Misyonerlər və müstəşriqlər
Page 2 of 3 · 33%
Mir Əsədulla şaşırmış bir surətdə soruşdu:
– O hansı qaranlıq məsələdir?
– Təəssüf edirəm ki, biz bu məsələni həll etmək üçün yenə də sizin «Bəyan» və «İqan» adlı dini kitablarınıza müraciət etməliyik. Hərgah cənab Seyid icazə verirsə, bu məsələ ətrafında bir qədər danışardım.
Mir Əsədulla:
– Rica edirəm, – dedikdə, miss Hanna və müstəşriq Hertman da o sözü bir neçə kərə təkrar etdi.
– Əvvəlcə Bab və Bəhanın kimliyi və dini siması haqqında danışmalıyıq. Necə ki, Bab, elə də Bəha öz əsasını islamiyyətin bir təriqəti, hətta mübahisəli və ixtilaflı olan bir şöbəsi üzərində qoymuşdur. Bunların hər ikisi şiələrin bir imamı kimi zühur etməyə məcbur idi, çünki Məhəmməd deyir ki, mən axırıncı peyğəmbərəm, buna görə də peyğəmbər namilə gələn hər bir kəsə yalançı deyəcəklərdi. Cənab ağa, dediklərim doğrudurmu?
– Bəli, doğrudur.
– Bunlar bir imam kimi zühur etdikdən sonra, peyğəmbər olmaq üçün, öz dini kitablarında belə bir şüar buraxdılar: «Allahın nuru hər əsrdə bir nəfərin simasında zühur etdi, əvvəlcə Musa, ondan sonra İsa, İsadan sonra Məhəmməd və Məhəmməddən sonra mən gəldim». Cənab ağa, bunlar doğrudurmu?
– Bəli, doğrudur.
– Çox gözəl. İndi buyurun görək Bab və Bəhanın Allah olduğuna nə isbatınız var?
– Onlara Allah demirik.
– Deyirsiniz. İcazə verin Babın «Bəyan» kitabında yazdıqlarından bir neçə cümləni sizə xatırladım! Bab yazır ki: «Hər kəs Adəmi, Nuhu, Samı, İbrahimi, İsmayili, İsa, Şəmun və sair peyğəmbərləri görmək istəyirsə, məni görməlidir. Məhəmməd və Əli də mənəm (Məhəmmədəli Bab); Həsən və Hüseyn də məndən ibarətdir». Tutalım ki, bunların hamısı doğrudur. Bu sözlərə inanmaq da mümkündür. Çünki Bab da xariqüladə və fövqəltəbii bir sima olmadığı kimi, onun saydığı peyğəmbərlərdə də o xariqüladəlik yox idi, bunu açıq söyləmək kafirlik və dinsizlik də deyildir. Çünki Məhəmmədin özü də kitabında yazır ki: «Mən də sizin kimi bir bəşərəm». Lakin Bab peyğəmbər olmaqla da kifayətlənmir, o «Bəyanda» yazır ki: «Mən Allaham». Vaxta ki, Allah bir bəşər şəklində zühur etmişdir, o vaxt Allahda da bəşərə məxsus bütün xüsusiyyətlər mövcud olmalıdır. Yəni evlənmək, yemək, içmək, yatmaq, ölmək və sairə, «İqan»da bunu daha da aydın yazır. Orada deyir ki: «Babın məqamı, niyabət, xilafət, imamət deyildir. Bu zühur Allahın zühurudur. Bu zühur, səltənəti-ilahiyənin yerlərdəki zühuru deməkdir. Bəha xudayi-mütləqdir. Yerin, göyün xaliqidir. Tur dağında Musa ilə danışan da Bəhanın özüdür». İndi həmin bu cümlələrə istinadən sizə bir sual verirəm: «İqan» və «Bəyan»dakı bu xəbərlərə siz inanırsınızmı?
– İnanmalıyıq!
– Bab, doğrudan da, Allahın zühurumu deməkdir?
– Bəli!
– Bu halda sizin və ya müsəlmanların əqidəsincə gözə-görünməyən Allah harada qalır? O yenə də eyni vəziyyətindəmi davam edir? Yaxud tamamilə gözəgörünməz Allahlıq pərdəsini ataraq yerlərəmi köçür?
– Xeyr, gözəgörünməyən Allah yenə də öz əski vəzifəsində, öz əski varlığında qalır.
