Page 1 of 2

Yeddinci şəkil

Fəramərzin kəndidir. Bir kəndli həyətidir. Alçaq pillələrlə bir balkona çıxılır. Kəndin qızları və oğlanları oxuya-oxuya işdən qayıdırlar.

Qızlar və oğlanlar — Gözəl bahar, aç üzünü, əkinçilər düzə çıxsın,
Təbiətin gəlinləri al geyinib üzə çıxsın,
Tarlaların körpəsinə süd əmizdir buludlardan,
Kəkliklərin ilham alıb şərqi desin ilk bahardan.

Dönməz — (tələsik gəlir)
Qızlar, dayanmayın, edin istiqbal,
Qonaq gəlir bizə şahzadə Maral.
Tez qayıdın evə ay qız, ey gəlin!
Gözəl paltarlardan geyinib gəlin!

Qərənfil — (Tələsik otaqdan çıxır)
Hanı bəs Fəramərz, tək niyə gəldin?

Dönməz — Dayanmayın, ana, evi düzəldin.
Otaqları döşə, xalçaları sal!
Qonaq gəlir bizə şahzadə Maral.
Nəhrəni çalxatdır, pətəkdən bal kəs,
Tapşır səs salmasın burada bir kəs.

Qərənfil — Sən allah, ay Dönməz, aldatma bizi,
Kəndli komasına gəlməz şah qızı.

Dönməz — Malları həyətə qoyma naxırdan,
Beş on şişək seçib saxlatdır qurban.
Qab-qaçağı düzdür taxa-taxçaya,
Toyuq zad girməsin bizim bağçaya.

Qərənfil — Ay qız, Mələknisə, nə döndün yenə?
Toyuqları tutub doldurun hinə.

Dönməz — Ana, bu işlərə bütün özün bax,
Uşaqlar girməsin evə tumançaq.

Qərənfil — (O tərəf-bu tərəfə qaçır)
Bilmirəm harada yox oldu Püstə,
Mələknisə durma, qaç bulaq üstə.
Gəlib ev-eşiyi salsın sahmana,

Dönməz — Ana, nə qaçırsan o yan-bu yana?
Köpəkləri açıb çöldə bağlatdır.
Güləş dərzlərini bayıra atdır.

Qərənfil — Gəlsin, gözüm üstə onu saxlaram,
Şahın özü gəlsə qonaqlayaram.

Dönməz — Tökdür sərin suya şəkəri, qəndi,
Mən gedib çıxarım qabağa kəndi.
Padşah qızları sevərlər şərbət,
Yaxşı süfrə düzəlt, ana, həl-həlbət.
(gedir)

Qızlar gəlirlər. Evdə təlaş və həyəcan başlanır, evi sahmana salmağa başlayırlar.

Qərənfil — Ay qız, Xırdaxanım, sən bağçaya qaç,
Nazlı xanım, durma yaxdanları aç.
Xalını, kəbəni eyvana döşə,
Təzə paltarlarda gəlin görüşə.
Cücələri tutub kəsdir, ay Nabat,
Ay Polad, sən də bir öyəc boğazlat.

Polad — Bu cür xidmətlərə göndər Poladı,
Həm ciyəri mənim, həm içalatı.
(gedir)

Qorxmaz — (Gəlib atdan düşür)
Bu nə hazırlıqdır, Qərənfil nənə?
Bu nə dəbdəbədir, bu nə təntənə?!
Dayan, bir de görüm, nə götür-qoydur?
Niyə gizlədirsən, olmaya toydur?
Oğlunmu evlənir, gözümüz aydın!

Qərənfil — Əlbəttə evlənir, bizi nə saydın?!
Olsun bu xeyir işdən sənə də qismət.

Qorxmaz — Səbr elə hələlik tezdir bu söhbət.

Qərənfil — Nə üçün?

Qorxmaz — Deyildir həyat müəyyən,
Sabahı düşünmür bu gün evlənən.
Bu halda evlənsək gülərlər bizə,
Çünki yabançıyıq öz ölkəmizə.

Qərənfil — Bilirəm övladım, doğru deyirsən,
Düşüncən budursa, sənə yüz əhsən.
Qonaq gəlir bizə padişah qızı.

Qorxmaz — Köməyə çağırır yəqin ki, bizi
Əmoğlum hanı bəs, gözümə dəyməz?

