Page 2 of 3 · 33%

Toxtamış bu sözlərdən sonra məqsədini açıb söylədi:

– Fəxrəddin bizə sarayda lazımdır. Onu bura gətirməyi bacararsanmı?

Səba xanım Toxtamışa belə bir sual verdi:

– Fəxrəddin sizə gündüz lazımdır, yainki gecə?

– Xeyr, onun saraya gəlməsini heç bir kəs bilməməlidir. Əlbəttə, belə olan təqdirdə, gecə gətirilməsi lazımdır.

Səba xanım bir ah çəkərək:

– O, Dilşadın aparıldığını bilməsəydi, bu vəzifəni yerinə yetirmək o qədər də çətin olmazdı, – dedi.

Əmir də, Toxtamış da and içərək:

– Bu məsələ gizlində saxlanmışdır, heç bir kəsin xəbəri yoxdur, – dedikdə, Səba xanım gülümsəyərək dedi:

– Doğrudur, lakin Dilşadın boyunbağısının dilənçilər əlinə düşməsi, nəticədə onun zərgərlər vasitəsilə Fəxrəddinə yetişməsi, Dilşadın buradan aparıldığı üçün böyük bir sübutdur. Fəxrəddin bunu anlamayacaq qədər uşaq deyildir.

Səba xanımın bu sözündən sonra Əmir həyəcanla soruşdu:

– Sən bu xəbəri kimdən eşitdin?

– Bu xəbəri Nizaminin evindən öyrənmişəm.

– Sən Nizaminin evinə gedib-gəlirsənmi?

– Xeyr, mən özüm gedə bilmirəm. Nizami özü də buna yol verməz. İki nəfər dilənçi qadın vardır. Onlara böyük ehsanlar verirəm. Onları Nizaminin evinə ehsan istəmək üçün göndərirəm. Bu xəbəri onlar mənim üçün gətirdilər. Gələcəkdə onların vasitəsilə daha böyük işlər görəcəyəm.

Toxtamış da, Əmir də bir səslə:

– Afərin sənə, Səba xanım! – dedilər.

Səba isə sözünü davam etdirib:

– Sabaha fitr bayramıdır, – dedi. – Cahanbanu xanımın evində böyük ziyafət vardır. Hərgah Nizami və Rəna orada olmasa da Fəxrəddinin orada iştirak edəcəyi şübhəsizdir. Mən, Əbül-Ülanın təşkil etdiyi fitr bayramı ziyafətində bir daha baxtımı sınaram. Bəlkə də müvəffəqiyyət qazandım. Hər halda məsələdə çətinlik vardır. Çünki Fəxrəddin mənim əlimdən bir neçə zərbə yemişdir. Çarə yoxdur. Əmir həzrətlərinin əmri can qiymətinə olsa da yerinə yetirilməlidir. Hərgah o qəhrəmandırsa, mən də Səba xanımam. Mən onu bu otaqda Əmirin qarşısında diz çöküb yalvarmağa məcbur edəcəyəm.

Toxtamış Səba xanımın cəsarətindən məmnun qaldı, ona xeyirdua verib getdi.

Xacə Müfid qapının dalında durub Səba xanımın Əmirin otağından çıxmasına müntəzir idi. Nəhayət, sühur vaxtına bir az qalmış Səba xanım Əmirin otağından çıxdı. Xacə Müfid onu görərkən:

– Gözəl xanımın “şərəfə” nail olduğunu təbrik edirəm! – dedi və qabağa düşüb onu otağına yola saldı. Bir azdan sonra kənizlər və xariyələr əllərində boğça Əmiri çimdirmək üçün hamama apardılar. Əmir sabah ramazanın son gününü oruc tutacaqdı.


Ramazan ayının 30-da axşam qaranlığı düşəndə üç nəfər şahid xətibin hüzuruna gəlib şəvval ayını gördüklərinə iqrar etmişdilər. Ayın birində gündüz saat 2-də Əmirin qapısında duran taxt-rəvan saraydan hörmətli bir adamın çıxacağını bildirirdi. Orucunu təzəcə sındıranlar Əmirin qapısından dışarı çıxacaq bu “naməhrəm” qadına baxmamaqdan çox da çəkinmirdilər. Bir çoxları “Əmirin qızı Qətibə xanım taxt-rəvana minəcəkdir” – deyə özləri üçün əlverişli mövqelər tutmağa tələsirdi. Çünki Qətibə başqa hərəm qızları kimi üzünü örtməz və küçə xalqına görünməkdən çəkinməzdi. O, taxt-rəvanda getdiyi zamanlarda da pərdələrin salınmasına icazə verməzdi.

Taxt-rəvan hərəkət etməmişdi. Ətraf küçələr və döngələr xalq ilə dolmuşdu. Lakin bu cür hadisələri tez-tez görənlər bugünkü taxt-rəvana əhəmiyyət vermirdilər, çünki taxt-rəvanlar Əmirin qadınını yaxud qızını bir tərəfə apardığı zaman ətraf küçələrin hamısında qoruq elan olunurdu.

Xacə Müfid sarayın qapısından çıxdı, onun dalınca da iki nəfər kəniz və iki nəfər qara zənci qulun müşayiətilə bir qadın çıxdı. Qadın zinətlərinin üzərinə nazik və qara bir ipək salmışdı. O özünü xalqa bildirməmək üçün çöhrəsini bərk-bərk gizlədirdi, çünki xalq onun adi bir cariyə olduğunu bilsəydi, onun mindiyi taxt-rəvanın dalısınca qafilə təşkil etməzdi. Lakin, buna baxmayaraq, adamların bir çoxu bilirdi ki, cariyələrdən hər hansı birisi Əmirin “şəfərinə” nail olursa, ona taxt-rəvanla getməyə icazə verilir. Taxt-rəvanın dalısından nərdivanı götürüb yerə qoydular. Xacə Müfid Səba xanımın qolundan tutub taxt-rəvana çıxardı. Sonra kənizlər də taxt-rəvana çıxdılar. Qulamlar isə nərdivanı yığıb taxt-rəvanın dalısına bağladılar. Sonra qulamlar hər birisi bir atın cilovundan tutub çəkməyə başladılar. Küçə xalqı taxt-rəvanın dalınca dəstələrlə gedirdi, lakin taxt-rəvanın pərdələri bir kərə də olsa qaldırılmadı. Küçə camaatı Səba xanımın taxt-rəvanını Əbül-Ülanın qapısına qədər müşayiət etdi.

Səba xanım bu gün öz köhnə ağası Əbül-Ülanın evinə bir cariyə kimi yox, bir xanım təntənəsilə daxil olurdu. Çünki Əbül-Ülanın ailəsi onun Əmir tərəfindən şərəfləndiyini və hərəm namizədi olduğunu bilməmiş deyildi. Xüsusən Əbül-Ülanın kiçik qızı Mahtab xanım Səba xanımla hər kəsdən artıq maraqlanırdı, çünki o, ancaq Səba xanımın vasitəsilə zəngin və məşhur bir adama ərə gedəcəyini düşünürdü.

Əbül-Ülanın ziyafətində Fələki, Mücirəddin və bir neçə daha başqa şair və ədib iştirak edirdi. Nizami və onun qadını Rəna isə Məhsəti xanım xəstə olduğuna görə onu evdə tək qoyub gələ bilməmişdilər.

Fəxrəddin hamıdan sonra gəldi. O, Səba xanımın bu ziyafətdə iştirak edəcəyini bilmirdi, əks təqdirdə o ziyafətə gəlməkdən boyun qaçırardı. Lakin o, içəri girərkən Səba xanımı görüb Dilşadı xatırladı və ondan Dilşad haqqında bir xəbər bilmək istədi. Amma dərhal onu danışdırmamaq qərarına gəldi, çünki onun Dilşadın adından yalan sifariş gətirməsi və ondan məktub alıb Əmirə təqdim etməsi, nəticədə Dilşadın həbsə alınıb cəzalandırılması Fəxrəddinin yadından çıxmamışdı.

Lakin Fəxrəddin öz qərarında dura bilməyəcəkdi. Səba xanımı görüb danışmamaq heç bir kəsə mümkün deyildi. Onun daima “mən daşı danışdıraram” deməsi heç də əsassız deyildi.

Fəxrəddin Səbanın cəzblərini rədd etmək üçün Mücirəddin ilə başladığı söhbəti uzatmağa çalışırdı. Səba xanım və Mahtab xanım bir neçə başqa qız və cariyələrlə tez-tez Mücirəddin ilə Fəxrəddinin yanından o tərəf bu tərəfə keçir və aralığa eşqə, məhəbbətə dair söz atırdılar. Çünki ziyafətdə olanların içərisində yalnız Fəxrəddinlə Mücirəddin subay idilər.

