Page 1 of 3

«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.

Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.

Axşam qaranlığından istifadə ilə öpüşən dalğalar özünü çox da azad hiss etmirdi; zira onların başı üzərində duran dəniz fanarları gözünü açaraq dalğaların rəqsan qızını güdürdü.

Sönmüş ayın saralmış saçaqları dənizə sallanarkən, İvanov da Rayanın əlini tumarlayaraq:

– Aya baxınız!—dedi.—O sizə baxır, onun çöhrəsində görünən sarı ləkələr də sizin qıvrım saçlarınızın kölgəsidir, o saçlar yalnız mənim deyil, bütün gecələrə hakim olan ayın da boynuna sarılmışdır. Lakin sizi aya bənzətmək də doğru deyildir, çünki o müvəqqəti, siz isə daimisiniz. Ay günəşdən qaçırkən siz, günəşə meydan oxuyur və üzünüzdən öpmək istəyən şəfəqlərə belə nazlanırsınız. Doğrudan da insan bir sizə, bir də aya baxdıqda şair olmaq istəyir, lakin mən...

İvanov burada sözünün gerisini söyləyə bilmədi. Raya isə əlini onun əlinə vuraraq:

– Mən sizin,—dedi, şairanə düşüncələrdə çırpınmağınıza icazə vermirəm. Şer incə və fövqəltəbii bir düşüncə olsa da, mən yenə də onda bir xülyapərvərlik rəngi duyuram. Şer, bir fikri bədii şəkildə ifadə etmək üçün nə qədər yararsa, eyni fikri geniş bir şəkildə ifadə etməyə mane olur.

Bir də şer həyatı oxumaqdan yorulanlar üçündür. Biz hələ gənçik, həyatı orijinal və real bir şəkildə oxuya bilərik. Mən şəxsən real bir həyatı dekadentizm və rəmz üsullarına tabe etməyin əleyhinəyəm. Şer insanda həqiqətdən artıq şübhələr yarada bilər, çünki şer zatən təşbihatdan, obrazlardan ibarətdir ki, bu da eynilə şübhədir.

Şerdə təşbihçilik, gözəli aya, ayı gözələ bənzətmənin özü də, insanın fikrindəki qətiyyətsizlik və bir şeyə qəti ad verə bilməkdə savadsızlıqdan irəli gəlir. Çünki ay, yenə də aydır, gözəl bir qızın üzü də üzdür. Siz şair olmaq istəyirsinizsə, o zaman mənim üzümü hər kəsin tanıdığı aya bənzətməkdənsə, onu daha bədii bir kəlmə ilə ifadə etməlisiniz.

İvanov bu sözdən sonra, üzünü Rayanın əllərinə qoyaraq:

– Doğrudur!—dedi.—Doğrudur, mənim mələyim, sizi düşünməyim, fikrimdə də sizinlə əylənməyimin nəticəsidir ki, bir şair qədər xülyapərvər olmuşam. Hazırda mən də bəzi şairlər kimi göylərdə, üfüqlərdə, fövqəltəbii əlamətlərdə gəzir, gah da yerlərə düşərək rəhmsiz bir eşqin ayaqları altında əzilir və aciz qarıncalar kimi sürünürəm; lakin sizin kimi nadir bir şəxsiyyətlə oturduğumu xatırladıqca, şair oluram. Bütün Bakının həsrət duyğularını coşduran, quru bir salamla dünyaları minnətdar etməyə qadir olan bir qadın əllərini öpmək səadətinə nail olduqda mən özümü hər kəsdən yüksək, xoşbəxt və müqtədir sanıram. Lakin müəmmalı bir vəziyyət nəticəsində izlərkən, özümdən də aciz, özümdən də talesiz bir insan görə bilmirəm.

Raya yenə də bu cümlələrə etiraz edərək:

– Bu da şairlik xüsusiyyətidir,—dedi.—Elə şairlər var ki, heç vaxt adi bir həyatı, normal bir vəziyyəti sezməzlər, onlar ya göylərdə uçmalı, yainki yerlərdə sürünməlidirlər. Məncə, bu kimlər nəinki bir şair, hətta adi insanlar cərgəsində deyildir, çünki göydə uçmaq, yerlərdə sürünməkdənsə, kütlələrə qoşularaq ictimai həyatda iştirak etmək daha doğrudur. Çünki ictimai quruluşdan doğan bədii duyğuların hamısı şerdir. Siz də belə olmalısınız, həyatı müəmma şəklində anlayışdan çıxmalısınız.

İvanov dedi:

– Məni müəmmalara salan sizsiniz. Sizin icazəniz olmadan müəmmalardan qurtula bilməyəcək, qarma-qarışıq fikirlər içərisində çapalayacağam.

Raya bu sözdən sonra qəti danışdı.

– Mən sizə o icazəni verə bilməyəcəyəm, çünki azad deyiləm, mənim Tiq-Çonsona söz verdiyimi gözəlcəsinə bilirsiniz. Hələlik bizim tanışlığımız bu çərçivədən kənara çıxa bilməyəcəkdir. Hərgah bu sizi qane edirsə, mən mane deyiləm.

İvanov:

– Mən istiqbala ümid bağlaya bilərəmmi?—deyə soruşdu. Raya buna cavabla:

– Heç kəsi istiqbaldan məhrum etmək olmaz. Hər kəsin istiqbalı vardır. Siz öz taleyinizi sınayın, mən buna imkan verirəm,—dedi.

Qonaqlar gəlməyə başlamışdı. Sadovski Leyla xanımla, Ester isə Avetisovla gələrək Rayanı orada görürkən Leyla xanım:

– Belə də lazımdır!—deyə onun İvanovla olan yaxın əlaqəsinə güldü.

Saat on birdə qonaqlar çay stolunun başında toplanarkən, gəmi səyahətə yollandı.

Xanımların ağ ipəkdən tikilmiş mantoları topların lülələri üzərinə salınarkən, gəmi də burnunu Nargin adasına doğru çevirib yürüyürdü. Leyla xanım Sadovski ilə bərabər gəminin burnunda durub sevgi söhbətlərini davam etdirərkən, Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. Raya mantosunu götürmək üçün topların kölgəsinə yanaşdı. O, mantosunu geydikdən sonra qayıtmaq istərkən topların maşını üzərinə qoyulan redikulları və portfelləri də nəzərdən keçirtdi.

Leyla xanımın redikulu, həmişə olduğu kimi yenə də Rayada şübhə oyatdı. Raya onun redikulundan biri açılmış, ikincisi bağlı olan iki məktub götürdü. O, məktubları gizlətmək üçün yer aradı. Şübhəsiz ki, onları yanında saxlaya bilməyəcəkdi, buna görə də hər nə olursa-olsun, məktubları İvanovun portfelində gizlətdi. Çünki Leyla İvanovdan şübhələnsə belə, onun portfelini axtarmağa cəsarət etməzdi. Raya, Leylanı şübhələndirməmək üçün mantosunu yenə də çıxarıb əvvəlki yerindən asdı, İvanovun yanına qayıtdı. Raya qayıdıb səyahətçilərə qoşulduğu vaxt, hələ Sadovski ilə Leyla xanım gəminin burnunda başladıqları söhbətlərini bitirməmişdilər. Bir azdan sonra hamısı bir yerə toplandı və dəniz səyahətindən alınan nəşələrə dair ümumi və eyni zamanda bədii mübahisələr başladı.

Əvvəlcə Ester, Bakı limanını üç tərəfdən qucan işıqları nəzərdən keçirərkən:

– Baxınız!—dedi.—Hazırda bizim gəmimiz elektrik lampalarından düzəldilmiş bir at nalının içərisindədir.

Leyla xanım stolun başından qalxaraq, limanın ətrafını gözdən keçirməklə:

– Yox, Ester!—dedi.—Təşbihinizdə uyğunluq varsa da bədiilik yoxdur, çünki bədii olmayan obraz, obraz deyil təhrifdir. Bakı limanı, ətrafındakı işıqlar, at nalına deyil, hilala bənzəyir ki, biz də onun içərisindəki altı guşəli ulduzlarıq.

Leyla bu sözləri deyərkən, Avetisov Esterlə, Leyla Sadovski ilə, Raya isə İvanovla bərabər durmuşdu.

Raya gülümsəyərək:

– Leyla xanım icazə versən, mən, bu təşbihə də etiraz edərdim,—dedi.—Mən təşbihatçı, hətta bir şair də olmaq istəmirəm. Lakin düşüncəni tam söyləmək və bir mənzərəni təhrifsiz ifadə etmək şairlik yox, həssaslıqdır.

Bakı limanı nə ay, nə də at nalıdır. Bakı hazırda bolşevik şəhəridir. Limanın ətrafındakı işıqları isə diqqətlə nəzərdən keçirdikdə görünür ki, o, oraq və çəkic şəklindədir.

Leyla:

– Hələ tutaq,—dedi,—ətraf oraq şəklindədir. Çəkic buranın harasındadır?

– Baxınız, Leyla xanım! Hazırda gəmimiz Nargin adasının yanından keçir, yaxşı baxınız, ada bir çəkic şəklində deyildirmi?

Leyla başqa bir söz demək istəmədi, ancaq bir dəfə:

– Yalnız Bakı deyil, bütün dünyanı nəzərdən keçirmiş olsaq, görə bilərik ki, hər kəs öz sevdiyi və öz düşündüyünü oxuyur,—dedi.

Leylanın bu sözündən sonra İvanov etirazla yox, xatırlatmaq məqsədi ilə Leyla xanıma müraciət etdi:

– Bağışlayarsınız, Leyla xanım, məncə Raya xanım nə bolşevikləri sevir, nə də onlara müsbət bir şəxsiyyət kimi baxır. Hərgah Bakı oraq və çəkicə bənzəyirsə, biz də onu hazırkı şəkildən çıxarmağa çalışarıq.

Raya, Leylanın sözünə əhəmiyyət verməyə bilməzdi, çünki Leylanın ondan şübhələndiyini bilmişdi. Ona görə də onun bu çıxışına cavab vermək və qəti olaraq onu susdurmağı qərara aldı.

– Hərgah mən,—dedi,—öz təşbihimdə Bakını oraq və çəkicə bənzətdimsə, hərgah mən bununla da bir bolşevik qız oldumsa, bəs Leyla xanımların təşbihi nəyi ifadə edir? «Hilal və altı guşəli ulduz, oraq və çəkic!» Bunların hər ikisini yan-yana qoyaraq müqayisə etdikdə, hər bir vicdanlı insan belə qərara gələ bilər: ay və ulduza sitayiş edən Qafqaz müsəlmanlarını müdafiə bəhanəsilə gələn və Bakını Almaniya imperialistlərinin əlinə vermək istəyən sultan ordusu, ay və ulduz nişanlı bayrağın kölgəsində yerimirmi? Leyla xanım öz təşbihində hilal ilə səlibin çarpışdığını, milyonlarca hilal daşıyanların məhv olduğunu xatırlamadımı? Mənə qalırsa nə Leyla hilalpərəstdir, nə də mən oraq və çəkic məftunuyam. Bunun üçün mən, cənab İvanovla olan söhbətimdə, şerdə təşbihat olduğu və təşbihatın da şübhələr, müəmmalar yarada biləcəyini qeyd etmişdim.

Raya sözünü bitirdikdə, hamı əl çaldı, İvanov da bu çıxışdan böyük bir iftixara nail olduğunu qonaqlara hiss etdirdi. Leyla xanım da səhv etdiyini və Rayanın hazırcavab bir qız olduğunu yəqin elədi və dedi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Oktyabr inqilabı

Oktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım:– Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır.

3 min
Zavodda

Zavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar.Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar.

19 min
Gizli ədəbiyyat

Hamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb:

23 min
Pavluşa zavoddan qovuldu

Müdirlə Pavluşanın arasında olan ixtilaf dərinləşirdi. Zavodun baş mexaniki Çelman Pavluşanın, Əsgərin və Ayrapetin fəhlələri əl altından öyrətməsindən xəbərdar olsa da, onları zavoddan çıxarmaq üçün bir bəhanə tapmırdı, çünki zavoddakı fəhlələr arasında tamam bir həmrəylik yaradılmışdı.Pavluşa və yoldaşlarının iki dəfə meyxanaya girməsi haqqında Çelmana xəbər gətirmişdilər.

11 min

Poems by other poets