Miss Hannanın məktubu
Mən Məhəmmədəlinin İrana gətirilməsi xəbərini lazımınca təhqiq etmək üçün miss Hannanın evinə getməyi qərara almışdım, bu barədə Amerikanın fikrini bilmək çox əhəmiyyətli idi.
Mən içəri girdikdə miss Hannanın qulluqçusu Nəsir əlində bir məktub olaraq dışarı çıxırdı.
Nəsir salam verərək məktubu mənə uzatdı.
– Mən də sizin hüzurunuza xanımın bu məktubunu gətirirdim, – dedi. Məktubu qoynuma qoyaraq içəri girdikdə:
– Nəsrulla, məktubu gətir mənə, – deyərək miss Hannanın qulluqçunu səslədiyini eşitdim.
– Xanım, məktubu öz sahibinə verdim, – cavabının eşitdikdə qızın rəngi qızardı.
– Siz o məktubu mənə göndərməmişdinizmi?
– Bəli, sizə göndərmişdim, lakin bir çox sözlər var ki, qızlar onu dildə deyə bilmədiklərindən məktublarda yazırlar.
– Çox gözəl, siz də dildə deyil, məktubda yazmışsınız, daha nə üçün geri almaq istəyirsiniz?
– Siz mənə söz verin ki, məktubu burada oxumayacaqsınız.
– Çox yaxşı, onun qısa məzmununu mənə söyləsəniz, daha kağızı oxumaram, yoxsa mən nigaran qalmamaq üçün məktubu oxumalıyam. Hələ məktubun gözəl və səmimi bir qız tərəfindən yazıldığı da məni maraqlandırır və məktubu açmağa məcbur edir.
– Sizi mühüm bir iş üçün çağırmışam, – deyə o, fikrimi başqa tərəfə çevirmək üçün tez cavab verdi. – Vətəninizi bir təhlükə gözləyir. Rəhbərləri çalışqanlıq göstərsə, bu təhlükə o qədər də böyük bir təhlükə deyildir.
– Dediyiniz rəhbərlər bizdə vardırmı?
– Onsuz da deyil, bir ölkənin əvvəlcə rəhbəri, sonra inqilabı doğmuş olur. Rəhbərsiz inqilab mümkün deyildir. Mən qəlbimi sizə verdiyim kimi içindəkiləri də sizə verməyə hazıram. Amerika konsulxanasında yeni bir xəbər vardır, o xəbər Məhəmmədəlinin İrana gətirilməsi xəbəridir. Rusiya hökuməti bu macəranı tezliklə həyata keçirəcəkdir. Bəlkə, bu xəbəri Tehran hökuməti bilmir.
– Bilmədiyini haradan bilirsiniz?
– Bilsəydi, nota verərdi. İranın buna haqqı vardır. Bu gün konsulxanada Rusiya və İngiltərənin İran ilə olan müqaviləsini oxuyurdular.
– Hansı müqaviləni? – deyə soruşdum.
– 1909-cu il avqust ayının 25-də bağlanmış müqaviləyə görə, İngiltərə–Rusiya dövlətləri əski şahın İranda təşviqat aparmasına mane olmalıdırlar.
– Güclü dövlətlərin müqaviləsinə ancaq gücsüz dövlətlər inana bilər, belə deyilmi?
– İş bacarmaq lazımdır. Gücsüzlər «gücsüzəm» deyərək təslim olmamalıdırlar. Hər halda, Məhəmmədəli şah qalib gəlməsə belə, Amerika siyasi dairələri İranda ciddi bir anarxiya başlanacağına inanırlar.
– Bunu siz nədən bilirsiniz?
Qız ayağa durdu, portfelindən bir məktub çıxardı və:
– Bunu sizə oxumaq üçün gətirmişəm. Bu məktubu Tehrandan Təbriz konsuluna göndərmişlər. Lakin bunların hamısı öz aramızda qalmalıdır, – dedi. – Sizə qarşı hörmətim və səmimi əlaqəm nəticəsindəndir ki, vətəninizin bədbəxtliyi, yaxud xoşbəxtliyi ilə əlaqədar olan hər bir xəbəri diqqətlə təqib edirəm. Bu günlərdə Amerikanın İrandakı ticarət müəssisələri öz fəaliyyətini dayandıracaq və İran tacirlərinin özlərinə hiss etdirmədən kredit buraxmaqdan boyun qaçıracaqlar. Şərqi İrandakı ticarət tamamilə dayandırılacaqdır. Bu teleqramın surəti Rəşt, Bəndərgiz, Xorasan, Qəzvin və sair yerlərdəki Amerika nümayəndələrinə də göndərilmişdir. Yaxın günlərdə Təbriz müəssisələrinə də xəbər veriləcəkdir.
