Bizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi.

Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi.

Əliqulu xan yoğun, ucaboylu, çopur və eyni zamanda çox mülayim bir üzə malik olan adam idi. O, kök və yoğun olmasına baxmayaraq, üzündən xəstə bir adama bənzəyirdi.

Zatən Əliqulu xanın özü də İranın başqa mülkədarlarına nisbətlə liberal bir sima idi. Əliqulu xan birinci sözündə bunu bizə göstərməyə çalışdı. Söhbətimiz torpaq məsələsindən başlamışdı. Xan dediklərimin hamısına «bəli», «doğru», «təsdiq edirəm!» deyə cavab verirdi. Mən sözümü bitirdikdən sonra o, yanındakı çaydan bir neçə qurtum ağzına alıb danışdı:

– Mən iranlıyam. Özüm də həqiqi iranlıyam. İran xalqının düşmənini də sevmirəm. Hərgah İranda torpaq məsələsi aralığa gələrsə, birinci növbədə mən öz kəndlərimi xalqa verənlərdənəm.

Mən güldüm. Xan da təbəssüm edərək dedi:

– Bilirəm nəyə gülürsünüz. Siz demək istəyirsiniz ki, indi ki belədir, nə üçün çağırıb kəndləri xalqa bağışlamırsan, əlini, qolunu ki, tutan yoxdur. Belədirmi?

– Zənnimcə, siz bu işi görmüş olsanız, başqaları da sizin arxanızca gələr.

– Bunlar tamamilə doğrudur. Lakin bugünkü inqilab torpaq məsələsini aralığa atmamışdır. Bu inqilab monarxizmin devrilməsi məsələsini də müzakirə etmir. Burada hər kəs vuruşur. Fəqət kimlərlə vuruşduğunu özü də hiss etmir. Hər kəs söyür, lakin kimləri və nə üçün söydüyünü bilmir. Hazırkı inqilab öz dostunu və düşmənini tanıya bilməmişdir. Siz inqilabın mahiyyətini və tərkibini hələlik bu camaata anlatmağı xəyalınıza belə gətirməmişsiniz. Kəndli sizi tanımır. Kəndlilər inqilabın xəbərlərini hələlik bir dastan kimi eşidir. Onun başında duran Səttar xanı və Bağır xanı da divləri öldürən, Qaf dağına gedən əfsanəvi bir qəhrəman kimi tanıyır.

– Bunun səbəbi nədir? – deyə Əliqulu xandan soruşdum. O, siqarını yandırıb sözünə davam etdi:

– Siz vaxtında torpaq məsələsini aralığa ata bilmədiniz, çünki öz sıranızda böyük torpaq sahibləri də vardır. Söz yoxdur ki, soyulmuş və il zəhmətindən sonra bütün xırmanını mülk sahibinə verib şana, xəlbirini dalına atmaqla evinə boş gedən kəndli sizə qoşulmayacaqdı; çünki o öz düşmənini sizin sıranızda görürdü. Siz buyurun, mülahizə edin. İnqilab hara? Ruhaniyyət hara? Şəriət hara? Məzhəb hara? Siz burjuaziya ilə, böyük və kiçik kapitalistlərlə çox yaxşı işləyə bilərsiniz. Əvvələn budur ki, kapitalistlər hər məmləkətdə dinsizdir. O, dinə hörmət edir. Fəqət özü üçün yox. Onlar dinə aşağı təbəqədə olmaq şərtilə hörmət bəsləyir. Odur ki, sizin üçün kaptalistlərlə işləmək ruhanilərlə işləməkdən daha əlverişlidir. İkinci bir səbəb də vardır ki, o səbəb burjuaziyanı bu inqilaba daha sıx bir surətdə bağlamışdır. O səbəb də burjuaziyanı monarxiyadan nifrətləndirir, təngə gətirir. Burjuaziya padşahın və onun rüşvətxor hakimlərinin qorxusundan öz kapitalını ölkənin daxilində geniş istismara buraxa bilmir. Bunun üçün o, padşahı yıxmağa və öz hökumətini qurmağa tələsir. Mən özüm də inqilabı sevirəm. Onun dostuyam, çünki bu inqilab mənim mənfəətimə qətiyyən toxunmur. Lakin inqilabçılar mənim bu inqilabda oynaya biləcəyim roldan heç də xəbərdar deyildir. İnqilabçılar məndən istifadə etmək istəmir. Onlar mənim kəndlərimin, mənim tayfamın əhəmiyyətini və coğrafi mövqeyimizin qiymətini bilmirlər. Hazırda Təbriz–Culfa şose yolu Qaradağ xanlarının hücum qorxusu altındadır. Onlar bu gün də olmasa, sabah bu yolu inqilabçıların əlindən alacaqlar. Bu yol isə inqilabçılar üçün ölüm-dirim məsələsidir. Rusiya inqilabının alovu bu yol vasitəsilə İrana girmişdir. Bu yol kəsildikdən sonra inqilab öz əsas yurdundan nəfəs ala bilməyəcəkdir. Culfa məbərinin inqilabçılar əlində qalması və oradan nəfəs alınması işi mənim tayfamın hərəkəti ilə əlaqədardır. Qaradağ xanları başda Ələkbər xan Sevlətüddövlə olmaq üzrə Culfa üstünə hərəkət etmək və inqilab tərəfində duran Əlamdar, Gərgər qəsəbələrini dağıtmaq üçün hazırlaşırlar. Bunlar mənim kəndlərimin içərisindən keçməlidir. Mənim qardaşlarım Heydərqulu xanla Hüseynqulu xan istədiyi vaxt Siyah-rud burnunu kəsib hərəkəti ləngidə biləcəklər.

– Hələlik aralıqda bu təhlükə yoxdur.

– Sən get, lazım bildiyin adamları buna inandır. Rəhim xan Sofyan, Mərənd, Circirləri tutunca Ələkbər xanı Culfada görəcəksiniz.

Naharı Vüsuqi-Nizamın evində yedik. Vüsuqi-Nizam Qaradağ atlılarının hücumu ilə həm bizi qorxudur, həm də özü qorxurdu; çünki o öz kəndlərinin dağılmasından ehtiyat edir və inqilabçılardan istifadə etməyə çalışırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məşədi Kazım ağa

Konsulxanada çox oturmaq mümkün deyildi. Nə mən, nə də Nina konsulun əli ilə həyata keçirilən cəza qanunlarının dəhşətinə davam gətirə bilmir və konsulun cəzaya aid verdiyi fərmanları dinləməyi bacarmırdıq. Nina özünü məndən daha fəna hiss edirdi. Onu Ələkbər yoldaşla faytona qoyub evə yola saldım; özüm şəhərə çıxmaq istədim. O tərəf-bu tərəfə çıxmaq fayda verməsə belə, yenə mən rahat otura bilmirdim. Qaçanlar qaçmışdı. Onlardan nigaran deyildim, çünki onlar silahlı idi. Onların qarşısına çıxa biləcək bir qüvvə xəyalıma gəlmirdi. Onlar hər nə olursa-olsun çar nüfuz məntəqəsini yarıb Türkiyə torpağına keçə biləcəklər idi.Təbrizdə qalan rəhbərlərdən bir çoxu həbsə alınmış, dar ağaclarının hazır olmasını gözləyirdi. Həbsə alınmayanlar isə Təbrizdən bir tərəfə çıxmaq imkanını əldə edə bilmədiklərindən gələcək fəlakətin intizarını çəkirdilər.

16 min
İki matəm

Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi.Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə:

8 min
General-qubernator

Bu il, yüz illərdən bəri görülməyən bir hadisə zühura gəldi. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. Onlar adət üzrə imamın qırxı çıxana qədər ağladılar. Lakin bu il, məhərrəm ayının 14-də bütün təziyə məclisləri yığışdı, çünki bu gün Azərbaycan valisi adı ilə gələn çar qubernatoru Hacı Səmədxan şəhərə daxil olacaq idi.Bu günü təntənəli keçirmək üçün istər Rusiya konsulxanası, istərsə yerli əks-inqilab böyük bir bayram hazırlığı görmüşdü.

10 min
Misyonerlər və müstəşriqlər

Mən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim.Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi.

21 min

Poems by other poets