Köşk-baği-müəzzəm
Page 3 of 4 · 50%
“Mən, Qətibə Əmir İnancın qızı öz cariyəm Səba xanımı mənə olan səmimi xidmətlərinə mükafat olaraq azad edirəm” – yazdı, Səba xanıma verib üzündən öpdü və əlavə olaraq soruşdu:
– İndi də görüm, Atabəyin fikri nədir?
– Atabəyin fikri qorxulu fikirdir. Mən inanıram ki, Toğrulun yanında Atabəyin adamı vardır.
– Nədən bildin?
– Mələkənin Bağdadda Toğrula yazdığı və mənim vasitəmlə göndərdiyi məktub Atabəyin əlindədir.
Qətibə bu sözü eşidərkən əlini dizlərinə çalıb:
– Məhv oldum, – dedi, – sən o məktubu gördünmü?
– Əlbəttə ki, gördüm! Atabəy məktubu göstərən kimi məni söydü və “xain cariyə, Bağdada mənim qadınımdan Toğrula məktub aparmaq üçünmü getmişdin?” – dedi.
– Sən nə cavab verdin?
– Özünüz düşünün, nə cavab verə bilərdim?
– Mənə rəhmin gəlsin, Səba! Atabəyi başdan çıxarmaq, onun şübhələrini dağıtmaq üçün fikirləşməlisən. Nə istəyirsən istə, məni bu rüsvayçılıqdan qurtar!
– Mən nə edə bilərəm? Mələkənin öz xətti ilə yazdığı məktub Atabəyin əlindədir.
– Sən bacararsan, öhdənə götürdüyün işi yerbəyer etməyə qabilsən. Hər nə istəyirsən istə!
– Ölüm üçün bir bina tikdirmək istəyirəm, yetim qızam, mənim də bir çıraq yandıran evim olsun.
– Sənə min qızıl verərəm. Razı qalarsanmı?
– Çox gözəl, bunu siz özünüz verirsiniz. Bəs Toğrul nə verəcəkdir? Siz elə bilirsiniz ki, Atabəy onun gözlərinə mil çəkdirməyəcəkdir?
Qətibə bir daha dizlərinə vuraraq:
– Xudavənda, nə böyük fəlakət! – dedi və əlavə etdi: – Hərgah bu işi öz yoluna qoysan, mən Toğrulun tərəfindən də min qızıl sənə verməyə söz verirəm.
Səba xanım daha danışmadı, sakit durdu. Qətibə onun razı qaldığını hiss edərək, ayağa qalxdı və sandığı açıb min qızıl Səba xanımın ovcuna saydı və dedi:
– Toğrul sənə min qızıl verməzsə, onu mən özüm verərəm. Sən mənə inanırsanmı?
– İnanıram.
– İndi ki, inanırsan, de görüm, məktub məsələsini nə cür düzəldəcəksən?
Səba xanım qızılları götürüb öz otağına apardı və gəlib oturandan sonra dedi:
– Şübhəsiz ki, mələkə həmişəlik Köşk-bağı-müəzzəmdə qalmayacaqdır. Sizin burada qalmağınızın müəyyən səbəbi vardı.
Qətibə tələsik soruşdu:
– Nə kimi səbəbi ola bilərdi? Mənim burada qalmağıma həbs edilməkdən başqa bir məna vermək mümkündürmü?
– Siz həbsdə deyilsiniz. Burada qaldığınızın səbəbini eşidin! Gözəl öz oğlanları ilə barabər paytaxta gələcəkdir. Atabəy sizin Gözəl ilə qarşı-qarşıya gələcəyinizi istəməmişdir, vəssalam, şüd tamam, sizin burada saxlanmağınızın səbəbi budur.
– Sən Gözəli gördünmü?
– Necə ki, görmədim...
– Onun Gözəl adlandığı gözəlliyindədirmi?
– Dünyada adına layiq insana təsadüf edilibdirmi?
– Oğlanlarını da gördünmü?
– Gördüm, yaşlarına baxmayaraq, çox böyük görünürdülər.
– Mindikləri taxt-rəvanlar təntənəlimi idi?
– Taxt-rəvan yox idi. Gözəl də, oğlanları da at üstündə idilər.
– Atabəy sarayındamı düşdü?
– Xeyr, o, Atabəydən çoxdan ayrılmışdır. Buna görə də başqa yerdə mənzil etdi.
– Atabəy onu istiqbal etdimi?