Qərənfil — Gəlməyib şikardan hələ Fəramərz.
De görüm nəyin var təzə xəbərdən,
Bəs nə tez qayıtdın uzaq səfərdən?

Qorxmaz — Günümüz olduqca qorxulu gündür,
Ordumuz çəkilir, düşmən üstündür.
Dağılıb, məhv olub böyük bir dövlət
Fəramərz deyərək qışqırır millət.

Qərənfil — Niyə bəs Fəramərz gizlədir məndən,
Qaçıb gizləndimi yoxsa düşməndən?
Qorxaqsa gözündən tökülsün südüm
Lə’nətə çevrilsin mənim öyüdüm.

Qorxmaz — Deyildir Fəramərz burda müqəssir,
Şahın özündədir bu hamı təqsir.
Bütün sərkərdələr təhqir edilmiş.
O səbəbdən işlər bu yerə gəlmiş.

Qızlar və oğlanlar Maral oturduğu taxt-rəvanın qarşısında oxuya-oxuya gəlirlər.

Qızlar — Bahar gəlir gülə-gülə,
Dağdan qarı silə-silə

Oynadıqca ağ buludlar,
Dağ döşündə quzu otlar.
Çaylar axar coşa-coşa
Qırqavullar qoşa-qoşa
Çam üstündə nəğmə başlar,
Rəqsə gəlir al yoxuşlar.

Qızlar oxuyub rəqs edirlər. Fəramərzin bacıları Maralın qolundan tutub düşürür və onu balkona çıxarırlar.

Qərənfil — Xoş gəldin, şadlıqdan tutulur dilim,
Ayağın altında qurban kəsilim.
Ağrın ürəyimə otur rahat ol,
Bilirəm incitmiş səni uzaq yol.
Sənə qurban olsun bu yoxsul koma,
Şərəf qazandırdın mənim oğluma.

Maral — (Onun əlindən tutur.)
Təqdirə layiqdir sən kimi ana,
Qəhrəmanlıq dərsi verdin oğluna.
Bəslədin elə bir qayıtmaz aslan,
Onunla fəxr edir Azərbaycan.
Təbrik eləyirəm səni ürəkdən,
Razıyam, anacan, bu düz-çörəkdən.

Qorxmaz — (Gəlib baş endirir)
Şahzadə, etmisən bizi şərəfraz

Maral — Səndəmi çəkildin cəbhədən Qorxmaz?
Döyüş sənətindən səndəmi doydun?
Düşmən qarşısında bizi tək qoydun?
Mühit sənidəmi geriyə atdı?
Sənindəmi qəlbin xalqını satdı?

Qorxmaz — Nə edim şahzadə, çəkilir ordu,
Bu sonsuz döyüşlər məni də yordu.
Uduzduq, şahzadə, bu son səfərdə.
Ordu pozulmuşdur, yoxdur sərkərdə.
Hər kəs bir tərəfə baş alıb gedir,
Düşmənə verilir ölkələr bir-bir.
Vuruşsaq da yoxdur bizə bir fayda,
Çünki düşmən satır bizi sarayda.

Maral — Saraydan qovulmuş ölkə satanlar,

Qorxmaz — Satmamış bir bucaq qoymamış onlar.
Bir saray qalmışdır, bir də təxtü-tac,
Xəstəlik böyükdür, tapan yox əlac.
Milli qürurumuz məhv olmuşdur, ah,
Təxtü-tac da gedər bu gün, ya sabah.

Maral — Gedib xəbər verin Fəramərz gəlsin
Ona qonaq gəldim üz döndərməsin.
Doğrudur yaxşılıq görmədi bizdə,
Qonağa hörmət var ənənəmizdə.

Qərənfil — Bu cürə düşünmə, qurbanın olum,
Şikara çıxmışdır dünəndən oğlum.
Doğrudur vacibdir qonağa hörmət,
Qonaq girməyən ev görməz bərəkət.

Dönməz — (tələsik daxil olur)
Gedib xəbər verdim, gəlir Fəramərz,

Maral — (Sevinərək)
Səndən çox razıyam qəhrəman Dönməz.

Fəramərz — (Çiynində bir ceyran cəmdəyi daxil olur)
Bu körpə ceyranın ətindən bir şiş
Kabab çəkib yemək günah deyilmiş,

Maral — (kənara)
Dilində əzbərdir ceyran gəlməsi.
Çınladı başımda keçmişin səsi.
Ceyranı sevirmiş yoxsa pəhləvan?
Ürəyim partlayır, qısqandım aman!

Fəramərz — (Gəlib baş endirir)
Xoş gəlib şahzadə bu yoxsul kəndə,

Maral — Kəndiniz buraxır xatirə məndə.

Fəramərz — Bir şe’r ilhamıdır bu şən mənzərə,
Ceyranlı səhralar, şahinli dərə.

Maral — Nə çox əzbər olmuş dilində ceyran.

Fəramərz — Ceyran şikarını çox sevər insan.

Maral — (Gülümsəyir)
Ceyranı salarsan bəzən kəməndə
Bəzən kəsilərsən bir elə bəndə...

Fəramərz — Sevənlər belədir öz həyatında,
Bəzən inləyəcək ayaq altında,
Bəzən də salacaq ayaq altına,
Gülmə sevənlərin bu həyatına.

Maral — Kəndiniz bir şe’rin ilhamı kimi,
Qoynuna almışdır mənim qəlbimi.

Fəramərz — (Kəndin təbiətini göstərir)
Bağlarının döşündə nar, dağlarının başında çam
Bu dilrüba təbiəti yaratmışdır hansı rəssam?
Səyyahların əzbəridir bu yerlərin təbiəti,
Bir gün mahir sənətkarlar yazacaqdır bu sənəti.
Bir gün sınmış kitabələr dirildəcək yenə bizi,
Bu gözəllik yaşadacaq bizim nəcib nəslimizi.
Bir gün qoyar bu nəcib xalq Fərhadının heykəlini
Bayrağında gəzdirəcək Keaxsarın tunc əlini.
Bir gün müdhiş hadisələr atsa bizi bu həyatdan
Lakin böyük adımızı silə bilməz kainatdan.

Maral — (Qəmkin bir vəziyyət alaraq)
Artıq məhv oluruq bu kainatdan
Silir hadisələr bizi həyatdan.
Bizdən üz döndərir get-gedə iqbal,
Bunun üçün gəlmiş yanına Maral.

Fəramərz — Düşünün şahzadə, belədir iqbal,
Bə’zən iqbal səni edər istiqbal
Bə’zən də çevirər səndən üzünü,
Dalınca düşsən də illər uzunu,
Bir daha üzünü sana döndərməz.

Maral — Keçənlər keçibdir, igid Fəramərz,
Məktub gətirmişəm qoca Bəhməndən,
Öz tərəfimdən də yalvarıram mən,
Vur köhlən atına bir daha məhmiz.
Nə üçün çəkildin, dağılırıq biz.
Yalvarıram eşit xalqın səsini
Qoyma od içində od ölkəsini.

Fəramərz — Saray boşalmasa satıçılardan,
Sərtac qovulmasa bizim diyardan,
Şah tanımayınca dostu, düşməni,
Dostlar cərgəsində görməsin məni.
Qonağsan yerin var gözüm üstündə.

Maral — Gəlmişəm yanına çətin bir gündə,
Göz yum günahıma, məndədir təqsir,
Bağışla, etmişəm mən səni təhqir.
Burax şəxsiyyəti xalqına yanaş,
Düşmənə buraxmaz qardaşı qardaş.

Qərənfil — (Fəramərzə açıqlanır)
Doğrudur varındır böyük cəsarət,
Olmasa kişidə bir az nəzakət
İgidlik, cəsarət nəyinə lazım?
Qarşında qadındır, düşün, utan bir.

Maral — (Fəramərzə)
Al Bəhmən göndərən məktubu oxu.

Qərənfil — (Fəramərzə)
İgid ol, girməsin qəlbinə qorxu.

Fəramərz — (Marala)
Gedib rahat olun evdə bir qədər
Çox çətin deyildir bu məsələlər.

Qərənfil və qızlar Maralın qolundan tutub otağa aparırlar.

Maral — (Fəramərzə)
Tək bir sözünlədir mənim rahətim.

Fəramərz — (Marala)
Bəhmən nə yazmışsa var itaətim.

Hamı gedir, Fəramərz, Qorxmaz və Dönməz qalır.

Qorxmaz — (Fəramərzə)
De görüm məktubda nə yazıb Bəhmən?
Küsdünsə yetişər, məhv olur ölkən.
Biz düşmən deyilik vətənə qarşı
Atmaz yaman gündə qardaş-qardaşı.

Fəramərz — Al oxu məktubu, ağla doyunca,
İmdada çağırır bizi o qoca.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets