Matəmli günlər
Page 3 of 4 · 50%
Bu misra da məni adi vəziyyətimə qaytarmadı, bu şeir də zövqümə yabançı olan sözlər kimi ruhumu oxşamadan keçib getdi.
Mən ancaq indi düşünürəm ki, şairləri bəzən müvəffəqiyyətsizliyə uğradan onların şeirinin zəifliyi deyil, ona qulaq asanların şeir dinləməyə marağı olmamasıdır. Mən indi anladım ki, gözəlliyi də, şeiri də insana bəyəndirən insanın ona olan maraq və iştahasıdır.
Miss Hannanın uzun söhbətləri içərisində, mən ancaq:
– Səni bir neçə gün buradan buraxmayacağam! – deməsini eşidə bildim və ondan soruşdum:
– Nə üçün?
– Çünki çar hökumətinin Təbriz barəsindəki düşüncəsi tamamilə başqadır. O, Təbriz xalqından qanlı bir intiqam almağa hazırlaşır. Təbriz xalqının başına gətiriləcək fəlakətin ağırlığını mən indidən təsəvvür edirəm. Çarın təbrizlilər haqqında görmək istədiyi tədbir, çar Rusiyası tərəfindən işğal edilməkdə olan bütün şimal və şərqi İrana bir dərs ola biləcək qədər dəhşətlidir...
– Bu hadisədə xalqın təqsiri nədir?
– Çünki həddindən artıq rus soldatı tələf olmuşdur.
– Məsuliyyət kimin üzərindədir? Bu müharibəni ruslar özü başlamadımı? Nəzmiyyəni tərk-silah etdirən onlar deyildimi?
Bu sözlərdən sonra miss Hanna:
– Doğrudur! – dedi. – Əmir Heşmətin konsulxanalara göndərdiyi müraciətnamə olduqca doğru və yerindədir.
Miss Hanna bu sözləri söylədi və Əmir Heşmətin müraciətnaməsini göstərib onu mənə oxudu və əlavə etdi:
– Bunu tərcümə etdirib həm Tehrandakı Amerika səfirinə, həm də Vaşinqtonda xariciyyə nəzarətinə göndərdik. Bu hadisə bir daha göstərdi ki, Rusiyanın müstəmləkəçilik üsulu olduqca qabadır, bu kimi qabalığı mədəni İranda deyil, mədəniyyətsiz Afrika xalqları içərisində belə tətbiq etmək həyasızlıqdır. Rusiya konsulxanasında şəhərə veriləcək ultimatumun surəti düzəldilmişdir. Orada birinci tələb Əmir Heşmətin nəzmiyyə təşkilatı ilə birlikdə təslim edilməsindən ibarətdir. Zənnimcə, təbrizlilər öz cəzalarını yüngülləşdirmək üçün rus konsulunun bu mühüm tələbinə əməl eləməkdən boyun qaçırmayacaqdır. Lakin təbrizlilər bu xəyanəti öhdələrinə götürməməli və öz qəhrəmanlarını ələ verməməlidirlər. Bu gün saat dörddə rus konsulunun Amerika konsuluna verdiyi məlumata görə Tiflisdən Təbrizə göndərilən cəza dəstələri və hərbi səhra məhkəməsi gecə saat ikidə şəhərə daxil olacaqdır. Təbrizin vaxt ikən müəyyən edilmiş bir neçə məhəlləsinə yaylım top və tüfəng atəşi açılacaqdır, səni buradan buraxmaq istəmədiyimin də səbəbi budur. İndi üst paltarlarını soyun. Rahat ol! Eşikdə işin yoxdur.
Mən qızın əlindən qurtarmağa tələsirdim, orada qala bilməyəcəkdim. Nəzmiyyəni və Əmir Heşməti şəhərdən çıxarmaq və inqilab rəhbərlərini çarın qanlı əlindən qurtarmaq üçün hazırlıq görmək lazım idi.
Buna görə də mən qıza səmimi söz verdim:
– Gedib yenə də qayıdaram.
– İnana bilmirəm!
– Sənə and içirəm! Gəlib şam yeməyini də burada yeyəcəyəm.
– Hərgah gəlməsən özüm gəlib səni gətirəcəyəm! Çünki bu gecə təbrizli adı daşıyan və öz evində gecələyən hər bir nəfəri böyük bir fəlakət gözləyir. Bu kimi hadisələrdə insan özünü qorumalıdır.
Mən yenə də:
– Qayıdaram, əmin ol! Mən heç kəsdən qorxmuram. Hər kəs məni zərərsiz və bitərəf bir şəxsiyyət kimi tanıyır, özüm də xalqın düşündüyü kimi zərərsiz və bitərəfəm, – dedim.
Saat on bir tamamda miss Hannadan ayrıldım. Bu gecə çağırdığımız iclas öz gündəlik müzakirəsi etibarilə ikinci iclasımız idi. Belə bir iclası biz Təbrizdən çıxdığımız və Səttar xandan ayrıldığımız zaman çağırmışdıq, biz bu ağır zəhərli anları ikinci kərə yaşamaqda idik.
İnqilab rəhbərlərindən bir çoxu toplaşıb məni gözləyirdi. Rəhbərlərin gözündə, qazanılmış qalibiyyətdən zərrə də olsa bir əsər görünmürdü, çünki onlar Təbrizdən köçməyi və şəhəri ruslara buraxmağı özləri üçün bir məğlubiyyət hesab edirdi, halbuki qələbəni tamamlamaq və konsulun bütün nəzmiyyə təşkilatını əldə etmək arzularını məhv etmək üçün nəzmiyyə təşkilatının və onun rəhbərlərinin Təbrizdən köçüb getməsi lazım idi.
İclası mən açdım.
– Möhtərəm yoldaşlar! – dedim. – Biz əldə edilmiş qələbəni uduzmamaq üçün tədbirlər görməliyik. Bir saat bundan əvvəl aldığım məlumata görə çar konsulunun Təbrizə verdiyi birinci tələbi inqilabçı nəzmiyyə təşkilatı və onun rəhbərlərini təslim etməkdən ibarət olacaqdır. Rusiya hökumətinə də bu lazımdır. Çünki sağlam qüvvətli rəhbəri olan xalqı müstəmləkə qanunlarına tabe etmək olduqca çətindir, buna görə də çar konsulu birinci növbədə Təbriz inqilabının rəhbərlərini məhv etməyə qərar vermişdir. Biz yuxarıda söylədiyimiz məsələləri bildiyimiz üçün də müharibəyə başlamadan əvvəl Təbrizdən çıxmaq üçün sizinlə bir qərar çıxarmışdıq. Qərarımız çox da uzun bir qərar deyil, zənnimcə, onu burada oturanlara bir daha oxuyaraq səsə qoymalıyıq, – dedim.
– Oxuyun! Oxuyun! – səsləri hər tərəfdən eşidildi. Mən qərarı oxumağa başladım:
Nəzmiyyə təşkilatını çar hökumətinə təslim etməyəcəyik!
Nəzmiyyə əfradının və onunla bərabər bütün Təbrizin tərk-silah etdirilməsi tələbini rədd edəcəyik!
Çar hökuməti öz tələbələrini silah gücü ilə həyata keçirmək istərsə, onu silahlı qüvvə ilə qarşılamalıyıq!
Silahlı vuruşmada iştirak edən nəzmiyyə təşkilatı əfradını son nəfərinə qədər Təbrizdən çıxarmalıyıq!
İnqilabçı kütlələri ruh düşkünlüyünə salmamaq üçün, rəhbərlərin Təbrizdən çıxarılması və konsul əlinə verilməməsi haqqında qəti tədbirlər görməliyik.
Silahların mühafizəsinə hər an hazır olmaq və çar hökumətinə təslim olunmaması üçün hazırlıq aparmalıyıq!
Beşinci maddədən əlavə bütün maddələr qəbul olundu. Əvvəlcə dərman satan Hacı Əli beşinci maddəyə etiraz edərək dedi:
– Mən yoldaşın bəzi fikirlərinə şərik deyiləm. Yoldaş deyir ki: «Rəhbərlərin çar hökumətinin əlində cəzalanması kütlələrin ruh düşkünlüyünə səbəb olar». İndi mən yoldaşa sual verirəm: buyursun görək, rəhbərlərin öz canını mühafizə üçün kütlələri başlı-başına buraxıb qaçması kütlələrin ruh düşkünlüyünə səbəb olmazmı? Məncə, belə bir ciddi zamanda biz kütlələri qoyub qaçsaq, kütlələr bizə nifrət bəslər və inqilabçıların öz canlarının qeydinə qaldığını haqlı bir surətdə isbata çalışar. Buna görə də mən nəzmiyyə təşkilatının Təbrizdən çıxmamasının və rəhbərlərin, kütlənin rəhbərliyində qalmasını təklif edirəm.
