Misyonerlər və müstəşriqlər
Page 3 of 3 · 67%
Mir Əsədulla qızğınlıqla:
– Yanılırsınız, – dedi.
– Mən yanılmıram! Bütün bu dediklərimi, Bəha və Əbdülbəha dininin imperialist dövlətlər əlində alət olduğu iddiasına aid sübutları, Əbdülbəhanın öz əlilə yazdığı «səyyah» sərlövhəli məqalədə daha aydın oxumaq olar.
– Siz onu oxumuşsunuzmu?
– Bəli, oxumuşam!
– Əcəba, siz bu cəhətlərə diqqət verərkən Həzrət Əbdülbəhanın başqa-başqa təalimınə diqqət vermədinizmi?
– Hansı təalimınə?
– Əbdülbəha iştirakiyun əqidəsini Marks və Engelsdən qabaq meydana atmamışdırmı?
– Belə deyil! – dedim. – O deyir ki, biz iştirakiyun firqəsi kimi, dini mədəniyyətə zidd hesab etmirik, çünki əsası din üzərində qurulmayan mədəniyyətin axırı ixtilaldan ibarətdir. Bunu «Fəraid» adlı bəhayi əsərinin 541-ci səhifəsində oxuya bilərsiniz. Bəhayilik sosializm yox, sosializmə qəti meyili olmayan, tamamilə monarxizmi təbliğ edən bir təşkilatdır. Bəhayi dininə sadiq olanlar isə əksəriyyətcə böyük-kiçik tacir, ehtikarçı, dükançılardır. Bəhayiliyin monarxizm tərəfdarı olduğu haqqında da bunu deyə bilərəm ki, bu dinin baniləri vərasət və xanədançılıq rəsmiyyəti ilə din rəyasətinə keçirlər. İlk əvvəl Bab, Babdan sonra Bəha, Bəhadan sonra Əbdülbəha və habelə bir-bir hökumət başına keçməkdədirlər. Hələ özünün marksizmi intişar etdiyi iddiasında olan Əbdülbəha, tam mənasilə monarxist bir şəxsiyyətdir və mütləqiyyətçi hökumətlərlə də dostanə əlaqə saxlamaqdadır. Əbdülbəha çar Nikolaya yazdığı lövhəsində: «Yarəb, işıqlı olan Rusiya hökumətinə kömək elə» demişdir. Əbdülbəha Məmmədəli şah haqqında yazdığı lövhəsində xəbəriniz vardırmı nə yazır? Məmmədəli şah taxta oturduğu zaman «nazik» eylədiyi «lövhədə» bütün bəhayilərə belə bir müraciətdə bulunmuşdu: «Ey əhibba! İranda Məmmədəli şah əleyhinə başlamış inqilaba qoşulmayınız! İran taxtı adil bir padşaha qismət oldu. Ey əhibba! İranda heç bir firqəyə qoşulmayın, heç bir əncümən və siyasi qruplarla yoldaş olmayın. Səltənətə xidmət edin!» İndi siz bəhayiliyin təmamən monarxist bir təşkilat olduğuna inandınızmı? Cənab Seyid məni məzun buyurarsa, bir az da Bəha və Əbdülbəhanın atdığı başqa şüardan danışardım.
Bu sözümə Mir Əsədulla cavab vermədi. Mənsə buna baxmayaraq, sözümü bitirməli və zərbəni tamamlamalı idim:
– Əbdülbəhanın təaliminda göstərildiyinə görə dünya xalqlarını birləşdirən vasitələrdən birisi də, ümumi dil və ümumi yazı məsələsidir. Halbuki bu Bab və Bəhadan daha əvvəl meydana atılmış bir fikirdir. Esperanto dili və yazısı tərəfdarları, dünya sülhünü dillərin və yazıların süni surətdə birləşməsində görmüş və bu barədə bir kitab da nəşr etmişlərdir.
Mən sözümü bitirmişdim. Müstəşriq Hertman Mir Əsədullaha belə bir sual verdi:
– Bəhayilik elm və evlad tərbiyəsi işlərinə nə nəzərlə baxır?
Mir Əsədulla gülümsünərək:
– Qoyun, ağa bu barədə söyləsin, – deyə cavab verdi.
Mən:
– Hərgah cənab Seyid icazə verirsə, mən bəhayiliyin elm və evlad tərbiyəsinə dair nəzəriyyəsi haqqında danışa bilərəm, – dedim.
– Bəha öz təaliminda «fənsiz, yəni fəni ilə əlaqədar olmayan din lazım deyildir» demişdir. Bu sözləri tez-tez «nazil» buyurduğu lövhələrin hamısında təkrar edir. Lakin onların «Kitabi-Əqdəs»ləri tamamilə bu fikrin əleyhinədir.
Mir Əsədulla yerindən danışdı:
– Burası böhtandır! – dedi.
– Mən heç vaxt böhtan söyləməmişəm, yenə də söyləməyəcəyəm. «Kitabi-Əqdəs»dəki bir ayəni sizin xatırınıza salmalıyam. Orada yazır ki: «Əlləmə zurriyyətəkum ma nəzələ minəssəma ülüzəmətü». Yəni evladınıza böyük sənalardən nazil olanları öyrədiniz (yaxud oxudunuz). İndi mən sizə sual verirəm, dini kitabların hansı birisində fənnə aid bir kəlmə vardır? Yaxud bəhayiliyin öz dini əsərlərində bir kəlmə də olsa bu barədə yazılmışdırmı?
– Yox Əbdülbəhanın bütün əsərləri, insanları əxlaq dərsinə təbliğ edir. Əbdülbəha yaxşı yaza bilir və öz dinçilərinə də tövsiyə edərək yazır: «Elmin əsası yazıdan ibarətdir. Yazı elmin paltarıdır». Həqiqi bəhayilərdən heç birisi evladını elm və fənnə, xarici dillər öyrənməyə buraxmamışdır. Onlar bəhayi uşaqlarına məxsus məhdud proqramlı xüsusi məktəblər açmışlar ki, bu da xristianlıqda olan kilsə məktəblərinin eyni deməkdir.
Ağa Mir Əsədulla bu sözlərdən sonra bir misal gətirdi və dedi:
– Günlərin birində, həzrəti İsa öz həvariyyuni ilə gedirdi. Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü. Həvariyyun burnunu tutub dedi ki: «Baxın köpəyin nə qədər murdar qoxusu gəlir». Həzrəti İsa onlara cavab verdi və dedi ki, insanların ən fəna xasiyyətlisi odur ki, bir şeyin daima fəna tərəflərini axtarar. Siz nə üçün qoxumuş köpəyin ağ və təmiz dişlərini görmədiniz? İndi də, cənab ağa, bizim müsbət tərəflərimiz haqqında heç bir söz buyurmadınız, halbuki Bəha və Əbdülbəha dinində qadın və izdivac məsələsi lazımınca həll edilmişdir. İndiyə qədər heç bir peyğəmbər Bəhanın və Əbdülbəhanın qadına verdiyi hüququ verə bilməmişdir, – dedikdə mən:
– Doğrudan da, mən bəhayilikdə qadın və izdivac məsələlərinə toxunmamışdım, çünki burası bəhayiliyin ən xəstə cəhətidir. Əfv edərsiniz – dedim. – Mən qadın və izdivac məsələlərinə toxunmaqdan utandım. Əvvələ orada çox qabalıqlar vardır, ikincisi də miss Hannanın burada olması qadın haqqında açıq danışmağıma imkan vermədi.
– Əcəba, bir söz ki, peyğəmbərin kitabında yazılmışdır, onu demək və dinləmək bir qüsurmudur?
– Rica edirəm. Əbülhəsənbəy, yenə də rica edirəm, mübahisəni yarımçıq qoymayın!
– İndi ki, miss Hanna icazə verir və cənab Seyidin özü də bu barədə danışmağı tələb edir, bir neçə söz danışmaq lazımdır, – dedim.
Mir Əsədulla isə:
– Lakin bütün dedikləriniz dini kitaba əsaslanmalıdır, – dedi.
