Page 2 of 2 · 50%

Qəmli bir səs Jenyanı düşüncəsindən ayırdı. O səs Vladimirin səsi idi. O, qadınından aldığı məktubu Jenyaya verərək:

– Alın oxuyun, — dedi — burada bir gizlin söz yoxdur.

Jenya da məktubu alıb oxudu:

«Əzizim və sevgilim Volodya! Mən də, Vitka da salamat yaşayırıq. Mənim ikinci məktubumu almamış məktub göndərmə, çünki məni olduğum evdən çıxartdılar. Ağanın oğlu məni rahat buraxmadı. Mən bu barədə ağaya və xanıma şikayət etdim, xanım bunun üçün mənə acıqlandı və işdən çıxarıb qovdu. Belə məlum olur ki, onlar oğlanlarının xəstə qadınlarla gəzməməsi üçün cavan ev qulluqçuları saxlayırmışlar. Volodya, sən heç də əsəbiləşmə. Mən ölsəm də o cür namussuz işlərə yol verməyəcəyəm. Volodya, sən yazmışdın ki, mənim paltarlarımı sat, uşağa xərclə, mən acından ölsəm də sənin paltarlarını sata bilməyəcəyəm. Fikrim, yığışıb Piyanibor kəndinə getməkdir. Orada bibim qızı vardır. Bir təhər yaşaya bilərəm. Hazırda kilsə həyətinə köçmüşəm. Bu gün keşişin əmrinə görə diyak qorodovoyu gətirib məni həyətdən çıxarmaq istədi. Bir gün möhlət aldım. Piyanibora getmək üçün üç manat yarım pul lazımdır. Bir dənə artıq balış ilə ayaqqabını satdım, köçüb gedirəm. Kağızımı gözlərsən. Sənin Zinan.

25 iyul 1902-ci il».

Jenya məktubu oxuduqdan sonra, qaytarıb Vladimirə verdi.

– Belədir, — dedi, — hökumət heç vaxt yoxsul ailələrdən yığdığı soldatların ailə vəziyyətini nəzərə almır. Çar üçün yalnız soldat özü lazımdır. Soldatın ailəsi necə dolanır, nə yeyir — bu onun vecinə deyil. Vladimir, heç şübhə yoxdur ki, sən Rusiyadakı tətilləri və inqilabi hərəkatı eşidirsən. Tətillər və inqilabi hərəkatlar ona görə olur ki, xalqa edilən zülm get-gedə şiddətlənir. Gedən mübarizə minlərlə Volodyaların bədbəxt Zinasına azadlıq vermək üçündür.

Vladimir bu cür sözü heç də Jenyadan gözləmirdi, buna görə də onu heyrət götürdü. Jenyanın gözlərinə baxaraq:

– Doğrudur, — dedi, — mən Bakı qarnizonundayam. Hərdənbir qışlamıza intibahnamələr atırlar, onlardan mənim də əlimə keçir. Sən belə intibahnamələrlə maraqlanırsanmı?

– Sən özün necə, maraqlanırsanmı?

– Maraqlanmasaydım, o cür qorxulu bir şeyi yanımda gəzdirməzdim.

– Onu nə üçün öz yanında gəzdirirsən?

– Yeri düşdükcə, lazımi adamlara oxumaq üçün.

– İndi o sənin yanındadırmı?

– Yanımdadır, oxumaq istəyirsənmi?

– İstəyirəm!

Vladimir uzunboğaz çəkməsinin üzü ilə astarı arasında gizlətdiyi intibahnaməni çıxarıb Jenyaya verdi. Jenya onun məzmununu oxumamışdan bilirdi, çünki Ladonun təşəbbüsü ilə düzəldilmiş və gizli mətbəədə çap olunmuş vərəqələri götürüb lazımi yerlərə özü paylamışdı.


Jenya Vladimir ilə olan tanışlığı barəsində Lado və sair yoldaşlara danışdı və gələcəkdə necə rəftar edəcəyi haqqında göstəriş aldı.

