Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.

Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə:

– Saat 1-də faytonu gətirib məni apararsınız, – dedim, irəli gəlib Friksonun əlini sıxdım və birlikdə dəhlizə girdik.

Biz kiçik salondakı dəyirmi mizin ətrafında oturduq. Mizin üstündə hər cür içkilər və məzələr qoyulmuşdu. Hər şey öz yerində idi, bir şey gətirmək üçün üçüncü bir adamın salona girməsi lazım deyildi. Friksonun arvadı Sara xanım da gəlib mənimlə salamlaşmamışdı. Bir xeyli sonra bir nəfər xidmətçi qadın iki stəkan çay gətirib yanımıza qoyub qayıtdı. Frikson piyalələri konyakla doldurdu və əlinə alaraq:

– Çoxdandır ki, sizin şərəfinizə piyalə qaldırmamışam, bu gecə iqbalımız bizə bu səadəti nəsib etmişdir, – deyərək piyaləsini içdi, mən də piyaləni dodağıma aparıb yenə də mizin üstünə qoydum. Çayı qarışdırmağa başladım, nə o, nə də mən danışmırdıq.

Frikson üçüncü piyaləni içdikdən sonra çox təəssüfedici bir halda:

– Hə, miss Hannal Bəli, miss Hamnal – dedi. – Zavallı qız yolundan azdı. Biz ondan heç də bu hərəkəti gözləməzdik, – dedikdə:

– Nə üçün, bir adamın etdiyi işi başqa birisi edə bilməz? – dedim.

Frikson piyaləsini əlindən yerə qoyub soruşdu:

– Doğrusu, mən sizin bu cümlənizin məzmununu anlaya bilmədim, siz dünən gecə də konsulun ziyafətində belə bir müəmmanı söylədiniz.

– Bəli, söylədim. Nə qədər ki, siz öz sirlərinizi bizə söyləməmişsiniz, o zamana qədər bizim bütün danışdıqlarımız müəmma şəklində qalacaqdır və biz bir-birimizi anlaya bilməyəcəyik. Yaxşısı budur ki, biz piyalə və şərab dostu olmaqdansa, bir-birimizlə sirr və səadət dostu olaq. Belə deyilmi?

– Bizim sizinlə müştərək nə kimi sirrimiz ola bilər?

– O şey ki, bizə məlumdur, onun gizlədilməsini məsləhət görmürəm, çünki bu sizin vəziyyətinizi qorxu altına ala bilər.

– Anlamıram! Yenə də məsələ müəmnma şəklindədir.

– Hərgah icazə versəydiniz mən məsələni bəzi suallar vasitəsi ilə aydın etmiş olardım.

– Buyurun.

– Amma rica edirəm ki, suallarıma doğru cavab verəsiniz.

– Qəti söz verirəm.

– Siz Əbülfət Mirzəni tanıyırsınızmı?

– Bəli, tanıyıram. Onunla mən...

– Artıq danışmaq lazım deyil, onu tanıdığınız kifayətdir, çünki onunla olan əlaqənizin hər cür şəkli bizə məlumdur.

– İndi ki, məlumdur, daha mən nə deyə bilərəm?

– Çar konsulxanası mütərcimlərindən Mirzə Ələkbər xanı da tanıyırsınızmı?

– Tanıyıram.

– Ayda beş yüz manatı onun vasitəsiləmi alırsınız?

Frikson bu sözdən sonra məsələni dərhal anladı və titrək bir səslə dedi:

– Bəli, onun vasitəsilə alırdım.

– Almanlarla da belə bir münasibətiniz var idimi?

– Bəli, var idi. Siz məni məhv etməyimi düşünürsünüz?

” Xeyr. Bunu xəyalınıza belə gətirməyin. Mən bununla sizi məhv etmək istəmirəm, əksinə, sizinlə sıxı dostluq əlaqəsi düzəltmək fikrindəyəm. Bu dostluq nəticəsində sizin rütbəniz, mövqeyiniz zərərdidə olmayacaq və dövlətlərə sirr vermək müqabilində aldığıniz paraları itirməyəcəksiniz. Bizim bu dostluğumuz sizin gəlir mənbələrinizi daha da artıra biləcəkdir. Siz buna inana bilərsiniz.

– Mən sizə nə kimi bir xidmət edə bilərəm?

– Siz hələ hər işdən qabaq kiçik bir məsələni aydınlaşdırmalısıniz. Sizin ingilis konsulxanası ilə əlaqəniz nə yoldadır?

– İngilis konsulxanası bu barədə mənə müraciət etməmişdir. Lakin bu onu göstərmir ki, ingilislərin Amerika konsulxanası sirlərini almağa və öyrənməyə ehtiyacı yoxdur. Mənim zənnimə görə bu vəzifələri Amerika konsulunun özü bitirirdi, çünki onlar tez-tez görüşürdülər.

– İndi sizinlə həmin qızın məsələsini həll edək!

– Hansı qızın?

– Miss Hamanınl

– Nə kimi məsələsini?

– Çar konsulxanasından qızın alman casusu olması barəsində sizə məlumat verilmişdirmi?

– Bu məsələdən danışmağa lüzum vardırmı? Qız çoxdan bəri qaçıb getmişdir.

– Mənsizə sual verirəm: qız haqqında çar konsulxanasından belə bir məlumat verilmişdirmi?

– Bəli, verilmişdir.

– Siz o barədə Tehrana və Vaşinqtona bir məlumat vermişsinizmi?

– Heç yerə göndərilməmişdir. Vaxtımız olmadı.

– Hazırda həmin yazılı məlumat haradadır?

– Mənim yazı stolumun yeşiyindəki papkadadır.

– Həmin kağızı gətirib mənə təqdim etməlisiniz. Hərgah bir yerə göndərilmək üçün surəti çıxarılmışdırsa, onları da gətirib təhvil verin, hərgah bu barədə bir kimsəyə sirr vermiş olursanız o zaman mövqeyinizin hazırkı şəkildə qalmasına söz vermirəm.

– Bu saat, məlumatın özünü də, çıxarılmış surətlərini də gətirim.

– Oturun, hələ məsələ bitməmişdir! Siz qızın gələcəyini təmin etmək üçün daha bir vəsiqə verməlisiniz.

– Nə kimi vəsiqə?

– Belə bir vəsiqə verəcəksiniz:

cMiss Hanna Amerika konsulxanasında çox təmiz və namusla xidmət etmiş və özünə tapşırılan vəzifələri sədaqətlə bitirmiş, sədaqətli amerikalı olduğunu işdə göstərmiş və öz rizası ilə ərizə verib işdən kənar edilmişdirmə.

– Bu da mümkündür.

– Sonra da hərgah miss Hannanın özü bunu istərsə, onu işə götürüb əməkdaşlıq edəcəksiniz. Məncə, bu da sizin üçün mümkündür.

– Nə üçün də mümkün olmasın, iş bizim əlimizdə deyilmi?

– İndi bircə məsələmiz qalmışdır ki, o da son məsələdir. Siz bu saat həmin materiallarla bərabər bizə öz imzanızla belə bir iltizamnamə də verəcəksiniz:

«Mən, aşağıda imza qoyan Amerika konsulxanasının baş katibi Frikson, borclu oluram ki, Almaniya və Rusiya konsulxanaları ilə olan əlaqəmi davam etdirim və gələcəkdə hər bir hərəkətim barəsində gizli inqilab komitəsinə xəbər verimə.

Frikson bu son təklifi qəbul edib-etməmək barədə uzun-uzadı düşündü. Şübhəsiz ki, belə bir iltizamnaməni imza etmək hər kəs üçün çətin idi. Frikson bu iltizamnamə ilə bütün müqəddəratını bizim əlimizə tapşırmış olurdu. Lakin əlacsız idi, biz onu tələyə salmışdıq.

Çox düşündükdən və boynunun dalını qaşıdıqdan sonra dedi:

– Bu iltizamnaməni sabaha qoymaq olmazmı?

– Xeyr, bu məsələlər bu gün yerbəyer olunmalıdır, qalan məsələlər barəsində sonda da danışmaq mümkündür.

– Daha başqa məsələlər də vardırmı?

– Qırx min dollar məsələsidir. Bunu da həll etməliyik.

– Hansı qırx min?)

– Almaniya lehinə təbliğat aparanlara paylanmaq üçün sizə qırx min dollar Amerika parası tapşırılmışdır.

– Bu barədə sizin təklifiniz nədir?

– O paraları təbliğatçılara vermək lazım deyil, o pulları tamamilə gizli inqilab komitəsi kassasına tapşırmalısınız. Bütün məsələlər bununla bitir.

Frikson bir az da düşündü və bir-iki kərə başına hərəkət verərək:

– Nə etməli? İndi ki, ağa bu təklifi edir, daha nə sözüm vardır. Lakin mən sizi burada buraxıb iş otağına keçməyə məcburam. Sara xanımı çağırım, siz onunla söhbət etməkdə olun. Mən də gedib buyuruqlarınızı düzəldim.

Frikson durub getdi, bir neçə dəqiqədən sonra Sara xanım tovuz kimi əlvan donunun ətəklərini sürüyə-sürüyə otağa daxil oldu. Özü mənə yaxınlaşmadan əvvəl Loriqanın qəliz qoxuları məni əhatə etdi. O hələ salonun yarısında idi, mən yəhudi qızının gözəlliyini və üstünə tökdüyü zinətlərini gözdən keçirirdim. Şübhəsiz ki, Frikson Sara xanımı qəsdən yanıma göndərmişdi, hər şeydən əvvəl, qırx min Amerika dollarını verməmək üçün zəminə hazırlanmasını Sara xanıma tapşırmış olmalı idi.

Sara xanım yanıma gəldi, ətirlənmiş incə əllərini dodaqlarıma uzatdı və:

– Bu əlirazı salmağınız lazımdır, – dedi, – çünki bu əl sizi aparmaq üçün çox əziyyət çəkmişdir.

Sara xanım bu sözləri dedikdən sonra kürsünü bir az irəli çəkib yanımda oturdu, mən onun sözünün cavabında:

– Dost olmaq üçün insanları əl ilə yox, saf və səmimi bir ürəklə axtarmaq lazımdır.

– Mənim ürəyim sizin üçün birinci görüşdə, miss Hannanın evində tanış olduğumuz zamandan bəri çırpınmağa başlamışdır.

– Təəssüf olsun ki, mənim varlığım sizin kimi gözəl və incə bir qadının əziyyətinə səbəb olmuşdur, – dedim.

– Mən heç bir zaman sizi unuda bilmirdim, lakin sizi sevən qızın xatirinə toxunmamaq üçün sizə yaxın gəlməyi bacarmırdım. Nəhayət, konsulun ziyafəti məni öz arzularıma nail etdi, siz bizim evimizə gəlməyə tənəzzül etdiniz. Hazırda mən əmin oluram ki, siz bundan sonra ara-sıra məni dinləyəcəksiniz.

– Bəli! Mən sizin şirin söhbətlərinizi dinləməkdən də ləzzətli və qiymətli bir şey bilmirəm.

Sara xanım bu sözdən sonra qara kirpiklərini bir-biri üzərinə tökərək nazlandı və yavaşdan dedi:

– Mənim söhbətlərimi dinləməklə iş bitmir, onları eşitmək və əməl etmək lazımdır.

– Mən Sara xanımın hər bir əmrini yerinə yetirməyə hazıram, buna söz verirəm.

– Mən sizə heç bir vaxt əmr etməyəcəyəm, sizə yalvaracağam, sizdən rica edəcəyəm.

– Məni o qədər də mədəniyyətsiz hesab etməyin, mən heç vaxt sizi yalvarmağa qoymaram. Sizin əmriniz olan kimi mən sizin sərəncamınızda olacağam.

– Buna siz söz verirsinizmi?

– Mən Sara xanımı əmin edirəm, mən çoxdan bəri cənab Friksonun mədəni ailəsi ilə yaxından tanış olmaq istəyirdim, indi şükürlər olsun ki, bu dostluğun əlaqəsini düzəldə bildik: bundan sonra mən özümü xoşbəxt hesab edəcəyəm.

