Page 1 of 4

İki gün bundan əvvəl çar konsulxanasında, Hacı Səmədxanın şərəfinə böyük və təntənəli bir ziyafət veriləcəyini eşitmişdim. Bu ziyafətdə bəzi mühüm xəyanətlər üçün zəminə qoyulacağı şübhəsiz idi. Ninanın burada iştirak edib-etməyəcəyi bəlli deyildi. Hər halda mən Nina ilə bu barədə danışmaq, hərgah o ziyafətdə iştirak edəcəksə, bəzi məsələləri tapşırmaq istəyirdim. Mən bu məqsədlə də faytonu qoşdurub evdən çıxmışdım.

Ninanın evinə getmək vaxtı deyildi, hələ tez idi. Şəhəri dolaşmağa qərar verdim. Məcidülmülk mağazalarına tərəf gedərkən bağ-meşə qapısında həddindən artıq camaat toplandığını görüb faytonu saxlatdım.

Tağıyev Qafqazlının boğulmuş meyidi küçəyə atılmışdı.

Mən belə bir hadisə üz verəcəyini bir gün əvvəl bilirdim, çünki Tağıyevin «Nobər» məhəlləsində həbs edilib Hacı Səmədxanın yanına aparıldığını eşitmişdim. Səmədxanın əmisi oğlu Mahmud xan öz vəzifəsini yerinə yetirmişdi. Tağıyev həqiqi inqilabçı deyildi: çətin günlərdə daima gizlənər və qərargaha dolanmazdı. Ara sakit olan kimi ağ atını minərək silahlı surətdə şəhərə çıxardı. Təbrizlilər daima şəhərdə sakitlik bərpa olduğunu Tağıyevin atlı gəzməsindən bilərdi. Təbriz dükançısı bir-birinə rast gələrkən, dadaş nə var, nə yox? – deyə soruşduqda, o birisi:

– Tağıyev gəzir, qorxmalı bir şey yoxdur! – deyə cavab verərdi.

Bunlar öz yerində, hər halda Tağıyevin belə fəci bir surətdə öldürülüb küçəyə atılması mənə çox təsir etdi: əvvəla onu bir inqilabçı deyə məhv etmişdilər, ikincisi də meyidin küçəyə atılması, Təbriz inqilabında iştirak edənlərin ruhunu öldürmək və onları qorxutmaq demək idi.

Nə isə, uzun düşünməyə dəyməzdi. Hər halda çar konsulu bu kimi intiqamlarla öz məğlubiyyətinin əvəzini ala bilməyəcəkdi.

Faytonu sürüb keçmək istərkən konsulun faytonuna rast gəldim.

Onu görən Təbriz camaatı, içərisində kimin oturduğuna diqqət vermədən özünü düzəldib, daima əyilməyə öyrənmiş başını bir daha əyməyə hazırlaşırdı.

Cürbəcür səslər eşidilirdi:

– Gədə, nə belə payız buzovu kimi bəyirirsən? Görmürsən ki, generalın faytonu gəlir?

– Gədə, bu yana çönə bilməzsənmi?

– Faytonçu bizə baxır!

– Adamın üstünə zəhm əyləşir!

Camaat bir-birini itələyib irəli soxulur, atların ayağı altına qədər irələməyə çalışırdı.

Konsulun faytonundakı Nina, bir də konsulun böyük qızı Olqa idi. Onlar məni görərkən faytonu saxlatdırdı. Konsulun qızı mənim əlimi sıxaraq, son hadisələrdən zərərdidə olmadığımı Ninadan eşidib sevindiyini söylədi.

Mən bu təsadüfdən razı qaldım, bəlkə də, bu təsadüf mənim konsulxanada verilən ziyafətə yol tapa biləcəyimə imkan yaradacaq idi.

Faytondan düşüb piyada gedirdik, faytonu yavaş-yavaş dalımızca sürürdülər.

