Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi.

Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə:

«Ey şir, bu gün yetiş həraya,
İmdad elə ali-Mustəfayə!»

deyərək iki əli ilə döşünə və başına çırpırdı.

Yalandan ağlayanlar, doğrudan ağlayanlar, təbil, şeypur çalanlar, ağır bayraqları dişində gəzdirənlər, Həzrəti Abbas və imam Hüseynin atının şəbihini göstərənlər, əyinlərinə qara paltar geyib, atları öpən və:

«Harda qoydun həzrəti-Abbasımı,
Kimlər öldürdü cənabi-Qasımı,
Harda qoydun Kərbala-sultanını.
Tökdülər harda Hüseynin qanını?»

deyən kiçik uşaqlar təbrizliləri ağladır, onlara baxan əcnəbiləri isə güldürürdülər. Dəstələr «ya imam Hüseyn!» deyə qışqırdıqca, kazaklar da onları təqlidlə:

– «Yaman qüsen!» deyərək, döşünə vururdu.

Dəstələr:

«Ey xeyməsi talan olan Hüseyn vay,
Ey Zeynəbi nalan olan Hüseyn vay».

dediyi və ağır addımlarla irəlilədiyi zaman, inqilab rəhbərləri də həbsxanadan çıxarılıb çar soldatlarının nizələri qabağında «sərbazxana»da qurulmuş dar ağaclarının dibinə gətirilirdi.

Qabaqca Siqətülislam, onun dalınca Şəmsülüləma, Ağaməhəmməd Qafqazlı, onların dalınca da Əli Müsyönün iki kiçik oğlu gəlirdi.

Həmin bu zamanda da, Təbriz camaatından:

«Ey şir, bu gün yetiş həraya» – deyə qışqıranların səsi eşidilirdi. Bu səs Sadiqülmülkün qulağına yetişdikdə o, Ziyaülüləmaya müraciətlə dedi:

– Bəli, – «ey şir, bu gün yetiş həraya!» Biz də deməliyik ki:

«Lənət belə qovm-bivəfayə!»

Dar ağaclarının ətrafında duran yüzlərcə çar soldatından bir səs çıxmırdı. Qabaq sırada daxili və xarici əsk-inqilabın nümayəndələri durmuşdu. Onlar hərbi səhra məhkəməsi sədrinin oxuduğu hökmü dinləyirdi. Bu dar ağacının altında durub, ölüm gözləyən yeddi nəfərin edam hökmü idi.

Hökmdə bu adamlar Təbriz inqilabının rəhbərləri kimi deyil, Təbriz xalqına mədəni və ümumi əhaliyə asayiş və əmniyyət gətirən dinc soldatlara hücum edən şərarətçilər, bandalar kimi təsvir edilirdi.

Dəstələrin səsi yenə də eşidilirdi:

«Ey kaş bu gün bu dəmdə, olaydıq Kərbəladə».

Bu səslər dar ağacının kəlləsindən əks etdiyi vaxt Siqətülislam üst paltarını çıxarıb dara çəkilməyə hazırlaşırdı. Onun boğazına Səmədxanın, çar tərəfindən sabunlanmış kəndirini keçirmişdilərsə də, hələ ayağının altından kürsünü çəkməmişdilər. O bu azacıq vaxtdan istifadə etməklə üzünü ətrafda duran yerli və xarici əks-inqilabçılara tutaraq Heyrətin bir şeirindən aşağıdakı parçanı oxudu:

...Mənsur bər səri-dar qofta, ənəlhəq
Mərdanı hər nümudənd, ingunə payidari...

Şeirin dalısını deməyə vaxt olmadı. Kürsünü çəkməyə məmur olan çar soldatı, öz vəzifəsini artıq yerinə yetirmişdi.

Aşura təntənəsi davam edirdi. Ziyaülmülk kürsünün üzərinə çıxdığı zaman, dəstələrin:

«Olmadıq biz heyf Kərbubəladə, ya Hüseyn!» demələrini eşitməmiş deyildi. O, kürsünün üzərində özünü düzəltdi və Sadiq Təbrizinin şeirindən ikicə misra oxuya bildi.

«Budim bəxab dər şəbustani-ədəm
Bidar şüdim, baz dərxab şüdim».

Çar hökuməti əlini yeni bir qanla daha boyadı, edam təntənəsi bitdi, lakin aşura təntənəsi hələ bitməmişdi.

Mən Əmir bazarçasından keçərkən Tütünçüoğluna rast gəldim. Mən ona sual verdim:

– Əsəd, haradan gəlirsən?

Onun boğazı tutuldu, cavab verə bilmədi, ağlamaq istədi. Mən yanımızdan keçənlər şübhələnməsin deyə:

– Özünüələ al, gəl gedək! – dedim. O ağladı və:

– Özümü necə ələ alım, darmadağın olduq, kimimiz qaldı? Kimə arxalanaq? – dedi.

– Geniş kütlələrin, bizə rəğbət bəsləyən və bizi hiss edən inqilabçı kütlələrin istiqbalına arxalana bilərik. İmam Hüseynə ağlayan ürəklərdən əlavə minlərcə ürəklər daha vardır ki, bu gün asılan yeddi nəfər üçün göz yaşı tökür.

Onu sakit elədim. Nəhayət, danışdı və bizim konsulxana vəsiqələri üzərində düzəltdiyimiz saxta vəsiqələri mücahidlərə paylayıb gəldiyini xəbər verdi.

Hələ o qədər getməmişdik. Yenə də lənətçi Məşədi Məhəmmədin məscid qapısında durub lənət oxuduğunu gördük.

Dayandıq. Bu gün rəhbərlərin asılması münasibətilə, onun lənətlərinin də məzmunu dəyişmişdi.

İndi nə Yezid, nə Şümür, nə Ömər, nə də Osman adı çəkilirdi. O, lənət oxumağa tamamilə yeni adamlar tapmışdı.

Durub dinlədik:

– Urusi şalvar geyən müctəhidə lənət!

– İki çiyninə qurşaq bağlayan alimə lənət!

– Əlini Allah bilən müctəhidə lənət!

– Saqqalını peysərindən qoyana lənət!

Lənətçinin başına yüzlərcə adam toplanmışdı, lənətlərinin hamısı inqilab rəhbərlərinə aid idi.

O, lənətlərini oxuduqca, oraya toplaşan camaat bir səslə:

– Min lənət! – deyərək, ona səs verirdi.

Bəziləri yanında duranlara müraciət edərək:

– Gedə, niyə lənət oxumursan! Dilin lal deyil ki! – deyib məzəmmət edirdi.

Orada dayanmağımız mümkün deyildi. Yolumuzu dəyişib «Hacələkbər» bazarçasına tərəf getdik. Burada Mirmanaf Sərrafın oğlu Mir Murtuza qarşımıza çıxdı.

O, ağ bir uzunqulağın üstündə oturub bir dəstə nökəri ilə gəlməkdə ikən, Hacı Mirzə Həsən ağa müctəhidin oğlu Mirzə Məsud ağa da uzunqulaq üstdə, öz nökərləri ilə bərabər onların qabağına çıxdı.

Bunlar bir-birinə təsadüf edincə, hər iki uzunqulaq burun-buruna söykədi, üstlərindəki ağalar danışmağa başladı.

Mirzə Məsud ağanın birinci sözü bu oldu:

– Məlunların şərrini, Təbriz camaatının başından rədd etdilər!.. Cənab ağa, bu məmləkətin, bu dinin bir həqiqi sahibi vardır. Həqiqətən də, din sahibi bizi öz başımıza buraxmayıbdır. Gördünüz ki, hökumətin orduları, topları bu məlunlara kar etmədi, bunları yerində oturda bilmədi, amma imperatorun əli uzandı, məlunları məhv elədi. Ağa, heç şübhə yox ki, haman elə də Allah və dinimiz kömək elədi.

Mir Murtuza Mirzə Məsud ağanın cavabını verirkən:

– Xudavəndi-aləmə min şükür olsun! – dedi. – Aşura sahibi, aşuraya gələnlər və ona mövhumat deyənlərin haqqında öz qərarını çox gözəl, çox da pakizə verdi. Hərgah imperatorun mərhəməti olmasaydı, din düşmənlərini Təbrizdən təmizləmək mümkün olmayacaqdı, az çəkəcəkdi ki, məlunlar bu aşuranı da bizim əlimizdən alacaqdı. İndi özüm də konsulxanadan gəlirəm, cənab konsul məni bir məsləhət üçün yanına çağırmışdı. Cənab konsulun söhbət arasında buyurduğuna görə, hələlik Siqətülislam, Şəmsülüləma, Ziyaülmülk, Sadiqülmülk, Ağaməhəmməd Qafqazlı, Əli Müsyönün də iki oğlunu...

Mirzə Məsud:

– Allaha min şükür, – deyərək onun sözünü kəsib eşşəyini məhmizlədi. Onlardan biri sağa, o biri sol tərəfə yollandı. Biz isə evə döndük.

Axşam qaranlıqlaşırdı. Nina çoxdan bəri gəlib məni gözləyirmiş. O heç bir söz danışmadan redikülündən Səmədxanın konsula yazdığı məktubun üzünü mənə göstərdi.

«Heşmətməab konsul cənablarına!

Cənab general! On beş nəfərin həbsinə aid göndərdiyiniz siyahının imza olunmasını məsləhət görmədim, çünki biz bunları həbs etməklə, bir çoxlarının Təbrizdən qaçmasına səbəb ola bilərik. Mən belə məsləhət görürəm ki, bu adamları da ümumi həbs olunmalı adamlarla birlikdə həbs edək. Mən Mahmud xana tapşırmışam ki, siyahıda göstərdiyimiz adamları nəzarət altına alsın, hərgah bir tərəfə hərəkət etmək istərlərsə həbsə alınsınlar.

Siqətülislam və həmfikirlərinin edam edilməsinə aid məlumatım yoxdur, inşallah Təbrizə məhərrəməlharamın on dördündə varid olacağam.

Əqəl Səməd.
Nemətabad, məhərrəməlharam».

Bundan sonra cənab konsulun həbs və edam etdirmək istədiyi adamların siyahısına oxudu:

  1. Mirzə Əhməd Süheyli.

  2. Hacı Əli dava satan, silahlı qüvvət təşkilində iştirak etdiyi üçün.

  3. Səttar xanın böyük qardaşı Hacı Əzim və iki oğlu.

  4. Mirzəağabala müəllim, Xiyaban məhəlləsindən.

  5. Mir Kərim Natiq.

  6. Mərzəli Natiq.

  7. Məşədi Məhəmməd Əmi oğlu Üskülü.

  8. Kəblə Haşım dəllal.

  9. Aleksandr (gürcü).

  10. Mirzə Rza («Şəfəq» qəzeti müdirinin atası).

  11. Tağıyev Qafqazlı.

  12. Məşədi Abbasəli qəndçi (Səttar xanın cəbbəxana müdiri).

  13. Hüseynxan Maradanlı...

Bunların Təbrizdən çıxarılması üçün təşəbbüs etmək mümkün deyildi. Çox gec idi. Vaxtilə bunlara da şəhərdən çıxmaları üçün dəfələrcə yalvarmışdıq. Lakin özləri bundan boyun qaçırmışdı. İndi isə kənara çıxa bilməyəcəkdilər. Səmədxanın məktubunda, Mahmud xana yazdığı və onların nəzarət altına alındığı bəlli idi. Hər halda sər-hesab olmaları və öz işlərini sahmana salmaqları barəsində onlara xəbər verməyi lazım bildik. Bu isə şəhərə intibahnamə buraxılması ilə mümkün olacaqdı.

Nina Səmədxanın əmisi oğlu Mahmud xandan söhbət açaraq, onun çar konsulxanası və Səmədxanın rizası ilə şəhər komandanı təyin olunduğu və gecələr qapıları döyüb evlərə girməsini, vəsiqə tələb etməsini söyləyərək dedi:

– Bu gün səhər saat doqquzda Mahmud xan öz adamları ilə qapımızı vurub içəri girdi. Mən konsulxana işçisi olduğuma dair vəsiqə göstərdim. O, bundan sonra söhbətə başlayaraq, vəzifəsinə aid olmayan bir çox sözlər danışdı. Nəhayət, mən onun evdən çıxmasını tələb elədim.

Ninanın bu sözündən sonra mən düşündüm ki, konsulxana işçisi ilə belə rəftar edən Mahmud xan yerli xalqla nə cür rəftar etmiş olmalıdır.

Ninaya başqa söz demək olmazdı. Ancaq bir kərə:

– Onu evə buraxma! Qapını vursa belə açmayın! – dedim. Şəhərə buraxılacaq intibahnaməni yazmağa başladıq.

Qanlı əllər işə başlayır

«Təbriz camaatı! Ruhdan düşməyin! Siz əks-inqilab üzərində qələbə çaldığınızı unutmayın! Qələbələrin əldən buraxılmasına imkan verməyin! Çar nökərlərinə, xəfiyyə vəzifəsi daşıyan seyidlər və mollalara aldanaraq öz inqilabçı vətəndaşlarınızı və sizin üçün bütün varlığından keçənləri çarın qanlı əllərinə verməyin! Çar cəlladları görəcəyi işləri, öz nökərləri olan Hacı Şücaüddövlə Səmədxana tapşırmışdır. Sizin azadlığınız uğrunda işləyənlərdən yeddi nəfərini asdılar. Onları Hacı Şücaüddövlənin imzası ilə istilaçı çarın cəlladları asdı. Hacı Şücaüddövlə məhərrəmin 14-də Təbrizə girəcəkdir. Təbriz irticai, Təbriz əks-inqilabçıları yeni bayrama, inqilabçıların ümumi həbsinə, ümumi edamına hazırlanır.

Təbriz camaatı! Çar istilası uzun müddət davam edə bilməyəcəkdir. Çarlıq üsuli-idarəsi öz içindən çürüməkdədir. Məmləkət yenə də öz işçi, öz yoxsul, öz kəndlisinə qalacaqdır. Öz rəhbərlərinizi cəlladlar əlinə verməkdən saqının. İnqilab hələ ölməmişdir, o, yenə də vaxtında öz silahlı qüvvəsilə meydana çıxmağa hazırdır. Gələcəyin lənət və intiqamından qorxun!

Rədd olsun irtica!

Rədd olsun çar əmri ilə iranlıları məhv etməyə hazırlaşan Hacı Səmədxan!

Rədd olsun çarın ağ, yaşıl və göy əmmamə daşıyan nökərləri!

Rədd olsun İran yoxsullarını əzmək üçün çar himayəsinə girən aristokratiya, xırda bankir və tacirlər!

İran inqilab komitəsi».

İntibahnamələrin divarlara yapışdırılması mümkün olmadığı üçün küçələrə tökülməsinə qərar verildi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets