Matəmli günlər
Page 1 of 4
Mən cəbhəni buraxıb evə qayıdanda, şəhər daxilində olan bütün silahlı qüvvəyə öz mövqelərini buraxmaq əmri verilmişdi. Dan ulduzu çıxan zaman şəhər tamamilə sakit idi, yalnız Hacı Qulamrza karvansarasına qapanmış rus soldatlarının atışma səsi eşidilirdi. Barıt dumanlarını şəhər üzərindən sürüb aparmaq üçün gələn səhər yeli işə başlamadan, yara bağlamaq üçün səfərbərliyə alınmış şəfqət bacıları da – Nina, Sənubər, Töhfə, bir də Həsənağanın arvadı Nazenin işlərini bitirib evə qayıtmışdı. Bu dörd qadın İran inqilabında iştirak edən ilk şəfqət bacıları idi. Onlar cəbhədən birbaş Ninanın evinə qayıtmışdılar.
Mən içəri girərkən, bütün libasları qana və palçığa bulanmış dörd nəfər gənc gördüm.
Onlar kişi paltarını çıxardıb yuyundular, öz libaslarını geyindilər, sonra da mən libasımı təmizlətdirməyə verdim. Nina və Təhminə xanım onları təmizləməkdə ikən mən də yuyundum. Bir stəkan çayı nə cür içdiyimi bilməmişdim, çünki gecəli-gündüzlü tamam dörd gün idi ki, uyumamışdıq, bir az rahat olmaq lazım idi. Qızlar Ninanın otağından çıxıb öz evlərinə getdikdən sonra bir az rahat olmaq istədim. Aradan bir az zaman keçməmişdi ki, qapının vurulmasını eşidərək yerimdən qalxdım. Ümumi otağa keçdikdə sərdar Rəşidin xidmətçisi Keçəçioğlunu orada oturmuş gördüm. O məni görən kimi ayağa qalxdı və sərdar Rəşid tərəfindən yazılmış məktubu uzatdı. Məktub farsca idi.
«Cənab Əbülhəsənbəy! Xudavəndi-təbarəkü təalaya minlərcə şükürlər olsun ki, imperator hökuməti əleyhinə qiyam edən bir dəstə xain sakit oldu, həzrəti-seyidüşşühədanın tam matəminə zərbə vuran xainlər çəkilib, şəhəri başlı-başına buraxdı. Bu hadisələr səbəbinə dayandırdığım imam Hüseyn təziyəsini bu gündən etibarən başlamağa qərar verdim, çünki bizim bu böyük müsibətə əlahiddə bir müsibət də əlavə olundu: vələdəzzina inqilabçılar bizim bədbəxt Mahrunun əri Ağa İsmayılı da öldürmüş. Mərhum Ağa İsmayıl İskəndərzadənin qanı da məhərrəm sahibinin qanına qarışdı. Çox təvəqqə edirəm ki, Nina xanımı da alıb bizə təşrif gətirəsiniz. İraida xanım onun üçün həddindən artıq rahatsızdır; bəlkə, bu gün mərhumun cənazəsini də götürüb evə gətirdik, onun bizdən başqa bir kəsi yoxdur. Əzizlik etmək və əzizliklə dəfn etmək lazımdır.
5 məhərrəmül-həram 1328 hicri, Rəşid».
Təhminə xanımı çağırıb evə göndərdim, özüm üçün hazır etdiyim İran paltarını gətirməsini də sifariş verdim. Nina, Sənubər, Töhfə və Nazenin xanımlara da qara paltar geyinmələrini tövsiyə etdim. Çünki onları da sərdar Rəşidin evinə aparacaq idim.
Biz getməyə hazırlaşarkən konsulun faytonu qapıda dayandı. Faytonda gələn iranlı nökər 10 nəfərə himayə vəsiqəsi gətirmişdi.
Həsənağa və Tütünçüoğlu da libasını dəyişib gəlmişdi. Himayə vəsiqələrini paylaşdırdıq. Artıq getməyə hazırdıq.
Nina və yoldaşları tamamilə qara geyinmiş və başlarına təziyə əlaməti olaraq qara şal örtmüşdülər. Mən də qara libasda, başımda dəri börk, çiynimdə qara əba, əlimdə təsbeh çıxıb sərdar Rəşidin evinə yola düşdük. Sərdar Rəşid bizi çox şadlıqla qəbul etdi və onun birinci sözü bu oldu:
– Mən çox məmnun oldum, çünki mənim Təbrizdə qohum-əqrəbam yoxdur. Özümün sizin kimi bir zatla qohum olduğumu bir nemət sayıram. Ağalar və xanımların zəhmət çəkib gəldikləri də mənim başımı uca elədi.
Sərdar Rəşid, xüsusən mənim müsəlman libası geydiyim üçün çox razı qaldı, çünki o heç vaxt bunu ümid etmirdi. Nina qızlarla bərabər İraidanın otağına keçdi, biz isə sərdar Rəşid ilə bərabər mərsiyə üçün düzəlmiş salona daxil olduq.
Salonda çox adam var idi. Bunların heç biri də sərdar Rəşidin tanışı deyildi. Söhbətlərin məzmunu da onu bildirməkdə idi. Bunlar ancaq çay içmək və qəlyan çəkmək üçün məhərrəmlikdə küçələri dolaşan və qapıda qara bayraq vurulduğunu görüb içəri girən adamlardı.
Sərdar Rəşid çox yüksək bir fəxr ilə məni salondakılara təqdim etdi:
– Bu cənab bizim aqrabamızdandır. Rus tərbiyəsi almış bir cavandır. Lakin bu, başqaları kimi dinini, məzhəbini atan adam deyil, çünki ağanın tayfası bir nəcib tayfadır.
Sərdar Rəşid sonra da Həsənağa və Tütünçüoğlunu tanış verərək:
– Öz adamlarımızdır, xanəyeki sayılan dostlarımızdır, – dedi.
Əyləşdik, cərgədə oturanlar bizimlə salamlaşmağa başladı. Mən, doğrudan da, bu salamlaşma mərasimindən bir məzhəkə səhnəsindən alınan təsiri aldım.
Bu qəribə salamlarda bir dəfə belə olsun salam sözünü eşitmədim. Salamlardan xatırımda ancaq bunları saxlaya bildim. Məsələn:
– Ağa, mərhəmətiniz ziyad!
– Ağaya bəndəçiliyimiz var!
– Qurban şüma!
– İltifatınız ziyad.
– Ağa təşəkkürümüz var!
– Əhval ağa və saire...
Səssiz salamlar daha qəribə idi.
Onlardan bəziləri əlini döşünə qoyaraq başını mənə tərəf əyirdi, bəzisi də boynunu uzadaraq salamı ancaq gözləri ilə verirdi.
Məni hər şeydən artıq maraqlandıran həmin bu gözlə verilən salam idi, çünki bu salam və göz danışması yalnız təbrizliyə məxsusdur.
Mən bu göz salamı ustasına çox diqqətlə baxırdım, çünki o, məclisə gələnlərin hamısına gözü ilə salam verirdi.
O, boynun çevirib gözləri ilə salam verdiyi zaman gözünün qarası tamamilə yox olurdu.
Nəhayət, daha başqa bir tərzlə salam verənlərdən biri məclisdə oturanlardan bir neçəsini gülməyə məcbur etdi. O, salam vermək üçün boynunu irəli verərkən bığının bir tayı aşağı, o biri isə yuxarı qalxdı.
Bu salam sərdar Rəşidin özünü də güldürdü. Müxtəsər söz, təziyə məclisi adı ilə düzəlmiş bu oyunxana, mənim ömrümdə gördüyüm bütün oyunxanalardan daha əyləndirici idi. Salam verdikdə burnunu və qulağını tərpədənlər də var idi.
Bir neçə dəqiqə də qəlyan xorultuları ilə çay qaşıqlarının səsini dinlədik.
Mərsiyə oxumaq üçün çağırılan mərsiyəxanlar növbətlə yuxarı başda qurulmuş kürsüyə dırmanmağa başladı. Mən mərsiyələrin məzmun və mündərəcəsinə diqqət verirdim. Onların mərsiyəsində Kərbəla hadisəsinə dair bir kəlmə belə də olsa danışılmırdı. Birisi Bağdadda Harun ər Rəşidin zindanında can verən qərib imam Museyi-Kazımdan, o birisi Tus şəhərində Məmun xəlifənin zəhərlədiyi qərib imam Rzadan, başqası da qürbət vilayətdə öldürülən Müslüm ibn Əqildən, bir başqası da onun qürbət vilayətdə qohumsuz və qəbiləsiz öldürülən uşaqlarından və sairlərindən mərsiyələr oxuyurdu.
Heç şübhə yoxdur ki, bu sifarişləri sərdar Rəşidin özü vermişdi.
Qürbət vilayətdə öldürülən Aleksandr Smirnovun ölümünə ithaf olunmuş mərsiyələr bitdi. Mərsiyəxanların hər birisi beş qran pul alıb beş min dua verdikdən sonra çıxıb getdi. Salon boşaldı, İraida, Nina və qızlar salona gəldi. Məhərrəmlik münasibətilə İraida da qara libas geyinmiş və qara şal örtmüşdü.
Sərdar Rəşid bir əli ilə Nina və o biri əli ilə də İraidanın qolundan tutaraq həddindən artıq bir fərəhlə mənə söylədi:
– Sizə və bəndəyə dünyada bundan da artıq nemət qismət ola bilməzdi. Əgər dünya neməti buyurursunuz, budur bunlardır dünyanın neməti: nəciblikdə nəcib, gözəllikdə bütün dünyada misli görünməyən gözəllər. O ki, qaldı axirət məsələsinə, ağa, buradakı səvab bizim yetmiş arxadan abavü-əcdadımıza bəsdir. Bu iki xanımın islama müşərrəf olmaları bizim əlhəmdullah axirət məsələmizi təmin elədi, bu hadisə həm bizi axirətdə üzüağ elədi, həm də iki Allah bəndəsini haqq yola çağırıb cəhənnəm əzabından xilas elədi. Ağa, siz bir xudavəndi-aləmin qismətinə mültəfit olun. Gör insanı haradan gətirir və kimləri kimlərə qismət edir? Hələ İraida xanımın kəlmeyi-şəhadəti necə gözəl və dürüst öyrəndiyini mülahizə buyurmuş olsanız, daha da mütəəccib olacaqsınız. – Sərdar Rəşid bunu söyləyərək, İraidaya müraciətlə: – Xanım, indi sən öz kəlmeyi-şəhadətini ağaya oxu, qulaq assın, – dedikdə İraida məndən utandı, rəngi qızardı. Bir mənə, bir də Ninaya baxdıqdan sonra kəlmeyi-şəhadətini gətirməyə başladı:
– Eşhedi enla ilaxe illallax-vexdexu laşarıqa lax!
Mən İraidanın «müsəlmanlığını» təyin edəcək bu kəlmələri eşitdikdən sonra, sərdar Rəşidin əlini sıxdım, istehza etdiyimi gizlətməyə çalışaraq ehtiyatla:
– Sizi təbrik edirəm! – dedim. – Bu müvəffəqiyyət hər iki dünyada sizin üçün kifayətdir.
Ninaya bıçaq vursaydın qanı çıxmazdı. O, İraidanın keçirdiyi bu gülünc həyatı görürkən təbii halından çıxmağa başlamışdı. Mən onun İraidanı məzəmmət etməyə hazırlaşdığını hiss edən kimi, söhbətin mövzusunu dəyişdim və sərdar Rəşidə belə bir sual verdim:
– Çox təəssüf edirəm ki, Mahru xanıma belə bir müsibət üz verdi. Lakin xanımı Şahzadə bağından tamam yığışdırıb gətirmək lazım deyildirmi?
Sərdar Rəşid qəmli bir surətdə cavab verdi:
– Bəndənin fikrinə görə, onu yığışdırıb evə gətirmək hələ tezdir. Adətimiz üzrə mərhum Ağa İsmayılın ölümündən qırx gün keçəndən sonra Mahru yığışıb evə gəlməlidir. Mənim eşitdiyimə görə, ruslarda da belə bir adət var imiş, lakin mən qızı başa sala bilmədim, o, sifariş göndərib ki, burada qala bilmirəm. Burada soldatlardan və zabitlərdən başqa bir kəs yoxdur. Naəlac qaldım. Onu gətirmək üçün fayton göndərmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-matemli-gunler
Use ← → keys to move, R for a random poem
More by this author
İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.
IV. Brilyant sırğalarLeyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
V. «Ərdəhan» gəmisində«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.
VI. Neft sənayesi milliləşirNeft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı.Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər.
Poems by other poets
Didilər bu əcəb insan mudur ki,Ya adəm ṣurətində can mudur ki
SəninDağlar səndən xəbər alım,Hanı o büsatın sənin?
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.