Bir tərəfimdə Nina, o biri tərəfimdə Olqa qolumdan tutub yeriyirdi. Onların bu gediş ilə məni hansı tərəfə aparacağını bilmirdim. Biz xeyli yol getdikcə də heç bir söz danışmırdıq, üçümüz də ətrafdakı mənzərəni tamaşa ilə məşğul idik. Başını endirən, börkünü çıxarıb salam verən, təbəssümlərlə baxan, başına hərəkət verən, bizə qarşı təbrizliyə məxsus nəzakət göstərən və sairə həddindən artıq idi. Bir nəfər, əlində karandaş qızlara baxıb şeir yazan da var idi. Biz yavaş-yavaş gedirdik, şeir yazan da bizi izləyirdi. Nina məndən soruşdu:

– O, əlində qələm dalımızca gələn rəssamdır?

– Xeyr, şairdir!

– O nə yazır?

– Heç şübhə yoxdur ki, sizin ikinizdən birinizə bir qəzəl ithaf etmək istəyir.

– Nə qədər maraqlı!.. Nə yazdığını bilsəydik...

– Burada heç bir çətinlik yoxdur.

Mən şeir yazanı barmaq işarəsilə yanıma çağırdım.

O, ehtiyat edir, yaxınlaşmağa tərəddüd göstərirdi.

Yanındakılar ona ürək verdilər və onu irəli sürüdülər, mən onun gözlərində bir qorxu və həyəcan sezdim. Azərbaycanca dedim:

– Siz nə üçün bizə yanaşmaqdan qorxursunuz? Biz də sizin kimi bir adam deyilikmi?

O mənim azərbaycanlı olduğumu bildikdən sonra özünü qismən ələ aldı, təşviş və həyəcanları keçməyə başladı. O, kağızını cibinə qoymaq və qələmini gizlətmək istərkən, soruşdum:

– Siz rəssammısınız?

– Xeyr, cənab ağa, şairəm.

– Adınız nədir?

– Mirzə Davər.

– Təxəllüsünüz nədir?

– «Bina». Təbrizdə bəndəni hamı tanıyır.

– Çox pakizə, mən çox şadam ki, Təbrizdə bir şairə təsadüf etdim. Təəssüf olsun ki, yazılarınızla tanış deyiləm.

– Siz fars lisanını oxuya bilirsinizmi?

– Çox gözəl oxuyuram. Bəs siz özünüz azərbaycanlı olduğunuz halda nə üçün farsca yazırsınız?

– Türkcə şeirlərə rəğbət edən yoxdur. Adətimiz belədir. Nə edə bilərik, hökumət dilidir.

– Çox gözəl, bizim xanımlara ithaf etmiş olduğunuz bədii bir şeiriniz vardırmı?

– Tamam etməmişəm, yazırdım.

– Tamam etmək üçün çox vaxt lazımdır?

– Xeyr, beş-altı dəqiqə!

Mən Nina və Olqaya müraciətlə:

– Biz bu gedişlə hara gedirik? – deyə soruşduqda onlar:

– Mağazalara gedəcəyik, – dedilər.

Şairi onlara təqdim edərək:

– Mənim danışdığım şairdir, – dedim, – o sizin üçün şeir yazmışdır. Lakin onu tamamlamaq üçün beş-altı dəqiqə vaxt lazımdır.

Qızlara bu çox xoş gəldi. Gəncin əlini sıxarkən elə bil onun dünyası dəyişdi. O, şadlığından nə edəcəyini şaşırmışdı!

Qızlar bir cavahirsatan mağazaya girincəyə qədər, Mirzə Davər bizimlə bərabər gəldi. Orada vidalaşıb getmək istədikdə mən:

– O şeiri mənə verə bilməzmisiniz? Xanımlar yazdığınız şeirlə çox maraqlanır; lakin bilmirəm bunların hansı birisinə yazmısınız, – dedikdə o, belə cavab verdi:

– Üst dodağının sağ tərəfində kiçik qara xal olan qıza yazmışam, – dedi.

Şair Mirzə Davər şeiri mənə verib getmək istədikdə mən onu dayandırdım, ovcuna 25 manat rus parası qoyaraq:

– Bəlkə, yenə də görüşdük, – dedikdə qızlar yenə də onun əlini sıxdı. Biz ondan ayrıldıqdan sonra, camaat onun ətrafına toplandı, o, şadlığından nə edəcəyini bilmirdi. Çünki Təbriz şairi bütün ömründə bir şeirə 25 manat para aldığını görməmişdi. Tacirlərə və əyanlara yazılan şeirlər bir tüməndən artıqla mükafatlanmazdı.

Mirzə Davər Bina şeirini Ninaya ithaf eləmişdi.

Mən şeiri bəyəndim. Şeir tez yazıldığına baxmayaraq, hər halda dəyərli idi.

Bebinəm əz nəfəsi an camali-zibara,
Digər nəzər nə guşayəm behişti-huraya.
Kəsi ki, sayeyi-sərvi-tu iftədəş bərsər
Digər həvəs nəkunəd nəxli-turi tubara.
Zihsərti-ləbi-nüşət, çu mey cigərxunəm,
Bu pişi-xud nədəhəm rəh şərabi-minara
Çu tari cəng, ziçəngi-qəmət şüdəm, lağər
Əzan kəşəm çu kamança xruşu bicara.

Mən tərcümə etdikdən sonra ifadə tərzi ilə, təşbehləri etibarilə təmam əski Şərq qəzəlləri səpkisində yazılan bu xam şeiri, Nina çox bəyəndi, hətta Mirzə Davəri mükafatsız buraxdığına təəssüf elədi.

O:

– Obrazları gözəl obrazdır, – dedi, – mən birinci kərədir ki, Şərq şeirində belə obrazlara rast gəlirəm.

– Bu əski qəzəlçilik məktəbi təsiri ilə yazılmışdır, – dedim. – Hələ sən İran klassik şeirindən nə bilirsən ki?

– Yeni ədəbiyyatı ilə fəxr edən Almaniya da, bu gün şeiri, Şərqin o əski ədəbi məktəbi təsiri altında yaradır. Bir neçə gün əvvəl ən təzə yazılmış bir parçanı oxuyurdum; onda da həmin bu qəzəldə oxuduğumuz eyni sözlər təkrar edilir: «Mən bir quş olaydım, sənin pəncərənin qarşısındakı çiçəklənmiş ağacın üzərinə qonub duraydım. Mən bir bülbül olaydım ki, sən mənim səsimi eşitməkdən həzz alaydın. Mən bir ovuc torpaq olaydım ki, sən onun üzərində gəzmiş olaydın».

Mən:

– Bu barədə uzun-uzadı danışmalıyıq, – dedim, – lakin bu cavahirsatan dükanında danışılası məsələ deyildir. Başqa bir zamana buraxaq. İndi buyurun görüm bu mağazada nə işiniz vardır?

Nina konsulun qızından əvvəl cavab verdi:

– Bu gecə böyük bir ziyafət vardır, haman ziyafətdə bütün konsullar iştirak edəcəkdir. Olqa orada iştirak etməyə hazırlanır, lakin layiqli sırğaları yoxdur. Mağazaya sırğa almaq üçün gəlmişdir.

Sonra da Olqanın özü danışaraq:

– Siz cavahir işində ustasınız, bu sizin sənətinizdir, rica edirəm, mənim üçün bir cüt sırğa intixab ediniz, – dedi.

Mən:

– Təəssüflər olsun ki, son hadisələr nəticəsində ticarəti hələlik dayandırmışıq, lakin yolda olan mallarımız yaxın zamanlarda gələcəkdir. Hələlik burada bir şey taparıq. Lakin mallarımız gəldikdən sonra, əvəz etmək də mümkündür. Nina üçün də İtaliyada xüsusi sırğa sifariş verilmişdir. Orada sizə layiq dəyərli şeylər də vardır.

Olqa eşitdiyi sözlərə inanmırdı, o mənim özünə bu qədər hörmət bəslədiyimi bilmirdi, buna görə də əlimi təkrar olaraq sıxır və mənə təşəkkür edirdi.

Mən mağazaçıya yanaşaraq:

– Xanım üçün nəfis sırğa lazımdır. Hərgah İtaliyada tökülmüş olursa, daha məqbuldur, – dedikdə o:

– Varımızdır! – deyə bir cüt qayət nəfis sırğa gətirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets