Page 2 of 3 · 33%

– Rayanın dediklərinə şərik oluram, zatən bədii duyğular elə mürəkkəb bir şeydir ki, insan onun təsirində olduğu zaman, bəzən məfkurə və əqidə çərçivəsindən də kənara çıxmış olur. Bu nöqteyi-nəzərlə də mən, yolunu azmış və tənqidlərə məruz qalmış bir çox bədii ədəbiyyat xadimlərini xatırlayır və onların ifrat bədii təsir nəticəsində azdıqlarını anlayıram. Zənnimcə mən də bu təsirlə danışmışam.

Raya onun zərbə yediyini görürkən, yenə də onun bədii obrazlara və bədii ədəbiyyat xadimlərinə aid yanlış fəlsəfəsinə soyuqqanlılıqla baxa bilməyərək dedi:

– Mən, Leyla xanımın bədiiyyata dair nəzəriyyəsinə etiraz edəcəyəm. O deyir ki, «insan ifrat bədii təsir nəticəsində azıb əqidə və məfkurə çərçivəsindən də kənara çıxmış olur». Bu doğru fikir deyildir, çünki hər şəxsin bədii zövqü onun sinfi duyğusunun məhsuludur, insanın necə ki, bədii, elə də bütün zövqləri, onun sinfi məfkurəsinin inkişafı ilə yanaşı olaraq yüksəlir və genişlənir. Bunun üçün də bir şair və bir yazıçının sinfi şüuru yüksəldikcə, bədii duyğuları, bədii həyəcanları da inkişaf edir. Hərgah birisi bədii duyğuların yüksəlişini ifrat adlandırır və bununla da azğınları haqlı çıxarmaq istəyirsə, biz onun özünə də azğın adı verməliyik.

Söhbətlər uzun çəkdi. Ayollo Leyla xanımın tamamilə məğlub olduğunu gördükdən sonra, məsələyə qarışaraq dedi:

– Mən xanımların mübahisəli məsələlərini həll etmək istəyirəm. Bakı nə at nalı, nə hilal, nə də oraq-çəkicə bənzəyir. Bənzəyirsə, ancaq menşevik incə sənətinin lirasına bənzəyir.

Saat birin yarısı idi, Sadovski «Ərdəhan» gəmisindəkilərə müraciətlə:

– Ağalar, xanımlar!—dedi.—Biz, saat birdə cənab Araratyanın təşkil etdiyi ziyafətə getməliyik, zənnimcə səyahəti bitirmək vaxtı yetişmişdir.

Gəmi körpüyə yanaşmaq istərkən Leyla xanım hamıdan əvvəl redikulunu götürmək və mantosunu geymək üçün toplara yanaşdı, o əvvəlcə redikulundakı məktubları xatırladı. Məktubları orada görmədi, mantosunun ciblərini aradı, yenə də tapa bilmədi. O, Rayanın redukulunu aradığı zaman Raya ona yanaşdı, Raya Leylaya bir şey hiss etdirməmək üçün dedi:

– Zəhmət çəkməyin, Leyla xanım, mən mantomu özüm geyərəm, rica edirəm ki, məni utandırmayasınız.

Leyla da özünə aldırmadan:

– Yox, Raya, zəhmət deyil,—dedi,—mantonuzu geyiniz, hava sərindir. Siz çox tez soyuqlayırsınız.

Raya mantosunu geydi. Sadovski də Leylanın mantosunu tutdu, birlikdə gəmidən çıxaraq, xanımları «Metropol» otelinə yola saldılar, çünki xanımlar ziyafətə getmək üçün libaslarını dəyişməli idilər.

Leyla xanım məktublardan ümidini kəsməmişdi, o, faytonda «Metropol»a qayıdarkən öz-özünə deyirdi: «Bəlkə mən unutmuşam, bəlkə də məktubları mənzildə buraxmışam». Lakin bu fikirlər çox ümidsiz bir fikir idi. O, həmin məktubları mənzildə buraxmağa etibar etmədiyindən, özü ilə bərabər götürmüşdü. O, mənzilin qapısını açıb tələsik içəri soxuldu. Sadovski onunla bərabər içəri girmək istərkən Leyla xanım həyəcanlı bir səslə:

– Salonda oturub məni gözləyin. Paltarımı dəyişməliyəm,—dedi.

Mənzildə axtarmamış yer, aralığa tökməmiş şey buraxmadı. Zəngi çaldı, xidmətçi qadın gəldi. O, Yusifidisi çağırmağı tapşırdı.