– Amerika hökuməti Rusiya– İngiltərənin bu macərasına qarşı bitərəfmi qalacaqdır?
– İran Rusiya–İngiltərənin nüfuz məntəqəsidir, buralarda Amerikanın da ticarət etməyə haqqı vardır. Lakin nə qədər ki, bu hüquqa toxunulmayır, Amerikanın siyasi məsələlərə qarışmağa haqqı yoxdur.
– Ticarət müəssisələrinin qapanması mənafeyə toxunmaq deyildirmi?
– Doğrudur. Lakin istər Rusiya, istərsə İngiltərə bunun səbəbini özlərində deyil, İranda görür və bunu başqa dövlətlərə isbat etməyə çalışmaqdadır. Başqa və mühüm cəhətlər də vardır: Rusiya və İngiltərənin İran işlərində sazişə girmələrinə baxmayaraq, yenə də biri digərinə qarşı rəqabət aparmaqdadır. Çünki Rusiyanın İranda həddindən artıq irəli getməsi İngiltərənin Şərqdəki mənafeyi ilə uyğun deyildir. Üçüncü rəqib də cahangir Almaniyadan ibarətdir, o, dəxi, Anadolu və Beynənnəhreyn tərəflərdə nüfuz qazandığı üçün İngiltərəni və eləcə də Rusiyanı qorxutmaqdadır. İngiltərə–Rusiyanın Yaxın Şərqdə irəli getməsi də Almaniyanın Bağdad dəmiryolunu qorxudur. Bu dəmiryolu bütün Osmanlını, o cümlədən Beynənnəhreyni Almaniya müstəmləkəsi qayırmışdır. Bununla da İngiltərənin həm Hindistan, həm də İraq ilə qonşu olan ərəb ölkələri Almaniyanın qorxusu altında qalır. İngiltərə, Almaniya, Rusiya, eyni zamanda bu üç dövlətin biri digərinə qarşı qoyduğu kəskin mübarizə dördüncü bir dövlətin istifadəsinə imkan verməkdədir. Dördüncü dövlət Amerika Birləşmiş Ştatlarıdır. Onlar İranla əlaqədar dövlətlərin biri digərinə qarşı apardığı mübarizədən olduğu kimi istifadə edirlər. Odur ki, Amerika sülh və ticarət yolunu intixab etmişdir.
– Elədir, – deyə gülərək qıza cavab verdim. – Amerikanın dəniz qüvvəsi İran və Anadolu dağlarına çıxa bilsəydi, yəqin ki, o, sülh və ticarət yolundan başqa, daha bəzi yollar intixab edərdi.
Qız bu sözümü səmimi və doğru olduğu üçün təsdiq etdi. Mən isə bu mövzunu uzatmaq istəmədim, çünki qız mütəəssib bir amerikalı idi. O bu sirləri bizə mənə hörmət etdiyi üçün deyil, Rusiyaya düşmən olduğu və Rusiyanın xəyanətlərini ifşa etmək istədiyi üçün verirdi. Hətta mənə olan sevgi də burada o qədər böyük rol oynamırdı. Nə olursa-olsun, qız bizə lazım idi. Onun ruhunu oxşamalı, onu razı salmalı idim. Odur ki:
– Fikriniz doğrudur, miss, – dedim.
Qız mənə yaxınlaşaraq nəvazişkar bir surətdə:
– Bundan sonra məni Hanna deyə çağırınız, – dedi, – mən də sizi istədiyim kimi çağıracağam. Məncə, rəsmiyyətin vaxtı keçmişdir, çünki tanışlığımız ikinci dövrünə girməkdədir.
– Sizi bu razı salırsa, mən də etiraz etmirəm, – dedim.
– Miss Hannanın yenə sevgi və ailə qurmaq fəlsəfəsi başlayacağını hiss edirdim. O bunu bütün vəziyyəti ilə sezdirirdi. Kürsüsünü irəli çəkib başını çiynimə söykəmişdi, bütün gözəlliyi ilə məni cəzb etməyə çalışırdı. Bəzən onun nazik və titrək dodaqları yaxalığımda gəzirdi. Mən isə bu zaman nələr düşünürdüm?
