Page 2 of 2 · 50%

Toğrul sarayından Atabəy meydanına qədər gələn uzun küçələrin hər tərəfində iki dəstə Azərbaycan qoşunu hasar çəkmişdi.

Toğrulun öz oğlu və vəliəhdi Məlikşah ilə bərabər saray qapısından çıxaraq rəsm-keçid meydanına gəlmək istədiyini təbillər və kərənaylar əhaliyə xəbər verdi. Bir anda iyirmi mindən artıq Azərbaycan qoşunu qılınclarını çəkib çiyninə qoydu.

Əlahəzrət valahəzrət vəliəhd ilə bərabər rəsm-keçid meydanına daxil olan kimi meydandan salam və yaşasın səsləri ucaldı. Fəxrəddinlə Əlaəddin qabaqda, dallarınca da qoşun sərkərdələri atlarını məhmizləyib qılınclarını qınlarından çıxardılar və sədaqət andı içmək məqsədilə əlahəzrətə yaxınlaşdılar. Atlılar əlahəzrəti aralığa alandan sonra Fəxrəddin atını irəli məhmizləyərək onu çiyindən yaraladı və oğlu Məlikşah ilə bərabər əsir götürdü.

Bu hadisə baş verəndən bir neçə dəqiqə sonra Toğrul tərəfdarı olan əyan, ziyalı və ruhanilərin qolları bağlanıb Atabəy sarayının zirzəmilərinə sürülmüşdü. Şəhərin Atabəy meydanında nələr olduğundan xəbər yox idi. Axşam qaranlığı düşdüyü zaman, həbsxanaların qapısını açdılar, müəyyən bir məqsədi həyata keçirmək üçün həbsə alınan Qızıl Arslan tərəfdarları azad olundu.

Toğrul tərəfdarları paytaxtdan tamamilə təmizləndi, əvvəlki həbsdən qurtarıb gizlənənlər bu dəfə son nəfərinədək ələ keçirilib həbsə alındı. Eyni zamanda Toğrulun yarasını sağaltmaq üçün həkimlər dəvət olundu. Bu hadisədən bir saat sonra Qızıl Arslanın vəziri Şəmsəddin təcili çaparla Təbrizə belə bir məktub göndərdi:

“Əlahəzrət!

Göstərişlərinizə əməl edildi. Fəxrəddin və Əlaəddin hadisəni çox müvəffəqiyyətlə təşkil etdilər.

Toğrulun yarası o qədər də ağır deyil, müalicəsinə başlanmışdır. Oğlu Məlikşah ilə bərabər Toğrul sarayında həbs olunmuşdur. Əlahəzrətin mühakiməsindən qaçanlar son nəfərinə qədər ələ keçirilmişdir. Həbsdə olanların sayı beş yüz nəfərdən artıqdır. Paytaxtda sakitlikdir. Əlahəzrətin əmrinə müntəzirik”.

Qızıl Arslan Şəmsəddinin məktubunu alan kimi təcili surətdə Şimali Azərbaycana qasid göndərib vəliəhdi Təbrizə çağırdı və bir həftədən sonra hazırlıq görüb az bir miqdar qoşunla Həmədana tərəf yola düşdü.

Vaxt ikən verilən əmrə görə məmləkətin hər tərəfindən Həmədana nümayəndələr dəvət edilmişdi.

Qızıl Arslan Həmədana gələndən bir gün sonra məmləkətə təzə padşah təyin etmək üçün müşavirə iclas çağırıldı. Qızıl Asrlan müşavirədə çıxışda bulunaraq dedi:

“Mən öz paytaxtımı Təbrizdən Həmədana köçürməyəcəyəm. Bu təşəbbüs məmləkətin gələcəyi üçün olduqca zərərlidir. Çünki hökümətimiz Azərbaycan hökumətidir. Lakin Həmədanın əhəmiyyəti də nəzərdən kənar tutulmamalıdır. Çünki burası Bağdadın qapısıdır. Buna görə də mən padşahlığa Süleyman şahın oğlu Sənceri təklif edirəm”.