Bir neçə dəqiqədən sonra təbib Yusifidis içəri girdikdə Leyla xanımı təbii halında görmədi.

O, özünü döyür, köynəyini parçalayır, iki əlli başına vurur və saçlarını yolurdu.

Yusifidis çaşmış halda soruşdu:

– Yahu, nə olubdur? Bu nə deməkdir?

– Məhv oluruq. Yol göstər! Çarə düşün!

– Söylə baxım!? Nə hadisə üz vermişdir?

– Məktubları qeyb etmişəm.

– Hansı məktubları?

– Birisi Araratyanın qızına onun sevgilisi Vahan tərəfindən yazılmış məktub...

– Cəhənnəm olsun! Nə əhəmiyyəti var? İkincisi hansıdır?

– Osmanlı ordusunun ərkani-hərbinə göndərmək üçün yazdığımız məktub!

Leyla bunları söylərkən, özünü döydüyü vaxt, Yusifidis də qorxulu bir düşüncəyə dalmışdı. O, başını qaldırıb Leyla xanıma daha bir sual verdi.

– Əqilsiz, ehtiyatsız qız, indi söylə görüm, məktubları doğrudan da qeyb etdinmi?

Leyla tutqun bir səslə dedi:

– Daha doğrusu onları götürdülər.

– Kim götürə bilər?!.

– Orada menşevik, daşnaq, eser rəhbərləri vardı. Qadın, mən idim, Ester, bir də Raya idi. Mən bunların hər ikisindən şübhələnirəm.

– Mən isə hər üçünüzdən şübhələnirəm, gərək öz taleyimi sənin taleyinə qoşmayaydım, mən bunu əvvəl də demişdim, lakin sənin möhkəm iradən, bacarığın məni öz düşüncəmə xain çıxardı. Zatən qadınlara siyasi sirlər tapşırmağın özü də əsasından yanlışdır, çünki gözəlliyi və qadınlığı səbəbinə özünü sevdirən və bununla da xalqın ürəyindən sirləri qapan bir qadının özü də bəzi təsadüflərdə sevir və öz qəlbini casuslara vermiş olur. Sən də elə qadınlardansan, sənin Sadovski ilə olan əlaqən, çoxdan bəri belə bir hadisəyə güman doğururdu. İndi isə bircə çarə vardır, o da məktubların kimin tərəfindən götürüldüyünü təyin etməkdən ibarətdir. Bunu təyin edə bilsək, o vaxt çarə düşünə bilərik. Sən bunu bacara bilərsənmi?

Leyla çox acıqlandı, onun həyəcanları qəti bir əsəbiliyə çevrildi:

– Sən bilirsən ki, mən bacararam,—dedi.

– İndi ki, belədir, işə tez başlamalı və bunu tez öyrənməlisən. Hər halda qadınların birisi çalmışsa o məni qorxutmaz. Lakin daşnaqların bu sirləri bilməsi daha qorxuludur.

– Mən də onlardan qorxuram. Sadovski məni heç bir zaman satmaz. O məni bir osmanlı casusu bilsə də, qəlbində mənə bəslədiyi sevgi hisslərini boğa bilməz.

Yusifidis onun saçlarını sığallayaraq:

– Çaşmaq daha çox şübhə oyadır. Ziyafətə getmək fikrin varsa, özünü sahmana sal, adi vəziyyətinə qayıtmağa çalış, baxaq tale nə göstərəcək. Yetər, dur geyin, Rayanı əski sevgi ilə qarşılamalısan. Araratyanın qızına şübhəm azdır. O qızın siyasi düşüncəsi zəifdir. Hazırda o yalnız öz həyatını düşünür. Hamazasb və Avetisovun əlindən xilas olmaq fikri, onu hər şeydən artıq məşğul edir.

Leyla xanım libasını dəyişərək ziyafətə birlikdə getmək üçün Rayanın mənzilinə girdi, onu öz yatağında gördü və tələsik soruşdu:

– Aman, sənə nə oldu? Xəstələndinmi?

– Bəli, Leyla, soyuqlamışam, dəniz səyahətində çox ehtiyatsızlıq göstərdim.

– Əcəba, sən cənab Araratyanın ziyafətinə getməyəcəksənmi?!

– Bu vəziyyətlə gedə bilərəmmi?

Leyla bir söz demədən ona şübhəli nəzərlərlə baxdı, bu ani xəstəliyin yeni bir tədbirə başlanğıc olduğunu hiss etdi. Rayanın məktublar məsələsi ilə əlaqədar olduğunu yəqin elədi. Lakin nə edə bilərdi? O, istər-istəməz Raya ilə vidalaşaraq, getmək istərkən İvanovu Rayadan ayırmağı arzuladı və ona müraciətlə:

– Elə isə, cənab İvanov, biz gedək,—dedi.—Raya xanım da bir az rahat olsun.

Raya etiraz edərək dedi:

– Xeyr! Mən hələ cənab İvanovu buraxmayacağam, o yanımda oturmalıdır. Mən icazə verdiyim zaman gedə bilər. Siz gedin, bunu gözləməyə lüzum yoxdur.

Rayanın bu qəti qərarından sonra Leyla acığından dilini dişlədi, çünki o, Rayanın mühüm bir iş başlamaq istədiyini bilməmiş deyildi. O, öz-özünə:

– Eyb etməz, səni elə məhv edərəm ki, adın da çəkilməz,—deyərək Rayanı könülsüz öpdü və ayrıldı.

İvanov Rayanın incə barmaqlarını öpərək:

– Getmirəm, mənim ruhum,—dedi,—siz icazə verməyincə heç bir yerə hərəkət etmərəm, nə üçün gedim? Orada ruhumu oxşayan bir vasitəmi var?

Raya onun əlini sıxaraq acıqlı danışdı.

– Əcəba, Leyla kimi gözəl bir qız, ruhunuzu oxşaya bilməzmi? Siz bu günkü ziyafətdə gözünüzü onun dodaqlarından götürmək istəmirdiniz. Məni xəstələndirən, əsəbiləşdirən, sizin elə hərəkətləriniz deyilmi? Mən sizi xəbərdar edirəm: bir də Leyla ilə sizi sıxı və səmimi əlaqədə görsəm, Leylanı da, özümü də məhv edəcəyəm!

İvanov özünü itirdi:

– Aman, mən nə etdim,—dedi,—allahı sevirsiniz, mənim mələyim, qısqanmayın! Mən hara baxsam sizi görürəm, qəlbim sizin üçün çırpınır, mənə inanın, mən sizə bəslədiyim sevgiyə sadiqəm.

İvanov bunları dedikdə Raya da yorğanı başına çəkib ağlayır və sakit olmaq istəmirdi.

İvanov sözünə davam etdi:

– Mən dünyada, sizin səsinizi eşitmək üçün yaşayıram, mən dünya işığını, ancaq sizin mavi gözlərinizdə görürəm. Doğrudur, Leyla gözəldir, lakin o mənim ruhumu oxşamağı, qəlbimi çırpındırmağı bacarmaz, bir də, onun bir əli Hindistan şahzadəsi Bahadır xanın, digər əli Sadovskinin əlindədir. Bunlardan hansının xoşbəxt olacağı naməlumdur. Ester də elədir, onun bir əli Hamazasbın, bir əli də Avetisovun qolundadır. Lakin mən bilirəm ki, siz başqalarına bağlı deyilsiniz, mən bilirəm ki, siz Tiq-Çonsonu da sevmirsiniz.

Raya:

– Siz bunu haradan bilirsiniz?—dedi.

İvanov bir az düşünərək:

– Gözəl qızın acığı tutmazsa, haradan bildiyimi açıq söyləyə bilərəm,—dedi.

Raya dedi:

– Sizə and içirəm, acığlanmaram.

İvanov onun saçlarını düzəldərək.

– Siz Tiq-Çonsona məktub yazmışdınız, mən onu stolun üzərində gördüm, bu sözləri oxudum: «Fərqi yoxdur, biz evlənsək də uzun zaman davam edə bilməyəcik. Çünki mən İngiltərəyə getməyəcəyəm, sən də Şimali Qafqazda qalmayacaqsan».

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Oktyabr inqilabı

Oktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım:– Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır.

3 min
Zavodda

Zavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar.Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar.

19 min
Gizli ədəbiyyat

Hamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb:

23 min
Pavluşa zavoddan qovuldu

Müdirlə Pavluşanın arasında olan ixtilaf dərinləşirdi. Zavodun baş mexaniki Çelman Pavluşanın, Əsgərin və Ayrapetin fəhlələri əl altından öyrətməsindən xəbərdar olsa da, onları zavoddan çıxarmaq üçün bir bəhanə tapmırdı, çünki zavoddakı fəhlələr arasında tamam bir həmrəylik yaradılmışdı.Pavluşa və yoldaşlarının iki dəfə meyxanaya girməsi haqqında Çelmana xəbər gətirmişdilər.

11 min

Poems by other poets