Səba xanım Fəxrəddinin yanından keçdiyi zaman bu sözləri deyirdi:

– Mən bir məhəbbətin sərxoşuyam, şərab verin. Məni götürüb atəşin içərisinə atın, lakin bu yanan əyrimə su verin, şikayət etsəm də, acıqlansam da mənim işim onunladır. Qoy cavab versin.

Qızlar Mücirəddinə və Fəxrəddinə baxıb güldülər, Mücirəddin isə Fəxrəddini dümsükləyib:

– Al gəldi, Fəxrəddin, Səba xanımın işi səninlədir, – dedi.

Fəxrəddin Səba xanıma əhəmiyyət vermədi. Nəhayət, Səba xanım yenə də qızlarla qayıdıb Fəxrəddin və Mücirəddin oturan kürsünün yanında dayanaraq söhbətə başladı. O sanki Mahtab xanıma aid olan bir kinayədən danışırdı:

– Mən o qədər də sadə adamlardan deyiləm ki, öz nişanələrimi qasidin əlinə tapşırım, qasid isə öz məqsədindən ötrü verdiyim nişanələri əlində bəhanə aləti qayırsın – dedikdə Fəxrəddin təkan yedi, söhbətini şaşırdı, çünki o, Səba xanımın nə dediyini bilirdi. O bir neçə kərə ağlını doldurub Səba xanımı danışdırmaq istədi, lakin danışdırmamaq üçün özünə söz verdiyini xatırlayaraq, dinmədi. Mücirəddin isə bunu hiss edərək:

– Əylənməyin nə zərəri vardır? Şeytan da olsa maraqlı şeytandır. Çağırıb bir qədər danışdırsaq nə olar?! – dedikdə Fəxrəddin də:

– Şeytandan daha iyrənc bir ad tapılsaydı, onu yanımıza haman adla çağırardıq. Bəlkə də mən şair olmadığımdan, gözəlləri sizin qədər duymaq qabiliyyətinə malik deyiləm. Lakin bunun barəsində əldə etdiyim qənaət mənim üçün hər şeydən böyükdür. Bu şeytan hər barədə gözəldir, yeganə bir eybi varsa, o da bunun şeytanlığıdır. Mən bunu heç bir zaman əlimdən buraxmazdım. Üç min dirhəm o qədər də böyük bir pul deyildi, o pulu versəydim, Cahanbanu bəyim bunu mənə güzəştə gedərdi. Lakin bu dünya gözəlini qiymətdən düşürən onun şeytanlığıdır. Bundan gördüyüm yamanlığın bircə faizini hər kəsdən görsəydim, indiyə qədər onu məhv etmişdim. Bir neçə kərə bunu məhv etməyə qalxmışam, fürsət də düşüb, lakin təbiətin bu gözəl məşəlini söndürmək istəməmişəm, çünki bunun gözəlliyini görüb şeytanlığını tanımayanlar mənə lənət oxuyacaqdılar. Onun indiyə qədər diri qalmasının səbəbi də budur.

Səba xanım üçüncü kərə Fəxrəddinin önündən keçdiyi zaman artıq öz gözəlliyini tərif edirdi:

– Deyirlər ki, gül tikanların içərisindən göyərməkdədir. İndi ki, belədir, nə üçün gül olan məclisə tikanları buraxırlar? Mən dediyim adamın çöhrəsi daima gözümün önündədir. Mənə qiymət qoymayanlar, mənim gözəlliyimi iqrar etməyənlər də haqlıdır. Çünki mənim musiqidən nəşədar olan səsim, qəmginlərin qulağında bayquş səsindən daha qəmlidir. Qəmginliyin şərbətini dadan adamların dimağında şəkərin şəhdi belə ilanın zəhərindən də acıdır. Mənim baxışlarım sübhün nəsimindən təmiz olsa belə, yaralı ürəklər üçün əqrəbin nişindən zərərlidir. Bu təbii bir haldır; qəmli, kədərli adamların gözündə ən qiymətli cavahir, adi bir daşdan daşa alçaqdır. Lakin burada nə səhər nəsiminin, nə şəkər şəhdinin, nə də mənim nəşədar səsimin və almaz kimi şəfəqlənən göz bəbəklərimin bir zərrə də olsa nöqsanı yoxdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets