Misyonerlər və müstəşriqlər
Page 1 of 3
Mən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim.
Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi.
Mən Məşədi Kazım ağanın ticarət otağına girdiyim zaman, miss Hannanı da orada gördüm. Onu burada birinci dəfə gördüyüm üçün təəccüb etdim, hələ bir az da özümü itirən kimi oldum, çünki Nina Məşədi Kazım ağanın ticarət otağına tez-tez gəlirdi. Heç şübhə yoxdu ki, Ninanın amerikalı qızı burada görməsi şübhələrə səbəb olacaq idi.
Nə isə, o məni gördükdə, Məşədi Kazım ağanın yanında qoyduğu məktubu götürüb mənə verdi.
Hələ mən məktubu oxumadan qızın özü məktubun məzmununu mənə dedi:
– Bu gecə əziz qonaqlarım vardır. Sizinlə tanış olmaq istəyirlər. Vaxta çox az qalırdı.
Qızla müvəqqəti vidalaşıb evə qayıtdım. Libasımı dəyişərək onun evinə qayıtdıqda miss Hannanın qonaqları toplanmışdı. Qonaqlar Amerika konsulxanasının baş katibi Ferikson, arvadı Sara, Amerika konsulu, onun arvadı Mariya, Amerikadan yeni gəlmiş müstəşriq Hertman və bəhayi misyoner Ağa Mir Əsədulla idi.
Bunlardan tanış olmadığım və birinci dəfə olaraq görüşdüyüm, yalnız misyoner və müstəşriq idi. Bunlarla da tanış oldum. Miss Hanna məni həmişəki kimi təqdim etdi. Amerika konsulu və onun katibi məni onlara tərif edərək:
– İranın ziyalı tacirlərindəndir, – dedilər.
Ortalıqda dolanan söhbətlərin hamısı dini mövzularda idi. Mən bu söhbətlərə qarışmır, bitərəf bir adam kimi kənardan dinləyirdim. Söhbət müstəşriqlə misyoner arasında gedirdi.
Mən bu söhbətlərdən həddindən artıq darılırdım, çünki din söhbətlərinə sərf edilən hər bir dəqiqəyə heyifim gəlirdi.
Onların mübahisələri Şərqdə mövcud dinlər və təriqətlərdən idi. Lakin müstəşriqin Şərq dinləri və Şərq təriqətləri mövzusunda başladığı söhbət bir savadsızın mühakiməsindən heç də irəli getmirdi. Danışdığından məlum olurdu ki, bu müstəşriq, Şərqi özündən əvvəl gələn şərqşünasların yazılarından öyrənmişdir. Buna görə də bəhayi misyoner öz sübutları və öz misalları ilə müstəşriqi sükuta məcbur etmiş və məclisi əlinə almışdı.
Miss Hanna bu məclisə həddindən artıq qiymət verir və Şərqə aid bu söhbətlərdən öz bloknotuna bəzi şeylər qeyd edirdi.
Miss Hannanın bu hərəkətindən mənim heç də xoşum gəlmirdi. O mənə özünün inqilabçı bir qız olduğunu söyləyib, hətta mənim yolumla getməyə and içmişdi, buna baxmayaraq, yenə də evində dini mübahisələr düzəldərək, məni də bura cəlb edir və bunun yaxşı iş olmadığını dərk etmirdi.
Ağa Mir Əsədulla mənə müraciət edərək farsca soruşdu:
– Cənabınız islamiyyətin hansı təriqətini daşıyır?
Mən bir az necə cavab verəcəyimi düşündüm. Lakin sükut etdiyim dəqiqələrin hər bir saniyəsi miss Hannanın həyəcanının artmasına səbəb olurdu.
Cavab verdim:
– Nə kimi təriqət daşıdığım haqqında qəti bir cavab verə bilməyəcəyəm, çünki çox gəncəm. Şərqdə mövcud olan təriqət və dini cərəyanlar isə o qədər dolaşıq, o qədər müxtəlif və mürəkkəbdir ki, oradan bir həqiqət aparmaq üçün bir gəncin qısa olan həyat tarixi kifayət etməz.
Ağa Mir Əsədulla mənim öz əqidəmi söyləməkdən boyun qaçırmaq istədiyimi dərhal hiss eylədi və:
– Bu barədə sizin həqiqət aramağınıza heç də lüzum yoxdur, – dedi, – bu həqiqət vaxtında aranılmış və Allah-taalanın məsum irədəsini yer üzünə yaymaq üçün rəhbərlər zühur etmişdir.
– O, rəhbərlər kimdir?
– O, rəhbərlər bir-birinin yolunu davam etdirən Bab, Bəha və Əbdülbəhadır.
– Çox pakizə. Mən çox təşəkkür etməliyəm ki, bu gecə miss Hannanın vasitəsilə böyük bir zatla tanış oluram. Lakin təəssüf ediləcək bir hal vardır ki, o da mənim dini mübahisə sahəsindəki savadsızlığımdır. Məncə, bu cəhət, mənim sizinlə olan söhbətimin müəyyən və doğru bir yol ilə gedə bilməməsinə səbəb olacaqdır.
– Fikrinizi və getdiyiniz dini yolu necə ki, düşünürsünüz, elə də ifadə buyurun! Mən bu barədə də sizə kömək verməyə və qəlbinizin kasəsindəki bulanıq suları təmizləyib həqiqətdən süzülüb çıxmış saf sularla doldurmağa hazıram.
Ağa Mir Əsədullanın məqsədini tamamilə anladım. Onun məqsədi mənim dini əqidəmi bilmək deyildi, o məni bəhayi dininə təbliğ etmək fikrini daşıyırdı.
Mən bəhayilərlə çox danışıb və görüşürdüm; lakin onların təbliğatçıları, xüsusən bütün bəhayi dünyasında məşhur olan Ağa Mir Əsədulla ilə danışmamışdım. Buna görə də onun Bab və bəhayiliyə dair geniş məlumat verməsinə zəmin hazırlamaq üçün:
– Biz din və təriqəti dəbdən düşməyə, hörmət və etibarını itirib, bəşəriyyətin tərəqqisinin qarşısını kəsib tarixi geri çəkdiyi aydınca sübut edildiyi bir dövrdə dünyaya gəldik! Musa, İsa və Məhəmməd dinləri... deyincə...
Ağa Mir Əsədulla sözümü kəsdi:
– Cənab ağanın buyurduqları əski dinlərə görə doğrudur. O dinlər xalqa yeni mədəniyyət verməkdə acizdir. İstər Bab, istərsə Bəha və Əbdülbəhanın buyurduğu da budur. Onlar da təlimatlarında eyni fikirlər göstərməkdə və xalqı əsrin tələbatı ilə uyğun mütərəqqi, mədəni və bütün dünyaya sülhverici və bəşəriyyətin qardaşlığını təmin edə biləcək bir dinin ətrafına dəvət buyurmaqdadırlar. Belə bir din də Bab, Bəha və Əbdülbəhanın dinidir. Bütün dünya cəhalət qaranlığında boğulduğu vaxt adət üzrə Allahın nuru bir peyğəmbərin vasitəsilə yer üzünü işıqlandırmışdır. Söylə görüm, Musa peyğəmbər dünyanı Fironun zülmü əzdiyi bir zamanda zühur etmədimi? Allahın nuru, əsrlər keçdikcə bir bəşərin simasında zahir olmadımı? Bəni İsrailin peyğəmbərlik dövrü bitdikdən sonra İsanın nuru parlamadımı? İsadan altı yüz iyirmi iki il keçəndən sonra Məkkə tərəfindən Məhəmmədin camalı dünyanı işıqlandırmadımı? Məhəmməddən 1260 il keçəndən sonra fars üfüqlərindən Allahın parlaq ulduzu zühura gəldi və həqiqi nurun atəşi Şiraz şəhərindən yanmağa başladı. Doğruçu sübhün əlamətləri göründü. Qaimin, yəni Mehdiyi-sahibəz-zəmanın zühuru səsi bütün dünyada eşidildi. Bab dünyaya gəldi.
Ağa Mir Əsədulla sözlərinin kifayətləndirici olduğunu zənn edərək soruşdu:
– Yəqin sizi qane edə bildik?
– Xeyr.
– Nə səbəbə? Görünür mənim ərz etdiklərimi lazımınca əhatə edə bilməmişsiniz?
– Çox gözəlcə əhatə etdim, lakin qəbul kəlməsilə əhatə kəlməsinin arasında olan fərqləri də anlayıram. Madam ki, biz dini mübahisəyə başlamışıq, gəliniz məsələni biri-birinə qarışdırmayaq. Əvvəlcə mən sizə bir sual verməliyəm, – deyərkən, Mir Əsədulla özünü topladı. O, bəhayi təbliğatının avam aldadıcı cümlələrini mənim qarşıma tökmək üçün bütün bacarığını və məlumatını səfərbərliyə almağa başlayıb mənə dedi:
– Mən sizə tövsiyə edirəm, – dedi, – siz Bab və bəhayilik aləmi barəsində uzun və uzadı mütalıə etməlisiniz. Bu iki zatın, yəni Bəhanın, Babın peyğəmbər olmasının sübutu budur ki, onların hər ikisi Məhəmməd peyğəmbər kimi ümmi doğulmuşdur. Yəni mədrəsə və müəllim görmədən alim doğulmuşlar.
Mən:
– Bunu mən «Kitabi-Əqdəsdə» və «Bəyan»da oxumuşam – dedikdə, Mir Əsədulla:
– Barəkəlla. «Kitabi-Əqdəs»də və «Bəyan»da yazır ki, «Allah öz əmrini, öz nurunu məktəb şagirdi olmayan və mədrəsə görməyən bir zatın simasında əks etdirmişdir».
– Mən bunları yalnız «Kitabi-Əqdəs» və «Bəyan»da deyil, bütün təfsilatilə «Fəraid» adlı əsərdə oxumuşam. Oradakı dolaşıqlıq, «Əqdəs» və «Bəyan»da olduğundan daha dərindir. Buradakı yalançılıq yuxarıda göstərilən kitablarda olandan daha artıqdır. Mən də sizdən rica edirəm ki, öz kitabınız olan «Fəraid»in 464-cü səhifəsini oxuyaraq onu «Kitabi-Əqdəs» və «Bəyan»ın yazıları ilə müqayisə ediniz. Bab və Bəhanın anadan alim doğulduğuna gəldikdə, burada da bir neçə söz deməliyəm: Bab və Bəhanın tarixi Məhəmmədin tarixi kimi minillik olsaydı, bəlkə də, onun ana bətnindən alim doğulduğuna inananlar tapılardı. Təəssüf olsun ki, Bab və Bəhanın məktəb yoldaşları, oxuduğu məktəblər və sair, tamamilə xalqın xatırında və kitabların səhifəsindədir. Əvvəlcə Babı götürəlim. Bab şirazlı Mirzə Rzanın oğludur. Adı Əliməhərdir. Onlar Şirazda məşhur çit tacirləridir. Bab hələ gənc ikən «Şeyxabid» ləqəbi ilə məşhur olan Şeyx Məhəmmədin tərbiyəsində olmuşdur. O, Kərbəlaya getmiş, orada Şeyx Əhməd Ehsayının şagirdi olan Rüştəli Seyid Kazımdan dərs oxumuşdur. Bundan əlavə Bab, Şirazın özündə, Bəndərbuşirdə və Bağdad şəhərində də bir neçə mədrəsədə təhsil etmişdir. Daha bunun anadan alim doğulduğu harada qaldı? Bir az da Bəhayi adlanan Mirzə Hüseynəlinin ana bətnindən alim doğulduğu haqqında danışacağam. Mirzə Hüseynəli gənclikdə Mirzə Nəzərəli həkimin yanında nə üçün dərs oxuyurdu? Hərgah o, doğrudan da, anadan alim gəlmişsə, onun yarım savadlı bir müəllimin yanında dərs oxuması nə lazım idi? O, Süleymaniyə şəhərində nə üçün təhsilə gedirdi? O, «rəini-[?]rəfa» sayılan Şeyx Əbdürrəhmandan nə üçün dərs oxuyurdu? Bəha özünün «İqan» adlı dini əsərini Süleymaniyə şəhərində yazmamışmı? O əsərin adı əvvəlcə «Kitab xülya» deyildimi? Biz burada istər Bab, istərsə Bəhanın anadan alim doğulduqları iddiasının batil olduğunu təyin etdikdən sonra, bəhayilikdə daha qaranlıq qalmış bir məsələni də aydın etməliyik.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-misyonerler-ve-mustesriqler
Use ← → keys to move, R for a random poem
More by this author
Bundan irəli müsəlmanların «yaxşı» oxumuş adamları ya naçalnikin, ya da ki, pristavların yanında dilmanc olurdular. Çünki o vaxt oxumuş adam az olduğundan qanacaqlı dilmanclar da az-az tapılardı, və bu sənət çox da qazanclı olduğundan müsəlmanların bu işə həvəsi çox idi. Hətta bir çoxları dilmanc olmağı pristavlıqdan, naçalniklikdən artıq bilirdilər, çünki naçalnik ilə xalqın arasında olan gizli sirlərin hamısı bu dilmancların əlində olurdu.Hərkah birisi naçalniki və ya pristavı özündən razı salmaq istəyəydi, gərək qabaqca dilmancın evinə gedəydi.
RamazanIRamazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə.
Boşboğazlar məhkəməsiNəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü.Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi.
Şahqulu bəyin nəvəsiMirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi:– Zəmanənin üzünə lə’nət!
Poems by other poets
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Çapma atını, girmə bu meydanə, a Molla![ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]Çapma atını, girmə bu meydanə, a Molla!