Mən bu barədə uzun-uzadı mübahisə açmaq istəmirdim. Vaxt çox az idi, xüsusən bu təklifin Hacı Əli tərəfindən meydana atılması da gələcək mübahisələri nəticəsiz qoya bilərdi; çünki Hacı Əlinin sözünü qanun bilən rəhbərlər, bugünkü iclasda əksəriyyəti təşkil edirdi.
Mirzə Əhməd Süheyli mənə belə bir sual verdi:
– Rəfiqin özü də bizimlə bərabər köçüb gedəcəkdir, ya yox?
– Hərgah iclas bu barədə qərar çıxarsa, mənim heç də etirazım yoxdur.
Mənim bu cavabımdan iclasda olanların hamısı gözlərini Hacı Əlinin ağzına dikmişdi; onlar mənim köçüb-köçməməyim barəsində də Hacı Əlinin qərarını gözləyirdi. Axırda Hacı Əli danışdı və öz qərarını verdi:
– Hərgah yoldaşın burada qalmasına imkan varsa, o vaxt mən də bunu təbrik edirəm, – dedi, – çünki onun buradan getməsi bizim təşkilatın tamamilə dağılması deməkdir.
Bu qərar bir səslə qəbul olundu.
Heç kəs danışmırdı, səs yox idi, qəlyanların səsi, çay qaşıqlarının cınqıltısı da susmuşdu.
Mən:
– Yenə də danışan vardırmı? – deyə iclasdakılara sual verdim. Lakin heç kəs danışmadı. Mən son sözlərimi deməli idim, çünki Təbriz inqilabının rəhbərləri hələ indi də çar hökumətinin Təbriz haqqında bəslədiyi arzularını bilmirdi; onlar yenə də iş çətinə düşəndə İngiltərə konsulxanasına sığınmaq, bir yol ilə özlərini çar zülmündən müdafiə etmək xülyasında idilər.
– İndi keçənlər kimi deyil, – dedim. – Təbriz inqilabını boğmaqda Rusiya ilə İngiltərə arasında qəti bir saziş mövcuddur. Bu sazişə görə Rusiyanın nüfuz məntəqəsində partlayan hər bir üsyan hərəkətini Rusiyanın silahla yatırmasına İngiltərə icazə vermişdir. Mən illərdən bəri bir yerdə çalışdığımız yoldaşlara deməliyəm ki, iş rəhbərlərin cəzalanması məsələsinə gəlirkən, İngiltərə konsulxanası da qapılarını bağlayacaq və heç bir kəsi öz himayəsinə qəbul etməyəcəkdir. Biz bunu 9-cu ildə rusların ilk dəfə Təbrizə girdikləri zaman təcrübədən keçirdik. O zaman ingilislər öz qapılarını təbrizlilərin üzünə qapadı. Mən rica edərdim ki, bütün dediklərimi bəratülqolda qeyd edəsiniz. Çünki bütün rəhbərlərin boynu çar kəndirinə keçirildiyi zaman, Təbriz xalqı bu məsuliyyətin kimin öhdəsində qaldığını bilməlidir. Təbrizdən çıxmamaq rəhbərlər üçün gedib özünü çar məhkəməsinə təslim etmək, bilə-bilə inqilabı məğlub etdirmək və inqilab yolunda düşən qurbanları hədərə vermək deməkdi. Hərgah inqilab rəhbərləri öz inqilabçı nəzmiyyəsi ilə bərabər köçüb gedərsə, o vaxt var hökuməti də, inqilabçı qüvvələrin məhv edilmədiyi və onların öz rəhbərləri ilə bərabər daha qəti bir qiyama hazırlandığı faktını görər, bəlkə də, Təbrizdən almaq istədiyi intiqamın planını dəyişər, cəza qanunlarını yüngülləşdirər. İndi səsə qoyuram: kim Təbrizdən getmək tərəfdarıdırsa, əlini qaldırsın!..
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-matemli-gunler
Use ← → keys to move, R for a random poem
More by this author
İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.
IV. Brilyant sırğalarLeyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
V. «Ərdəhan» gəmisində«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.
VI. Neft sənayesi milliləşirNeft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı.Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər.
Poems by other poets
Didilər bu əcəb insan mudur ki,Ya adəm ṣurətində can mudur ki
SəninDağlar səndən xəbər alım,Hanı o büsatın sənin?
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.