«Mən gəncəm, – deyirdim, – qızlara yanaşmağı bacarıram, onlara hörmət bəsləyirəm, sevgilərini doğura biləcək bir şəkildə rəftar edə bilirəm, nəticədə bu sevgi doğur. Mən Nina ilə də belə başladım. Qızın mənə bağlanmasına özüm səbəb oldum. Onu özümə qırılmaz, unudulmaz bir surətdə bağladım, o da mənim üçün yaşadığını hər bir hərəkətində bildirdi. Onun inqilaba olan mühüm xidmətləri də qızın həqiqi sevgisindən bir nümunə idi. İndi də mənimlə həmişəlik bir istiqbal qurmaq arzusunu daşıyır. Hərgah mən bütün bu oyunları, yaxud sevgini bildirəcək təqlidləri inqilabın tələbinə görə yapdımsa, burada nöqsan Ninanın deyildir, çünki o məni bir inqilabçı olmasam belə, sevəcək idi. O öz həyatını mənim müəyyən olmayan həyatım ilə bağlamaqdan heç də qorxmur. İndi mən ikinci bir Ninanın saçları kölgəsində durarkən sanki birinci Nina bütün sevgisi, bütün inqilabi fəaliyyəti ilə qarşımda durub mənə gülür və nifrətlər yağdırırdı. Lakin bu qız bizə lazım idi. Onun ruhunu oxşamalı, onu əyləndirməli idim. Bunların hamısı lazım idi. Fəqət bütün bu istifadələrdən sonra onun həyatı nə olacaqdı? Biz İrana sevmək və evlənmək, öz vicdanını, öz sirrini, öz namusunu etibar edənlərə qarşı xəyanətdə bulunmaq üçün gəlməmişdik. Nina mənə, mən də Ninaya bağlandımsa, bu da müştərək inqilabi fəaliyyətimiz sayəsində yaranmış oldu.
Bu hadisə mənim İranda keçirdiyim həyatda ilk və tarixi hadisədir, bu hadisə bir daha təkrar olunmamalı idi».
Mən bunları düşünür və miss Hannaya bağlanmaqdan boyun qaçırmağı qərara alırkən, qızın pencəyimin düymələrinə dolaşmış sarı telləri onu tora düşmüş bir quş ürəyi kimi çırpınan qəlbimə bağlamağa çalışırdı. İpək donunun şəfəqlərinə qələbə çalan ağ, mərmər qollar, Amerika altununu təmsil edən füsunkar saçlar məni məngənə arasına alıb sıxsa da, ürəyim saf, vicdanım təmiz, hərəkətlərim səmimi idi. Bunu məndən onun qızlıq namusu və qızlıq əzəməti də tələb edirdi.
– Gözəl Hannam! – deyə onu səslədim.
O, başını köksümdən götürmək istədikdə saçlarının düymələrimə dolaşdığını görüb:
– Mən yalnız ürəyimlə, qanımla deyil, zahiri görünüşlərimlə də sənə bağlandım, – dedi.
Onun saçlarını düymələrimdən xilas edərək:
– Həyat və sevgi çox incə və diqqət tələb edən bir məsələdir, – dedim. – Bunu heç birimiz inkar edə bilmərik. Gözəl Hannam! Mənə olan sevginizə mənim də sıx bir sevgi ilə cavab verəcəyimə icazə verirsənsə, o zaman mən özümü bəxtiyar bir gənc hesab etmiş olaram, fəqət kiçik bir şərt ilə.
– O şərt nədən ibarətdir? – deyə qız qızarmış və həyəcanlı çöhrə ilə soruşdu.
– Biz heç vaxt tələsməməliyik, hər ikimizin yaradanımız vardır. Atamız, anamız bizim həyatımızın səbəbləridir. Onların məsləhəti olmadan iş görmək, hətta həyat məsələsini həll etmək onları təhqir etmək kimidir. Heç şübhə yoxdur ki, onlar bizim arzumuzun əleyhinə hərəkət etməyəcəkdir, çünki onlar bizim ağıllı və düşüncəli gənc olduğumuzu bilirlər.
– Etirazım yoxdur. Bunu mən də düşünürdüm. Onlara xəbər verəcəkdim, – deyə qız qalxıb içəri otağa keçdi, saçlarını, tualetini düzəldərək qayıtdı, fəqət üzümə baxmayır, sanki utanırdı.
Amerikalı qadın samovarı gətirdi, çay içdik, gecə saat on ikiyə işlədikdə qızla vidalaşıb çıxdım.
Evdə lampanı yandırıb qızın xidmətçi ilə göndərdiyi məktubu oxumağa başladım.
«Bu gün sizi təcili bir işdən ötrü gözləyirəm. Mühüm xəbərlər vardır. Bir də indiyə qədər sizə söyləyə bilmədiyim bir sözü söyləmək istəyirəm. Arzular böyüdüyündən köksümdə yerləşmir, – onları sizə deməliyəm. Tez gəlin...
Sizi sevən Hanna».
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-miss-hannanin-mektubu
Use ← → keys to move, R for a random poem
More by this author
Məhərrəm ayının beşinci günü idi. Morqan Şosterin İrandan qovulması xəbəri Təbrizə yayılmışdı. Qadınlar bazarındakı alış-verişçi qadınlar belə bu barədə danışır, imamın zühurunun yaxınlaşdığını xəbər verirdilər.– Sarı kafərin (ruslar) Məkkə evində at bağlamasına az qalmışdır, – deyə xalq məsciddən məscidə gedirdi.
Təbrizlilərə müraciət«Təbriz xalqı! Yoxsullar, işçi və kəndlilər, peşəkar, ziyalı və təraqqipərvər ruhanilər!Çar hökumətinin müstəmləkə siyasəti bizi çarın işğal orduları ilə əlbəyaxa olmağa məcbur etdi. Hazırda biz çar soldatları əlində qırılır, öz növbəmizdə biz də onları öldürürük. Lakin bunu bilməlisiniz ki, sizə güllə atan rus soldatları da sizinlə müharibəyə məcburiyyətlə sürülür. Sizi mülkədar, əyan və varlı balaları, çar zabitləri qırdırır. Rus soldatlarını öz sinfinə qarşı çıxaran həbslər və edamlardır. Onlar uzaq Rusiyadan Yaxın Şərqə çar müstəmləkə siyasətini müdafiə üçün gətirilmişlər. Buna görə də siz rus işçi kəndlisinin doğma övladı rus soldatları ilə insan kimi rəftar edib, onların yaralanan və ölənlərinə hörmət göstərin. Onlara öz yaralılarınıza baxan kimi baxın, ölənlərin meyidlərini quyulara tökməkdən saqının!
Matəmli günlərMən cəbhəni buraxıb evə qayıdanda, şəhər daxilində olan bütün silahlı qüvvəyə öz mövqelərini buraxmaq əmri verilmişdi. Dan ulduzu çıxan zaman şəhər tamamilə sakit idi, yalnız Hacı Qulamrza karvansarasına qapanmış rus soldatlarının atışma səsi eşidilirdi. Barıt dumanlarını şəhər üzərindən sürüb aparmaq üçün gələn səhər yeli işə başlamadan, yara bağlamaq üçün səfərbərliyə alınmış şəfqət bacıları da – Nina, Sənubər, Töhfə, bir də Həsənağanın arvadı Nazenin işlərini bitirib evə qayıtmışdı. Bu dörd qadın İran inqilabında iştirak edən ilk şəfqət bacıları idi. Onlar cəbhədən birbaş Ninanın evinə qayıtmışdılar.Mən içəri girərkən, bütün libasları qana və palçığa bulanmış dörd nəfər gənc gördüm.
Qorxulu gecəHara getdiyimi hiss etmirdim. İclasın istəmədiyim kimi bitməsi, bu qədər qorxu və böhranlı saatlarda Təbrizdəki inqilab rəhbərləri ilə sazişə girə bilməməyim, onların bilərəkdən özlərini təhlükələrin qoynuna atmaq istəməsi mənim əsəblərimi tamamilə sarsıtmış və məni təbii halımdan çıxarmışdı. Mən gedirdim, nə üçün və hara getdiyimdən xəbərim yox idi. Mən yüz dəfələrlə keçdiyim bu küçələri indi tamamilə başqa quruluş və başqa şəkildə görürdüm.Söyüd ağaclarının hər birisi bir dar ağacı, nəvdanların ucunda donub sallanan buzların hər parçası bir cəllad qılıncını xatırlatdığı kimi, küçələrə baxan bacaların görünüşü də mənə yaxın səhərin qorxulu dastanını oxuyurdu. Məni bir dəhşət titrədirdi. Bu dəhşət öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır olması fikrindən doğurdu.