– Etdi.
– O, oğlanlarını öpdümü?
– Öpdü, lakin uşaqlar onu tanımırdılar.
– Görünür ki, o qadın ağıllı qadındır. Atabəy mənim barəmdə nə danışırdı?
– Əlində elə bir məktub olan kişi qadını haqqında nə danışa bilər?
– Bilmirəm, sən mənə kömək edə biləcəksənmi?
– Edə biləcəyəm. Şübhəsiz ki, əlahəzrət sizi Həmədana çağıracaqdır. O, məktubu sizə göstərib bu məktubu yazıb-yazmadığınızı soruşacaqdır. O zaman deyərsiniz ki, bəli, mən yazmışam, lakin Toğrula yazmamışam. Məktubu Fəxrəddinə yazıb saraya gətirmək və məhv etmək istəyirdim. Bunu bacara bilərsinizmi?
– Bacararam. Lakin Atabəy məktubun Toğrulun əlinə nə vasitə ilə düşdüyünü soruşarsa, nə deyərəm?
– O zaman deyərsiniz ki, Səba xanım Toğrula veriləcək məktubu Fəxrəddinə, Fəxrəddinə veriləcək məktubu isə yanlış olaraq Toğrula vermişdir.
Bundan sonrasını mənə tapşırın. Lakin bunu deməliyəm ki, Hüsaməddin də məni mükafatlandırmalıdır. Çünki onun barəsində olan şübhələri də dağıtmışam. Bu vəzifəni də mələkənin xatiri üçün ifa etmişəm. Atabəy həddindən artıq qısqanırdı.
Qətibə bu sözdən sonra qalxıb onun ağzından öpdü və soruşdu:
– Zəhir Bəlxi və Kəmaləddini görüb mənim sifarişlərimi yetirə bildinmi?
– Görə bildim, lakin sifarişinizi yetirə bilmədim, çünki mən Atabəy sarayının qabağına yetişdiyim zaman onları Atabəyin yanından çıxarıb həbsxanaya aparırdılar.
– Həbsxanaya?
– Bəli, onları həbs etdilər.
Qətibə bir az fikrə getdikdən sonra yenə də:
– Darmadağın dağıldıq! – dedi və fikrə getdi.
Gecə keçmişdi, Səba xanım:
– Gecəniz xeyrə qalsın! – deyib yatmağa getdi.
Qətibə isə öz yatağına çəkilərək, Həmədanda Gözəlin oğlanlarının şərəfinə verilən ziyafəti cürbəcür şəkillərdə xəyalına gətirir, onun içərisini gizli bir qısqanclığın acıları doğrayırdı. Onun yuxusu bir tikan olub göz bəbəklərini deşirdi. Yumşaq qu tükündən düzəldilmiş atlas döşək bir çaxmaq daşına dönərək onun bədənini cırmaqlayırdı. Başı üstündə yanan şamların hər birisi bir ilan şəkli alıb onun yorğan-döşəyinə atılmaq istəyirdi.
Yata bilmədi, yatağından qalxıb xələti üstünə saldı, otağın qabağındakı güllərin dibində oturdu. Lakin bu da onu təskin etmirdi.
Ətrafındakı topa qızıl güllərə baxdığı zaman bir gəncin məzarı üzərinə qoyulan əklilin qəmli təsirini alırdı: əlvan çiçəkli xiyabanlar məhv olan bir xalqın yadigarı kimi qalan köhnə qəbiristanlardan daha qorxulu və hüznavər idi.
Acığından qızarmış gözləri ilə hovuzdan havaya qalxan fəvvarələrin hovuza tökülən qətrələrinə baxdığı zaman, göydən yerə qanlı yağışlar yağdığını hiss edirdi. Ulduzların şəfəqini hovuzun güzgüsündə görüncə Yer kürəsinin dağıldığını və ulduzların suya səpildiyini zənn edirdi. Fəzanın pəncərəsindən başını çıxarıb baxan on dörd gecəlik ay da onu udmaq üçün ağzını açan bir əjdahaya bənzəyirdi. Arabir çinar ağacında oxuyaraq “haq-haq” deyən quşun səsi də onu məşğul edirdi. O “haq-haq” səsini eşitdiyi zaman deyirdi: “Dünyada haqq yoxdur, həqiqət yoxdur, onların yerində aldatmalar, şəkərə bürünmüş zəhərlər vardır”. İnsana həqiqi nəşəni verən, ürəklərin daimi çırpıntısını dayandıran, varlıqdan yorğunluq və ümidsizlik duyan ürəklərdən illərin, əsrlərin kinli tozlarını silən və arzuları nəticələndirən ancaq intiqamdır.
Mənim böyük düşmənim öz bəxtimdir. Düşmənimin birisindən intiqam ala bilmədiyim halda, iqbalım qarşıma başqa bir düşmən çıxardı. Lakin əvvəlki düşmən sonrakı düşmənimdən daha böyükdür. Çünki birincisini sevirdim, ikincisi isə məni sevdi. İkincisini məhv etmək birincisini məhv etməkdən daha asandır. Yalandır, sevgidə də həqiqət yoxdur. O məni sevirdi, and içmişdi, söz vermişdi, məndən başqasına evlənməyəcəkdi; çünki o, yaşca məndən böyük idi.
Sevgilərin nə kimi bir cövhər və nəliyi məlum olmayan bir maddə olduğunu bir fəlsəfə şəklinə salıb qızların şüuruna yeridən alimlər nə qədər alçaq imiş...
“Dünyada səbəbsiz bir şey yoxdur” – deyənlər nə qədər doğruçu, nə qədər alicənab şəxslər imiş.
O, gözəlliyə pərəstiş etsəydi, yoxsullar arasında məndən daha gözəlləri var idi. Lakin o, xəlifə ilə qohum olmaq və bu vasitə ilə məmləkətini genişləndirmək istəmişdi. Mənsə onun məqsədinin aləti kəsilməli idim. O mənim izdivacımla bir tərəfdən məmləkətlərə sahibləndi, o biri tərəfdən də gələcəyindən həyat və iqbal ümidləri bəsləyən bir qızı öz şəhvətinə qurban verdi. Xəlifə öldü, onun mənə olan sevgisi də öldü. İndi isə ona təzə-təzə qurbanlar lazımdır, özü də ucuz qurbanlar. Lakin mən özümü onun qiymətləndirdiyi kimi qiymətləndirməyəcəyəm. O mənim həyatımı əlimdən almışdır, buna da öz həyatı ilə cavab verməlidir. O ancaq məni məhv etdi, mənsə bütün Eldəniz xanədanını məhv edəcəyəm. Onun nəslini kəsməyə çalışacağam. Mənim üçün qiymətli olan ancaq oğlumdur. Çünki onun yarısı mənim öz qanımdandır. Ana məhəbbətini ürəkdən silə biləcək bir dərman olsaydı, mən bu rüsvayçı və aldadıcı xanədandan bir nəfər nəfəs çəkən belə diri buraxmazdım. Lakin uşaq mənə oxşayır, o mənimdir. Mənim olduğu üçün ata məhəbbətindən məhrumdur. Vaxtilə dodaqlarımdan öpərkən: “O dodaqlar mənim həyat bulağımdır” deyən aldadıcı dodaqlar bir dəfə də olsa mənim oğlumun dodaqlarından öpməmişdir.
Mənim dodaqlarıma xəyanətlə dəyən dodaqların başqa dodaqlarda gəzdiyini gördüyüm zaman nə yalvarmaq, nə də həqiqətə sığınmaq lazım deyil. Belə çətinliyin əlacı ancaq intiqamdır.
Qadın bədəninin başqa bir kişiyə satılması işinə irz, namus və qeyrətin satılması kimi baxanlar xalqın ən anlamaz və geridə qalan hissəsidir. Çünki satılan şey bir parça ətdən ibarət olmayıb, hər şeydən təmiz olan ailəvi vicdandan ibarətdir. Mütəqabil sevginin özü də həmin vicdandan süzülüb tökülən cövhərdən ibarətdir. Dünyada irz, namus və şərəf adlanan şey varsa, o da ancaq cövhərdir. Demək ki, mütəqabil sevgi məni satan adamda yox idi. O, satıcı idi. Əvvəlcə o məni satdı, mənim üçün də yol açdı. Əcəba, onun məni qısqanmağa nə haqqı vardır?
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-kosk-bagi-muezzem
Use ← → keys to move, R for a random poem
More by this author
Kiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Balaca felyetonSosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)*Bir müctəhidəm varmışam hər işdə kamalə
Poems by other poets
هر کش ارادتی چش ای حور زاده بوواخورم کرم همیشه که بختش وراذه بو
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Təzə həyat istərəmGördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,