– Şadlığımdan qəlbim yerində durmur, baxınız, görün ürəyim nə qədər həyəcanlar keçirir?

Sara xanım bunu deyərək əlimi qaldırıb öz döşlərinə qoydu, doğrudan da, onun qəlbi çırpınırdı. Lakin bu çırpıntılar sevgi çırpıntıları yox, qırx min dolların çırpıntısı idi.

Mən:

– Sara xanım, özünüzü ələ alın, sizin qarşısında heç bir çətinlik yoxdur. Bizim dostluğumuz yalnız səmimi dostluq olmaq şərtilə davam edə bilər, – dedikdə o yenə də mənim əlimi öz döşlərində bərk-bərk tutaraq:

– Siz gərək mənə söz verəsiniz, heç olmasa mənim bir ricamı qəbul eləyəsiniz!

Mən onun ricasının nədən ibarət olduğunu anlayırdım. Sara xanım sandığına yığdığı dolları çıxarıb İran İnqilab Komitəsinə vermək istəmirdi.

Bütün müqəddimələr, bu ürək çırpıntıları və sevgi dastanları həmin qırx min dolları verməmək üçün idi. Buna görə də mən Sara xanıma açıq da olmasa, işarə ilə öz ricasının qəbula keçməyəcəyini bildirməyə çalışırdım:

– Sara xanımın mənim şəxsiyyətimə aid olan bütün arzularını həyata keçirməyə hazıram. Şəxsiyyətimə aid olmayan ümumi məsələlərdə söz verə bilmərəm. Xalqa aid olan məsələlərdə mənə müraciət etməyəcəyinizə və məni məhcub buraxmayacağınıza əminəm.

– Mən öz sevdiyimə yalnız şəxsiyyətimi deyil, bütün dünyanı qurban edə bilərəm.

“. Söhbət uzun çəkdi. Sara xanım məndən özünü qane edəcək bir cavab ala bilmədiyindən bir kərə:

– Ah kişilər, kişiləri – deyə bir konfet götürüb soydu və yavaşyavaş yeməyə başladı. Frikson da qapını açaraq salona girdi və qadınının sakit oturduğunu gördükdə:

– Yəqin ki, Sara xanım sizi məşğul edə bilməmişdir, – deyərək gəlib oturdu, Sara xanım isə icazə alaraq şam hazırlığı üçün salonu tərk etdi.

Frikson verdiyim tələblərin hamısına əməl eləmişdi. O, materialları mənim qarşımda qoyduqda:

– Mən öz taleyimi sizin vicdanınıza təslim edirəm, – dedi.

– Hərgah sizə fənalıq etmək istəsəydim, buraya gəlib sizinlə açıq danışmazdım. Lakin mən sizin mədəni ailənizin bədbəxtliyinə razı ola bilmədim. Sizin məsələnizi komitədə başqa cür qoymuşdular. Mən razı olmadım, sizinlə danışıb anlaşmağı məsləhət gördüm, buna yoldaşlar da razı oldular.

Frikson yenə də qorxaq bir səslə:

– Mən sizin bu məhəbbətinizdən yerdən göyə qədər razıyam.

Bir az keçmədən xidmətçi gəlib bizi şam süfrəsinin başına çağırdı. Frikson və arvadı Sara xanım yenə də qırx min dollar məsələsinə keçərək cürbəcür bəhanələr meydana sürdülər, lakin hamısında da rədd cavabını aldılar. Şam yeməyini təzəcə bitirmişdik ki, qapı vuruldu. Tütünçüoğlu və Həsənağa məni evə aparmaq üçün gəldiklərini xəbər verdilər.

Mən ayağa qalxıb əvvəlcə Sara xanımla, sonra da Friksonla vidalaşdıqda, Frikson:

– Sizə əmin oluram hal – dedikdə mən də:

– Bizimlə olan əlaqənizə təğyir verməyincə daima bizim tərəfimizdən əmin ola bilərsiniz, – dedim.

Dəhlizə çıxdıqda Frikson kağıza bağlı bir şeyi Həsənağaya verərkən yenə də mənə müraciət edib:

– Əfv edərsiniz, Sara xanım min dollarını xərcləmişdir, – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets