Fəxrəddinin qolları arasında görür, gah da dodaqlarını Fəxrəddinin dodaqlarına yapışdırıb: “Mən sənin qolların arasında olduğum üçün dünyanın ən xoşbəxt qadınıyam” – deyirdi.
Səba xanım düşünür, vüsalından gülür, ayrılığından göz yaşları axıdır, nəhayət, Fəxrəddinin əllərini öz saçlarında hiss edirkən şad bir nəfəs alırdı. Lakin birdən-birə Fəxrəddinin son dediyi:
“Get Səba, bir də mənə yaxın gəlmə, mən gündə birini sevən qızları sevə bilmərəm!” cümlələrini xatırladığı zaman diksinir və qəlbində gizlənən intiqam duyğuları coşurdu. Səba xanım həmin fikrin təsiri ilə başını qaldırıb:
– Hər cür vəzifə tapşırmış olsanız, yerinə yetirməyə hazıram – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-fitr-bayrami
Use ← → keys to move, R for a random poem
More by this author
IRamazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə.
Boşboğazlar məhkəməsiNəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü.Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi.
Şahqulu bəyin nəvəsiMirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi:– Zəmanənin üzünə lə’nət!
Serjant İvanov adına körpələr eviPayız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi.Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi.
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Cənnət quşumBircə bacım Yaquta ithaf*Nə yatıbsan, oyanmırsan,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Səthi-cahan gülüstana dönübdürXələt geyib zümrüddən ağaclar,Ciçəklərdən boynun əyib budaqlar,