Beşinci pərdə
Page 2 of 2 · 50%
Qorxmaz — (Məktubu oxuyur)
Xalqınla bir ağla, xalqınla bir gül,
Birliklə daima həll olur müşkül.
Söylə qılıncını paslatdımı qın
Gözün baxa-baxa döyülür xalqın.
Şöhrət qazandığın vuruşmalarda
Şirləri bağlayan kəməndin harda?
Sındımı əmudun polad başlarda?
Yoruldunmu yoxsa bu yoxuşlarda?
Dözmürmü qalxanın yoxsa qılınca?
Xalqın yorulacaq sən qalsan dincə.
Bir zaman heyrətli lövhələr açdın,
Tez şöhrət qazandın, tez qoyub qaçdın.
Xalq çəkir adını yüz ehtiramla,
Sən də xidmətini gəlib təmamla.
Doğrudur qazandın ölkədə ad, san,
Hələlik tarixə yazılmamısan.
Cəbhəyə gedirəm son nəfəsimdə,
Hələlik var təsir qoca səsimdə.
Vəsiyyət edirəm, mən ölən kimi,
Zəfər meydanında qazın qəbrimi.
Fəramərz — (Fikirdən başını qaldırır)
Düşmən vətənimdə at çapan dəmdə,
Qalır məs’uliyyət mənim öhdəmdə.
Bir daha icazə alım anamdan,
Bir də köhlən atı çıxarım xamdan,
Parlasın qılıncım qövsü-qüzeh tək,
Əmudum başlardan çıxarsın şimşək.
Qərənfil — (Gəlir)
Deyin nədir səbəb uzun söhbətə?
Məktubmu salmışdır sizi heyrətə?
Fəramərz — Məzəmmət almışam qoca Bəhməndən,
Anacan, incimiş o qoca məndən.
Düşmənlər tapdayır vətənimizi,
Çağırırlar yenə döyüşə bizi.
Qərənfil — İndi ki, hiss edir vətən təhlükə,
Get, oğlum, adına düşməsin ləkə!
Fəramərz — (Qorxmaza)
Dayanmayın daha atları çəkin,
Gərək hərbə girək səhərə təkin.
Polad Fəramərzin qərargahında şeypur çalır. Silahlanmış igidlər sürətlə gəlirlər.
Qərənfil — (Fəramərzin qılıncını gətirir)
Al yəhər qaşından bu qılıncı as,
Atandan qalmışdır bu böyük miras.
Fəramərz — (Qılıncı alıb baxır və qaytarır)
Yaramaz, qısadır bu qılınc, ana,
Qərənfil — Qısa qılınc lazım gənc pəhləvana.
Qılınc qısa olsa qalmayır şübhəm,
Atarsan irəli daha bir qədəm.
Fəramərz qılıncı alır, Polad atını gətirir. O, atını minir, onun yanınca igidlər bayrağı aparırlar.
Fəramərz — (Anasını öpür)
Biz yola düşürük, qalın salamət.
Əziz qonağıma göstərin hörmət.
Fəramərz atı məhmizləyib gedərkən Maral otaqdan çıxıb onun dalınca baxır.
Maral — Əgər atmasaydın mənim sevgimi,
Sevərdim səni mən bir dəli kimi!
Pərdə
Səkkizinci şəkil
Aysori imperatoru Saragoşun sarayıdır. Behnaz pəncərənin qarşısında qəmkin bir vəziyyətdə durub Dəclə çayına baxır.
Behnaz — Dayan deyim dərdlərimi baş alırsan hara dalğa
Yoxsa sən də tələsirsən yetmək üçün yara dalğa?
Dur günəşin şəfəqləri döşlərinə vursun bəzək,
Dayan, getmə, dərdli qızam, gəl məni də qoynuna çək.
Çırpınırsan suya düşən bir qartalın qanadı tək,
Hansı ovçu vurmuş sənin qanadına yara dalğa?
Çırpınırsan sevgisindən məhrum olan bir qız kimi,
Titrətdikcə oxşayırsan mənim məhzun ürəyimi.
Tələsmə dur, bu sür’ətlə axtarırsan söylə kimi
Sənindəmi günün olmuş saçım kimi qara dalğa?
Söylə nədir döşlərindən dinlədiyim o həzin səs?
Qəlbindəki döyüntülər, çırpıntılar nədəndir bəs?
Bir dilə gəl, sevgindənmi məhrum etmiş səni bir kəs?
Yoxsa sən də çəkilmisən saçlarından dara dalğa?
Behnaz bu sözləri danışarkən qardaşı Şəhriyar sütunun dalında durub eşidir. Behnaz əllərini gözlərinin üstünə qoyub Dəclə çayına atılmaq istərkən Şəhriyar onu tutur.
Şəhriyar — Dayan bədbəxt bacım, bu qorxaqlıqdır,
Yaşamaq mümkünsə ölüm artıqdır.
Qovulduq mehriban vətənimizdən,
Taxtımız-tacımız alındı bizdən.
Səni sarayından qovdu Astiaq,
Məni də rədd etdi o doğma torpaq.
Qaçıb bu ölkəyə pənah gətirdim.
Behnaz — Mən də əsirliyin qoynuna girdim.
Şərəfli bir həyat deyildir mümkün,
Burda ölüm gəlir həyata üstün.
Şəhriyar — Alınmaz qəl’ədir, bu möhkəm qəl’ə
Gəlsə yüz Fəramərz verilməz ələ.
Kim qalib gələcək Sarağoş şaha?
Qəl’əni gözləyir yüz min əjdaha.
Fəramərz yorulub düşübdür candan,
Kömək gəlmir ona Azərbaycandan.
Çəkilib gedəcək bu gündür, sabah,
Çalış razı qalsın səndən padişah.
Behnaz — Razı qalmayacaq Fəramərz məndən,
Nicat gözləmirəm mən o düşməndən.
Şəhriyar — Vəfa göstərmədi sənə Astiaq.
Behnaz — Vəfasız da olsa deyildir alçaq.
Şəhriyar — Utan, etmədimi o səni təhqir?
Behnaz — Hiylə qurbanıdır, deyil müqəssir.
Sən xain çıxmısan o doğma yurda,
Mən də xanım deyil, əsirəm burda.
Özün satılmışdın, məni də satdın,
Azad bir qadından əsir yaratdın.
Şəhriyar — Təslim ol ərinin iradəsinə,
Astiaq səs verməz sənin səsinə.
O məğlub olacaq, nicat müşküldür,
Təslim ol ərinə, baxtını güldür.
Səndən asılıdır mənim iqbalım.
Behnaz — Utan dediyindən, satıcı zalım.
Təslim olmayacaq düşmənə Behnaz
Özüm də ölərəm, o da sağ qalmaz.
Məğlub olmayacaq Azərbaycan.
Şəhriyar — (Gedərkən) Harda qaldı şərəf, nə oldu vicdan?!
Behnaz — (tək qalır) Gənc ikən bu iqbal məni aldatdı,
Azad vətənimdə məhbəsə atdı.
Bir xatirə qaldı Kür qırağından,
O çan yaylağından, Kəpəz dağından.
Coşqun şəlalər ağlayır mənsiz,
Bülbüləm yuvasız, quşam vətənsiz.
Kür çayı coşanda, qar əriyəndə
Quzular mələşib girəndə kəndə,
Şadlığa qərq olub gəz Qarayazı
Xatırla Behnazı, əsir Behnazı.
Beba — (Daxil olur) Şad etməsin səni bu vuruşmalar,
Unutma ki, burda rəqibin də var.
Burdan xilas olmaq daha çətindir,
Ölümə hazırlaş, son saatındır.
Behnaz — Nə demək istərsən bu ehtirasla?
Rəqibim deyilsən, danışma əsla!
Beba — Şöhrətim var mənim aləmdə, gözəllikdə təkəm,
Gözələm, hüsn səmasında bir afət mələkəm.
Od tutub yandı günəş çöhrəmə saldıqda nəzər
Ay görüb alnımı Məcnun kimi göylərdə gəzər.
Sərvlər bağda mənim qamətimin kölgəsidir.
Bağçadan dinlədiyin sanma ki, bülbül səsidir,
O mənəm, bülbülə dərs verdi mənim incə səsim.
Gül alıb rəngini çöhrəmdən, ətirdir nəfəsim,
Günəşəm, hər baxışımdan alır ulduzlar işıq.
Dəli ceyranlar alır göz bəbəyimdən yaraşıq.