– Sizə söz verirəm. Bəhayi şəriətində olmayan bir söz deməyəcəyəm. Bəhaullah «Kitabi-Əqdəs»də izdivac məsələsindən danışdığı vaxt belə yazır: «Sizə haram oldu atalarınızın qadınına evlənmək». Bunu Bəha ərəbcə yazmışdır. Məhəmmədin Quranında qadın barəsində belə bir əmr vardır. Lakin Məhəmməd evlənmək cayiz olmayan qadınların hamısını tamamilə göstərmişdir. Bəha isə yalnız «analarınızla evlənməyin!» demişdir, burada xalq belə düşünə bilər: Bəhayilik dinində olan kişi anadan başqa bacı, bacı qızı, qardaş qızı, xala, bibi, hətta öz qızı ilə belə evlənə bilərmiş. Doğrudan da, hərgah bugünkü bəhayilər bu saydıqlarımızla evlənmək istəmirsə, onlar həqiqi bəhayi deyil! Mən bunu da təkrar etməliyəm ki, Bəhanın «Kitabi-Əqdəs»də yazdığı «analarınızla evlənmək sizə haram oldu» sözləri, bəhayi xalqı arasında böyük bir narazılıqla qarşılandı və Bəha özünün «Sual-cavab» adlı əsərində narazı olanlara belə cavab verdi: «Mən «Kitabi-Əqdəs»də ancaq analarla evlənməyi haram buyurdum, qalanlara evlənmək işi isə «beytülədl» borcudur». İndi bir az da bəhayiliyin qadınlara verdiyi hüquq məsələsindən danışalım. Bəhaullah «Kitabi-Əqdəs»də deyir ki, «qılman hökmünü verməkdən həya edirik». Bu hökmü ilə Bəhaullah öz dinini daşıyanlara, qadınlardan başqa gözəl gənclərlə yaşamaq imkanı da yaratmışdır. Bunun üstündə böyük mübahisələr açıldı. Bəhaullah tənqid edildi. Yenə də Bəha cavabında məsələni «beytülədl»ə həvalə elədi. Bəha dinində bir qız, yaxud bir qadınla qeyri-rəsmi əlaqədə bulunan hər kəs olursa-olsun «beytülədl»ə 9 misqal altun verməlidir. Qadın azadlığı haqqında danışan Bəha Tehranda bəhayilər tərəfindən açılmış «qadın azadlığı» adlı cəmiyyəti öz təşəbbüsü ilə qapatdı. Bu məsələ Avropa və Amerika mətbuatı səhifələrinə keçdiyi zaman, Bəha öz ailəsinin açıq şəkillərini çəkdirib dərc olunmaq üçün mətbuata göndərdi. Çox gülməli burasıdır ki, haman şəkillərin Şərq məmləkətlərinə göndərilməsi qadağan edilmişdi. Zənnimcə, bu dediklərim kifayətdir. Onsuz da sizin və cənab Seyidin rahətini pozdum.
Mübahisəmiz bitdi, söhbətin mövzusunu dəyişdik, gecə saat on ikidə vidalaşıb miss Hannanın evindən dışarı çıxdıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-misyonerler-ve-mustesriqler
Use ← → keys to move, R for a random poem
More by this author
Bundan irəli müsəlmanların «yaxşı» oxumuş adamları ya naçalnikin, ya da ki, pristavların yanında dilmanc olurdular. Çünki o vaxt oxumuş adam az olduğundan qanacaqlı dilmanclar da az-az tapılardı, və bu sənət çox da qazanclı olduğundan müsəlmanların bu işə həvəsi çox idi. Hətta bir çoxları dilmanc olmağı pristavlıqdan, naçalniklikdən artıq bilirdilər, çünki naçalnik ilə xalqın arasında olan gizli sirlərin hamısı bu dilmancların əlində olurdu.Hərkah birisi naçalniki və ya pristavı özündən razı salmaq istəyəydi, gərək qabaqca dilmancın evinə gedəydi.
RamazanIRamazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə.
Boşboğazlar məhkəməsiNəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü.Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi.
Şahqulu bəyin nəvəsiMirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi:– Zəmanənin üzünə lə’nət!
Poems by other poets
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Çapma atını, girmə bu meydanə, a Molla![ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]Çapma atını, girmə bu meydanə, a Molla!