– İndi burada sizə bir sual da verirəm: müsəlmanların əqidəsincə Allaha şərik qərar verən dindən xaricdir. Buna siz nə deyirsiniz? İki Allah ola bilərmi?
– Xeyr, ola bilməz.
– Bu halda sizin öz dediklərinizə istinadən belə bir nəticə çıxarmalıyıq ki... Doğrusu bunu demək böyük cəsarətdir.
– Fikrinizi söyləyin.
– Allaha şərik qərar verən bəhayilər və özünü Allah hesab edən Bab kafir və onların dini kitabları isə batil kitab hesab olunmalıdır. Hərgah Bab və Bəhada fövqəltəbii bir xüsusiyyət zühur etsəydi, bəlkə də, avamlar və həlalik din təsirindən çıxa bilməyənlər, onun ətrafına toplana bilərdi.
Ağa Mir Əsədulla:
– Vardır. Babda və Bəhada bəşərdə görünməyən xüsusiyyətlər vardır. Bu barədə sizi qane edə bilərəm, – dedi.
Şam süfrəsi salındı. Süfrə başında Ağa Mir Əsədullanın halı özündə deyildi. Çünki o, müstəşriqin yanında nüfuzunu itirmiş, bununla da müstəşriqi bəhailiyə təbliğ etmək imkanları bərbad olub getmişdi.
Süfrə başından çəkilib çay içməyə keçmişdik; mən də, Ağa Mir Əsədulla da mübahisədən boyun qaçırmaq istəyirdik.
Mən işi çox da dərinləşdirmək istəmirdim, çünki Ağa Mir Əsədulla müstəşriqlə bərabər miss Hannanın ziyafətinə gəlmiş əziz qonaq hesab olunurdu. Mən onu təhqir etmək fikrində deyildim. Lakin miss Hanna müstəşriq Hertmanla bərabər mübahisənin davamı üçün israr edirdilər.
Onlar əvvəlcə mənə müraciət etdilər, lakin mən bir söz bilməyəcəkdim. Çünki keçən mübahisəmizdə Ağa Mir Əsədulla Babda Allaha məxsus bir süfət olduğunu isbat edəcəyinə söz vermişdi, buna görə də əvvəlcə söhbəti o başlamalı idi.
Mən Ağa Mir Əsədullaya müraciət edərək:
– Mən çox rica edirəm ki, Babda Allahlığa məxsus nə süfət olduğundan danışasınız.
Mir Əsədulla:
– Xeyli xub! – dedi. – Mən bu barədə sizə eşitmədiyiniz bir çox həqiqətlər söyləyəcəyəm. Bunu bilməlisiniz ki, Babın dediyi sözləri heç bir peyğəmbər deməmişdir. Bab bəşəriyyəti siniflərə ayırmır, o bütün bəşəriyyətin qardaşlığını vəd edir. Bab deyir ki, dünya, ancaq mən gətirdiyim dinin vasitəsilə həddi-buluğa yetişəcəkdir. Babın dini dünyada nəşr edildiyi zaman millətlər arasında din və məzhəb ixtilafı qalmayacaqdır. Bab dini, millətlərin arasında ixtilaf və ədavəti məhv eləyəcək və mədəniyyət Bab dininin möhkəm əsasları üzərində qurulacaqdır.
Bu sözləri dedikdən sonra Ağa Mir Əsədulla mənə müraciət etdi:
– Buna nə deyə bilərsiniz? Bunları indiyə qədər hansı bir bəşərin dilindən eşitmişsiniz?
– Bu sözlərdə Allahlığı göstərə biləcək bir xüsusiyyət yoxdur. Bunlar Babdan daha əvvəl ortalığa sürülmüş bir məsələdir, lakin bir fərqlə ki, ta keçmiş zamandan ən böyük insanlar bəşəriyyətin arasındakı ixtilafın təsviyə olunması üçün dinlərin təsviyəsini lazım bilir. Bab isə yenə də bəşəriyyətin qarşısına yeni bir din qoymuş olur.
Ağa Mir Əsədulla bir az duruxdu. Fikrini isbat edə bilmədiyindən pərt olduğu halda mənə belə bir sual verdi:
– Hərgah Bəha və Babda Allahlıq qüvvəti yox idi, bəs necə oldu ki, iki nəfər adi və sadə adamın gətirdiyi din bütün dünyaya yayıldı?
Mən cavab verdim:
– İranlılar islamiyyəti qəbul etdikləri vaxt, onun içərisinə xüsusi bir etiqad olaraq şiəliyi daxil etdilər.
Şiəlik bayrağı altında qüvvətli bir səltənət quran səfəvilər aralıqdan çıxdıqdan sonra İran hökuməti səyasət və iqtisadca iflas etməyə və mövqeyini qonşu dövlətlərə təslim etməyə başladı. Qüvvətli bir hökumət səyasətini istinad etməyən şiəlik, iflasa varmış olan İran məmləkətinin fikri həyatında dərin və qorxulu şaşqınlıqlar toxumu saçmağa başladı. Bəhayilik də şaşqınlıq ifadələrindən biri idi. Şiəlikdən siyasi intibah və mədəniyyət ünsürlərinin yoxluğunu təyin etmiş olan İran ziyalılığının, Babın gətirdiyi dinə böyük ümidlər bəsləməsi, bu dindən inkişaf, əsaslı bir yenilik və tərəqqi gözləmələri, bəhayiliyin intişarının əsas səbəbi oldu. Doğrudan da, bəhayilik intişara başladıqda, bir çox narazı və hökumətlə barışmayan şəxslər bu yolun ətrafına toplandı. Babın şagirdləri Mazandaran, Tehran, Zəngəndə hökumət əleyhinə qalxdıqları zaman, hökumətin zülmündən və yerli hakimlərin soyğunçuluğundan təngə gəlmiş bazar əsnafı və narazı ünsürlər də tamamilə Babın dəstəsinə qoşulmuş oldu. Şirazda, Çəhrikdə hökumət qoşunu ilə babilər arasında başlanan mübarizədə xeyli qan töküldü. Babın müridi Molla Məhəmmədəli Mazandaran şəhərini iflasa varmış bazar əsnafının yardımı nəticəsində ələ aldı. Bu cəhət Bab dininin yayılmasına yardım verən birinci və mühüm bir şəraitdi. İkinci şəraiti söyləməyə lüzum vardırmı?
Müstəşriq qalxıb əlimdən tutdu və Ağa Mir Əsədullanın özü də:
– Mən çox şad oluram ki, bir nəfər avamla deyil, ziyalı bir gənclə mübahisəyə başlamışam, – dedi. – Sizin bəhayiliyə nisbətən rəğbətiniz olmasaydı, bəhayiliyi olduğu kimi öyrənə bilməzdiniz. Aralıqda buraxdığınız bəzi səhvlərə gəldikdə, ümid edirəm Həzrəti Əbdülbəhanın səfayi-batinilə onları da islah edəcək və həqiqi bəhaliliyi qəbul edəcəksiniz.
İndiyə qədər bəhayiliyi sevə-sevə tərif edən və o dinə rəğbət bəsləyən miss Hanna, artıq bəhayilikdən üz çevirməyə hazır olan bir adama oxşayırdı.
O, maraqla mənə:
– İndi Bab dininin intişarının ikinci səbəbini deyin, – təklifi ilə müraciət etdi. Mən də bəhayiliyə yeni bir zərbə vurmağa başlayıb dedim:
– XIX əsrdə, Rusiya hücumlarını rəf etməklə məşğul olan Osmanlı sultanları, İran məmləkətinə qarşı hücumlarını dayandırmağa məcbur olmuşdu. Özünü Osmanlı nüfuzu altından qurtarmış olan İran, artıq Rusiya və İngiltərənin siyasi intriqalarına meydan olub qalmaqda idi. İranla fikri ixtilaflara səbəb olaraq hökumət ərkanının həmrəyliyini pozan və onların nəzərini mühüm siyasi məsələlərdən çəkib onları boş, dini münazəə və münaqişə ilə məşğul edən və buna görə də, ümumiyyətlə, ölkənin həyat, müdafiə və tərəqqi qabiliyyətini şikəst edən Babın zühuru, əcnəbi müdaxiləsi üçün əlverişli bir hadisə idi. Bunu, Rusiya və göstərdiyimiz səbəblərə görə, İngiltərə müstəmləkəçiləri də alqışlamaya bilməzdi. Cənubi İranda ingilis müstəmləkəçiliyinə yardım verən Bab zühur etdiyi vaxt, Rusiya səfiri də Mirzə Hüseynəli Nurini Tehranda peyğəmbərliyə hazırlamaqda idi. Mirzə Məhəmmədəli və Mirzə Hüseynəli Nurinin öz çıxışları belə daima əcnəbi intriqasına meydan olmuş hüdud şəhərlərində başlayırdı. Bab Təbrizdə güllələbaran edildikdən sonra, Bəhaullahı da Nəsrəddin şah Tehranda həbs etdirdi. Bəhaullah həbs edildikdə Rusiyanın Tehran səfiri açıqdan-açığa işə müdaxilə ilə onun azad edilməsini tələb elədi. Bəhaullah azad olur-olmaz Tehranda Rusiya səfarəti onu təntənəli bir surətdə qəbul etdi və Bəhaullah uzun zaman rus səfarətxanəsində qonaq süfətilə qaldı. Bundan da əvvəl Bəhaullahın rus səfarətilə sıx əlaqəsi var idi. Onun qardaşı Mirzə Həsən belə rus səfarətinə xidmət edirdi. İran hökumətinin tələbi üzrə, İngiltərə – Rusiya dövlətləri arasında aparılan müzakirə nəticəsində Bəhaullahın Bağdad şəhərində təbid edilməsi qərara alındı. Rusiya səfiri Bəhaullah üçün təntənəli bir müşayiət düzəltdi və rus səfarətinin ən məsul işçilərindən birisi onu Bağdad şəhərinə qədər müşayiət elədi. Bəhaullah Bağdada getdikdən sonra Osmanlı hökumətinin təlimatı üzrə imam Hüseyn ziyarətinə gedən şiələr arasında mürid toplamağa başladı. Bu münasibətlə də İran, Kürdüstan və İraq hüdudları bəhayi təbliğatının qorxusu altında qaldı. İran hökuməti osmanlılarla olan Bağdad müqaviləsini əsas tutaraq, Bəhanın köçürülməsini tələb etdi. Nəticədə də Bəha Əlirnə vilayətinə köçürüldü. Bəhayi rəhbərləri arasında düşən dini ixtilaf nəticəsində Türkiyə hökuməti Bəhaullahı Heyfə şəhərinə göndərdi. Bu gündən etibarən də Fələstini türklərdən qoparmaq istəyən ingilislər, Bəhanın təlimatından istifadəyə başladı. Açıqdan-açığa müstəmləkəçi dövlətləri müdafiə etməsi, Bab kimi, Bəhaullahın da İran satqınlarının və Şərqə yalnız bir müstəmləkəyə baxan kimi baxan Qərb imperialistləri arasında nüfuzunu qaldırdı. İndi bəhayiliyin tamam imperialist dövlətlərin mənafeyini gözləyən, gizlin və siyasi bir təşkilat olduğu da heç kəsdən gizlin deyil!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-misyonerler-ve-mustesriqler
Use ← → keys to move, R for a random poem
More by this author
Bundan irəli müsəlmanların «yaxşı» oxumuş adamları ya naçalnikin, ya da ki, pristavların yanında dilmanc olurdular. Çünki o vaxt oxumuş adam az olduğundan qanacaqlı dilmanclar da az-az tapılardı, və bu sənət çox da qazanclı olduğundan müsəlmanların bu işə həvəsi çox idi. Hətta bir çoxları dilmanc olmağı pristavlıqdan, naçalniklikdən artıq bilirdilər, çünki naçalnik ilə xalqın arasında olan gizli sirlərin hamısı bu dilmancların əlində olurdu.Hərkah birisi naçalniki və ya pristavı özündən razı salmaq istəyəydi, gərək qabaqca dilmancın evinə gedəydi.
RamazanIRamazan sözü müsəlmanlarda oruc ayının adıdır. Amma bir adət də vardır ki, müsəlmanlar müqəddəs ayların adını adamlara da qoyurlar. Məsələn: məşədi Ramazan, kəblə Məhərrəm, Namazəli, Orucəli və qeyrə.
Boşboğazlar məhkəməsiNəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü.Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi.
Şahqulu bəyin nəvəsiMirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi:– Zəmanənin üzünə lə’nət!
Poems by other poets
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Çapma atını, girmə bu meydanə, a Molla![ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]Çapma atını, girmə bu meydanə, a Molla!