Bu gözəlliklə mənim qarşıma çıxdın sən əbəs,
Öl, yerindir bu əziyyətli, bu ziynətli qəfəs!
Behnaz — Sevgin səni çevirmiş bir xəyalpərəstə,
Xəyalpərəst olanlar da bir cürə xəstə.
Lovğalıq da çirkinliyin bir hissəsidir,
Səsin bülbül səsi deyil, bayquş səsidir.
Nə ulduzlar şəfəq almış gün baxışından,
Nə ceyranlar dərs almışdır yaraşığından.
Çox dəm vurma gözəllikdən, adi bir qızsan,
Lovğalanmaz gözəl insan, vüqarlı insan.
Beba — Astiaqı gətirrəm yanıma bir qul kimi,
Bir əsir tək yalvarıb öpəcək ayağımı.
Sənin yanında onun tacını ayaqlaram,
Sarayda ər kimi yox, əsir kimi saxlaram.
Behnaz — Bu gün gələcək sənin hüzuruna Astiaq,
Səni də, atanı da bu gün əsir alacaq.
Qalmayacaq bir əsər bu şeytan yuvasından.
(Gülür) Təzədən qoyacaqdır Astiaq sənə nişan.
Fəramərzin qoşunları qalanın divarlarından həyətə düşməyə başlayırlar. Həyətdə vuruşma gedir. Beba xəncəri çəkib Behnaza hücum edir.
Beba — Bilirəm məhv edər məni təhlükə,
Öldürrəm sən dəxi olma məlikə.
Behnaz — Sən məhv olacaqsan ona yox şübhəm,
Bacarsan gəl öldür, durmuşam möhkəm.
Bıçaqları çəkib bir-birlərinə hücum edirlər.
Beba — Səni sağ qoymaram son dəqiqəmdə,
Ağlasın Astiaq təzə matəmdə.
Behnaz — (Bıçaqla onu öldürür) Arzuna çatasan öz əməlində,
Ölsəm də ölərəm adam əlində.
Beba qışqırır, yıxılır, səsə otaqlardan qız və qadınlar gəlir. Onlar meyidi görüb, qışqırıb qaçırlar. Behnaz qapını açıb çıxmaq istərkən qapıların daldan bağlandığını görür, Behnaz meyidə baxaraq gülür.
Nineva sarayının günəşi söndü,
Deyəsən dünyanın məhvəri döndü.
Günəşə üstündür müqəddəs atəş,
Ey müqəddəs Hürmüzd bitir keşməkəş.
Haman — (Əlində qılınc silahlı nökərlər ilə daxil olur. Behnaz bıçaq əlində bucağa qısılır). Arran sarayından səni qovdurdum,
Qəlbinə sağalmaz bir yara vurdum.
İndi sənə vurum elə bir yara,
Qanın zinət versin bu divarlara.
Behnaz Hamanla vuruşarkən Fəramərz adamları ilə daxil olur.
Fəramərz — Dayan, tərpənməsin yerindən bir kəs,
Qırılır zəncirlər, dağılır məhbəs!
Dayanın, dəyişir həyatın rəngi
Pozulur sarayın köhnə ahəngi!
Vuruşurlar, Fəramərz Hamanı öldürür, özü də başından yaralanır.
Behnaz — (Fəramərzə) Qüvvət versin sənin qoluna Yəzdan!
Fəramərz — (Baş endirir) Şahzadə hökmdar gəlir bir azdan.
Behnaz — Bu son zəfərindən sevindim qəlbən,
Nicat verdi mənə böyük qələbən,
Üstümə gülərdi əsirlik, ölüm,
Yəzdana min şükür açıldı qolum.
Fəramərz — (Sarayı gözdən keçirir) Əsir dünyasıdır gözəl otaqlar,
Tavus qanadı tək bəzənən taqlar
Qanlı bir tarixin kitabəsidir,
Gəlin məzarıdır, qız türbəsidir.
Nə qədər müdhişdir mərmər sütunlar,
Əsir kəmiyindən düzəlmiş bunlar.
Qapılar açılır, əsirlər salona daxil olur, Fəramərzə dua edirlər.
Qızlar və qadınlar — Qüvvət versin sənin qoluna Yəzdan!
Qırıldı zəncirlər, dağıldı zindan.
Yüzlərlə qız, qadın burada inlər,
Yolunu gözlərdi əsir gəlinlər.
Astiaq — (Silahlı adamlar ilə daxil olur) Zəfərin mübarək böyük qəhrəman,
Minnətdardır sənə Azərbaycan.
Aldın əsirlikdən nəcib xalqımı,
Sevirəm səni mən öz ruhum kimi.
(Astiaq məlikəsini görür) Sevgili məlikəm, məni bağışla
Qəlbimi ələ al məsum baxışla.
Behnaz — (Başını qaldırır) Keçənlər keçibdir, dostunu tanı,
İradə yaşadır şahım, insanı.
Fəramərzin qardaşı Dönməz, əmisi oğlu Qorxmaz əsir edilmiş padşahları, Astiaqın vəziri Sərtacı və qaynı Şəhriyarı gətirirlər.
Fəramərz — (Əsirləri təqdim edir) Aysoru şahıdır qabaqda duran,
Bu Akad şahıdır, bu biri İran,
Bu da Askitlərin hökmdarıdır,
Bu da ki, Cənubun Şəhriyarıdır.
Şəhriyar — (Bacısı Behnaza) Qurtar məni Behnaz bu təhlükədən,
Qurtar, baş götürüm, gedim ölkədən.
Behnaz — (Onu rədd edir) Ayrıldın vətəndən, məndən, millətdən,
Ölümlə çıxarsan bu rəzalətdən.
Fəramərz — (Padşaha baş endirir) Şahın düşmənlərini, döydüm, intiqam aldım,
İcazə ver qayıdıb öz yaramı sağaldım.
Səninlə barışmıram, düşmənliyimdə varam.
Astiaq — Təbibləri çağırın, yaralıdır qəhrəman!
Çərrahları gətirin, hazır eləsin dərman!
Fəramərz — Bağışla, hökmdar, ərzim var mənim,
Əlimdə qalmamış ixtiyar mənim.
Aləm təbib olsa sağalmaz yaram,
Üstümə gəlməsə nazlı yar mənim.
Ceyran və Maral irəli keçib başlarından dəbilqəni götürürlər, saçları çiyinlərinə tökülür.
Maral — (Fəramərzə) Qəbul etsən əgər mənim sevgimi,
Əlinə tapşırram, öz ürəyimi.
Fəramərz — (Üzünü Ceyrana tərəf çevirir) Gəl yaramı bağla sevgilim Ceyran,
Bir kəlmə söz deyib, ver mənə dərman.
Ceyran — (Onun başının yarasını bağlarkən utana-utana) Sevirəm!
Fəramərz — Nə qədər dadlı bir kəlmə!
Ey təbib, bir daha üstümə kəlmə!
Artıq öz təbibim üstümə gəldi,
Unutdum yaramı, ruhum dinçəldi.
Maral — (Ceyrana) Sənə əmr edirəm, çəkil sevgindən,
Çıxar Fəramərzi öz ürəyindən,
Onu mən sevirəm illərdən bəri.
Ceyran — (gülür) Təbrik eləyirəm bu sevgiləri.
Fəramərz — Sevmək istəmirdin bir rəiyyəti,
İndi nədir doğan bu məhəbbəti?
Ərə getmək üçün şah axtarırdın,
Şahlar hüzurunda məqsədə vardın.
Sənin əlindədir bu padşahlar,
Əfv edilməyəcək keçən günahlar.
Ceyran — (Onun yarısını bağlayır) Dayan bir dəqiqə, böyük qəhrəman,
Bağlasın yaranı sevgilin Ceyran.
Fəramərz — Ey ürək, çırpınma, rahat ol bir an,
Axıb gözlərimə tökülmə ey qan!
Qoy baxım doyunca nazlı yarıma,
Zəfərlə qayıdım öz diyarıma.
(Fəramərz yenə də Marala baş endirib Ceyranla bərabər gedir).
Astiaq — (Fəramərzin dalınca) Mənim ölkəm üçün bir iftixarsan,
Təəssüf olsun ki, çox inadkarsan.
Maral — (Fəramərzin və Ceyranın dalınca) Əbəs mail oldum şöhrətə, ada,
Sevgi nə şah anlar, nə də şahzadə.
(Başını sarayın sütununa söykəyib ağlayır.)
Pərdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-maral-besinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Qibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
Bizim qızBilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.