Jenya ikinci bazar günü yenə də Vladimir ilə görüşdü. Vladimir Jenyanı öz yoldaşları ilə tanış etdi.

Bu gün onlar qərara aldılar ki, bir yerdə toplanıb danışsınlar.

Onlar vaxtı təyin etdikdən sonra, ayrılıb Bibiheybət dağında çağırılmış iclasa getdilər.

Jenya da Əsgər, Vasya, Ayrapet və sair yoldaşlarla bərabər Bibiheybət dağına yola düşdü.

Yığıncağa gələnlərdən heç birisi söhbətə əvvəlcə başlamağa cəsarət etmirdi.

Sözə Jenya başladı:

– Bu iclas bizim inqilabi həyatımızda birinci və tarixi iclasdır.

Yoldaşlar, bütün Rusiyanın fəhlələri «Rədd olsun çarizm!» — deyə ayağa qalxmışdır. Çar hökuməti, vəziyyətin ağırlığını hiss edərək, inqilabçı xalqı öz qanı içində boğmaq çarəsini düşünməkdədir. Bu da millətlərin qardaşlığını pozmaq təşəbbüsündən ibarətdir. Yəhudi talanları inqilab hərəkatını boğmaq üçün çar polisinin düşündüyü çarələrdən biridir. Rusiyada və Polşada baş verən inqilabi hərəkatda soldatlar da iştirak etməkdə və zəhmətkeş kütlələrin hüququnu müdafiə etməkdədirlər. Bunları nəzərə alaraq, Bakı qarnizonunun soldatları zəhmətkeşlərin çıxışlarına yardım göstərməli və çar hökumətinin Zaqafqaziyada apardığı xain siyasətə qarşı çıxan qüvvələrlə əlbir işləməlidirlər.

Yoldaşlar, ancaq inqilabın qalib gəlməsilə, yüz minlərlə fəhlə və kəndlilərdən ibarət olan soldatlar mülkədar, kübar balalarından ibarət çar zabitlərinin təhqiri altından çıxa biləcəklərdir. Ancaq inqilabi hərəkatın qalib gəlməsi ilə fəhlə, kəndli azad olacaqdır, kapitalistlərin mənfəəti üçün artıq qan tökməyəcək, özünü qurban verməyəcəkdir. İnqilabın qalib gəlməsilə Sibirə və Rusiyanın başqa şəhərlərinə sürgün edilən minlərlə inqilabçılar azad olacaqdır.

Yoldaşlar, aparılan mübarizə, fəhlələri şiddətli istismardan qurtarmaq, kəndliləri həris mülkədarların zülmündən azad etmək, soldatları və onların ailələrini nəhayətsiz zülmdən qurtarmaq üçündür.

Jenya qurtardıqdan sonra Vladimir Pavlov ətraflı danışdı, soldatlar arasında inqilabi hərəkata rəğbət hisslərinin çoxaldığını bir çox faktlarla göstərdi.

Ayrapet, Vasya, Məmməd, Əsgər də söz alıb danışdılar. Sonra soldatlar sual verməyə başladılar. Sualların bir çoxundan soldatların siyasi məsələlərdən tamamilə xəbərsiz olduğu görünürdü. Soldatlar başqa millətlərlə qardaş olmaq, ümumi qüvvətlə çar əleyhinə mübarizə aparmaq sözlərinə çox təəccüblə qulaq asırdılar.

Soldatlar qışla həyatından, zabitlərin təhqirindən cana gəldiklərini söyləyirdilər.

Vladimir Pavlov və Jenya soldatların suallarına cavab verir və onları qane edirdilər.

İclas qurtardıqdan sonra yeni intibahnamələr buraxılması haqqında bir qərar qəbul edildi və iclas günləri təyin olundu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Təzə hadisələr

Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.

24 min
Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 min
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 min
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 min

Poems by other poets