Müşavirədə iştirak edənlərin hamısı bu təklifə etiraz etdi, onlar bir səslə padşahlığa Qızıl Arslanın təyin edilməsini təklif elədilər.

Xəlifədən gələn nümayəndələr də Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. Bu fikri iraqlılar da təqdir edirdi, çünki onlar Qızıl Arslanı, o, Təbrizdə olduqca məhv edə bilməyəcəkdilər. Onu daima azərbaycanlılar müdafiə edəcək və qalib çıxaracaqdılar. Buna görə də xəlifə onu Bağdadın qapısına gətirməyi və lazımi vaxtında edam etdirməyi düşürdü.

Xəlifə, Qətibənin Qızıl Arslan əleyhinə düzəltmək istədiyi təzə macəranı bilməmiş deyildi. Qızıl Arslan da məsələnin bu tərəfini çox aydın bir surətdə anlayırdı. Lakin buna baxmayaraq əksəriyyətin qərarından boyun qaçırmaq istəmədi və Azərbaycan, İraq, Fars və Rey taxt-tacını qəbul etdi.

Məmləkətlərə qasidlər, fərmanlar göndərilib Qızıl Arslanın padşahlığı xəbər verildi. Qızıl Arslan iki gündən sonra qardaşı Toğrula yoluxmaq üçün Toğrul sarayına getdi. Qızıl Arslan Toğrulun otağına girdiyi zaman Toğrul pəncərənin arasında oturub oğlu Məlikşaha Nizami şerinin məzmununu oxuyub deyirdi:

“Qalx, bu günlərə vida elə, dünya bir tələdir, o sənin ətəklərinə ilişmişdir. Bacardıqca bu tələni özündən rədd etməyə çalış. Özün üçün elə bir məmləkət düzəlt ki, hazırda yaşadığın məmləkətdən rahat və yaxşı olsun. Çalışıb bir yaxşı hücrə tapıb qapısını aç. Pəhrizkar ürəklər bu qara torpaqdan nə üçün durulmuş və təmiz su axtarırlar...

Üstündən ağır geyimi at! Yüngül paltar geyin, çünki yüngül libas geyənlər mənzil başına daha tez çata bilərlər.

Madam ki, sən bir parça tələdən ibarət olan dünyaya bağlısan, o zaman quyuya düşməmək üçün ayıq olmalısan.

Bu dünya bir-birinə bağlanmış olan mim hərfinə bənzər, bunu iki tərəfə bölmək yaramaz. Burada qədəm qoyduğun yeri öyrənməlisən. Bir iş görmək xəyalın varsa, qədəmlərini tanıdığın yerlərə qoy!

Məncə bu sel yumuş otağa əlavə bir qapı açmaq lazımdır. O zaman lazımi vaxtda çıxıb qaçmaq o qədər çətin olmaz.

İnsan gərək tülküdən də dərs alsın. O, öz heyvanlığı ilə heç bir zaman bir deşiyi olan yuvada yaşamaz, onun yuvasında iki deşik olmalıdır. O, köpəyin səsini eşidəndən bəri daima iki deşikli yuvada yaşayar.

İş görmək nəzər sahiblərinə yaraşır. Xəbərsizlərin, ruzigarın törətdiyi hadisələrdən nə qəmi ola bilər?! Bir daha sərxoş olub yatma, çünki sənin pusqunda duranlar vardır. Bu ruzigar sənin qatı düşmənidir. Onun dostluğundan əl çək! Bu yolda mənəmlik edən hər kəs sənin və mənim əleyhimə yol vuranlıq vəzifələrini bitirir”.

Toğrul Qızıl Arslanı görən kimi kağızı əlindən yerə buraxıb, acıqla Qızıl Arslana baxıb dedi:

– İndi ürəyin təskinlik tapdımı? Bütün ömrümdə mənə rahatlıq vermədiyin bəs olmadımı? İndi məni nökərlərin vasitəsilə təhqir etdirib həbsə aldırdın.

Qızıl Arslan da Toğrulun cavabında:

– Qardaşım, yaxşı düşün, bir tək sənin əsirliyin milyonlarca xalqın azadlığıdır, – dedikdə, Toğrul onun üzünə istehza ilə baxaraq əlavə etdi:

– Mən əsirlik ilə qurtardım, lakin sən ölüm ilə qurtaracaqsan. Çünki sən ölümə evlənmək üçün hazırlanırsan.

– Sən bu fikirləri başından həmişəlik çıxar! Mən ona evlənməyəcəyəm. Mən bir fitnəçini, bir də avam və yazığı bir-birindən ayırmaq üçün Qətibəni Təbrizə aparmışam. İndi, de görüm, nəyə ehtiyacın vardır?

– Mənim ehtiyacımı təmin edən şeylərin hamısı sənin özünə lazımdır.

– Padşahlıq sənə haramdır, çünki sən xalqı və məmləkəti idarə edə bilmədin. Yaxşı çoban deyilsən, qoyunları qurdların arasında paylaşdırmağa başladın, qapını açıb oğruları içəri buraxdın. Öz yaşadığın evi qonşulara bağışlamaq istədin. İnəyi özgəyə sağdırmağı düşündün. Buna görə də səni çobanlıqdan, bağbanlıqdan və xanə sahibliyindən götürdülər.

– Bunların hamısını bir tərəfə qoy, mənə tənə vurma, bu yəhərin üstündə çox pəhləvanlar oturubdur. Lakin hazırda nə at var, nə də pəhləvan qalır. Sən də bu yəhərin üstündə bir az otur. Lakin tezliklə düşəcəksən. Bunların hamısı keçib gedər, sən də keçib gedəcəksən. Lakin nə qədər ki, hökumət sənin əlindədir, mənim ailəmin rahatını pozma, onların heç bir təqsiri yoxdur.

Qızıl Arslan onun üzündən öpdü:

– Anamın oğlu, o barədə heç də düşünmə. Sənin ailən Eldəniz xanədanının ailəsinin möhtərəm nəfərləridir. Onların rahatını ancaq sənin özün pozurdun. Səninlə son dəfə görüşmək üçün gəldim. Sən mənim anamın oğlusan, elə düşünmə ki, mən padşahlıq üçün səni incitdim. Bütün ömrümdə səni bu gündə görməkdən də ağır və acı dəqiqələr olmamışdır. Lakin buna məcbur idim. Hazırda səni və oğlun Məlikşahı Kəhran qalasına köçürməyə əmr vermişəm. Rahatlığımızın təmin olunması üçün orada hər bir hazırlıq görülmüşdür. İndi də görüm yaran necədir?

Toğrul qəmgin və ümidsiz bir vəziyyətlə cavab verdi:

– Yaralar sağalar, sağalmayan yaralar başqa yaradır.

– O fikirlərin hamısını bir tərəfə buraxıb öz rahatlığına çalış, sənin və mənim yeganə bir vəzifəmiz vardır ki, o da bundan ibarətdir:

Qoy Azərbaycan xalqı gələcəkdə bizi satqınlıqda töhmətləndirməsin. Qoy xalq deməsin ki, Eldəniz xanədanı bizi həm özü soydu, həm də başqalarına soydurdu. Sən gələcəyin bu lənətlərini qazandın. Elə bilmə ki, sənin bu tarixi bədbəxtliyin məni acışdırmır.

Mən səni cəzalandırmadığım üçün tarixi bir xəyanət edirəm, çünki səni xalqın mühakiməsinə verməli idim. Sən öz günahlarını xatırlayıb onları vicdan tərəzisinə qoysaydın, öz əlinlə kəndiri götürüb öz boğazına salardın. Sən şöhrət və mərtəbə əsiri olan əxlaqsız bir qadınla birləşib öz qardaşını, Atabəy Məhəmməd kimi Şərqin məşhur bir şəxsiyyətini öldürdün. Eldənizin yurdunu kor qoydun, mənim belimi sındırdın.

Bu sözlərdən sonra Toğrul heç bir söz demədi, başını aşağı salıb ağladı. Qızıl Arslan da ayağa qalxıb qabaqca Toğrulun, sonra da Məlikşahın üzündən öpüb otaqdan çıxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəlifənin məktubu

“Damad-müəzzəm!Zamanın hadisələri xəlifeyi-ruyi-zəminin arzuları üzrə həll olundu. Xəlifə nüfuzu əleyhinə üsyan və qiyam edənlərin hamısı bir-birini əzib məğlub etdi. Onlar nəticədə xəlifənin himayəsini qəbul etməyə məcbur oldular. Gün çıxan məmləkətlərdə də baş verən ixtilaf Allah tərəfindən kömək olunmuş xəlifənin rəy və fərmanı ilə həll olundu.

6 min
Xəlifənin qasidi

Əmirin qapısında vurulan fənərlərin içindəki piy çıraqları hələlik yanırdı. Piy çıraqlarının işıqları qapıda gəzən gözətçinin kölgəsini təşkil edə bilməyəcək qədər zəif idi. İşığın əhatə edəcəyi məsafə bir neçə qədəmdən artıq deyildi. Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi.Qarovul, çiynində nizə o tərəf bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. Fəxrəddin öz adamları vasitəsilə Əmirin qarovullarına hiss etdirmədən sarayı və saray bağçasını mühasirəyə aldırmışdı. Fəxrəddinin özü də bir neçə yoldaşı ilə bərabər sarayın bağça qapısını nəzarət altına almışdı, çünki gecələri sarayla olan əlaqə ancaq bağça qapısından idi. Nədənsə bu gecə Əmirin sarayından bir nəfər də olsa dışarı çıxmamışdı.

8 min
Fəxrəddin və Səba

Dilşadın həbsə alınması xəbəri hər kəsdən artıq Səba xanımı şadlandırdı. Fəxrəddin Dilşadın tərəfindən və Səba xanımın əli ilə yazılmış saxta məktubu neçə gündü ki, almışdı. Məktubda “Səba xanımla görüşüb təfsilatı ondan soruş” yazılması Fəxrəddini heyrətə gətirmişdi. O, Dilşadın ətrafında bədbəxt bir hadisə oynanıldığını yəqin etdiyindən, Səba xanımla çox tez görüşməyə tələsirdi. Səba xanım bunu hiss etdiyi üçün Fəxrəddinin gözünə görünmür və onun görüş üçün maraq və həyəcanının artmasına çalışırdı. Lakin Dilşad həbsə alınandan sonra Fəxrəddinlə görüşmək üçün əlverişli bir fürsət ələ keçdiyini anladı və bu məqsədlə axşam çağı bütün zinətlərini üstünə taxaraq saraydan çıxdı. Fəxrəddinin çinarların kölgəsilə keçərək, saray qapısına baxdığını gördü və etina etmədən keçib getdi.Neçə günlərdən bəri Səba xanımı görmək üçün bütün vaxtını sərf edən Fəxrəddin Səba xanımı dərhal tanıdı. O, Səba xanımı bir neçə kərə görmüş, hətta onun sevgiyə dair tələblərini də eşitmişdi. Buna görə də Səba xanımı izləməyə başladı. Çox uzun-uzadı və dolaşıq küçələrdən keçib getdilər. Fəxrəddin cümə axşamı olduğunu bilmirdi, buna görə də Səbanın bu qədər uzun yolları getməsinə heç bir məna verə bilmirdi. Nəhayət, onlar qəbiristana gəldilər. Səba xanım Şeyx Salehin məqbərəsinə girib, ziyarətnamə oxumağa başladı. Fəxrəddin də onunla yan-yana durmuşdu.

6 min
Sevgi fəlsəfəsi yerinə həyat fəlsəfəsi

Nizami Fəxrəddinlə bir yerdə çağırdığı müşavirəni bitirib küçəyə çıxmışdı. O, yenə Fəxrəddinin ehtiyatsız qədəmlər atacağından qorxur və ona qəti göstərişlər verirdi.– Xəlifəyə göndərilən məktubun barəsində məsələ qaldırmaq lazım deyil. Biz əvvəldən də Əmirin oynadığı bu oyunlardan xəbərdarıq. Atabəy hökumətinin siması bəlli olana qədər Əmir İnancın məsələsini təxirə salmaq lazımdır.

16 min

Poems by other poets